Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1813/2024 10.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 2951,9 manat əsas borcu, 1581,34 manat faiz borcu, 216,53 manat cərimə faizi olmaqla, cəmi 4749,77 manat borc, ödənilmiş 67,5 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Sabunçu filialı ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********95 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən X3 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 4500 manat məbləğində kredit verilmişdir. X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 32 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən X2 vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən X2 banka ödənilməmiş qalan 2951,9 manat əsas borcu, 1581,34 manat faiz borcu, 216,53 manat cərimə faizi olmaqla, cəmi 4749,77 manat borcu qalmışdır. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün səy göstərilsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 2898,73 manat əsas borc, ödənilmiş 67,5 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, bankdan kredit borcu götürmüş X5 onun anasıdır. Anasından 1400 ABŞ dolları məbləğində miras pay almışdır. Qeyd edilənləri nəzərə alaraq, iddianın həmin həcmdə təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini və ona əlavə edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********95 nömrəli kredit müqaviləsinə əsasən “Bank” tərəfindən “Müştəri”yə 48 ay müddətinə, illik 24% ödəmək şərtilə 4500 manat məbləğində kredit verilmişdir. “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür; Maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə X2 əsas borcu 2951,9 manat, faiz borcu 1581,34 manat, cərimə faizi 216,53 manat olmaqla, cəmi 4749,77 manat borc təşkil edir; Bank tərəfindən Cavabdeh göndərilmiş bildirişdən görünür ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün borcunun olması və 7 iş günü müddətində ödənilməsi barədə xəbərdar edilmişdir; Bakı şəhəri 32 saylı Notariat ofisinin məktubunun surətindən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə ölümü ilə əlaqədar notariat ofisində vərəsəlik işi açılmış və qızı Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir; xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadtənamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi qızı Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak 1400 ABŞ dollarından ibarətdir. Həmçinin iş materiallarından görünür ki, bank tərəfindən 67,5 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən və miras əmlakın qəbulundan irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İş materiallarında müqavilənin etibarsızlığını göstərən hər hansı bir hal aşkar edilməmişdir. İddia tələbinin qanuni əsasını təşkil edən: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmiş, lakin borclunun vəfat etməsi səbəbindən, onun müqavilə üzrə öhdəliyi icra edilmədən qalmışdır. Borclunun qızı, hazırki Cavabdeh borcludan miras qalan əmlakı vərəsə kimi tam qəbul etmişdir. Cavabdeh miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özünün payına mütənasib surətdə borclu kimi tam ödəməyə borcludur. Cavabdeh anasından miras qalan 1400 ABŞ dolları məbləğində vəsaiti miras əmlak kimi qəbul etmiş və bu səbəbdən kreditor qarşısında həmin məbləğdə öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının məlumatına əsasən xx.xx.2022-ci il tarixə 1 ABŞ dolları 1,7 AZN məzənnəyə bərabər tutulur. Miras qalmış 1400 ABŞ dolları 2380 manat təşkil edir (1400 * 1.7 = 2380). Qeyd edilənlərə əsasən cavabdehdən miras qəbul etmiş hissədə, yəni 2380 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə qeyd edir ki, vərəsə-cavabdeh miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC ilə X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 2380 manat məbləğində pul, dövlət rüsumuna görə ödənilmiş 67,5 manat məbləğində pul və 0,40 manat bank xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Qeyd olanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 360 və 1306.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2380 manat məbləğində pul, dövlət rüsumuna görə ödənilmiş 67,5 manat məbləğində pul və 0,40 manat bank xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-1813/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1813/2024
10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver