Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-18/2023 11.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Kommersiya Bankı QSC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı tələbinə dair mülki iş (açar sözlər: kredit borcu, gecikdirilmiş müddət üçün faiz borcu, cərimənin azaldılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" KB QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Kommersiya Bankı QSC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı "xxxx" Kommersiya Bankı QSC (Ləğv prosesindədir) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə 1640,77 (min altı yüz qırx, yetmiş yeddi) manat məbləğində əsas borc, 1985,51 (min doqquz yüz səksən beş,əlli bir) manat məbləğində faiz borcu, 1908,67 (min doqquz yüz səkkiz, altmış yeddi) manat məbləğində cərimə, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 225,17 (iki yüz iyirmi beş,on yeddi) manat məbləğində faiz məbləği, ümumilikdə isə 5760,12 (beş min yeddi yüz altmış,on iki) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı ilə Cavabdeh arasında 10 fevral 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/94847/15 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank cavabdehə illik 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 1640,77 (min altı yüz qırx,yetmiş yeddi) manat məbləğində əsas borc, 1985,51 (min doqquz yüz səksən beş,əlli bir) manat məbləğində faiz borcu, 1908,67 (min doqquz yüz səkkiz, altmış yeddi) manat məbləğində cərimə, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 225,17 (iki yüz iyirmi beş, on yeddi) manat məbləğində faiz məbləği, ümumilikdə isə 5760,12 (beş min yeddi yüz altmış, on iki) manat məbləğində borcu qalmışdır. Kredit Müqaviləsinin 5.4.5-ci bəndində isə göstərilir ki: “Alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək "xxxx"ın vəzifəsidir”. Eynilə Kredit Müqaviləsinin 5.4.9-cu bəndinə əsasən: “Müqavilə şərtlərini tam və vaxtında icra etmək "xxxx"ın vəzifəsidir”. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Kreditor QSC "xxxx" KB və borcalan Cavabdeh arasında bağlanmış 10 fevral 2015ci il tarixli 1xx/xx/94847/15 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Borcluya illik 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin 4.4.5-ci bəndinə əsasən, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək "xxxx"ın vəzifəsidir. - Ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən təqdim edilmiş 26 oktyabr 2020-ci il tarixli **********602 saylı arayışdan görünür ki, Cavabdeh 1xx/xx/94847/15 saylı müqavilə üzrə əsas borcu 1640,77 manat, müqavilənin müddəti xx.xx.2015-xx.xx.2018, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 1985,51 manat, tələb olunan cərimə 1908,67 manat, gecikdirilmiş gün sayısı 979 gün, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 225,17 manat, ümumi borc 5760,12 manatdır. - Ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən Cavabdeh ünvanlanmış 30 noyabr 2020-ci il tarixli bildirişdən görünür ki, borcun 3 gün müddətində banka ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 9/4174 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 10 fevral 2015-ci il tarixli 1xx/xx/94847/15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh 11 dekabr 2020-ci il tarixinə (iddia ərizəsi üzrə tarixə) QSC "xxxx" KB olan borcu 3834,48 manat; əsas borc üzrə 1583,97 manat, faiz borcu üzrə 2250,51 manatdır. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı və Cavabdeh arasında illik 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 5000 (beş min) manat məbləğində kreditin verilməsinə dair 10 fevral 2015-ci il tarixli 1xx/xx/94847/15 nömrəli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə üzrə Cavabdeh kredit məbləği ilə təmin edilmişdir. Kredit müqaviləsinin müddəti 10 fevral 2018ci il tarixdə bitmişdir. Müqavilə üzrə gecikdirilmiş gün sayı 979 gündür. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2-ci maddəsinə əsasən, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. - 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi hazırda tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Müqavilə üzrə nəzərdə tutulmuş kredit məbləği cavabdehin hesabına daxil edilmişdir. Lakin Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da o, müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə araşdırması mülki iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına dair verilmiş xx.xx.2023-cü il tarixli 9/4174 nömrəli rəydə hazırda iddia tələbi üzrə cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 1583,97 manat müəyyən edilmişdir. Məhkəmə kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcun məbləğini müəyyən edərkən həmin ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməli, cavabdehin kredit müqaviləsi üzrə əsas borc məbləği, ekspertin gəldiyi nəticəyə uyğun olaraq 1583,97 manat həddində müəyyən edilməlidir. Məhkəmə kredit müqaviləsi üzrə faiz borc məbləğini, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğə uyğun olaraq müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğ (2250,51 manat) iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxır və iddiaçı iddia tələbini həmin həddə müdafiə edir. Belə olan halda məhkəmə hesab edir ki, kredit müqaviləsi müddəti üçün faiz borcu iddia tələbində göstərilən həddə, yəni 1985,51 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarınm şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayrıd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasmı və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; İddiaçı həmçinin gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 225,17 (iki yüz iyirmi beş,on yeddi) manat məbləğində faiz məbləğinin tutulmasını xahiş etmişdir. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırki iş üzrə kredit müqaviləsinin müddəti 10 fevral 2018-ci il tarixdə bitmişdir. Cavabdeh iddiaçının müraciətindən sonra da pul vəsaitini banka geri qaytarmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, gecikdirilmiş borca illik 5%-lə hesablanmış 225,17 (iki yüz iyirmi beş manat on yeddi qəpik) manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin 1908,67 (min doqquz yüz səkkiz, altmış yeddi) manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə işin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə tələb olunan tənasübsüz surətdə yüksək hesablanmış 1908,67 (min doqquz yüz səkkiz, altmış yeddi) manat məbləğində cərimənin 190 manat həddinədək azaldılmasını ədalətli hesab edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh münasibətdə qismən təmin edildiyindən, onun dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddia tələbinin təmin edildiyi hissəsinə mütənasib olaraq 20,75 manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda cavabdehdən işə baxılması ilə əlaqədar məsrəfi olaraq cəmi 100 (yüz) manat ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1583,97 (min beş yüz səksən üç manat doxsan yeddi qəpik) manat məbləğində əsas borc, 1985,51 (min doqquz yüz səksən beş,əlli bir) manat məbləğində faiz borcu, 190 (yüz doxsan) manat məbləğində cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 225,17 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3984,65 (üç min doqquz yüz səksən dord manat altmış beş qəpik) manat məbləğində pul və 20,75 manat dövlət rüsumu ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmalı, Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir. VI. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1583,97 (min beş yüz səksən üç manat doxsan yeddi qəpik) manat məbləğində əsas borc, 1985,51 (min doqquz yüz səksən beş manat, əlli bir qəpik) manat məbləğində faiz borcu, 190 (yüz doxsan) manat məbləğində cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 225,17 (iki yüz iyirmi beş manat on yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3984,65 (üç min doqquz yüz səksən dörd manat altmış beş qəpik) manat məbləğində pul və 20,75 (iyirmi manat yetmiş beş qəpik) manat dövlət rüsumu ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulsun. Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-18/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-18/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver