Məhkəmə qərarları › İş №e-2(005)-1746/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1746/2024

16.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1746/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: pul tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 73 manat 80 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 204 manat 20 qəpik məbləğində pulun İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı tele-radio yayımı üçün lisenziyalar almış, hazırda Azərbaycan Respublikası Audiovizual Şurasının 15 dekabr 2022-ci il tarixli UPO-001 qeydiyyat nömrəli xüsusi lisenziyası əsasında fəaliyyət göstərir. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. 151 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən həmin ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsusdur. Belə ki, xx.xx.2014-cü il tarixdə həmin ünvanda yaşayan X2 ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2015-ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2015-ci il tarixində 14 manat 10 qəpik borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2016-cı il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Tele-radio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 6108 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 6108 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2016-cı il tarixdə baxış keçirilmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana son baxışın keçirildiyi xx.xx.2016-cı il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2016-cı il tarixə qədər olan müddət 246 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 73 manat 80 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC“ Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, Bakı şəhəri Nərimanov rayonu O.Əliyev küçəsi bina 7, mənzil 12 xüsusi mülkiyyətindədir. Lakin artıq 20-ilə yaxındır ki, həmin mənzildə yaşamır. Mənzildə X1 yaşamışdır. İddiaçı iddiasında bildirmişdir ki, iddiaçı ilə mənzildə kirayədə yaşayan X2 arasında xx.xx.2014-cü il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən Kabel Televiziyasına qoşulmuşdur. İddia ərizəsindən də görsənir ki, mülkiyyətçi olaraq özü iddiaçı ilə müqavilə bağlamamış və mənzilinə Kabel Televiziyasına qoşulma üçün müraciət etməmişdir. Hətta onu da qeyd edir ki, iddiadan da görsənir ki, iddiaçı ilə arasında hər hansı müqavilə öhdəliyi mövcud deyildir və hazırda formalda olsa əsaslandırdığı müqavilə üzrə tərəf olmadığından ondan müqavilə üzrə hər hansı pul və ya maddi zərər tələb etməyə, bununla bağlı iddia qaldırmağa iddiaçının subyektiv hüququ yoxdur. Belə olan halda iddia tələbi rədd edilməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatla Mənzil Kommunal Təsərrüfatı Birliyi 151 saylı MKİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 200 №-li arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. - İddiaçı MMC “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 6108 №-li aktdan görünür ki, ”Ədalət-A” MMC-nin 31 mart 2015-ci il tarixli 001 saylı müqavilə əsasında İddiaçı MMC-yə hüquqi xidmət göstərən hüquqi formasının İddiaçı MMC-nin əməkdaşları X5, X4, Abdullayev R. iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, 26 noyabr 2016-cı il tarixdə Nərimanov rayonu, Əliyar Əliyev 7 ünvanında yerləşən kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 12 saylı mənzilində “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə mənzilin qapısı döyülmüş, nəticədə qapını açan şəxs özünü Abdullayev Qasım kimi təqdim etmişdir. Mənzilə baxış keçirilərkən “KATV1”in göstərdiyi aşkar edilmişdir. - İddiaçı MMC “KATV1” kabel televiziyası tərəfindən məhkəməyə ünvanlanmış arayışdan görünür ki, ünvan 4 ünvanında 6108 № saylı akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2016-cı il tarixində həmin binaya baxış keçirilmişdir. - İddiaçı MMC “KATV1” kabel televiziyası tərəfindən məhkəməyə ünvanlanmış 01 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə X2 arasında bağlanmış “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2014-cü tarixində bu ünvan “KATV1” kabel televiziyasının şəbəkəsinə qoşulub. xx.xx.2015-ci il tarixinədək isə son ödəməsini edib. xx.xx.2015-ci il tarixində 14 manat 10 qəpik borc ilə şəbəkədən ayrılıb. - İddiaçı MMC “KATV1” kabel televiziyası tərəfindən verilmiş arayışdan görünür ki, - İddiaçı MMC “KATV1” kabel televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə haqqı xidməti xx.xx.2015-ci il tarixədək 9 manatdır, xx.xx.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Eyni mənzildə hər əlavə qoşulan teleqəbuledici üçün isə aylıq abunə haqqı xidməti 2 manatdır. - İddiaçı MMC (KATV1) və "xxxx" MMC arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair 29 mart 2015-ci il tarixli müqavilənin 4.1-ci bəndinə əsasən, sifarişçi müqaviləyə uyğun olaraq özünə məxsus olan kabel şəbəkəsinə, yəni KATV1-ə qanunsuz qoşulmalarla bağlı olaraq hər bir iş üzrə hüquqi xidmətlərin göstərilməsi üçün icraçıya 100 manat ödəyir. - xx.xx.2023-cü il tarixli 006İNT********** saylı bankdaxili ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən “Adalat-A” LLC hesabına xx.xx.2019-cu il tarixli müqavilə Cavabdeh təyinatı ilə 100 manat köçürülmüşdür. - KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqavilənin surətindən görünür ki, müqavilənin 5-ci bəndinə əsasən, müqaviləyə tərəflərin razılığı ilə və ya tərəflərdən hər hansı biri bu müqavilədən irəli gələn öhdəliklərinə yerinə yetirmədikdə xitam verilir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 13.6-cı maddəsinə əsasən radiotezliklərdən istifadə təyinatı, radiotezliklərin sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlər müəyyən olunur. Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir. 35.3-cü maddəsində əsasən, telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 227 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”: 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır» Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə araşdırması zamanı iş materialları, habelə məhkəməyə təqdim edilmiş video görüntülərlə müəyyən olunmuşdur ki, xx.xx.2014-cü il tarixdə həmin ünvanda yaşayan X2 ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2015-ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2015-ci il tarixində 14 manat 10 qəpik borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2016-cı il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Tele-radio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 6108 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 6108 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2016-cı il tarixdə baxış keçirilmişdir. Sözügedən ünvana son baxışın keçirildiyi xx.xx.2016-cı il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2016-cı il tarixə qədər olan müddət 246 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 73 manat 80 qəpik təşkil edir. Hazırda iddiaçı vurulmuş zərərin əvəzinin ödənilməsi üçün məhkəməyə müraciət etmişdir Göründüyü kimi həmin mənzilə dair kabel televiziyası xidmətinin göstərilməsinə dair müqaviləyə xitam verildikdən və həmin mənzili kabel şəbəkəsindən xx.xx.2015-ci il tarixində ayrıldıqdan sonra mübahisəli mənzil üzrə heç bir müqavilə bağlanmadan, kabel şəbəkəsinə təkrarən qoşulmuş və bununla da nəzərdə tutulan abunə haqqı ödənilmədən iddiaçının göstərdiyi xidmətlərdən yararlanmış və iddiaçıya maddi zərər vurmuşdur. İddiaçı yuxarıda qeyd edilən lisenziyaya əsasən kabel və efir kabel vasitəsi ilə televiziya yayımı kimi fəaliyyət göstərmək hüququnu qanuni əsaslarla əldə etmiş və həmin xidmətlərin həyata keçirilmisinə görə abunəçilərdən abunə haqqı qismində gəlir əldə etmək imkanını qazanmışdır. Cavabdeh isə şəbəkəyə qanunsuz qoşulmaqla iddiaçıya maddi zərər vurmuşdur. Qanunsuz qoşulmaya görə zərərin əvəzi kimi 73,80 (yetmiş üç manat səksən qəpik) manat məbləğində pul tələb edən iddiaçının tələbi əsaslıdır. Ona görə ki, mənzilin şəbəkədən ayrıldığı xx.xx.2015-ci il tarixdən və sonuncu dəfə həmin ünvana iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdə baxış keçirildikdən sonra qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2016-cı il tarixə qədər olan müddət 246 gün təşkil edir. Belə ki, kabel televizyasının xidmətindən istifadə üçün gündəlik abunə haqqı isə 30 qəpik təşkil edir. Həmin hesabla bu məbləğ 73,80 (246 gün x 0,30 manat = 73,80 manat) manat təşkil edir. Bununla da, 73,80 (yetmiş üç manat səksən qəpik) manat məbləğində pul Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbləri baxımından zərər anlayışı ilə əhatə olunur. Məhkəmə hesab edir ki, “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində 73,80 (yetmiş üç manat səksən qəpik) manat abunə haqqı qismində vurulmuş zərərin əvəzinin tutulmasına dair tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, hazırki iddia tələbi müqavilədə nəzərdə tutulan öhdəliklərdən yaranmadığından, iddiaçı tərəfindən cavabdehə qarşı qanunsuz qoşulma ilə bağlı ziyanvurmadan (deliktdən) irəli gələn tələb irəli sürdüyündən, belə iddialar üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən iddia tələbi on il təşkil etdiyindən hazırda iddiaçı tərəfindən iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. Məhkəmə iddia tələbinin “hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı MMC (KATV1) və "xxxx" MMC arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair 29 mart 2015-ci il tarixli müqavilə bağlanmışdır. Qeyd olunan müqavilənin 4.1-ci bəndinə əsasən, sifarişçi müqaviləyə uyğun olaraq özünə məxsus olan kabel şəbəkəsinə, yəni KATV1-ə qanunsuz qoşulmalarla bağlı olaraq hər bir iş üzrə hüquqi xidmətlərin göstərilməsi üçün icraçıya 100 manat ödəyir. Hazırki ünvan üzrə baxışın keçirilməsi məqsədilə iddiaçı tərəfindən “Adalat-A” LLC hesabına xx.xx.2019-cu il tarixli müqavilə üzrə 100 manat köçürülmüşdür (xx.xx.2023-cü il tarixli 006İNT********** saylı ödəniş tapşırığı). Belə ki, iddiaçı ilə aralarında bağlanmış müqaviləyə əsasən, hüquq şirkəti tərəfindən mənzilə baxış keçirilməsi, bu məqsədlə iddiaçı tərəfindən şirkətə 100 manat məbləğində pul ödənilməsi işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, iddia bu hissədə əsaslıdır və bu səbəbdən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün ödənilmiş 100 (yüz) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia təmin edildiyindən və Cavabdeh dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 73,80 (yetmiş üç manat səksən qəpik) manat məbləğində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat, ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi kimi 30,40 (otuz manat qırx qəpik) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 124, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 73,80 (yetmiş üç manat səksən qəpik) manat məbləğində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat, ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi kimi 30,40 (otuz manat qırx qəpik) manat tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar