Məhkəmə qərarları › İş №e-2(005)-1660/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1660/2022

13.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1660/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak və ya pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qalan 7450 (yeddi min dörd yüz əlli) manat pulu və ya həmin qiymətə olan qızıl-zinət əşyalarının alınması və İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı müvafiq iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı uzun müddət tanışı olan Cavabdeh ilə 2021-ci il fevral ayında şifahi formada razlığa gəlmişdir ki, özünəməxsus və dəyəri cəmi 15.650 manat olan qızıl-zinət əşyalarını satmaq məqsədilə Cavabdeh verəcəkdir, Cavabdeh isə həmin qızıl-zinət əşyalarını müştərilər tapıb satacaq və əldə etdiyi pul məbləğini tam şəkildə İddiaçı verəcəkdir. Şifahi formada razılıqdan sonra İddiaçı razılaşdırılan qızıl-zinət əşyalarını, yəni 1 ədəd qızıl dəstini (sırğa, üzük və kulonlu boyunbağı), 1 ədəd ağ qızıl dəstini (ağ qızıl sırğalar, üzük və boyunbağı), 1 ədəd qızıl bilərzik, 1 ədəd qızıl üzük, 1 ədəd qızıl tros sep və 1 cüt qızıl sırğaları Bakı şəhəri, 5-ci mkr, Memar Əcəmi metrostansiyası yaxınlığında fəaliyyət göstərən "LC Waikiki" mağazasının yaxınlığında Cavabdeh təhvil vermişdi. Cavabdeh həmin qzıl-zinət əşyalarını götürərək satmış, lakin pulun yalnız 8.200 manat hissəsini bir neçə dəfəyə iddiaçıya qaytarmışdır. Qalan 7450 manat məbləğində pul isə bugünədək iddiaçıya geri qaytarılmamış, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Belə ki, tərəflər arasında olan 2021-ci il avqust-oktyabr tarixli "Whatsapp" yazışmalarında Cavabdeh sözügedən qızıl-zinət əşyalarını təhvil aldğını və qalıq pul məbləğini geri qaytarmadığını təsdiq etmişdir. Həmin yazışmalar tərəflər arasında münasibətin mövcud olduğunu və cavabdehin iddiaçıya aldığı qızıllara görə pul borclu olduğunu təsdiq edir. Bundan əlavə, İddiaçı Cavabdeh əməllərində dələduzluq cinayət tərkibinin mövcudluğunun araşdırılması və pulun qaytarılmasına köməklik edilməsinə dair şikayət ərizəsi ilə Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nə müraciət etmiş və şikayət üzrə araşdırma aparılmışdır. İş materiallarında olan Cavabdeh İZAHATİNDAN göründüyü kimi, cavabdeh qızıl-zinət əşyalarını İddiaçı təhvil aldığını etiraf etmişdir, lakin o pulu tam şəkildə qaytardığını bildirsə də, bunu sübut edə bilməmiş, heç bir sübutu polis şöbəsinə təqdim edə bilməmişdir. Mülki məsələ olduğuna görə iş üzrə araşdırmanın məhkəmədə aparılması tövsiyə edilmiş və iş üzrə araşdırma başa çatmışdır. Qeyd edir ki, Polis Şöbəsindən vəkil sorğusu əsasında aldığımız vəkil sorğusu əsasında xx.xx.2021-ci il tarixli 083-18602 saylı məktub və əlavə edilmiş arayış, ərizə, izahatlar, məktublardan (iş materiallarından) göründüyü kimi, Cavabdeh borclu olduğu pulun bir hissəsini nağd şəkildə iddiaçının oğlu X3 verdiyini, qalan pulu isə onun oğlunun kartına yüklədiyini bildirmişdir. Halbuki cavabdehin polis şöbəsindəki izahatın pulu qaytarması barədə hissəsi tamamilə yalandır, heç bir sübuti əsası yoxdur. İddiaçının oğlu X2 ödəniş kartına 5 ay, hər ay 900 manat olmaqla, cəmi 4500 manat məbləğində pul ödənilmişdir. Daha sonra cavabdeh ödənişi etməkdən imtina etmişdir. Bundan əlavə, hazırki iş üzrə iddiaçı X1 qızıl-zinət əşyalarını tam şəkildə cavabdehə təhvil verdiyini və heç bir pul məbləğinin ona nağd şəkildə ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında vermiş olduğu izahatında iddia tələbini qismən qəbul etmədi və iddianın 750 manat pulun tutulması hissədə təmin olunmasını, qalan hissə rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda əvvəlki məhkəmə iclaslarında iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində qızıl-zinət əşyalarının alqı-satqısına dair tərəflər arasında olmuş hadisələri və faktları məhkəməyə düzgün formada təqdim etməmiş, cavabdehdən əlavə pul almaq məqsdi ilə faktların bir çoxunu təhrif etmişdir. Belə ki, iddiaçının qeyd etdiyi ərazidə ondan qızıl-zinət əşyaları qəbul etməmişdir. Həmin vaxt onunla sövdələşsələr də, hər hansı razılığa gəlməmişlər. Zinət əşyalarını çəkisinə uyğun olaraq, nisyə satıb pulunu hissə-hissə qaytarmaq yolu ilə razılıq əldə olunduqdan sonra iddiçının oğlu Fəridlə cavabdehə 3 dəfə zinət əşyaları göndərmişdir. İddia ərizəsində qeyd olunan ağ qızıldan olan dəst - çəkisi 50 qram, digər dəst qızıl isə - çəkisi 40 qram olduğundan, hər qramı 100 manatdan olmaqla iddiaçıya 9000 manat məbləğdə pulu bir neçə ay ərzində ona verməyə razılaşmışlar. Digər ayrı-ayrı predmet şəklində olan əşyaların ümumi çəkisi 12,5 qram idi. Onların satış qiymətini tərəflər qramı 80 manat olmaqla 1000 manata razılaşmışlar. Bu qaydada cavabdeh İddiaçı 3 dəfəyə 10.000 manatlıq qızıl-zinət əşyasını satıb pulunu vermək şərti ilə nisyə götürmüşdür. İddiaçının oğlu Fərid, qeyd olunan qızıl dəstləri ayrı-ayrı vaxtlarda gətirib 8-ci KM qəsəbəsində yaşadığı binanın qarşısında cavabdehə verəndə, hər dəfə 2.500 manat olmaqla, ona cəmi 5.000 manat pulu dərhal vermişdir. Qalan 5.000 manat pulu isə o iddiaçının oğlu Fəridə məxsus pul kartına, habelə İddiaçı kredit götürüyü "Bank BTB"-də olan hesabına müxtəlif vaxtlarda köçürmüşdür. Qeyd etdiklərindən fərqli olaraq, iddiaçı faktları təhrif olunmuş vəziyyətdə məhkəməyə təqdim etmişdir. Belə ki, iddiaçı mübahisə predmeti olan qızıl-zinət əşyalarının çəkisi barədə iddia ərizəsinə heç bir məlumat daxil etməmişdir. Halbuki, çəkisinə, əyarına və istehsalçı ölkədən asılı olaraq qızıl əşyaların qiyməti müəyyən olunur. Lakin iddiaçı bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. İddiaçı, ona 8.200 manat məbləğində pul verməsini qeyd edərək oğlu Fəridə məxsus bank kartından çıxarışı da iş materiallarına əlavə etmişdir. Təqdim edilmiş bank çıxarışından və iddiaçının nümayəndəsinin məhkəmənin hazırlıq iclasında verdiyi qısa izahatından məlum olur ki, sözügedən bank kartına 3.200 manat pul köçürmüşdür. Lakin 8.200 manat məbləğin qalan hissəsinin iddiaçıya hansı qaydada verməsi ərizədə qeyd olunmamışdır. Halbuki, yuxarıda qeyd etdiyi kimi, İddiaçı oğlu vasitəsi ilə cavabdehə qızıl-zinət əşyalarını göndərdiyi zaman hər dəfə 2.500 manat olmaqla, iki dəfəyə ona 5.000 manat pul göndərmişdir. Bundan başqa, polisdə verdiyi izahatında İddiaçı qeyd edir ki, cavabdehin ona 8.200 manat borcu qalıb, iddia ərizəsində bu rəqəm 7.450 manat ilə əvəz olunub. Qeyd olunan faktlar ona dəlalət edir ki, iddiaçıya heç bir borcu olmadığı halda ondan əsassız yerə pul tələb edir. İddiaçının məhkəməyə təqdim etdiyi "Whatsapp" yazışmalarda və ona təqdim olunmuş səsli mesajlarların məzmununda İddiaçı cavabdehə 15.650 manat məbləğində qızıl-zinət əşyaları verməsi, ona konkret məbləğdə borcunun olması və bu faktın tərəfindən etiraf olunmasına dair hər hansı məlumat yoxdur. Çünki, cavabdehin İddiaçı borcu yoxdur. Keçən ilin sonlarında, gecə saatlarında İddiaçı, özlərini qonşu kimi təqdim edən və ona tanış olmayan şəxslərlə birlikdə yaşadığı mənzilinə hücum edərək əsassız yerə onu və bina sakinlərini narahat etmiş, polisə müraciətindən sonra mənzilinin qapısından çıxıb getmiş, şikayətini yoxlayan polis əməkdaşına izahat vermək üçün gəlməmişdir. İddiaçı tərəfindən 19-cu PB-nə təqdim olunmuş şikayətin araşdırılması nəticəsində də məlum oldu ki, cavabdehin ona borcu yoxdur. İddiaçının "Bank BTB"-də olan kreditinə görə bir neçə dəfə ödəniş etmişdir, lakin həmin ödənişlərə dair qəbzlərin yalnız biri onda qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə, İddiaçı iddiası ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehlə aralarında şifahi razılaşmanın olduğunu və həmin razılaşma üzrə 15.650 manat məbləğində qızıl əşyaları cavabdehə verdiyini və cavabdehin isə qısa müddət ərzində qızılın pulunu nisyə satıb pulunu hissəhissə qaytarmaq yolu qısa ilə ona qaytarmalı olduğunu bildirir. Nəticədə İddiaçı cavabdehin qanunsuz hərəkətlərinə görə özünə məxsus pul vəsaitindən məhrum olunmuşdur. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəf isə 750 manat pul vəsaitinin borc məbləği olaraq qaldığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci və 106-cı maddəsinin tələblərinə istinadən İddiaçı iddiası ilə bağlı qeyd edir ki, iddia tələbinə uyğun olaraq ilk növbədə cavabdehə iddia etdiyi dəyəri 15650 manat məbləğində qızıl əşyalarının verməsi halının mövcud olduğunu sübut etməli idi. Lakin iddiaçı qızıl əşyalarının dəyərinin 15650 manat olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Lakin cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək, eyni zamanda məhkəmə iclasın verdiyi izahatı ilə iddiaçıdan 10000 manat dəyərində qızıl əşyalarını almasını, həmin puldan borcunun 750 manat qalmasını etiraf etmişdir. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü cavabdeh 15650 manat dəyərində qızıl verilməsinin sübut etməsidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, qızıl əşyalarının dəyərinin 10000 manat olmasının cavabdeh tərəfindən qəbul edilməsi əks tərəfi bu halı sübut etmə vəzifəsindən azad edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə, məhkəmə müəyyən edir ki, İddiaçı tərəf dəyəri 15.650 manat olan qızıl-zinət əşyalarını satmaq məqsədilə Cavabdeh verməsini qeyd edir, lakin iddiaçı həmin qızıl əşyalarının dəyərinin 15650 manat olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh tərəf qızıl əşyalarının dəyərinin 10000 manat olmasını qəbul etməklə iddiaçını sübutetmə yükündən azad etmişdir. Eyni zamanda, iddiaçı qızıl əşyalarının dəyərindən 8200 manat zqdqt qaytarılmasını etiraf etmiş və cavabdeh tərəfin bu hissədə pulun qaytarılmasını sübut etmə yükündən azad etmişdir. Belə olan halda, 10000 manat məbləğində qızıl əşyalarının dəyərindən 8200 manat çıxılmaqla 1800 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1800 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1800 (min səkkiz yüz) manat tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar