Məhkəmə qərarları › İş №e-2(005)-1754/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1754/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1754/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı “İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2019-cu il tarixli ********* nömrəli Müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixə yaranmış 257 (iki yüz əlli yeddi) manat məbləğində əsas və 77 (yetmiş yeddi) manat məbləğində hesablanmış cərimə borcu olmaqla, ümumilikdə 334 (üç yüz otuz dörd) manat məbləğində borcun və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, “İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli ********* nömrəli Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh aldığı “İphone X” markalı telefona görə 6 (altı) ay ödəniş cədvəli üzrə hər ay 134 (bir yüz otuz dörd) manat məbləğində olmaqla, cəmi 799 (yeddi yüz doxsan doqquz) manat məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixində 268 (iki yüz altmış səkkiz) manat məbləğində ödəniş etmiş və qalıq qalmış 257 (iki yüz əlli yeddi) manat məbləğində borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Müddətli (nisyə) alqı-satqı müqaviləsinin bir nömrəli əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) faizlə (minimum 0,50 (əlli qəpik) manat) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bununla da, müqavilə üzrə xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək 30 (otuz) təqvim günü üçün qalıq qalmış borc məbləğinə gündəlk 1 (bir) faizlə hesablanmış cərimə məbləği 77 (yetmiş yeddi) manat məbləğində təşkil edir. Beləliklə, Cavabdeh xx xxxxxx 2020-ci il tarixə iddiaçı “İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinə həmin müqavilə üzrə olan borcu 257 (iki yüz əlli yeddi) manat məbləğində əsas və 77 (yetmiş yeddi) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 334 (üç yüz otuz dörd) manat məbləğində təşkil etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxxxxx 2019-cu il tarixli ********* nömrəli Müddətli (nisyə) alqı-satqı müqaviləsinin surətindən və məzmunundan görünür ki, Cavabdeh iddiaçı “İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı “İphone X” markalı telefona görə 6 (altı) ay ödəniş cədvəli üzrə hər ay 134 (bir yüz otuz dörd) manat məbləğində olmaqla, cəmi 799 (yeddi yüz doxsan doqquz) manat məbləğində pul vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı “İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, iddiaçı “İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli ********* nömrəli Müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh aldığı “İphone X” markalı telefona görə cəmi 334 (üç yüz otuz dörd) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği Cavabdeh iddiaçı “İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 257 (iki yüz əlli yeddi) manat məbləğində əsas və 77 (yetmiş yeddi) manat məbləğində hesablanmış cərimə borcu olmaqla, ümumilikdə 334 (üç yüz otuz dörd) manat məbləğində borc vəsaiti və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “İrşad-Electronics” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar