Məhkəmə qərarları › İş №e-2(005)-165/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-165/2023

29.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-165/2023 29.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: pul tələbi; əsassız varlanma; sübutetmə yükü) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzilə görə ödənilmiş pulun və mənzilin təmiri ilə bağlı çəkilmiş xərclərin qaytarılması” iddia tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “mənzilə görə ödənilmiş pulun və mənzilin təmiri ilə bağlı çəkilmiş xərclərin qaytarılması” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Çernyayevski küçəsi, ev 9, mənzil 21-lə bağlı ödədiyi 5000 manat və mənzilin təmiri ilə bağlı çəkdiyi xərclər 40080 manat, ümumilkdə 45080 manat Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin ödədiyi dövlət rüsumu 226 manatın da Cavabdeh aid edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanın 21-ci mənzilində yaşayan qonşusu Cavabdeh uzun illər mübahisəli mənzili tamamilə baxımsız, zibilli və tullantılarla dolu saxlamış, maddi vəziyyətinin və sağlamlığının pis olmasından daim şikayət etmişdir. 2019-cu ilin avqust ayında özü onunla ünsiyyətə girərək mənzili satmaq istədiyini bildirmiş, ona mənzili almaq üçün pulunun yetərli olmamasını dedikdə nisyə, yəni hissə-hissə ödəməklə mənzili ala biləcəklərini bildirmişdir. Mübahisəli mənzil Cavabdeh tərəfindən 60000 manata qiymətləndirilmiş, mənzlinin müvəqqəti olaraq iddiaçının mülkiyyətində qalmaqda davam etməklə, həmin mənzili tərk edəcəyi, mənzilin özləri tərəfindən təmizlənəcəyi, ilkin olaraq cavabdehə 5000 manat pul verilməklə mənzili tam təmir etdikdən sonra çəkilmiş xərcləri ümumi qiymətdən çıxılaraq qalan məbləği iddiaçıya ödədikdən sonra mənzili adına rəsmiləşdirəcəyi barədə razılığa gəlmişdir. Razılaşdığı kimi cavabdehə 5000 manat nəğd pul ödədikdən sonra, mənzili təmizləyib təmir etdirmişdirlər. Lakin, mənzilin təmirini başa çatdırdıqdan sonra Cavabdeh peşman olduğunu, mənzilin qiymətini bahalaşdırdığını bildirərək, mənzili onlara satmayacağını bildirdiyindən, aralarında bununla bağlı narazılıqlar yarandığından ondan verdikləri 5000 manat nəğd pul və mənzilin təmiri ilə bağlı xərclərini istəsələr də, o bundan imtina etmişdir. Beləliklə, cavabdehlə aralarında olan razılaşmaya özü tərəfindən əməl edilsə də, o öz öhdəliyini yerinə yetirməmiş, nəticədə pulunu qaytarmadan mənzildən çıxarılmağı və özünün mənzilə köçürülməsi barədə iddia qaldırmış və iddia ərizəsi məhkəmə tərəfindən təmin edilmişdir. Cavabdehə aralarında olan razılığa əsasən ona 5000 manat verməyi və mənzili əsaslı təmir etməyi mənzili təmir edən ustaların və qonşularının (Cavabdeh mənzilə köçürülmə barədə iddiasına Nərimanov Rayon Məhkəməsində xx.xx.2022-ci il tarixdə baxılarkən) izahatları, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin ekspert-mütəxəssis rəyi, habelə Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin baş təhqiqatçısı E.Quliyevin “cinayət işinin başlanmasının rədd edilməsinə dair” 11 fevral 2020-ci il tarixli qərarı ilə təsdiq olunur. Belə ki, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin baş təhqiqatçısı E.Quliyevin “cinayət işinin başlanmasının rədd edilməsinə dair” 11 fevral 2020-ci il tarixli qərarından göründüyü kimi hazırki iş üzrə Cavabdehnın ərizəsi əsasında araşdırma aparılmış və həmin araşdırma zamanı mübahisəli mənzildə təmir işləri aparılması həvalə edilmiş usta X10 izahatında göstərmişdir ki, 2019-cu ildə üzdən tanıdığı Ramin adlı məhəllədən tanıdığı şəxs ona yaxınlaşıb mənzil təmir etmək lazım olduğunu demiş, onunla razılaşdıqdan sonra Raminin yaşadığı mənzillə üzbə-üz olan mənzilə daxil olmuşlar. Mənzilin açarı Ramində olmuş və qapını ramin açmışdır. Mənzil tam təmirsiz və içərisində olan paltarlar, əşyalar tam yararsız halda olmuşdur. Mənzildən isə üfunət qoxu gəlmişdir. Raminlə aralarında olan razılaşmaya əsasən mənzilindəki tullantıları atmış, mənzilin təmizlədikdən sonra təmir işlərinə başlamışlar. Təmir zamanı mənzilə bir neçə dəfə Vladimir gəlmiş və mənzili Raminə satdığını demişdir. Bir müddət sonra isə Cavabdeh mənzilə gələrək təmir işlərini dayandırmalarını, mənzildən çıxmalarını onlara demişdir. Araşdırma zamanı izahatı alınmış X9 da Eldar Əkbərovun izahatına uyğun izahat vermişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh məxsus mənzil yaşayış olmayan və baxımsız mənzil olmaqla, Cavabdeh qeyd olunan mənzili qonşusu İddiaçı satacağı barədə şifahi razılıq olmuşdur. Həmçinin, Nərimanov Rayon Məhkəməsində xx.xx.2022-ci il tarixli Cavabdeh “mənzilə köçürülmə tələbi”nə dair mülki iş üzrə qətnamədən göründüyü kimi şahid Əkmət Hacıqayıbov ifadəsində Cavabdeh ilə qonşu olduqlarını, mübahisəli mənzilin yararsız vəziyyətdə olmasını, Cavabdeh orada yaşamamasını göstərmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 24 yanvar 2022-ci il tarixli 06-Ə ekspert-mütəxəssis rəyindən göründüyü kimi Cavabdeh məxsus Bakı şəhəri, Çernyayevski küçəsi, ev 9, mənzil 21-ə vizual baxış keçirmiş, ölçü işləri aparmış, rəngli fotoşəkillər çəkmişdirlər. Baxış zamanı müəyyən edilmişdir ki, mənzil 2 otaqlıdır, əla təmirlidir. Mənzilin döşəməsi laminat, tavanı alçıpan, divarlar dekorativ divar kağızı ilə üzlənmişdir. Mənzilin pəncərələri, sanitar qovşağının qapısı plastik (PVC), otaqlara taxta qapılar, girişdə dəmir seyf qapı quraşdırılmışdır. Mənzilin istilik sistemi kombi tiplidir. Mənzilin mühəndis-kommunikasıya xəttləri (su, kanalizasiya, qaz, işıq, telefon) yenidən quraşdırılmışdır. Sanitar qovşağının döşəməsi metlaxla, divarlar kafellə üzlənmiş və s. işlər yerinə yetirilmişdir. Bu işlərin yerinə yetirilməsində əmək haqqı və sərf olunan materialların həmin rəydə olan cədvəldə ayrı-ayrılıqda qiymətləri qeyd olunmaqla, ümumilikdə 40080 manat xərc çəkilmişdir. Beləliklə, Nümayəndə Cavabdeh aralarında olan razılaşmaya əsasən mənzilin alınması ilə bağlı ilkin olaraq 5000 manat ödəməsi və mənzilin təmirinə 40080 manat pul xərcləməsi mənzili təmir edən ustaların və qonşuların (mənzildən çıxarılmaqları barədə iddiaya Nərimanov Rayon Məhkəməsində xx.xx.2022-ci il tarixdə baxılarkən) izahatları, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin ekspert-mütəxəssis rəyi, habelə Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin baş təhqiqatçısı E.Quliyevin “cinayət işinin başlanmasının rədd edilməsinə dair” 11 fevral 2020-ci il tarixli qərarı ilə təsdiq olunur. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən, iddaiçı cavabdehə 5000 manat ödəmiş və onun evini almışdır. Cavabdeh pulun ona ödənilmədiyini bildirir, lakin əgər ödənilməyibsə, niyə mənzilin açarı iddiaçıya təhvil verilsin. Bundan sonra iddiaçı mənzili təmir etmişdir. Bunu şahidlər də öz ifadələri ilə təsdiq edir. Cavabdehin mənzilin təmiri barədə məlumatı olmuşdur. Lakin pulun verilməsi ilə bağlı aralarında razılaşma olmadığına görə iddiaçı tərəfin onun evini zəbt etməsi əsası ilə polisə şikayət etmişdir. Mənzil pis vəziyyətdə olmuş, 3 maşın tullantı çıxarılmışdır. Ekspert belə təsdiq etmişdir ki, mənzilin qapısının açarı qırılmamışdır. Araşdırılma zamanı bu hal təsdiq olunmadığına görə cinayət işinin rədd olunması barədə qərar qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 5.000 manat məbləğinin ona verilməsi yalandır, əgər verilibsə notariat qaydada sübut təqdim edilməlidir. Mənzilin satılması ilə bağlı qarşı tərəflə aralarında danışıq olmamışdır, o şəxsləri ümumiyyətlə görməmişdir. İddiaçı tərəf 2019-cu ildə mənzili zəbt etmişdir. Həmin ərəfələr evə gələrkən izlənildiyini hiss etmiş və anlamışdır ki, mənzilini ələ keçirmək istəyirlər. Onların məqsədləri həmin mənzili satıb pulunu aralarında bölmək olub. Daha sonra 2009-cu ildən iş özü yerində qalmağa başlamışdır, lakin buna baxmayaraq evə görə Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ödənişlər etmişdir. Bu məsələlərlə bağlı 2005-ci ildə şəhər prokurorluğuna müraciət etmişdir. 1977-ci ildən Əhalinin Sosial Müdafiə Nazirliyində işləyir. 2009-cu ildən Nazirlikdə yaşayır və eyni zamanda işləyir. 2019-cu ilin yay aylarında iddiaçı tərəf mənzilini zəbt etmişdirlər və oktyabr ayında evinə gələndə görmüşdür ki, artıq mənzilində təmir işləri gedir. Mənzilin təmiri təxmini 2-3 ay davam etmişdir. Bu barədə rus cəmiyyətinə müraciət etmişdir və onlar tərəfindən araşdırma başlamışdır. Hazırda yenidən mənzilini təmir etməlidir, çünki iddiaçı tərəf evinin altında yerləşən zirzəmidə qaz və istilik sistemi çəkib. Məbləğlə bağlı aralarında hər hansı bir söhbət olmayıb və mənzildə işləyən usta yaxınlaşıb pul istəyəndə bildirmişdir ki, onu buraya özü çağırmamışdır. İddiaçı tərəf əşyalarının arasından 18.500 manat pul vəsaiti, 1750 ABŞ dolları tapıb və həmin məbləğlə mənzili təmir ediblər ki, mənzili baha qiymətinə sata bilsinlər. Bu pul vəsaitini 20-30 il müddətində yığmışdır. İddiaçı mənzilin açarını qırıb və mənzilə daxil olub. Evə qanunsuz daxil olmaları ilə bağlı ancaq rus cəmiyyətinə müraciət etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 25 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 179 №-li arayışa əsasən, Cavabdeh Çernyayevski küçəsi 9 saylı evin 21 №-li mənzilində qeydiyyatdadır. MN-090960 saylı xx.xx.1997-ci il tarixli çıxarış vərəqəsinə əsasən mənzil ona məxsusdur. - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ünvan 2 ünvanında qeydiyyatdadır. - Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin 11 fevral 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan müəyyən olunur ki, araşdırma zamanı Cavabdeh ərizə və izahatlarında göstərdiyi xüsusatlar yoxlanılmış və müəyyən edilmişdir ki, X5 məxsus yaşayış olmayan və baxımsız vəziyyətdə qalmış ünvan 4 ünvana onun qonşusu İddiaçı tərəfindən qanunsuz daxil olma faktı aşkar edilməmişdir. Tərəflər arasında rəsmi də olmasa, şifahi danışıq olmuşdur ki, X6 mənzili qonşusu İddiaçı satacaq. Həmin mənzildən göstərilən məbləğdə pulların və ya qızıl-zinyət əşyalarının oğurlanması faktını sübuta yetirmək üçün isə kifayət qədər sübutlar olmamışdır. Bundan başqa X2 sözügedən mənzili qonşusu İddiaçı almaq barədə olan tələbinin məhkəmə səlahiyyətlərinə aid olmasını nəzərə alaraq, yəni cinayət işinin başlanmasına əsasın olmadığını nəzərə alaraq material, həmçinin MPM-nin 265.4-cü maddəsinin tələbinə görə məhkəmə işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətlərin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Beləliklə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh tələbi ilə əlaqədar mülki mübahisələrin həlli üçün Azərbaycan Respublikası MPM-nin 25-ci maddəsinə əsasən aidiyyəti məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 2564/2021 saylı qətnamədən görünür ki, iddia təmin edilmiş, Nümayəndə və İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, 9 saylı ev, 21 saylı mənzildən çıxarılması, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, 9 sayli ev, 21 saylı mənzilə köçürülməsi qət edilmişdir. - Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2665/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki mülki iş üzə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2564/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. - Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 24 yanvar 2022-ci il tarixli 06-Ə ekspert-mütəxəssis rəyindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Çernyayevski küçəsi, ev 9, mənzil 21-ə vizual baxış keçirmiş, ölçü işləri aparmış, rəngli fotoşəkillər çəkmişdirlər. Baxış zamanı müəyyən edilmişdir ki, mənzil 2 otaqlıdır, əla təmirlidir. Mənzilin döşəməsi laminat, tavanı alçıpan, divarlar dekorativ divar kağızı ilə üzlənmişdir. Mənzilin pəncərələri, sanitar qovşağının qapısı plastik (PVC), otaqlara taxta qapılar, girişdə dəmir seyf qapı quraşdırılmışdır. Mənzilin istilik sistemi kombi tiplidir. Mənzilin mühəndis-kommunikasıya xəttləri (su, kanalizasiya, qaz, işıq, telefon) yenidən quraşdırılmışdır. Sanitar qovşağının döşəməsi metlaxla, divarlar kafellə üzlənmiş və s. işlər yerinə yetirilmişdir. Mənzilin yerləşdiyi bina Montin qəsəbəsində, 8 saylı poliklinikanın qarşısında “Funda” klinikasının yaxınlığında yerləşir. Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi ev 9 ünvanında yerləşən 21 saylı mənzilin təmirinə çəkilən xərc 40080 manat, mənzilin orta bazar dəyəri 75250 manat, likvid dəyəri 65000 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5722 saylı 20 fevral 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, 9 saylı ev, 21 saylı mənzili üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 16190 manat məbləğində müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2688 saylı 16 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Çemyayevski küçəsi, 9 saylı ev, 21 saylı mənzili üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri (söküntü işləri, tikinti materialları, nəqliyyat xərci və əmək haqqı nəzərə alınmaqla) təqribən 16190 manat məbləğində müəyyən edilmişdir. - Məhkəmə iclasında şahid qismində ifadə vermiş xx.xx.1948-ci il təvəllüdlü Nümayəndə bildirmişdir ki, iddiaçının atasıdır. Yay aylarında oğlu bildirmişdir ki, cavabdehlə danışmışdır ki, ona əvvəl 5.000 manat pul verəcək ki, açarı ona versin, təmir işləri görsün. Qalan məbləği sonradan hissə-hissə verəcəkdir. Tərəflər arasında razılaşma əldə olunmuş və təmir işlərinə başlamışdırlar. Mənzil elə bir vəziyyətdə idi ki, oradan 2-3 maşın ancaq tullantı çıxmışdır. Həmin mənzildə olan pəncərələri dəyişmiş, istilik sistemi çəkilmiş, hər otağa iki kondisioner qoyulmuş, mətbəx mebeli quraşdırılmış, yataq otağı yığılmış, sanitar qovşağı təmir olunmuş, işıq sistemi çəkilmişdir. Təyin olunmuş özəl ekpert gəlib baxış keçiriləndə 40.000 manat dəyərində xərc çəkildiyi qeyd olunmuşdur. 2019-cu ildən bu günədək cavabdeh məhkəmə iclasına gəlmir. Məhkəmə tərəfindən təyin olunmuş ekspert isə baxış keçirəndən sonra 16.190 manat məbləğində xərc qeyd etmişdir. 5.000 manat vəsait özü və üç fəhlənin yanında verilmişdir. Həmin fəhlələrdən biri vəfat edib, digər ikisi isə hazırda Şuşa şəhərində işləyirlər və bu səbəbdən şahid qismində iştirak edə bilmirlər. Gələcəkdə belə bir hadisə olacağını bilməmişlər və bu səbəbdən əlavə xərclərə dair qəbzləri saxlamamışdırlar. - Məhkəmə iclasında şahid qismində ifadə vermiş xx.xx.1948-ci il təvəllüdlü X4 bildirmişdir ki, iddiaçı və cavabdeh qonşusu olmuşdur. Mənzilin alqı-satqısı zamanı 5000 manat pul veriləndə bu zaman dəhlizdə olmuşdur. Pulun verilməsində birbaşa iştirak etməmişdir. Həmin ev bərbad vəziyyətdə idi və oradan üç-dörd maşın tullantı çıxarılmışdır. Mənzili iddiaçı özü şəxsən təmir edib və həmin təmir olunan vaxt özü də orada olmuşdur. Mənzil təmir olunan vaxt cavabdehi orada görməmişdir. Təmir olunandan sonra o gəlib bildirmişdir ki, mənzili qaytarın. Cavabdehin mənzilin təmir olunması barədə məlumatı olub, əks halda çoxdan polisə müraciət edərdi. O sadəcə olaraq mənzilin təmirinin başa çatmasını gözləyib. - Məhkəmə iclasında şahid qismində ifadə vermiş xx.xx.1980-ci il təvəllüdlü X7 bildirmişdir ki, iddiaçının qonşusudur. Həmin məhlədə 12 ildən çoxdur ki yaşayır. Mübahisəli evin pəncərələri qırıq vəziyyətdə olmuşdur və həmişə də bu mənzildə kimin yaşadığını soruşmuşdur, çünki bu günə qədər cavabdehi görən olmayıb. Ev bərbad vəziyyətdə idi. İddiaçı ilə cavabdeh arasında evin alınması ilə bağlı razılaşma olub. Həmin razılaşmaya əsasən cavabdehə ilkin olaraq 5.000 manat miqdarında pul verilib və o da iddiaçıya mənzilin təmirinə icazə verib. Təmir işləri aparılarkən orada iştirak etmişdir. Bu zaman cavabdehi orada görməmişdir. Yalnız bir dəfə məhlədə görmüşdür. Təmir işləri iddiaçı tərəfindən aparılıb. Özü işləyir, buna görə də qarşı tərəfin hər hansı bir etirazının olub-olmamasından məlumatlı olmamışdır. İddiaçı tərəfindən cavabdehə pul verilərkən orada iştirak etməmişdir. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndə və vəkilinin, habelə cavabdehin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən şəxslərin izahatları və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh məxsusdur. Həmin mənzildə 2019-cu ilin yay aylarında İddiaçı tərəfindən təmir işləri aparılmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh iddiaçı tərəfindən mənzilinin zəbt olunması və evinin əşyalarının oğurlanması barədə polis orqanına müraciət etmişdir. Araşdırma zamanı X5 məxsus ünvana onun qonşusu İddiaçı tərəfindən qanunsuz daxil olma faktı aşkar edilməmiş, tərəflər arasında X2 mənzili qonşusu İddiaçı satması barədə şifahi danışıq olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Nərimanov RPİnin 18-ci Polis Şöbəsinin 11 fevral 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Cavabdeh mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-2564/2021 saylı qətnaməsi ilə Nümayəndə və İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, 9 saylı ev, 21 saylı mənzildən çıxarılması, Cavabdeh həmin mənzilə köçürülməsi qət edilmişdir. Hazırda İddiaçı cavabdehlə aralarında olan mənzilin alqı-satqısı barədə şifahi razılığa əsasən ödənilmiş 5000 manat məbləğində pulun və mənzilin təmiri ilə bağlı çəkdiyi 40080 manat məbləğində xərcin cavabdeh tərəfindən ona qaytarılması barədə tələblə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən göründüyü kimi, iddia tələbi 2 hissədən (Bakı şəhəri, Çernyayevski küçəsi, ev 9, mənzil 21-lə bağlı ödənilmiş 5000 manat məbləğində pulun cavabdeh tərəfindən iddiaçıya qaytarılması və mənzilin təmiri ilə bağlı çəkilmiş 40080 manat xərcin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi) ibarətdir. Məhkəmə ilk olaraq iddia tələbinin 1-ci hissəsi üzrə hüquqi qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. İddiaçı, cavabdehlə aralarında Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, 9 saylı ev, 21 saylı mənzilin dəyərini hissə-hissə ödəməklə alqı-satqısı barədə razılaşma olduğunu və buna görə də cavabdehə 5000 manat məbləğində pul ödədiklərini bildirmişdir. Cavabdeh isə bu halı qəbul etməyərək, qarşı tərəflə aralarında buna dair hər hansı bir razılaşma olmadığını və pul verilmədiyini bildirmişdir. Tərəflər mənzilə dair notariat qaydada bağlanmış alqı-satqı müqaviləsi yoxdur. Məhkəmə qeyd edir ki, tərəflər göstərdikləri və ya iddia etdikləri hallara dair müvafiq sübutları təqdim etməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. - 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Bununla belə, iddiaçı tərəfindən cavabdehlə aralarında mənzilin alqı-satqısına dair hər hansı bir razılaşma olmasını, habelə iddiaçı tərəfindən cavabdehə bu məqsədlə 5000 manat pul məbləği verilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı həmin hallara dair hər-hansı mötəbər sübut aşkar edilməmişdir. Halbuki, iddiaçının bildirdiyi hallar bilavasitə onun sübutetmə yükü ilə bağlıdır və iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bu hissədə bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Məhkəmə ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbərliyinin aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə araşdırması zamanı ifadə vermiş şahid ifadələrinə münasibətdə isə məhkəmə qeyd edir ki, bu ifadələr iddia tələbinin təmin olunması üçün məhkəmə tərəfindən nəzərə alına bilməz. Belə ki, şahidlər X7 və X4 tərəflər arasında bu barədə razılaşma olduğunu bildirsələr də, iddiaçı tərəfindən cavabdehə 5000 manat məbləğində pul verildiyinə şəxsən şahid olmamışdırlar. X1 mənzilin alqı-satqısı zamanı 5000 manat pul veriləndə bu zaman dəhlizdə olduğunu, X7 isə iddiaçı tərəfindən cavabdehə pul verilərkən orada iştirak etmədiyini bildirmişdir. Digər şahid Nümayəndə isə 5.000 manat vəsaitin özü və üç fəhlənin yanında verildiyini bildirmişdir. Qeyd olunmalıdır ki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslər tərəfindən onlara məlum olan baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübut etmə predmetinə daxil olan hallar) barədə qanunvericiliklə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla verilmiş məlumatlardır. Şahid qismində ifadə vermiş Nümayəndə iddiaçının yaxın qohumu - atası olmaqla mübahisəli mənzilə dair münasibətlərdə oğlu ilə birlikdə iştirak etmiş (məhkəmə qətnaməsi ilə iddiaçı ilə yanaşı atası Nümayəndə da mübahisəli mənzildən çıxarılmışdır), həmçinin sonradan iddiaçının nümayəndəsi kimi məhkəmə iclaslarında iştirak edərək, iddia tələbini müdafiə etmişdir. Məhkəmə yalnız iddiaçının atası olan şahidin ifadəsinə istinad etməklə iddia tələbinin qeyd olunan hissədə təmin edilməsini mümkün hesab etmir. Belə ki, şahidin bildirdiyi halları təsdiq edən başqa hər hansı bir mötəbər sübut təqdim edilməmiş, pulun verilməsində şəxsən iştirak etmiş digər şəxslər şahid qismində çağırılmamışdır. Beləliklə məhkəmə qeyd olunan halları, pul məbləğinin verilməsində şəxsən iştirak etmiş məhkəmə iclasında dinlənilmiş yeganə şahidin iddiaçının atası olmaqla hazırki mülki işdə marağının olmasını, bu halı təsdiq edən hər hansı bir digər mötəbər sübutun təqdim edilməməsini nəzərə alaraq, yalnız Nümayəndə şahid ifadəsinə istinad etməklə iddia tələbinin qeyd olunan hissədə təmin edilməsini mümkün hesab etmir. İddia tələbinin ikinci - mənzilin təmiri ilə bağlı çəkilmiş xərclərin qaytarılması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsaəsn varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. -1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. -1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Cavabdeh iddiaçının hesabına varlanması iş materialları, tərəflərin izahatları və şahid ifadələri ilə tam təsdiq olunur. Belə ki, cavabdehə məxsus Bakı şəhəri, Çernyayevski küçəsi, ev 9 21 saylı mənzil İddiaçı tərəfindən öz hesabına 2019-cu ilin yay aylarında təmir edilmişdir. Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı, polis kapitanı Emin Quliyev tərəfindən qeyd olunan mənzilə baxış keçirilmiş, məlum olmuşdur ki, mənzildə təmir işləri aparılır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş xx.xx.1948-ci il təvəllüdlü X4 bildirmişdir ki, ev bərbad vəziyyətdə idi və oradan üç-dörd maşın tullantı çıxarılmışdır. Mənzili iddiaçı özü şəxsən təmir edib və həmin təmir olunan vaxt özü də orada olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş xx.xx.1980-ci il təvəllüdlü X7 bildirmişdir ki, ev bərbad vəziyyətdə idi. Təmir işləri aparılarkən orada iştirak etmişdir. Bu zaman cavabdehi orada görməmişdir. Yalnız bir dəfə məhlədə görmüşdür. Təmir işləri iddiaçı tərəfindən aparılıb. Qeyd olunan hallar Cavabdeh tərəfindən də təkzib olunmur. Belə ki, cavabdeh polis orqanına verdiyi izahatda iddiaçının mənzili təmir etdiyini, mənzilin taxta giriş qapısının dəmir qapı ilə dəyişdirildiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh bildirmişdir ki, 2019-cu ilin yay aylarında iddiaçı tərəf mənzilini zəbt etmişdir və oktyabr ayında evinə gələndə görmüşdür ki, artıq mənzilində təmir işləri gedir. Mənzilin təmiri təxmini 2-3 ay davam etmişdir. Məhkəmə hesab edir ki, mübahisəli mənzilin cavabdehə məxsus olması, həmin mənzilin iddiaçının hesabına təmin edilməsi, sonuncunun mənzilin təmiri üçün çəkilmiş xərclər həddə mülkiyyətçiyə qarşı tələb hüququ yaradır. İddiaçı öz vəsaiti hesabına cavabdehə məxsus əmlakın dəyərini artırdığından, o, çəkdiyi xərclərinin əvəzinin ödənilməsini tələb etməklə haqlı olmuşdur. Mənzilə çəkilmiş təmir xərcinin dəyərinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası və iddiaçının vəsatətinə əsasən, əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5722 saylı 20 fevral 2023-cü il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, 9 saylı ev, 21 saylı mənzili üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 16190 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2688 saylı 16 may 2023-cü il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Çemyayevski küçəsi, 9 saylı ev, 21 saylı mənzili üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri (söküntü işləri, tikinti materialları, nəqliyyat xərci və əmək haqqı nəzərə alınmaqla) təqribən 16190 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarını aparan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin vəzifəsini, təhsili və ekspertiza sahəsində iş təcrübələrini (1992-ci ildən ekspert iş stajına malik olmasını), məhkəmə qərardadları ilə bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsini, eyni zamanda iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizaları üzrə rəylərin mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmasını, ekspert qarşısında qoyulmuş sual üzrə tam və hərtərəfli tədqiqat aparılmasını və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsinin uyğun olmasını nəzərə alaraq hesab edir ki, iş üzrə verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Qeyd olunlara əsasən məhkəmə hesab edir ki, cavabdehə məxsus mənzilin təmirinə çəkilmiş xərcin məbləği 16190 (on altı min yüz doxsan) manat həddində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə qeyd edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməlidir. Hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən və tərəflərin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, təmin edilmiş iddianın qiyməti nəzərə alınmaqla, dövlət rüsumuna görə ödənilmiş 81 manat cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda iddianın qismən təmin olunması, təkrar məhkəmə ekspertizası təyin edilməsi barədə vəsatətin iddiaçı tərəfindən verilməsi nəzərə alınmaqla, ekspertiza tədqiqatının əvəzi kimi Cavabdeh 100 (yüz) manat, İddiaçı 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 16190 (on altı min yüz doxsan) manat məbləğində pul və ödənilmiş 81 (səksən bir) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli. İddia tələbi qalan hissədə təmin edilməməli. Cavabdeh 100 (yüz) manat, İddiaçı 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. VI. Nəticə: Şərh olunanlarla əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16190 (on altı min yüz doxsan) manat məbləğində pul və ödənilmiş 81 (səksən bir) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Cavabdeh 100 (yüz) manat, İddiaçı 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar