Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1708/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdeh qarşı (açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1755,47 (bir min yeddi yüz əlli beş manat 47 qəpik) manat borc olmaqla – bundan 1250,30 (bir min iki yüz əlli manat 30 qəpik) manat əsas, 327,86 (üç yüz iyirmi yeddi manat 86 qəpik) manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 177,31 (bir yüz yetmiş yeddi manat 31 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 37.56 (otuz yeddi manat 56 qəpik) manat dövlət rüsumunun Cavabdeh müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 mart 2019-cu il tarixli 00/14131/KİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 2450 (iki min dörd yüz əlli) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********139 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 1755,47 (bir min yeddi yüz əlli beş manat 47 qəpik) AZN təşkil edir. Bundan 1250,30 (bir min iki yüz əlli manat 30 qəpik) AZN əsas, 327,86 (üç yüz iyirmi yeddi manat 86 qəpik) AZN faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 177,31 (bir yüz yetmiş yeddi manat 31 qəpik) AZN faiz borcu təşkil edir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 15 mart 2019-cu il tarixdə 00/14131/KİK nömrəli kredit müqaviləsi bağlanmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 26 fevral 2024-cü il tarixdə iddia ərizəsi ilə Məhkəməyə müraciət etmişdir. Tərəflər arasında müqavilə öhdəlikləri 15 mart 2019-cu il tarixdə yaranmış, İddiaşı isə 3 illik iddia müddətini ötürərək 26 fevral 2024-cü il tarixdə Məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddiaçı tərəfindən verilmiş iddia ərizəsini 3 illik iddia müddəti keçdikdən sonra verildiyi üçün imtina verilərək rədd edilməsi barədə qərar qəbul etməsini xahiş edir. III. İşin faktiki halları: İş materiallarında olan: - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 mart 2019-cu il tarixli 00/14131/KİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 2450 (iki min dörd yüz əlli) manat məbləğində kredit verilmişdir. - 15 mart 2019-cu il tarixli 00/14131/KİK nömrəli kredit müqaviləsinə 1 №-li əlavədən görünür ki, kreditin məbləği 2450 manat, müddəti 24 ay, illik faizi 22%, aylıq ödəniş 127,10 manatdır. - Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 02 fevral 2024-cü il tarixli **********150 saylı arayışdan görünür ki, Cavabdeh ilə arasında bağlanmış 15 mart 2019-cu il tarixli 00/14131/KİK nömrəli kredit müqaviləsinə əsasən 22 yanvar 2024-cü il tarixinə yaranmış tələb, müqavilə üzrə əsas borc 1250,30 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 327,86 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 177,31 manat, ümumi borc 1755,47 manatdır. - Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış 01 fevral 2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehdən 1755,47 manat borcun 3 gün ərzində təmin edilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 22 oktyabr 2024-cü il tarixdə verilmiş 9/6192 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 15 mart 2019-cu il tarixli 00/14131 /KİK saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh "xxxx" ASC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 15 mart 2021-ci il tarixə (müqavilənin bitdiyi tarixə): əsas borc üzrə 1242,79 manat, faiz borcu üzrə 250,63 manat, 27 fevral 2024-cü il tarixə əsas borc üzrə 1242,79 manat, faiz borcu üzrə 250,63 manat, faiz borcu 5 % ilə 183,31 manat. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında cavabdehə 24 ay müddətinə illik 22% ödəmək şərti ilə 2450 manat məbləğində kredit verilməsinə dair müqavilə imzalanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh kredit məbləği ilə təmin edilmişdir. Lakin iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Müqavilənin müddəti 15 mart 2021-ci il tarixdə bitmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilməməklə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə araşdırması mülki iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına dair 22 oktyabr 2024-cü il tarixdə verilmiş 9/6192 rəydə 27 fevral 2024-cü il tarixə əsas borc üzrə 1242,79 manat, faiz borcu üzrə 250,63 manat, faiz borcu 5 % ilə 183,31 manat borc müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kredit müqaviləsi üzrə əsas borcun məbləğini müəyyən edərkən ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməli, cavabdehin kredit müqaviləsi müddəti üzrə əsas borc məbləği, ekspertin gəldiyi nəticəyə uyğun olaraq 1242,79 (min iki yüz qırx iki manat yetmiş doqquz qəpik) manat həddində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə nəzərdə tutulmuş illik 22% faiz dərəcəsinə görə hesablanan 327,86 (üç yüz iyirmi yeddi manat 86 qəpik) manat faiz borcunun tutulması hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Tərəflər arasında bağlanmış 15 mart 2019-cu il tarixli 00/14131/KİK nömrəli kredit müqaviləsinə əsasən (4.2-ci bənd), kreditin illik faiz dərəcəsi 22% müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan hallara əsasən cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş kreditə dair hesablanmış faiz müqavilə üzrə öhdəliklərdir. Hazırda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Belə olan halda Cavabdeh əsas məbləğ üzrə qalıq borcu ilə bərabər, ona əlavə olaraq hesablanmış faiz borcunu da ödəməlidir. Məhkəmə kredit müqaviləsi müddəti üzrə tutulmalı olan faiz borcun məbləğini müəyyən edərkən ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməli, cavabdehin kredit müqaviləsi müddəti üzrə faiz borc məbləği, ekspertin gəldiyi nəticəyə uyğun olaraq 250,63 (iki yüz əlli manat altmış üç qəpik) manat həddində müəyyən edilməlidir. İddiaçı həmçinin gecikdirilmiş günlər üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 177,31 (bir yüz yetmiş yeddi manat 31 qəpik) manat hesablanmış faiz borcu faiz məbləğinin tutulmasını xahiş etmişdir. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırki iş üzrə kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Cavabdeh iddiaçının müraciətindən sonra da pul vəsaitini banka geri qaytarmamışdır. Məhkəmə yuxarıda istinad olunan Mülki Məcəllənin normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Belə ki, istənilən bankın əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kreditlərin verilməsidir. Hər hansı kredit müqaviləsi üzrə isə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi bank həmin vəsaitləri ona müraciət edən digər müştərilərə kredit verərək gəlir götürmək imkanından məhrum odur ki, bu da nəticə etibarilə banka əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir. Pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi günbəgün artmaqda davam edir. Məhkəmə gecikdirilmiş borca illik 5%-lə hesablanmış faiz borcun məbləğini ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğə uyğun olaraq müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğ (27 fevral 2024cü il tarixə - 183,31 manat) iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxır və iddiaçı iddia tələbini həmin həddə müdafiə edir. Belə olan halda məhkəmə hesab edir ki, gecikdirilmiş borca illik 5%-lə hesablanmış faiz borcunun məbləği iddia tələbində göstərilən həddə, yəni 177,31 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki tələb üzrə iddia müddəti keçməmişdir. Belə ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. -374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. -375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. - 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarında Plenum belə nəticəyə gəlmişdir: 1.Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. 2.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə əsasən, hazırki tələb üzrə iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır və bu tələblərə üç illik iddia müddəti tətbiq edilir. İş materiallarından göründüyü kimi, xx.xx.2019-cu il tarixli müqavilə 24 ay müddətinə bağlanmışdır. Müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və iddiaçı 3 illik iddia müddətini ötürmədən – xx.xx.2024-cü il tarixdə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Qeyd olunan əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırki tələb üzrə iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia qismən təmin edildiyindən və tərəflərin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 36 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Eyni zamanda cavabdehdən işə baxılması ilə əlaqədar məsrəfi olaraq 100 manat ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1242,79 (min iki yüz qırx iki manat yetmiş doqquz qəpik) manat əsas, 250,63 (iki yüz əlli manat altmış üç qəpik) manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 177,31 (yüz yetmiş yeddi manat otuz bir qəpik) manat faiz borcu olmaqla cəmi 1670,73 (min altı yüz yetmiş manat yetmiş üç qəpik) və ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, ərizə qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməli, Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. V. Nəticə:
Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 124, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1242,79 (min iki yüz qırx iki manat yetmiş doqquz qəpik) manat əsas, 250,63 (iki yüz əlli manat altmış üç qəpik) manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 177,31 (yüz yetmiş yeddi manat otuz bir qəpik) manat faiz borcu olmaqla cəmi 1670,73 (min altı yüz yetmiş manat yetmiş üç qəpik) və ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər.
Hakim Səbinə Nuriyeva