Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1624/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin faktiki halları: Tərəflər tanışlıq münasibətindədirlər. Cavabdeh qəbz imzalayaraq, 190000 manat borcu olduğunu öz imzası ilə təsdiq etmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə müraciət edərək, 190000 manat borcun ona qaytarılmasını xahiş edir. İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 190 000 (yüz doxsan min) manat pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh ilə uzun illərdir ki, yaxın münasibətləri var. Aralarında inam və faktiki dostluq münasibəti mövcuddur. Bildirir ki, Cavabdeh uzun illərdir ki, biznes ilə məşğuldur. Müxtəlif xarici iş adamları ilə biznes əlqələri mövcuddur və Azərbaycan Respublikasına ərzaq mallarının gətirilməsi ilə məşğuldur. Bir neçə il öncə Cavabdeh ona müraciət edərək, xarici dövlətdən külli miqdarda ərzaq məhsulları gətirmək üçün müqavilə imzalamışdır. Lakin tələb edilən məbləği tam düzəldə bilmir və ona borc pul vəsaiti lazımdır. Söhbət zamanı məlum olub ki, tələb edilən məbləğ 190 000 (yüz doxsan min) manatdır. Yuxarıda qeyd etdiyi aralarında olan inamı nəzərə alaraq, iddiaçı hər hansı bir giov tələb etmədən cavabdehə adıçəkilən məbləği verməyə razılaşmışdır. Təbii ki, münasibətləri nəzərə alaraq, o, ondan hər hansı bir müqavilə imzalamağı və yaxud notariat orqanına getməyi tələb etməyib. Lakin özü israrla təkid edərək, ona xx.xx.2023-cü il tarixli, imzalanmış qəbz təqdim etdi. Bildirir ki, borc vəsaitini verdiyi zaman Cavabdeh ona 2023-cü ilin sentyabr ayında qədər aldığı 190 000 manatın 60-70%-i qaytarcağını bildirmişdi. Cavabdehin verdiyi vaxt çatdıqda o, borcun qaytarılması üçün müraciət edib, o isə hazırda bütün pullarının mal şəklində anbarda olduğunu və qısa müddətə vəsaitini ödəyəcəyini bildirdi. İddiaçı cavabdehlə münasibətlərini nəzərə alaraq, yenə gözləməyə razılaşıb. Lakin hər dəfə cavabdehin dediyi müddət çatdıqda, Cavabdeh müxtəlif bəhanələrlə vaxtı uzadırdı. Cavabdeh beləcə münasibətdən istifadə edərək vaxt alır və halhazıradək borc vəsaitini qaytarmamışdır və iddiaçı buna görə artıq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. O qeyd etdi ki, tərəflərin birlikdə hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, gəlir götürmək niyyətləri olmamışdır. Sadəcə cavabdeh iddiaçıdan borc pul istəmişdir ki, qəbzlə də bu öz təsdiqini tapır. Cavabdeh təkcə iddiaçıdan deyil, digər şəxslərdən də borc almış və qaytara bilməmişdir. Bu səbəbdə ona qarşı ayrı-ayrı şəxslər tərəfindən məhkəmədə bir neçə iddia qaldırılmış və təmin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o iddiaçının oğludur. Onların cavabdeh ilə 2010-cu il tarixindən ailəvi dost münasibətləri vardır. O atası ilə birlikdə 08 yanvar 2022-ci il tarixində cavabdehin Sulutəpədə yerləşən anbarına gedərək, 150000 manat pulu orada vermişdirlər. Cavabdeh 2023-cü ilin 6-cı ayında əlavə 40000 manat pul istəmişdir. Mülki işin materialları: Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 22 avqust 2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı 190000 manat pul verəcək, özü yazmışdır, sentyabr ayının yəni xx.xx.2023-cü ilə qədər 60-70 faizə qədər geri verəcəkdir, öz imzası ilə təsdiq etmişdir. - Ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 480 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Məhkəmə ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının MM-nin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 882.1-ci maddəsinə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Maddə 882.2-ci maddəsi bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Maddə 882.3-cü maddəsinə əsasən, bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. Maddə 882.4-cü maddəsinə əsasən, bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Maddə 882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmənin mövqeyi Beləliklə, iddiaçı aşağıdakı hallara istinad edir: 1.Tərəflər arasında borc münasibətlərinin olması; 2.Borcun təsdiqinə dair 22 avqust 2023-cü il tarixli tarixli qəbzin Cavabdeh tərəfindən imzalanması. İddiaçı cavabdehin ona 190000 manat borcu olduğunu bildirir, bunun təsdiqinə dair 22 avqust 2023-cü il tarixli iltizamı məhkəməyə təqdim edir. Məhkəmə qeyd edir ki, ilkin olaraq məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə qiyabi qətnamə qəbul edilərək iddia təmin edilmişdir. Cavabdeh qiyabi qətnamənin ləğvi barədə ərizə verərək mülki işin materiallarında olan yazılı iltizamın onun tərəfindən yazılıb yazılmadığının yoxlanmadığını bildimişdir. Məhkəmə qiyabi qətnamənin ləğv edilməsi barədə qərardad qəbul edərək işə yenidən baxmışdır. Bu zaman bir neçə dəfə məhkəmə iclasları təyin edilməsinə, cavabdehə bu barədə bildirişlər (o cümlədən sms-bildirişlər) göndərilməsinə baxmayraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlar əsasında hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 190 000 (yüz doxsan min) manat borc, iddianın verilməsi üçün ödənilmiş 480 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Borcun etirafı barədə ərizənin məzmunu ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Beləliklə, mülki qanunvericiliklə tənzimlənən müqavilələrin növü olan borc və borcun etirafı müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, cavabdehin hüquqlarının müdafiəsi üçün müvafiq tədbirlər görməməsi, onun hüquqlarını həyata keçirməkdə passiv və laqeyd mövqe sərgilədiyini açıq şəkildə nümayiş etdirir. Belə bir vəziyyətdə, subyektin hüququnun müdafiəsi məsələsinə baxılarkən onun yalnız formal hüquq sahibi olması deyil, bu hüququ həyata keçirməkdəki aktivlik səviyyəsi və davranış səmimiyyəti də nəzərə alınmalıdır. Məhkəmə daha sonra qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid iş üzrə ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirməyə, düzgün ifadə verməyə borcludur. (MPM-nin 62-ci və 104.1-ci maddələri) Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Müəyyən edilmişdir ki, tərəflər arasında borc münasibətləri yaranmışdır. Bu halı iddiaçı tərəfin izahatları ilə yanaşı təqdim etdiyi şahid ifadələri iddiaçının tələbinin əsaslandığı halların doğruluğunu təsdiq edir. Belə ki, məhkəmə qeyd edir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. Eyni zamanda şahid pulun verilməsi anını bilavasitə görmüşdür. Göstərilən hallar, eləcə də, şahidin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün onun ifadələrinin mötəbər olmasına dəlalət edir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 190 000 (yüz doxsan min) manat borc, iddianın verilməsi üçün ödənilmiş 480 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-1624/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1624/2025
13.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver