Məhkəmə qərarları › İş №e-2(005)-171/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-171/2023

27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-171/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" QSC KB-nin nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan QSC "xxxx" KB cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6450 (altı min dörd yüz əlli) manat məbləğində əsas borc, 7286,41 (yeddi min iki yüz səksən altı manat qırx bir qəpik) manat məbləğində faiz borcu, 2391,49 (iki min üç yüz doxsan bir manat qırx doqquz qəpik) manat məbləğində cərimə borcu, 850,50 (səkkiz yüz əlli manat əlli qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 16978,40 (on altı min doqquz yüz yetmiş səkkiz manat qırx qəpik) manat məbləğində pulun, 140,93 (yüz qırx manat doxsan üç qəpik) manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 aprel 2015-ci il tarixində Cavabdeh1 (bundan sonra –Cavabdeh) Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına (bundan sonra –Bank) ərizə ilə müraciət edərək, ona 5000 (beş min) manat məbləğində kredit verilməsini xahiş etmişdir. Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı (bundan sonra –Bank), ilə Cavabdeh1 ilə 10 aprel 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/101722/15 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış və həmin Müqaviləyə əsasən Bank tərəfindən Borcluya illik 27 (iyirmi yeddi) faiz ödənilməsi şərti ilə 12 (on iki) ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 (bundan sonra – Zamin) 10 aprel 2015-ci il tarixli 1xx/xx/101722/15 saylı zaminlik müqaviləsi (bundan sonra – Zaminlik Müqaviləsi) əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Bundan sonra 05 iyul 2016-cı il tarixində 10 aprel 2015-ci tarixli 1xx/xx/101722/15 saylı kredit və zaminlik müqavilələrinə 01 saylı Əlavə saziş bağlanmışdır. Həmin sazişin şərtlərinə görə "xxxx" borcalana 6450 (altı min dörd yüz əlli) manat məbləğində kredit vermişdir və kredit müqaviləsi ilə kreditin ödənilməli olan son tarix xx.xx.2019-cu il müəyyən edilmişdir. Lakin Borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 6450 (altı min dörd yüz əlli manat pik) manat məbləğində əsas borc, 7286,41 (yeddi min iki yüz səksən altı manat qırx bir qəpik) manat məbləğində faiz borcu, 2391,49 (iki min üç yüz doxsan bir manat qırx doqquz qəpik) manat məbləğində cərimə borcu, 850,50 (səkkiz yüz əlli manat əlli qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 16978,40 (on altı min doqquz yüz yetmiş səkkiz manat qırx qəpik) manat məbləğində borcu qalmışdır. Kredit Müqaviləsinin 4.1.6-cı bəndinin tələbinə görə "xxxx"un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Borcluya və Zaminə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onlar tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Eyni zamanda, Cavabdeh tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi Banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - QSC "xxxx" KB və Cavabdeh1 arasında bağlanmış 10 aprel 2015-ci il tarixli 1xx/xx/101722/15 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Borcluya illik 27 (iyirmi yeddi) faiz ödənilməsi şərti ilə 12 (on iki) ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. - QSC "xxxx" KB və Cavabdeh2 arasında bağlanmış 10 aprel 2015-ci il tarixli 1xx/xx/101722/15 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. - QSC "xxxx" KB və Cavabdeh1 arasında bağlanmış 05 iyul 2016-cı il tarixli 10 aprel 2015-ci tarixli 1xx/xx/101722/15 saylı kredit müqaviləsinə 01 saylı Əlavə sazişdən görünür ki, "xxxx" borcalana 6450 (altı min dörd yüz əlli) manat məbləğində kredit vermişdir və kredit müqaviləsi ilə kreditin ödənilməli olan son tarix xx.xx.2019-cu il müəyyən edilmişdir. - QSC "xxxx" KB və Cavabdeh2 arasında bağlanmış 10 aprel 2015-ci il tarixli 1xx/xx/101722/15 saylı zaminlik müqaviləsinə xx.xx.2016-cı il tarixli 01 saylı əlavə sazişin 1.1-ci bəndindən görünür ki, "xxxx"la «Borc alan» arasında bağlanmış «05» İyul 2016-cı il tarixli xx.xx.2015-ci il tarixli 1xx/xx/101722/15 saylı Kredit müqaviləsinə 1 X4 əsasən 6450 (altı min dörd yüz əlli) manat məbləğində 36 (otuz altı) ay müddətinə verilən kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi «Zamin» «Borc alan»ın öhdəliklərinin yerinə yetirilməsinə görə "xxxx" qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. - Ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən təqdim edilmiş 08 fevral 2022-ci il tarixli **********450 saylı arayışdan görünür ki, Cavabdeh1 1xx/xx/101722/15 saylı müqavilə üzrə əsas borcu 6450 manat, müqavilənin müddəti xx.xx.2015-xx.xx.2019, müqavilə üzrə hesablanmış və tələb olunan faizlər 7286,41 manat, tələb olunan cərimə 2391,49 manat, gecikdirilmiş gün sayısı 945 gün, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 850,50 manat, ümumi borc 16978,40 manatdır. - QSC "xxxx" KB üzrə Cavabdeh1 hesabdan çıxarış məlumatlarından görünür ki, son ödəniş xx.xx.2016-cı il tarixdə olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 9/7868 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə QSC "xxxx" KB arasında bağlanmış 10 aprel 2015ci il tarixli 1xx/xx/101722/15 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 6450 manat, faiz borcu üzrə 6157,60 manatdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 9/4627 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə QSC "xxxx" KB arasında bağlanmış 10 aprel 2015ci il tarixli 1xx/xx/101722/15 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2019-cu il tarixə əsas borc üzrə 6450 manat, faiz borcu üzrə 5195,48 manatdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı və Cavabdeh1 arasında illik 27 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 5000 manat məbləğində kreditin verilməsinə dair 10 aprel 2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə üzrə Cavabdeh1 kredit məbləği ilə təmin edilmişdir. Habelə qeyd olunan kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə bank arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələrinə 05 iyul 2016-cı il tarixli əlavə sazişlərə əsasən, bank tərəfindən Cavabdeh1 verilən kreditin məbləği 6450 manat, kredit müqaviləsi ilə kreditin ödənilməli olan son tarixi xx.xx.2019-cu il müəyyən edilmişdir. Kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir, borcun gecikdirilmiş gün sayı 945 gündür. Kredit müqaviləsi üzrə son ödəniş xx.xx.2016-cı il tarixdə olmuşdur. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi hazırda tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da o, müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə araşdırması mülki iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına dair verilmiş rəylərdə hazırda iddia tələbi üzrə cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 6450,50 manat, müqavilənin bitdiyi xx.xx.2019-cu il tarixə faiz borcu 5195,48 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə müvafiq rəyi nəzərə alaraq cavabdehin kredit borcu üzrə əsas və faiz borcu üzrə miqdarını rəyə uyğun nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kredit müqaviləsi üzrə yaranmış 6450,50 manat əsas borc məbləğinə uyğun olaraq AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 945 gün ərzində gecikdirilmiş faiz borcunun məbləğinin 850,50 manat həcmində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Məhkəmə iddia tələbinin 2391,49 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə tələb olunan tənasübsüz surətdə yüksək hesablanmış 2391,49 manat məbləğində cərimənin 239 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Məhkəmə araşdırmasının gedişində cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi nəzərə alınmaqla iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. Həmin Qərara əsasən, mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilir ki, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında formalaşdırdığı presedentə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Hazırki işdə olan bank və tərəflər arasında bağlanmış kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 05 iyul 2016-cı il tarixli 01 saylı Əlavə sazişlərdən görünür ki, kredit müqaviləsi üzrə kreditin ödənilməli olduğu son tarix xx.xx.2019-cu il müəyyən edilmişdir. Yəni, həmin andan 3 illik iddia müddətinin axımı yuxarıda qeyd olunan Mülki Məcəllənin 377.2-ci maddəsinə müvafiq olaraq başlamışdır. İddiaçı tərəfindən isə xx.xx.2022-ci il tarixdə Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən kredit müqaviləsi üzrə iddia müddəti buraxılmamışdır. Həmçinin iddiaçı iddia tələbi üzrə borcun əsas borclu və zamindən müştərək qaydada tutulmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 470.1-ci maddəsinə əsasən, Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə hesab edir ki, zaminə qarşı iddianın əsaslığının yoxlanması zamanı ardıcıl olaraq onun öhdəliyinin yaranması əsasları, öhdəliyini icra edib-etməməsi, iddianın təmin edilməsini aradan qaldıran hallar – öhdəliyə xitam verilməsinin əsasları yoxlanmalıdır. İş materiallarından göründüyü kimi, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Bununla da cavabdehin bank qarşısında öhdəliyi yaranmışdır. Cavabdehlər müqavilələr üzrə öhdəliklərini icra etməmişdirlər. Mülki Məcəllənin zaminlik münasibətlərindən bəhs edən XXİV fəslinə aid 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları müəyyən olunmuşdur. 477.0.4-cü maddədə qeyd olunur ki, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Nəzərə alınmalıdır ki, bu müddət kəsici müddətdir. Kəsici müddət dedikdə – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddət başa düşülür. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edildiyi halda, kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Hazırki işdə tərəflər arasında bağlanmış zaminlik müqaviləsinə 05 iyul 2016-cı il tarixli əlavə sazişə əsasən, 36 ay müddətinə verilən kreditin ödənilməli olan son tarixi xx.xx.2019-cu il müəyyən edilmişdir. İddia ərizəsi isə zaminə qarşı həmin tarixdən bir il müddətində verilməmişdir. Yəni zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığına görə, zaminliyə xitam verilməsi kimi hüquqi nəticə yaranmışdır. Bu hal isə zaminə qarşı iddianın təmin olunmaması üçün əsasdır. Belə olan halda məhkəmə hesab edir ki, öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən, iddia Cavabdeh2 münasibətdə təmin edilməməli, onun 10 aprel 2015-ci il tarixli 1xx/xx/101722/15 saylı kredit müqaviləsi üzrə zaminliyinə xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə qismən təmin edildiyindən, Cavabdeh2 münasibətdə təmin edilmədiyindən Cavabdeh1 dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 140,93 manat dövlət rüsumunun iddia tələbinin təmin edildiyi hissəsinə mütənasib olaraq 105,70 manat hissəsi Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda cavabdehdən işə baxılması ilə əlaqədar məsrəfi olaraq cəmi 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 6450 (altı min dörd yüz əlli) manat əsas, 5195,48 (beş min yüz doxsan beş manat, 48 qəpik) manat faiz, 239 (iki yüz otuz doqquz) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 850,50 (səkkiz yüz əlli manat, 50 qəpik) manat faiz borcu olmaqla ümumilikdə 12734,98 (on iki min yeddi yüz otuz dörd manat 98 qəpik) və iş üzrə ödənilmiş 105,70 (yüz beş manat 70 qəpik) manat dövlət rüsumu tutularaq Ləğv prosesində olan "xxxx" QSC KB-nin xeyrinə ödənilməli, Cavabdeh2 10 aprel 2015-ci il tarixli 1xx/xx/101722/15 saylı müqavilə və ona xx.xx.2016-cı il tarixli 01 saylı əlavə saziş üzrə zaminliyinə xitam verilməli, Cavabdeh1 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 6450 (altı min dörd yüz əlli) manat əsas, 5195,48 (beş min yüz doxsan beş manat, 48 qəpik) manat faiz, 239 (iki yüz otuz doqquz) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 850,50 (səkkiz yüz əlli manat, 50 qəpik) manat faiz borcu olmaqla ümumilikdə 12734,98 (on iki min yeddi yüz otuz dörd manat 98 qəpik) və iş üzrə ödənilmiş 105,70 (yüz beş manat 70 qəpik) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan "xxxx" QSC KB-nin xeyrinə ödənilsin. Cavabdeh2 10 aprel 2015-ci il tarixli 1xx/xx/101722/15 saylı müqavilə və ona xx.xx.2016-cı il tarixli 01 saylı əlavə saziş üzrə zaminliyinə xitam verilsin. Cavabdeh1 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar