Məhkəmə qərarları › İş №e-2(005)-1610/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1610/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1610/2023 19.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, BRED4275380A299 saylı kredit müqaviləsinə əsasən 360,29 AZN əsas; 84,41 AZN faiz; cəmi 444,70 AZN məbləğində borcun, xx.xx.2022-ci il tarixli, GTKR4907118A299 saylı kredit müqaviləsinə əsasən 4047,13AZN əsas; 575,80 AZN faiz; cəmi 4622,93 AZN borcun və ödənilmiş 70,68 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR4907118A299 saylı Kredit müqaviləsinə əsasən 23 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 5000 AZN məbləğində pul onun kartına mədaxil edilmişdir. Daha dəqiq deyilsə kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarixli, BRED4275380A299 saylı Kredit müqaviləsinə əsasən illik 25 faiz dərəcəsi ilə 500 AZN məbləğində pul onun kartına mədaxil edilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı, hesabdan çıxarış və kassa məxaric qəbzidir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-nə xx.xx.2021-ci il tarixli, BRED4275380A299 saylı kredit müqaviləsinə əsasən 360,29 AZN əsas; 84,41 AZN faiz;cəmi 444,70 AZN borcu, xx.xx.2022-ci il tarixli, GTKR4907118A299 saylı kredit müqaviləsinə əsasən 4047,13 AZN əsas; 575,80 AZN faiz; cəmi 4622,93 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdirlər. İddiaçı xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə iştirakı olmadan baxılmasını və təqdim edilmiş sübutlar əsasında iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin iddianı etiraf etməsi barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddia etiraf edildiyindən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında əlavə edilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Cavabdeh ərizə ilə müraciət edərək, İddiaçı ASC tərəfindən 500 manat məbləğində, BRED4275380A299 saylı müqavilə ilə birkart verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş kredit sifarişi və akseptsiz silinməyə razılıq ərizəsindən görünür ki, Cavabdeh 60 ay müddətinə 25 % dərəcəsi olmaqla, 500 manat məbləğdə kredit xətti ayrılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, BRED4275380A299 saylı Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 25 faiz dərəcəsi ilə 500 AZN məbləğində pul onun kartına mədaxil edilmişdir. Kredit kartının və kredit xəttindən son istifadə tarixi xx.xx.2024-cü ildir. İş materiallarında əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh ərizə ilə müraciət edərək, İddiaçı ASC tərəfindən 5000 manat məbləğində, 23 ay müddətinə GTKR4907118A299 saylı müqavilə ilə gündəlik təlabat krediti verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, GTKR4907118A299 saylı Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 23 ay müddətinə, illik faiz dərəcəsi 17% olmaqla, gündəlik tələbat məqsədilə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, GTKR4907118A299 saylı kredit müqaviləsinə əlavə ödəniş qrafikindən görünür ki, Cavabdeh verilən kreditin məbləği 5000 manat, faiz dərəcəsi 17%, müddəti 23 aydır. İş materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2021-ci il tarixli, BRED4275380A299 saylı kredit müqaviləsinə əsasən 360,29 AZN əsas; 84,41 AZN faiz; cəmi 444,70 AZN məbləğində borcun, xx.xx.2022-ci il tarixli, GTKR4907118A299 saylı kredit müqaviləsinə əsasən 4047,13AZN əsas; 575,80 AZN faiz;cəmi 4622,93 AZN borcu vardır. İş materiallarına əlavə edilmiş 15 noyabr 2022-ci il tarixli 16/79619 nömrəli bildiriş məktubundan görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan qalıq borcunun 5 təqvim günü müddətində ödənilməsi, əks təqdirdə kredit müqaviləsini şərtlərinə və AR qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Cavabdeh tərəfindən təqdim edilmiş ərizədən görünür ki, cavabdeh iddia tələbində göstərilən borcla razı olduğunu bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında kreditin verilməsinə dair müqavilələr bağlanmışdır. Qeyd olunan müqavilələr üzrə cavabdeh kredit məbləği ilə təmin edilmişdir. Lakin buna baxmayaraq iddiaçı tərəfindən təmin edilmiş kreditə görə cavabdehin ödənilməmiş borcu qalmışdır. İddiaçı qeyd olunan borcun təmin edilməsi üçün məhkəməyə müraicət etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddianın etiraf edilməsi ilə yekunlaşdırılması nəzərdə tutulmuş və Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə cavabdehin hazırda ona qarşı qaldırılmış iddianı etiraf etdiyi təsdiq edilmişdir. Məhkəmə cavabdehin hazırki halda iddianı etiraf etməsini qanuni olduğunu, habelə üçüncü şəxslərin mənafelərinə zidd olmadığını nəzərə alaraq cavabdeh tərəfindən iddianın etiraf edilməsini təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, iddia tələbinin tam təmin olunması və cavabdehin dövlət rüsumundan azad olması hallarının məhkəmə tərəfindən müəyyən olunmaması nəzərə alınaraq, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 70,68 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, BRED4275380A299 saylı kredit müqaviləsinə əsasən 360,29 (üç yüz altmış manat iyirmi doqquz qəpik) manat əsas, 84,41 (səksən dörd manat qırx bir qəpik) manat faiz, cəmi 444,70 (dörd yüz qırx dörd manat yetmiş qəpik) manat məbləğində borc, xx.xx.2022-ci il tarixli, GTKR4907118A299 saylı kredit müqaviləsinə əsasən 4047,13 (dörd min qırx yeddi manat on üç qəpik) manat əsas; 575,80 (beş yüz yetmiş beş manat səksən qəpik) manat faiz; cəmi 4622,93 (dörd min altı yüz iyirmi iki manat doxsan üç qəpik) borc və ödənilmiş 70,68 (yetmiş manat altmış səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, BRED4275380A299 saylı kredit müqaviləsinə əsasən 360,29 (üç yüz altmış manat iyirmi doqquz qəpik) manat əsas, 84,41 (səksən dörd manat qırx bir qəpik) manat faiz, cəmi 444,70 (dörd yüz qırx dörd manat yetmiş qəpik) manat məbləğində borc, xx.xx.2022-ci il tarixli, GTKR4907118A299 saylı kredit müqaviləsinə əsasən 4047,13 (dörd min qırx yeddi manat on üç qəpik) manat əsas; 575,80 (beş yüz yetmiş beş manat səksən qəpik) manat faiz; cəmi 4622,93 (dörd min altı yüz iyirmi iki manat doxsan üç qəpik) borc və ödənilmiş 70,68 (yetmiş manat altmış səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar