Məhkəmə qərarları › İş №e-2(005)-1608/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1608/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1608/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 447,99 manat əsas borc və 16,09 manat faiz borc hesablanmaqla cəmi 464,08 manat borcun, məhkəməyə müraciət üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nərimanov filialı ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən X2 illik 24 faizlə 36 ay müddətinə 500 manat limitində tam kart kredit kartı verilmişdir. Lakin ölüm haqqında şəhadətnaməyə əsasən X3 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X1 miras əmlakına dair onun vərəsələrinə qanun üzrə X4 şəhadətnamə verilmişdir.Cavabdeh qanuni vərəsə kimi tanınmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən görə X1 banka ödənilməmiş 447,99 manat əsas borcu və 16,09 manat faiz borcu, cəmi 464,08 manat borcu vardır. Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın öhdəliyini icra etməmişdirlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: "xxxx" ASC ilə X3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********39 saylı kredit müqaviləsinə və ona əlavə edilmiş ödəniş cədvəlinə əsasən borc verən "xxxx" ASC borc alan Cavabdeh 36 ay müddətinə, illik 24% hesablanmaqla 500 manat limitində tam kart kredit kartı verilmişdir; Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmanın surətindən görünür ki, X1 adına ayrılmış kredit xəttinin məbləği 500 manat təşkil edir; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci il tarixində ölmüşdür. 3 Saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 150 saylı, xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2021-ci il tarixində vəfat etmiş X1, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində vərəsəsi-Cavabdeh, xx.xx.2022-ci il tarixli, 2V/515 reyestr nömrəli “X4 Şəhadətnamə” verilmişdir. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildiriş məktubuna əsasən o, borcunun olması, onun ödənilməsi və əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir; "xxxx" ASC-nin təqdim etdiyi maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə kredit müqaviləsi üzrə "xxxx" ASC-yə 447,99 manat əsas borc, 16,09 manat faiz borcu, cəmi 464,08 manat borcu yaranmışdır; Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin anası ilə iddiaçı arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tam kart çərçivə müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən X2 500 manat limitli kredit kartı verilmişdir. X3 xx.xx.2021-ci il tarixində vəfat etmişdir və hazırki Cavabdeh onun vərəsəsidir və miras əmlaka dair vərəsəlik şəhadətnaməsi almışdır. Hazırda iddiaçı borclunun öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək mərhum X1 vərəsəsi Cavabdeh əsas borca görə 447,99 manat, faiz borcuna görə 16,09 manat olmaqla, cəmi 464,08 manat pulun məhkəmə qaydasında tutulmasını xahiş edir. İddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hazırkı işdə qeyd olunan maddələrin dispozitiv şərtləri mövcuddur. Belə ki, kredit müqaviləsinin bağlanması və "xxxx" ASC tərəfindən borc alana 36 ay müddətinə, illik 24 faiz olmaqla 500 manat məbləğində kredit kartının verilməsi yazılı qaydada tərtib olunmuş müqavilə, maliyyə arayışı, hesabdan çıxarış, həmçinin əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin izahatları ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, mərhum borcalan və onun vərəsəsi olan cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən iddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Vərəsənin məsuliyyəti məsələsinə gəlincə qeyd edilməlidir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə uyğun olaraq, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. O da qeyd edilməlidir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir (Mülki Məcəllənin 1307-ci maddəsi). Beləliklə, X3 tərəfindən öhdəlik icra edilmədiyindən iddiaçının miras qoyanın vərəsələrindən öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Belə ki, borclu müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən Cavabdeh vərəsəsi olduğu miras qoyanın risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün miras həddində cavabdehdir və miras qoyanın öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas borca görə 447,99 manat, faiz borcuna görə 16,09 manat məbləğində pulu iddiaçıya ödəməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 447,99 manat əsas borc, 16,09 manat faiz borcu olmaqla, cəmi 464,08 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 447,99 manat əsas borc, 16,09 manat faiz borcu olmaqla, cəmi 464,08 (dörd yüz altmış dörd manat, səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30,40 (otuz manat, qırx qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar