Məhkəmə qərarları › İş №e-2(005)-1589/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-1589/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-1589/2025 31.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçının Cavabdeh1 MMC və Cavabdeh2 qarşı pul tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavаbdеh Cavabdeh1ndən xx.xx.2022-ci il tarixli, 3M-295 saylı kredit müqaviləsi üzrə onun хеyrinə 28900 manat borcun, illik 5% nəzərə alınmaqla hesablanmış gecikdirilmiş vaxt üçün faiz borcunun və dövlət rüsumunun, 52 manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun tutulması, tutmanın Cavabdeh2 AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, **********57-06301-083509 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən məxsus olan və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58.4 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışından əldə olunmuş vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilməsi, əmlak satıldıqdan sonra həmin əmlakın cavabdeh tərəfindən boşaldılması, vəkilə, dövlət rüsumuna və kredit, ipoteka müqaviləsinə ödənmiş xərclərin cəmi kimi pulun alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, mövcud qanunvericiliyə əsasən işə baxan məhkəmə, aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və s.) nəzərə almalıdır. İddia ərizəsindən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə kommersiya xarakteri daşıyır. Belə ki, İddiaçı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alaraq, fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. Cavabdeh1 MMC isə kommersiya hüquqi şəxsidir. Mübahisə iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsindən irəli gəlmişdir. Digər Cavabdeh2 isə digər iki tərəf arasında bağlanmış kredit müqaviləsinin təminatı olan ipoteka müqaviləsi üzrə ipoteka qoyan qismində çıxış edir. Göründüyü kimi, mübahisə əsas etibarilə İddiaçı və Cavabdeh1 MMC arasında yaranmış sahibkarlıq fəaliyyətindən irəli gəlmişdir. Belə olan halda hazırkı mübahisəyə mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri və subyektiv tərkibi nəzərə alınaraq ümumi məhkəmədə deyil, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Bu Məcəllənin 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməldir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. İddiaçı iddia ərizəsində, iddia tələbi istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olduğundan dövlət rüsumunun ödənilməsindən azad olunduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəldiyindən, istehlakçı hüquqlarının müdafiəsi üzrə yaranan mübahisələr kateqoriyasına aid deyildir. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən isə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının Cavabdeh1 MMC və Cavabdeh2 qarşı pul tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar