Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1642/2025 17.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh2 və “X3” PHŞ-yə qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh2 və “X3” PHŞ-yə qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada “BMW 530E” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilən 4428,01 manat pulun, 64,28 manat dövlət rüsumunun və 0,51 manat xidmət haqqının onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən xx.xx.2023-cü il tarixdə cavabdeh “X3” PHŞ-yə məxsus, lakin yol vərəqəsi ilə Cavabdeh2 tərəfindən idarə olunan “Mercedes Benz” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “BMW 530E” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Sığorta müqaviləsindən çıxarışdan və sığorta aktından görünür ki, “BMW 530E” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində xx.xx.2023-cü ildən xx.xx.2025-ci ilə qədər müddətdə sığorta dəyəri 50000 manat olmaqla nəqliyyat vasitəsinin tam sığortası müqaviləsi əsasında sığortalı olmuşdur. xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən sığortalanmış nəqliyyat vasitəsinə ehtiyat hissələri və görüləcək işlər olmaqla, ümumilikdə 9253,02 manat ziyan dəymişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından aydın olur ki, iddiaçı sığortalanmış nəqliyyat vasitəsinə dəymiş zərərə görə nəqliyyat vasitəsinin təmirini həyata keçirən rəsmi təmir müəssisəsi "xxxx" MMC-yə 9253,01 manat sığorta ödənişi ödəmişdir. Hadisə baş verən tarixdə cavabdehin mülki məsuliyyətini sığortalamış olan "xxxx" ASC-yə subroqasiya qaydasında iddiaçı tərəfindən ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı müraciət olunmuşdur. "xxxx" ASC tərəfindən 4575 manat hissəsi geri qaytarılmışdır. 250 manat azadolma məbləği çıxılmaqla geri qalan 4428,01 manat hissə isə cavabdehlərin özləri tərəfindən geri qaytarılmalıdır. Cavabdeh2 idarə etdiyi “Mercedes Benz” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi digər cavabdeh “X3” PHŞ olmuşdur. Cavabdeh2 hadisə baş verən zaman sözügedən nəqliyyat vasitəsini idarə etmək üçün “X3” PHŞ tərəfindən verilmiş yol vərəqəsi olmuşdur. İnzibati xəta haqqında protokola və inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olmuş, 40 manat məbləğində cərimə edilmişdir. Zərərçəkən sığortalı nəqliyyat vasitəsinə görə sığorta ödənişi ödənildiyindən iddiaçı cavabdehlər Cavabdeh2 və “X3” PHŞ-yə qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdehlərə yazılı müraciət göndərilməsinə baxmayaraq, ödəniş edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim edilən sübutları tədqiq edib, sübutların məcmusunda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Ödəniş qəbzinə əsasən məhkəmədə iddia qaldırmaq üçün İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 64,28 manat dövlət rüsumu və 0,51 manat xidmət haqqı ödənilmişdir; xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh2 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir; Avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş vermişdir. Yolnəqliyyat hadisəsinin növü toqquşmadır. Avtonəqliyyat vasitəsinin mülkiyyətçisi “X3” PHŞ, hadisə baş verdiyi anda sürücü Cavabdeh2 olmuşdur; İcbari Sığorta Bürosunun “İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə” arayışından görünür ki, “Mercedes Benz” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmışdır; 5012 saylı Yol vərəqəsindən görünür ki, “X3” PHŞ tərəfindən “Mercedes Benz” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilmək üçün xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək Cavabdeh2 verilmişdir; İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 130898 saylı sığorta aktından görünür ki, “BMW 530E” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi kasko sığorta növü ilə sığortalanmışdır, sığortanın başlama və bitmə müddəti xx.xx.2023-xx.xx.2025-ci il tarixlərdir, sığorta məbləği 50000 manat, azadolma məbləği 250 manat təşkil edir. xx.xx.2023-ci il tarixdə “Mercedes Benz” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobil Əliyar Əliyev, Bakı ünvanında sığortalanmış avtomobillə toqquşmuşdur. Maddi ziyanın ümumi məbləği 9253,01 manat məbləğində müəyyən edilmişdir; xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında protokolun surətindən görünür ki, “Mercedes Benz” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; “X4 Mərkəzi” MMC-nin YDQM № 004-109/2025 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, avtomobilin istehsal ilinin yeni olması, qüsur aktının birbaşa rəsmi idxalçı “İmprotex" MMC tərəfindən tərtib edilməsi və orijinal ehtiyat hissələrinin idxalı və satışının bazarda yalnız həmin şirkət tərəfindən həyata keçirilməsi nəzərə alınmaqla, qüsur aktında əks olunmuş məbləğlər dəyişdirilmədən, hüquqi qüvvəyə malik sənəd kimi müəyyən edilmiş və qiymətləndirməyə əsas hesab edilmişdir. Beləliklə, avtomobilə vurulmuş zərərin həcmi düzgün hesablanmışdır və əlavə düzəliş tələb olunmur. Zərərin aradan qaldırılması üçün tələb olunan vəsait köhnəlmə əmsalı nəzərə alınmaqla hesablanmış və qüsur aktında göstərilən məbləğ dəyişdirilmədən qəbul edilmişdir. Qiymətləndirmə nəticəsinə əsasən, avtomobilin təmirinə tələb olunan vəsait qüsur aktında göstərilən məbləğ qədərdir və əlavə vəsait tələb olunmur. Bu məbləğ hüquqi baxımdan əsaslandırılmış və qiymətləndirmə rəyi üçün tam uyğun hesab edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, cavabdeh “X3” PHŞyə məxsus, "xxxx" ASC-nin icbari qaydada sığortaladığı “Mercedes Benz” markalı, **-JD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi işçi-Cavabdeh2 tərəfindən idarə edilərkən yol hərəkəti qaydaları pozulmuş və xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində yol nəqliyyat hadisəsi törədilərək, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış “BMW 530E” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. xx.xx.2025ci il tarixli, 130898 saylı sığorta aktı ilə dəymiş zərərin məbləği 9253,01 manat müəyyənləşdirilmişdir. Hazırda iddiaçı zərər məbləğinin 4575 manat hissəsinin "xxxx" ASC tərəfindən geri qaytarıldığına, 250 manat azadolma məbləği çıxılmaqla qalan 4428,01 manat hissənin ödənilmədiyinə istinad edərək, həmin məbləğlərin cavabdehlərdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır; Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də, sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096, 1097.1 və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (qeyd edilən halda nəqliyyat vasitəsindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun....İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə müvafiq olaraq başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır; Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. İş materiallarından göründüyü kimi hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdeh təşkilatın sürücüsü Cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə sonuncunun təqsiri müəyyən edilmişdir. Digər tərəfdən həmin nəqliyyat vasitəsinin cavabdeh PHŞ-yə məxsus olması və hadisəni törətmiş sürücünün həmin müəssisənin işçisi olması iş materiallarında mövcud olan nəqliyyat vasitəsinin yol vərəqi ilə təsdiq olunmuşdur. Tələb edilən ziyanın məbləği ilə bağlı məhkəmə bildirir ki, “X4 Mərkəzi” MMC-nin YDQM № 004-109/2025 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, avtomobilə vurulmuş 9253,02 manat zərərin həcmi düzgün hesablanmışdır və əlavə düzəliş tələb olunmur. Məhkəmə cavabdeh “X3” PHŞ-nin sığortaçısı tərəfindən 4575 pulun ödənilməsini nəzərə alaraq, cavabdehlər “X3” PHŞ və Cavabdeh2 müştərək qaydada dəymiş zərərə görə 250 manat azadolma məbləği çıxılmaqla qalan 4428,01 manat pulun tutulmalı olması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 64,28 manat dövlət rüsumu və 0,51 manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya qaytarılmalıdır. Habelə iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 250 manat məbləğində pul cavabdehlər “X3” PHŞ-dən və Cavabdeh2 müştərək qaydada tutularaq “X4 Mərkəzi” MMC-nin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər “X3” PHŞ və Cavabdeh2 müştərək qaydada “BMW 530E” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilən 4428,01 manat pul, 64,28 manat dövlət rüsumu və 0,51 manat xidmət haqqı İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 250 manat pul cavabdehlərdən müştərək qaydada alınaraq, X4 Mərkəzi” MMC-nin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər “X3” PHŞ və Cavabdeh2 müştərək qaydada “BMW 530E” markalı, **- AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilən 4428,01 manat pul, 64,28 manat dövlət rüsumu və 0,51 manat xidmət haqqı İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 250 manat pul cavabdehlərdən müştərək qaydada alınaraq, X4 Mərkəzi” MMC-nin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-1642/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1642/2025
17.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver