Məhkəmə qərarları › İş №e-2(005)-1776/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1776/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1776/2024 24.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 qarşı “kredit müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 10002,84 (on min iki manat 84 qəpik) manat borc olmaqla – bundan 6415,80 (altı min dörd yüz on beş manat 80 qəpik) manat əsas, 2950,69 (iki min doqquz yüz əlli manat 69 qəpik) manat faiz, AR MMnin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 636,35 (altı yüz otuz altı manat 35 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 120.01 (bir yüz iyirmi manat 01 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh1 Əlqələm oğlundan və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməs barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 11 sentyabr 2018-ci il tarixli 02/4109/DİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 Əlqələm oğlu və Cavabdeh2 ilə Bank arasında 11 sentyabr 2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət Bankın hüququ vardır. Kredit müqaviləsinin 5.3-cü bəndinə əsasən bu müqavilənin 3.1.5-ci bəndində nəzərdə tutulmuş hallarda Bank bu müqaviləyə vaxtından əvvəl xitam verməklə yanaşı verilmiş krediti illik faizi ilə birlikdə qaytarmağı və bu müqavilənin 5.2-ci bəndində nəzərdə tutulmuş məbləğdə penyanı ödəməyi kredit alandan tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********048 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh3 kredit üzrə cəmi borcu 10002,84 (on min iki manat 84 qəpik) AZN təşkil edir. Bundan 6415,80 (altı min dörd yüz on beş manat 80 qəpik) AZN əsas, 2950,69 (iki min doqquz yüz əlli manat 69 qəpik) AZN faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 636,35 (altı yüz otuz altı manat 35 qəpik) AZN faiz borcu təşkil edir. Cavabdeh3 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı NBC BANK açıq səhmdar cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 11 sentyabr 2018-ci İ tarixli 02/4109/D/K №li kredit müqaviləsinə əsasən cavabdehin 36 ay müddətə illik 25% dərəcəsi ilə 10 000 (on min) manat kredit verilmişdir. Cavabdeh3 kredit verərkən Cavabdeh1 və Cavabdeh2 Bank arasında 11 sentyabr 2018-ci il tarixli ''Zamin" müqaviləsi bağlanmışdır. Zamin olmuş şəxs 2950,69 manat faiz və s. pulların tutulması və həmin məbləğin tutulması barədə Cavabdeh və Zaminlərdən pul tutulması barədə Qətnamə çıxarılması xahiş etmişdir. Mülki Məcəllənin 373 maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğuna görə həmin müddətdə iddiaçı Banka iddia verməmiş, yəni həmin qanunun tələblərini pozmuşdur. Ona görə də MPM-nin 375.2 maddəsinə əsasən iddia müddətinin tətbiq olunması və iddianın rədd olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-1776/2024 saylı qərardadına əsasən LPO İddiaçı ASC-nin iddiası əsasında verilmiş mülki iş üzrə Cavabdeh2 münasibətdə icraata xitam verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 müqavilə üzrə müəyyən qədər ödənişlər etdiyini, bundan başqa, müqavilənin müddətinin bitməsinə baxmayaraq keçən vaxt ərzində Bankın məhkəməyə müraciət etməməsini bildirərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Cavabdeh1 isə onun izahatına əlavəsi olmadığını bildirdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları LPO İddiaçı ASC ilə borcalan Cavabdeh3 arasında bağlanmış 11 sentyabr 2018-ci il tarixli 02/4109/DİK nömrəli Kredit müqaviləsinə əsasən LPO İddiaçı ASC Cavabdeh3 istehlak məqsədləri üçün 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verməyi, Cavabdeh3 isə həmin krediti götürməyi və həmin müqaviləyə əlavə ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüşdür; 11 sentyabr 2018-ci il tarixli 02/4109/DİK nömrəli zaminlik müqaviləsindən görünür ki, zaminlər Cavabdeh1 Əlqələm oğlu və Cavabdeh2 borcalan Cavabdeh3 kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. Kredit sazişinə əlavə olunan ödəniş cədvəlinə əsasən Cavabdeh3 xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay 397,60 manat ödəniş etməli idi; xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı LPO İddiaçı ASC 3 gün müddətində Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 öhdəliyi icra etməyi əks təqdirdə mübahisənin məhkəmə qaydasında həll olunacağı ilə bağlı xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 LPO İddiaçı ASC-yə 6415,80 manat əsas, 2950,69 manat faiz, 636,35 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 10002,84 manat borcu yaranmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2024-cü il tarixli, 9/4374 №-li ekspert rəyinə əsasən Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 11 sentyabr 2018-ci il tarixli, 02/4109/DİK №-li kredit müqaviləsi və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh3 İddiaçı ASC-nə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2019-cu il tarixə (zamin Cavabdeh2 vəfat etdiyi tarix) 9.473,94 AZN: - əsas borc üzrə - 9.296,34 AZN, - faiz borcu üzrə - 177,60 AZN. xx.xx.2021-ci il tarixə (müqavilə müddətinin sonuna) 8.946,86 AZN: - əsas borc üzrə - 6.386,02 AZN, - faiz borcu üzrə - 2.560,84 AZN. xx.xx.2023-cü il tarixə (pretenziya məktubu) 9.589,01 AZN: - əsas borc üzrə - 6.386,02 AZN, - faiz borcu üzrə - 2.560,84 AZN, - faiz (illik 5%-lə) - 642,15 AZN. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: LPO İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 11 sentyabr 2018-ci il tarixli 02/4109/DİK nömrəli kredit müqaviləsinə əsasən LPO İddiaçı ASC tərəfindən Cavabdeh3 istehlak məqsədləri üçün 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda borcalanın kredit müqaviləsi üzə öhdəliklərinin icrasına təminat olaraq Cavabdeh1 Əlqələm oğlu və Cavabdeh2 və LPO İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh3 müqavilə üzrə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüş və öhdəlikləri yerinə yetirmədiyindən banka borcu yaranmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbində qeyd olunan borc məbləğlərinə münasibətdə qeyd edir ki, əldə edilmiş ekspert rəyindən cavabdehin müqavilənin bitmə tarixinə - əsas borc üzrə 6.386,02 manat, faiz borcu üzrə isə 2.560,84 manat borcu olduğu müəyyən edilmişdir. Lakin iddiaçı tərəfindən 6415,80 manat əsas, 2950,69 manat faiz borcunun tutulması tələb olunur. Məhkəmə ekspert rəyini əsas götürməklə hesab edir ki, iddia tələbi qeyd olunan hissələrdə qismən təmin olunmalı, cavabdehdən əsas borc üzrə 6.386,02 manat, faiz borcu üzrə isə 2.560,84 manat pul tutulmalıdır. Məhkəmə iddia tələbinin “gecikdirilmiş müddətə görə hesablanan illik 5 % borcun tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə iddia tələbinin müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehlərdən 636,35 manat məbləğində faiz borcunun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının qanuni qüvvəsini almış 2-3(103)-131/2020 saylı, 14 may 2020-ci il tarixli qərarının surətinə əsasən LPO İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması Fondunun LPO İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Bu səbəbdən də illik 5% dərəcəsi ilə hesablama bu tarixədək aparıla bilər, kredit müqaviləsi üzrə isə kredit müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Bu da öz növbəsində iddiaçı tərəfindən kredit müddətinin bitdiyi, yəni xx.xx.2021-ci il tarixdən sonra illik 5 faiz dərəcəsi ilə hesablamaqla faiz borcunun (əldən çıxmış fayda) tutulması tələbinin əsassız olduğunu şərtləndirir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin müddəti bitdikdən sonra illik 5 faiz dərəcəsi ilə hesablama aparmaqla cavabdehlərdən 636,35 manat məbləğində faiz borcunun tutulması hissəsində rədd edilməlidir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə qeyd edir ki, hazırki kredit müqaviləsi üzrə iddia müddətinin axımı kredit müqaviləsinin bitmə tarixindən, yəni xx.xx.2021-ci il tarixdən başlanmış və hüququ pozulmuş şəxsin, yəni Bankın iddia tələbi ilə müraciəti üçün son tarix xx.xx.2024-cü ildir. İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət edilmiş, beləliklə, qanunvericiliklə bu kateqoriya işlər üçün müəyyən olunmuş 3 illik iddia müddəti ötürülməmişdir. Məhkəmə zamin Cavabdeh1 münasibətdə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, LPO İddiaçı ASC və zamin Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşlər. Məhkəmə qeyd edir ki, müqavilədə “Zaminliyin müddəti” adlanan 4-cü fəsildə zaminlik müqaviləsinin kredit müqaviləsindən fərqli qüvvədə olma müddəti qeyd olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. "Zaminliklə təmin edilmiş öhdəlik “Kredit alan” tərəfindən “Bank” qarşısında tam həcmdə icra edilənədək qüvvədədir" ifadəsi (müddəası) isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətini ehtimal etmək mümkün deyil. Həmçinin, Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, xx.xx.2018-ci tarixli zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Tərəflər arasında bağlanılmış müqavilənin şərtindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci xx.xx.2021-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. İddiaçı zaminə qarşı iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmiş, hazırki iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edilmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunan hallardan hər hansı birinin mövcudluğu hazırki halda müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, zaminə aid hissədə iddia tələbləri zaminə qarşı belə bir iddia qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə verildiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 100 manatı cavabdehdən tutulmalı, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti Cavabdeh3 tutularaq dövlət gəlirlərinə alınmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 6.386,02 manat əsas, 2.560,84 manat faiz borcu olmaqla, cəmi 8946,86 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 100 manat məbləğində dövlət rüsumu LPO İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 6.386,02 manat əsas, 2.560,84 manat faiz borcu olmaqla, cəmi 8946,86 (səkkiz min doqquz yüz qırx altı manat, səksən altı qəpik) manat borc və dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 50 (əlli) manat Cavabdeh3 tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar