Məhkəmə qərarları › İş №e-2(005)-1520/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1520/2023

07.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1520/2023 07.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Qurbanova Səkinə nadir qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin restruktruzasiya edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin restruktruzasiya edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 31 avqust 2015-ci il tarixli kredit sazişinin restruktruzasiya edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən yeni müqavilənin bağlanmasının Cavabdeh ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə bağlanmış 31 avqust 2015-ci il tarixli RO/33556/53/18 nömrəli (Müştərilərə Kreditləşmə və Xidmət şərtləri ilə birlikdə müqavilə məfhumunu əmələ gətirən) Kredit Sazişinə əsasən, bank ona illik 29.87 (iyirmi doqquz tam yüzdə səksən yeddi) və FİFD 30.36 (otuz tam yüzdə otuz altı) faiz dərəcəsi ilə 60 (altmış) ay müddətinə ödənilməsi şərti ilə 7811.08 (yeddi min səkkiz yüz on bir, 08 qəpik) manat məbləğində kredit vəsaiti vermişdir. Həmçinin İB-RD/33556/53/18 nömrəli (Müştərilərə Kreditləşmə və Xidmət şərtləri ilə birlikdə müqavilə məfhumunu əmələ gətirən) saziş də bağlanmışdır. 31 avqust 2015-ci il tarixli RO/33556/53/18 nömrəli kredit sazişinin Əlavə №1 əsasən, aylıq ödənişlər 252.09 (iki yüz əlli iki, 09 qəpik) manat təşkil etmişdir. Mən 29 mart 2018-ci il tarixinə kimi kredit ödənişlərimi vaxtında etmişəm, lakin sonradan ödənişlərimdə gecikmələr yarandı. Kreditin aylıq ödənişlərinin gecikməsinə səbəb iş yerinin bağlanması və işsiz qalması olmuşdur. Kredit ödənişləri gecikmə etdiyinə görə mütəmadi olaraq ona və ailə üzvlərinə Bankın Problemli kreditlərlə iş şöbəsindən əməkdaşların zəngləri başladı, onu məhkəməyə verəcəklərini, ev əşyalarını götürəcəklərini və barəsində daha ciddi tədbirlərin görüləcəyini bildirirdilər. O isə hər dəfə çağırış zamanı Banka gedirdi, əməkdaşlarla ödənişlərin azaldılmasını və vaxtının uzadılmasını xahiş edirdi. Nəhayət uzun söhbətlərdən sonra Bank ona zaminlik saxlanılmaqla qalıq borcun yeni ödəniş qrafikin açılmasını təklif etdi. Hətta ödənişləri vaxtında və lazımi qaydada ödəyəcəyi təqdirdə müvafiq güzəştlərin olunacağını bildirdilər. Beləliklə, Cavabdeh ASC ilə imzalanmış 31 may 2018-ci il tarixli RD/88904/63 nömrəli Kredit Sazişinə əsasən, mənə 8015.12 (səkkiz min on beş, 12 qəpik) manat məbləğinin illik 26.87 (iyirmi altı tam yüzdə səksən yeddi) faiz dərəcəsi ilə 60 (altmış) ay müddətinə ödənilməsinə dair öhdəlik yaradılmışdır. Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli Müştərilərə kreditləşmə və Xidmət şərtləri bağlanmışdır. Onda 31 may 2018-ci il tarixli RD/88904/63 nömrəli Kredit Sazişinə əsasən aylıq ödənişlərimi başladım və 22 aprel 2021-ci il tarixinə kimi aylıq 245 (iki yüz qırx beş) manat məbləği ilə ödənişləri həyata keçirmişəm. Sonradan ona məlum oldu ki, Bank onu aldatmış, 31 avqust 2015-ci il tarixli RO/33556/53/18 nömrəli Kredit Sazişi üzrə ödənilməyən əsas kredit borcunu və hesablanmış faiz borcunu kapitallaşdıraraq yeni illik faiz dərəcəsi ilə ona ödətdirmişdir. Qısa şəkildə desə: “faiz məbləğinə faiz məbləği hesablamışdır!”. Sonradan hüquqşünasla məsləhətləşdikdən, kredit sənədlərinə baxış keçirdikdən sonra ona Bank tərəfindən aldadıldığı izah edilmişdir. Hələ o aldanmağıma baxmayaraq özü başa düşmədən bir müddət ödəniş etmişdir. Lakin aprel 2021-ci il tarixində ödənişləri dayandırdı və bu barədə cavabdeh Banka məlumat verdi. 31 may 2018-ci il tarixli RD/88904/63 nömrəli Kredit Sazişinin 4-cü bəndində göstərildiyi kimi, “bu Müqavilə üzrə verilən kredit “Müştəri”nin RO/33556/53/18 saylı, 31 avqust 2015-ci il tarixli kredit müqavilələri üzrə kreditlərin restrukturizasiya olunması məqsədilə verilir....müqavilə imzalandığı tarixədək restrukturizasiya edilmiş kreditlər üzrə öhdəliklərinin lazıminca icra etməməsi nəticəsində ‘‘Müştəri”nin RO/33556/53/18 saylı, 31 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 7.51 manat, hesablanmış, lakin ödənilməmiş cərimələri qalmaqdadır.'’ Beləliklə Bank mənim vəziyyətimdən istifadə edərək, ödənilməmiş faiz borcunu və cərimə məbləğini cəmləşdirərək (kapitallaşdıraraq) yenidən kredit məbləği kimi ona verilməsini rəsmiləşdirmişdir. Yəni 31 may 2018-ci il tarixli RD/88904/63 nömrəli Kredit Sazişinə əsasən o 8.015,12 manat pulu almamışam, Bank ödənilməmiş faiz borcunu və cərimə məbləğini cəmləşdirərək (kapitallaşdıraraq) yenidən kredit məbləği kimi ona verilməsini rəsmiləşdirmiş və yeni ödəniş qrafiki açmışdır. Hesab edir ki, Cavabdeh ASC ilə aralarında imzalanmış 31 may 2018-ci il tarixli RD/88904/63 nömrəli Kredit Sazişi yeni kredit müqaviləsi deyil, 31 avqust 2015-ci il tarixli RO/33556/53/18 nömrəli kredit sazişinin davamı və əsas borc həmin kredit sazişi üzrə ödənilməyən əsas və faiz borcunun cəmləşdirilmiş məbləğindən ibarət olduğundan bu kredit müqavilələri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə daxildir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən həmin Fərman baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə qəbul olunmuşdur. Əvvəlki məhkəmə iclasında İddiaçı nümayəndə və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X1 ərizə təqdim edərək, Prezidentin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən iddiaçı ilə güzəştli kredit müqaviləsi bağlanması üçün müddətin ötdüyünü, həmçinin belə bir müqavilənin bağlanması üçün texniki imkanların artıq qalmadığını bildirmişdir. Həmçinin iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü və buna görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 31 avqust 2015-ci il tarixli, RO/33556/53/18 nömrəli kredit sazişi və ödəniş cədvəlindən müəyyən olunur ki, bank borcalana 60 ay müddətinə illik 29,87% dərəcəsi ilə 7811,08 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. - İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 31 may 2018-ci il tarixli, RD/88904/63 nömrəli kredit sazişindən müəyyən olunur ki, bank borcalana 60 ay müddətinə illik 26,84% dərəcəsi ilə 8015,12 manat məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. - "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, D-744/23 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı aktiv kreditlərinin cəmi qalıq məbləği 8,966.14 manat, kredit xəttləri üzrə qalıq məbləğ 0.00 manat, qarantiya üzrə qalıq məbləğ 0.00 manat, cəmi aylıq ödəniş məbləği 592.05 manat, tam ödənilmiş kreditlərin cəmi məbləği 28,226.07 manat, zamin olduğu öhdəliyin məbləği 0.00 manat təşkil edir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından borclu İddiaçı 31 may 2018-ci il tarixli kredit sazişi üzrə 4534 manat əsas borc, 1240.13 manat faiz borcu, 7.51 manat cərimə borcunun olması müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 31 may 2018-ci il tarixli, RD/88904/63 nömrəli kredit sazişinə əsasən Cavabdeh ASC tərəfindən İddiaçı borcalana 60 ay müddətinə illik 29,87% dərəcəsi ilə 7811,08 manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməyərək borcunu tam ödəməmişdir. "xxxx" MMC-nin məlumat bazasındakı “Borcalanın bağlanmış öhdəlikləri” qrafasında İddiaçı aktiv kreditlərinin cəmi qalıq məbləği 8,966.14 manat, kredit xəttləri üzrə qalıq məbləğ 0.00 manat, qarantiya üzrə qalıq məbləğ 0.00 manat, cəmi aylıq ödəniş məbləği 592.05 manat, tam ödənilmiş kreditlərin cəmi məbləği 28,226.07 manat, zamin olduğu öhdəliyin məbləği 0.00 manat qeyd edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş, Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 15-ci maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Mülki Məcəllənin 324.1-ci maddəsində müəyyən edilmişdir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.3 və 324.4-cü maddələri). Müqavilənin anlayışı Mülki Məcəllənin 389.1-ci maddəsində verilmişdir. Həmin maddəyə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddənin məzmunundan göründüyü kimi, müqavilə hər şeydən əvvəl ikitərəfli və ya çoxtərəfli əqddir. Məhz buna görə də Mülki Məcəllənin 389.2-ci maddəsində müəyyən edilmişdir ki, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Beləliklə, müqavilə yalnız tərəflərin iradə sərbəstliyinə əsaslana bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il Qərarında göstərilmişdir ki, “Təsadüfi deyildir ki, Mülki Məcəllənin 1ci maddəsində bu Məcəllənin məqsədinin üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etmək olduğu, əsas vəzifələr sırasında isə sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq, sahibkarlıq fəaliyyətini dəstəkləmək olduğu göstərilmiş, mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipləri isə mülki qanunvericiliyin başlıca prinsipləri sırasında nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 6.1.2 və 6.1.5-ci maddələri). Mülki hüquq subyektlərinin iradə sərbəstliyi olmadan azad sahibkarlıq fəaliyyəti və sərbəst bazar iqtisadiyyatından bəhs etmək mümkün deyil. Buna görə də, Mülki Məcəllədə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllənin 6.2-ci maddəsi).” Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının: 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 6-cı bəndinə əsasən Banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər və borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər; 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tapşırılmışdır; 8-ci bəndində müəyyən edilmişdir ki, bu Fərmanın məqsədləri üçün fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər; faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi; məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019cu il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının: 6.2-ci bəndinə əsasən fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur; 6.3-cü bəndinə əsasən kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır; 6.9-cu bəndinə əsasən kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər; 6.10-cu bəndinə əsasən kredit təşkilatları bu Qaydaya uyğun olaraq, fiziki şəxslərlə bağlanmış yeni güzəştli kredit müqavilələri barədə məlumatı hər növbəti həftənin ikinci iş günü bu Qaydanın 3 nömrəli əlavəsində müəyyən edilmiş qaydada Palataya təqdim edir; 6.11-ci bəndinə əsasən palata bu Qaydanın 6.10-cu bəndinə əsasən məlumatı əldə etdikdən sonra 5 iş günü müddətində kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılması məqsədilə Mərkəzi Banka müraciət edir; 6.12-ci bəndinə əsasən bu Qaydanın 6.11-ci bəndində nəzərdə tutulan müraciət daxil olduqdan sonra Mərkəzi Bank 5 iş günü ərzində “Banklar haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq rəsmiləşdirməklə kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılmasını və həmin kredit təşkilatının hesabına köçürülməsini təmin edir; 6.15-ci bəndinə əsasən kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür; 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh ASC ilə 31 avqust 2015-ci il tarixdə bağlanmış kredit sazişinə əsasən, iddiaçıya illik 29,87 faiz dərəcəsi ilə 60 ay müdddətinə ödənilməsi şərti ilə 7811.08 manat məbləğində kredit vəsaiti verilmişdir. Həmin saziş üzrə öhdəliklər iddiaçı tərəfindən vaxtında və lazımi şəkildə icra edilməmişdir. Qalıq borc restrukturizasiya edilərək, tərəflər arasında 31 may 2018-ci il tarixli müqavilə bağlanmış və 8015.12 manat məbləğinin illik 26.87 faiz dərəcəsi ilə 60 ay müddətinə ödənilməsinə öhdəlik yaranmışdır. İddiaçı 2021-ci ilə qədər öhdəliklərini icra etsə də, daha sonra bank tərəfindən aldanıldığını, faiz məbləğinə faiz hesablandığını düşünərək ödənişləri etməyi dayandırmışdır. Cavabdeh ASC 04 may 2022-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək müqavilə üzrə hesablanmış borcun ödənilməsi barədə iddia qaldırmışdır. Hazırki mülki iş üzrə iddiaçı isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, 31 avqust 2015-ci il tarixli müqavilənin restrukturizasiya olunmasını və xx.xx.2019-cu il tarixli Fərmana uyğun olaraq yeni müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə Azərbaycan Respublilkası Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli Fərman imzalanmış, habelə Fərmanın icrası məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli Qərarı ilə “Fiziki şəxslərin xarici valyutada olan kreditlərin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Qaydalarda kompensasiya tətbiq ediləcək kredit öhdəlikləri və kompensasiya məbləğinin hesablanması, kompensasiyanın ödənilməsi, fiziki şəxslərin kompensasiya hesablanan əsas kredit borclarına güzəştlərin tətbiq edilməsi, vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası, fiziki şəxslərlə işin təşkili, habelə yaranmış mübahisələrin həlli məsələləri tənzimlənmişdir. Həmin Fərmanla fiziki şəxslərə xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası, yəni əsas kredit borclarının ödənilməsi məqsədilə güzəştli kreditlərin verilməsi imkanları yaradılmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin Qaydaların 6.96.12-ci və 6.16-cı bəndlərində restrukturizasiya qaydasında yeni güzəştli kredit müqaviləsinin bağlanması üçün konkret prosedur müəyyən edilmiş və bu prosedurun həyata keçirilməsi, o cümlədən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu konkret müddətlə məhdudlaşdırılmışdır (xx.xx.2019-cu il tarixdə başa çatır). İddiaçı tərəfindən yuxarıda göstərilən müddət ərzində restrukturizasiya tələbi ilə banka müraciət etməsini göstərən hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda tərəflər arasında bağlanmış 31 avqust 2015-ci il tarixli müqavilə 31 may 2018-ci il tarixdə restrukturizasiya edilmiş, iddiaçının istinad etdiyi Fərman isə 28 fevral 2019-cu il tarixdə qəbul edilmişdir. Yəni Fərmanın qanuni qüvvəyə mindiyi tarixdə 2015-ci il tarixli kredit müqaviləsi artıq restrukturizasiya edilmişdir. Digər tərəfdən məhkəmə tərəfindən iddiaçının kredit borcunun Fərmanın təsir dairəsinə düşməsinə dəlalət edən hallar; məsələn; kredit borcunun 360 gün ərzində gecikdirilmiş olması müəyyən edilməmişdir. Digər tərəfdən, belə bir müqavilənin bağlanması nəticə etibarı ilə cavabdehin iradəsinə, xüsusilə də onun şəxsi vəsaitinə bağlı olmamışdır. Başqa sözlə, cavabdeh tərəfindən maliyyələşməmişdir. Qeyd edilən münasibətlər müddətlə məhdudlaşdırıldığından hazırda cavabdeh belə bir müqavilə bağlamaq vəzifəsi daşımır, buna uyğun olaraq iddiaçı da belə bir tələblə çıxış etmək imkanını itirmişdir. Digər tərəfdən hazırda Fərman və Qaydalarla müəyyən edilmiş proseduru keçmək də mümkün deyil. Şərh edilənləri nəzərə alaraq, məhkəmə iddia tələbinin əsassız olduğuna görə rədd edilməsi qənaətinə gəlir. Cavabdehin nümayəndəsinin təqdim etdiyi iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirməyə zərurət qalmır. Məhkəmə bu qənaətə gəlirkən prosessual qənaət prinsipini rəhbər tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin restruktruzasiya edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar