Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1618/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixində notarial qaydada təsdiq edilmiş “kredit (borc) müqaviləsi” üzrə yaranmış 14000 (on dörd min) manat məbləğində pulun, ailə başçısının itirilməsinə səbəb olduğuna görə vurulmuş mənəvi zərər üçün 10000 (on min) manat məbləğində pulun, notariat xidmət haqqı üçün ödənilən 123 (yüz iyirmi üç) manat məbləğində pulun, o cümlədən vəkillə bağlanmış müqaviləyə əsasən ödənilmiş 350,00 (üç yüz əlli) manat məbləğində pulun ümumilikdə isə 24473 (iyirmi dörd min dörd yüz yetmiş üç) manat məbləğində pulun tutularaq iddiaçılara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixində notarial qaydada təsdiq edilmiş “kredit (borc) müqaviləsi” üzrə yaranmış 14000 (on dörd min) manat məbləğində pulun, ailə başçısının itirilməsinə səbəb olduğuna görə vurulmuş mənəvi zərər üçün 10000 (on min) manat məbləğində pulun, notariat xidmət haqqı üçün ödənilən 123 (yüz iyirmi üç) manat məbləğində pulun, o cümlədən vəkillə bağlanmış müqaviləyə əsasən ödənilmiş 350,00 (üç yüz əlli) manat məbləğində pulun, həmçinin öhdəliyi vaxtında icra etmədiyi üçün AR Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsinə uyğun olaraq əlavə 1260 manat məbləğində pulun, ümumilikdə isə 25733 manat məbləğində pulun tutularaq iddiaçılara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X6 ilə Cavabdeh arasında ünvan 1 ünvanında, xx.xx.2021-ci il tarixində notarial qaydada təsdiq edilmiş (reyestrdə 3M-443 nömrə ilə qeyd edilmiş) “kredit (borc) müqaviləsi” imzalanmışdır. Sözügedən “kredit (borc) müqaviləsi”nə əsasən həmin müqavilə üzrə “borc alan” Cavabdeh 14000 (on dörd min) manat məbləğində pulu xx.xx.2022-ci il tarixinədək qaytarmaq şərti ilə faizsiz olaraq borc almışdır. Lakin “borc alan” müqavilə üzrə öhdəliyini bu günədək yerinə yetirməmişdir. Bununla belə, xx.xx.2021-ci il tarixdə borc verən Elman Cavabdeh Hüseynovla mübahisə edərkən sonuncunun fəaliyyət göstərdiyi qarajda vəfat etmişdir. X7 müharibəsi iştirakçısı və veteranı, İİ qrup əlilliyi olan bir şəxs idi. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-98 nömrə ilə qeyd edilmiş Şəhadətnaməyə görə İddiaçı2 və İddiaçı1 vəfat etmiş Elman Hüseynovun vərəsələridirlər. Yaranmış mübahisənin, daha dəqiq desək “borc verənin” pozulmuş hüququnun bərpasının digər yollarla həll edilməsi mümkün olmadığından, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə qaydasında həll edilməsi qərara alınmışdır. AR Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq, pretenziya qaydasına riayət edilərək xx.xx.2022-ci il tarixli məktubla Cavabdeh şəxsiyyət vəsiqəsindəki ünvana (Bakı şəhərində yaşadığı ünvan bizə məlum olmadığından) bildiriş göndərilmişdir. Sözügedən bildirişdə 3 gün müddətində 14000 (on dörd min) manat məbləğində pulu tam şəkildə ödənilməsi tələb edilmişdir. Lakin, poçt xəbərnaməsində “bu ünvanda yaşamır, Bakıda yaşayır” qeydi ilə zərf geri qaytarılmışdır. Bugünədək cavabdeh heç bir ödəniş etməmiş, öhdəliyin icrasından qəsdən yayınmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan bu borc münasibəti nəticəsində iddiaçılar ailə başçılarını itirmişdirlər. Odur ki, cavabdehdən dəymiş mənəvi zərərə görə 10000 (on min) manat məbləğində kompensasiya tutularaq onlara ödənilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları olan: -28 aprel 2021-ci il tarixli Kredit müqaviləsindən görünür ki, X6 ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən “Borc verən” X2 “Borc alan” X3 14000 manat məbləğində notariusun depozit hesabı vasitəsilə ilə pul borc vermişdir. -28 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, X6 14000 manat pulu kredit müqaviləsinə əsasən ödəmişdir. -28 aprel 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən 14000 manat məbləğində pulu almışdır. -10 dekabr 2021-ci il tarixli AZ-İİ 239644 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2021-ci durğunluq ürək çatmamazlığı səbəbindən Bakı şəhərində ölmüşdür. -xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, X2 vərəsələri İddiaçı2 və İddiaçı1dur. İddiaçı2 miras əmlakdan 4/5 irs, Cavabdeh isə miras əmlakdan 1/5 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 3M-443 reyestrli Kredit müqaviləsi üzrə mərhum X3 məxsus 14000 manat pul məbləğindən ibarətdir. -xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 3 gün müddətində müqavilədə qeyd edilən borc məbləğini geri qaytarması, qaytarmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur. -957021 nömrəli kassa mədaxil qəbzindən görünür ki, İddiaçı2 notariat və bank xidmət haqqı üçün 123 manat pul ödəmişdir. -xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı2 tərəfindən “Union” Vəkil Bürosuna 350 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, X6 ilə Cavabdeh arasında bağlanmış görünür ki, “Borc verən” X2 “Borc alan” X3 14000 manat məbləğində notariusun depozit hesabı vasitəsilə ilə pul borc vermişdir. 10 dekabr 2021-ci il tarixli AZ-İİ 239644 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2021-ci durğunluq ürək çatmamazlığı səbəbndən Bakı şəhərində ölmüşdür. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamədən görünür ki, X2 vərəsələri İddiaçı2 və İddiaçı1dur. İddiaçı2 miras əmlakdan 4/5 irs, Cavabdeh isə miras əmlakdan 1/5 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 3M-443 reyestrli Kredit müqaviləsi üzrə mərhum X3 məxsus 14000 manat pul məbləğindən ibarətdir. İddiaçılar bildirir ki, cavabdehə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, o borcunu ödəməkdən yayınmışdır. Məhkəmə ilk olaraq qeyd edir ki, iddia tələbinin əsasını kredit müqaviləsinə əsasən yaranmış borc pulun cavabdehdən tələb edilməsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (Mülki Məcəllənin 385.1., 386-cı maddələri). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (Mülki Məcəllənin 425 və 442-ci maddələri). Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir. Əgər borclu ödənilən öhdəliyi müəyyənləşdirməzsə, onda ödənilmə müddəti çatmış öhdəliklərdən müvafiq olaraq kreditorda daha az təminatı olan öhdəlik əvvəlcə ödənilir, bərabər təminatlı öhdəliklərdən borclu üçün daha ağır olanı, eyni dərəcədə ağır olan öhdəliklərdən daha köhnə öhdəlik, eyni müddətli öhdəliklərin isə hamısı ödənilir (Mülki Məcəllənin 432.3-cü maddəsi). Əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir (Mülki Məcəllənin 440.1. maddəsi). Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı1 Cavabdeh İddiaçı2 və İddiaçı1 xeyrinə 14000 manat borc ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərin və dəbbə pulunun hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmaması məsələsinə dair Konstitusiya Məhkəməsinin mövqeyi də xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və X4 haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır....Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Göründüyü kimi, Mülki Məcəllənin 449.1-ci maddəsinin aşağıdakı zəruri əlamətləri müəyyən edilmişdir. Bunlar: 1) özgəsinin pul vəsaitini qanunsuz saxlamaq, 2) onu qaytarmaqdan boyun qaçırmaq, 3) onun ödənilməsini digər şəkildə gecikdirmək, 4) başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaq. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə iddia tələbinin “AR Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsinə uyğun olaraq əlavə 1260 manat məbləğində pulun ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilənin şərtlərini və mülki qanunvericiliyin müddəalarını nəzərə alaraq, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçının gecikdirilmiş 246 gün üçün illik beş faiz uçot dərəcəsi hesablanmalı və iddia tələbi 746 manat (14000 x 5% / 360 gün x 384 gün= 746) hesablanmaqla bu hissədə qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin ailə başçısının itirilməsinə səbəb olduğuna görə vurulmuş mənəvi zərər üçün 10000 (on min) manat məbləğində pulun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin öhdəliyini icra etməməsi nəticəsində iddiaçılara dəymiş mənəvi zərəri 200 manat məbləğində qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bununla bağlı məhkəmə qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41- ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir: “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.” Həmin Qərara əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. Bundan başqa “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X8 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. "Alexina və digərləri Rusiyaya qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, mənəvi ziyana görə kompensasiya məsələsinə gəldikdə, məhkəmə hazırkı vəziyyətdə Konvensiyanın pozulduğunu aşkar edərsə, bu fakt ərizəçilər üçün mənəvi ziyanın ədalətli kompensasiyası kimi qəbul edilə bilər. Məhkəmə iddia tələbinin notariat xidmət haqqı üçün ödənilən 123 (yüz iyirmi üç) manat məbləğində pulun, o cümlədən vəkillə bağlanmış müqaviləyə əsasən ödənilmiş 350,00 (üç yüz əlli) manat məbləğində pulun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün “Union” Vəkil Bürosunun hesabına 350 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, 200 manat pulun ödənilməsi ağlabatandır və kreditorun öhdəliyin icra edilməməsi nəticəsində çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malikdir. Lakin notariat xidmət haqqı üçün ödənilən 123 (yüz iyirmi üç) manat məbləğində pulun tələb edilməsi üçün hər hansı bir əsas mövcud deyildir. Bu səbəbdən də iddia tələbi bu hissədə qismən təmin edilməli, vəkilə ödənilmiş 350 manat məbləğində pulun 200 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı1 və İddiaçı2 xeyrinə 14000 manat əsas borc, əsas borca illik beş faiz hesablanmaqla 746 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz məbləği, mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul, hüquqi yardım göstərilməsinə görə ödənilmiş pulun əvəzi olaraq 200 manat pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1618/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1618/2023
07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver