Məhkəmə qərarları › İş №e-2(005)-1633/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1633/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1633/2025 18.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17204 manat borc məbləği, 320 manat hüquqi yardım üçün ödənilmiş pul vəsaiti və məhkəmə rüsumu olaraq ödənilmiş 146 manat olmaqla, ümumilikdə 17670 manat pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh 2024-cü ildə 17204 manat məbləğində borca pul vermiş, lakin cavabdeh aldığı borcu İddiaçı geri qaytarmamışdır. Belə ki, Cavabdeh 2024-cü ildə müxtəlif vaxtlarda İddiaçı müraciət edərək ona pul lazım olduğunu bildirmiş və İddiaçı ona borc pul verməsini xahiş etmişdir. Cavabdeh İddiaçı istədiyi borc pulları qısa vaxt ərzində qaytaracağına söz vermişdir. İddiaçı Cavabdeh tanıdığı üçün onun sözünə etimad edərək həmin şəxsə 2024-cü ilin iyul ayından oktyabr ayına qədər müxtəlif vaxtlarda olmaqla borca pul vermişdir. İddiaçı Cavabdeh verdiyi borcun həcmi və verilmə tarixi aşağıdakı kimidir: · xx.xx.2024-cü il tarixdə, bank kartı vasitəsi ilə 1000 manat; · xx.xx.2024-cü il tarixdə, bank kartı vasitəsi ilə 700 manat; · xx.xx.2024-cü il tarixdə, bank kartı vasitəsi ilə 140 manat; · xx.xx.2024-cü il tarixdə, bank kartı vasitəsi ilə 502 manat; · xx.xx.2024-cü il tarixdə, bank kartı vasitəsi ilə 1000 manat; · xx.xx.2024-cü il tarixdə, bank kartı vasitəsi ilə 1000 manat; · xx.xx.2024-cü il tarixdə, bank kartı vasitəsi ilə 150 manat; · xx.xx.2024-cü il tarixdə, M-pay ödəniş terminalı vasitəsi ilə 850 manat; · xx.xx.2024-cü il tarixdə, bank kartı vasitəsi ilə 50 manat; · xx.xx.2024-cü il tarixdə, bank kartı vasitəsi ilə 50 manat; · xx.xx.2024-cü il tarixdə, bank kartı vasitəsi ilə 562 manat; · xx.xx.2024-cü il tarixdə, E-manat ödəniş terminalı vasitəsi ilə 3700 manat; · xx.xx.2024-cü il tarixdə, M10 ödəniş terminalı vasitəsi ilə 5000 manat; · xx.xx.2024-cü il tarixdə, M10 ödəniş terminalı vasitəsi ilə 1300 manat; · xx.xx.2024-cü il tarixdə, bank kartı vasitəsi ilə 1200 manat. Daha sonra İddiaçı, Cavabdeh verdiyi borc pulu geri istədikdə Cavabdeh hər dəfə İddiaçı, aldığı borcu tezliklə qaytaracağı barədə yalan vədlər verərək borcu geri qaytarmaqdan yayınaraq, İddiaçı aldığı borcu geri qaytarmamışdır. Hazırkı halda İddiaçı qanunvericiliyə uyğun olaraq, Cavabdeh verdiyi borcun geri qaytarılması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddiaçı ilə cavabdehin tanışlıqları olub, onlar əvvəl bir təşkilatda işləyiblər. İddiaçı cavabdehə müxtəlif vaxtlarda cəmi 17204 manat pul göndərmişdir. Həmin göndərilən pulların qəbzləri təqdim olunmuşdur. Pullar cavabdehin kartına və onun göndərdiyi digər karta mədaxil edilmişdir. Əvvəllər də bir neçə dəfə cavabdeh iddiaçıdan borc pul almışdır, ancaq həmin pulları geri qaytarmışdır. Görünür ki, iddiaçının etibarını qazanmış, daha sonra həmin etibardan sui-istifadə etmişdir. Hazırda təqdim edilmiş qəbzlərdən də göründüyü kimi, ümumilikdə 17204 manat borc verilmişdir. Həmin məbləğin heç bir hissəsi qaytarılmamışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar problemlərin olması və səfər etmək imkanının məhdud olması səbəbindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə baxılma müddətlərini, məhkəmə iclaslarının cavabdehin ərizəsi əsasında dəfələrlə təxirə salınmasını, buna baxmayaraq məhkəmə iclaslarında iştirak etməməsini, cavabdehin üzrlü səbəbdən iştirak etməməsini təsdiq edən hər hansı sübutun əlavə olunmamasını nəzərə alaraq işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Tərəflər arasında “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılan yazışmalardan görünür ki, Cavabdeh müxtəlif vaxtlarda İddiaçı borc pul istəmişdir; - Təqdim edilmiş fotoşəkillərdən görünür ki, müxtəlif tarixlərdə cavabdehə məxsus karta və onun göndərdiyi digər karta cəmi 17202 manat məbləğində pul köçürülmüşdür; - İddiaçı tərəfindən təqdim edilmiş səs yazılarından görünür ki, Cavabdeh iddiaçıdan borc pulun göndərilməsini xahiş etmişdir; - Qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixdə Vəkil hesabına 320 manat pul köçürülmüşdür; - Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, 146 manat pul məhkəmənin hesabına köçürülmüşdür. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında yazılı müqavilə bağlanmamışdır. İddiaçı cavabdehə borc pul vermiş, cavabdeh isə həmin pulu qaytarmamışdır. Hazırda iddiaçı pulun cavabdehdən məhkəmə qaydasında tutulmasını xahiş edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385 və 386.1-ci maddələrinə uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan borc müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Mülki Məcəllənin 739.1 və 739.2-ci maddələrinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 742.1 və 742.2-ci maddələrinə görə, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Tərəflər arasında olan münasibətlərin şifahi borc müqaviləsinə əsaslanması ilə bağlı məhkəmə qeyd edir ki, təqdim edilmiş yazışmalardan və qəbzlərdən göründüyü kimi, onlar arasında dostluq münasibətləri olmuş və bu səbəbdən borc müqaviləsi yazılı şəkildə rəsmiləşdirilməmişdir. Aralarında bağlanmış şifahi müqaviləyə əsasən iddiaçının öz üzərinə düşən öhdəliyi yerinə yetirməsi, cavabdehin isə müqavilə üzrə öhdəliyini yerinə yetirməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsbit olunmuşdur. Belə ki, müxtəlif vaxtlarda pulların göndərilməsini qəbzlər təsdiq etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı pul tələbi barədə məhkəmədə iddia qaldırmaqda haqlıdır. Nəzərə alınmalıdır ki, mülki qanunvericilik şifahi və ya yazılı olmasından asılı olmayaraq müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu baxımdan bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilməlidir. Belə ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. O da qeyd edilməlidir ki, mülki qanunvercilik 3000 manatdan çox olan məbləğin borc verilməsi zamanı yazılı müqavilə bağlanmasını tələb etdiyindən formalaşmış məhkəmə təcrübəsinə əsasən etibarsız əqd hesab olunmaqla iddia tələbinin qanuni əsası kimi əsassız varlanmaya dair normalar tətbiq olunur. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddənin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün şərtlər aşağıdakılardır: - Borclu əmlak əldə etsin; - Həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin; - Bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın. Mülki Məcəllənin 1092.1 və 1093-cü maddələrinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qeyd olunmalıdır ki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, əsassız varlanma obyektini geri tələb edə bilər. Məhkəmə toplanmış sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmış, cavabdeh isə öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməyərək iddiaçıdan aldığı borc məbləğini ona geri qaytarmamışdır. Belə ki, pulun verilməsini sübut etmək yükü iddiaçının üzərinə, pulun qaytarılmasını sübut etmək yükü isə cavabdehin üzərinə düşür. İş materialları ilə pulun verilməsi təsdiq olunsa da, onun qaytarılmasını təsdiq edən hər hansı bir sübut iş materiallarında mövcud deyildir. Həmçinin cavabdeh məhkəmə iclası barədə dəfələrlə məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu halı təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu mənada məhkəmənin fikrincə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. Cavabdehin öhdəliyini ağlabatan müddət ərzində icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə müvafiq iddia tələbini irəli sürmək hüququ vermişdir. Tərəflər arasında münasibətlərə borc müqaviləsinə və ya əsassız varlanmaya dair normalar tətbiq olunmasından asılı olmayaraq, hər bir halda iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə cavabdehdən tutulmalı olan pulun məbləği ilə bağlı qeyd edir ki, mülki iş materiallarında olan qəbzlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 850 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 50 manat, xx.xx.2024-cü il tarixdə 562 manat, xx.xx.2024-cü il tarixdə 3700 manat, xx.xx.2024-cü il tarixdə 5000 manat, xx.xx.2024-cü il tarixdə 1300 manat, xx.xx.2024-cü il tarixdə 1200 manat pul Cavabdeh adına olan karta, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 140 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 700 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat pul (cəmi 17202 manat) cavabdehin göndərdiyi karta köçürülmüşdür. Bu baxımdan iddia 17202 manat pulun tutulması hissəsində təmin edilməli, qalan hissədə sübut təqdim edilmədiyindən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1 və 121.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə işin hallarını nəzərə alaraq vəkilin göstərdiyi hüquqi yardıma görə 320 manat məbləğində xərcin tutulmasını ağlabatan hesab edir. Həmçinin iddiaçı tərəfindən 146 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 17.202 manat, hüquqi yardım üçün ödənilmiş 320 manat və dövlət rüsumuna görə ödənilmiş 146 manat pul, cəmi 17668 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 17.202 manat, hüquqi yardım üçün ödənilmiş 320 manat və dövlət rüsumuna görə ödənilmiş 146 manat pul, cəmi 17668 (on yeddi min altı yüz altmış səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar