Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1822/2023 19.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7 500 (yeddi min beş yüz) manat əsas pul, 220 (iki yüz iyirmi) manat vəkil üçün xidmət haqqı, 93 (doxsan üç) manat ödənilmiş dövlət rüsumunun, cəmi 7 813 (yeddi min səkkiz yüz on üç) manat tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2021-ci ilin noyabr ayında Bakı şəhəri Xocasən qəsəbəsində torpaq sahəsinin rəsmiləşdirilməsi üzrə yardım almaq üçün əmlak məsələləri üzrə mütəxəssisə müraciət etmək qərarına gəlmişdir. Bir neçə şəxsdən bu məsələdə İddiaçı kömək edə biləcək şəxslərdən soraqladıqdan sonra, Əliyev Sevdiyar adında tanışı ona bu işdə kömək etmək üçün Cavabdeh adlı şəxsi məsləhət görür. Özünü belə işlər üzrə mütəxəssis kimi təqdim edən Cavabdeh iddiaçıya Xocasən qəsəbəsində torpaq sahəsinin rəsmiləşdirilməsin prosedurunu 16 500 (on altı min beş yüz) manat qarşılığında tam həyata keçirməyi İddiaçı vəd etmişdir. İddiaçı bu məsələni həll etmək üçün Cavabdeh ilə razılığa gəldikdən sonra 2021-ci ilin dekabr ayında Cavabdeh 16 500 (on altı min beş yüz) manat pul vermiş, Cavabdeh isə iddiaçının Xocasən qəsəbəsində torpaq sahəsinin rəsmiləşdirilməsi prosedurunu tam həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Lakin, özünü əmlak işləri üzrə mütəxəssis kimi təqdim edən Samir adlı şəxs pulu aldıqdan sonra vədinə əməl etməyərək, faktiki heç bir kömək etməmiş, sənədləşmə işlərində bəzi problemlər barədə bildirmişdir. Bu səbəbdən iddiaçı cavabdehdən verdiyi pul vəsaitləri geri qaytarmasını istəmişdir. Beləliklə, Cavabdeh ümumi məbləğ 16 500 (on altı min beş yüz) manatdan 9000 (doqquz min) manatını İddiaçı 2 ay ərzində qaytarmış, lakin qalan 7500 (yeddi min beş yüz) manatı bu günə qədər qaytarmamışdır. Buna görə də iddiaçı onun pulunu mənimsəyən Cavabdeh məsuliyyətə cəlb edilməsi üçün Bakı şəhəri Xətai RPİnin 36-cı Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Müraciətin nəticəsində cavabdeh 36-cı Polis Bölməsinə dəvət edilmiş, polis əməkdaşları tərəfindən onun izahatı alınmiş və o öz izahatında həqiqətən də iddiaçıya 7500 manat borclu olduğunu etiraf etmişdir. Bu fakt öz əksini Xətai RPİ-nin 36-cı Polis Bölməsinin 28 may 2022-ci il tarixli qərarında öz əksini tapmışdır. İşin hallarından da göründüyü kimi, cavabdeh ümumi məbləğ 16 500 (on altı min beş yüz) manatdan 9000 (doqquz min) manatını iddiaçıya qaytarmış, lakin qalan 7500 (yeddi min beş yüz) manat pul vəsaiti bu günə qədər həmin vəsaiti iddiaçıya qaytarmamışdır. Bundan başqa iddiaçı pozulmuş hüquqlarının bərpası üçün 220 manat hüquqi xidmətlərə görə ödəniş və 93 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili tərəflər arasında barışıq olmadığını və cavabdeh tərəfindən ödəniş edilmədiyini bildirərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, lakin məbləğlə bağlı etirazını bildirir, iddia tələbində qeyd olunan 7.500 manat məbləğindən 1.000 manatını iddiaçının atasına şəxsən özü vermişdir, keçən il 500 manat ödəniş etmiş, daha sonra barəsində polisə müraciət edildikdən sonra 500 manat da ödəmişdir, ilkin ödənişi iddiaçının kart hesabına göndərmiş və o da atasına çatdırmışdır, bundan sonra polisdə izahat verdikdən sonra ödəniş etmək üçün vaxt verilməsini istəmiş və yazılı olaraq da 6.500 manat məbləğində borcu olduğunu qeyd etmişdir. Keçən ilin yay aylarında iddiaçı Kənan adlı bir şəxslə Dəmir Yol İdarəsinin qabağında ona yaxınlaşaraq bildirmişdir ki, bundan sonra bu məsələ ilə Kənan adlı şəxs məşğul olacaq. Həmin vaxt 2-3 ay möhlət istəmişdir. Payız aylarında həmin oğlan zəng vuraraq Emilin anasının pulu tələb etdiyini bildirmişdir, həmin vaxt o, pulları iddiaçının anasına çatdıracaqdır, iki qardaşı evinə gəlmiş və öz anasının qarşısında 500 manat bir, 400 manat bir vermişdir. Ümumilikdə iddiaçı tərəfə 2.920 manat məbləğində ödəniş etmişdir. Ümumilikdə iddiaçıya 3.000 manat məbləğində borcu qalmışdır. Həmin məbləği ödəməyə hazırdır, lakin hal-hazırda ev məsələsini həll edir və bu səbəbdən gecikmələri olub. İddiaçı atasına keçən ilin yanvarfevral aylarından başlayaraq, hissə-hissə ödənişlər etmişdir, polis idarəsində atasına pul ödədiyini bildirməmişdir və hətta atası polis idarəsində izahat verməyi təklif etmişdir, lakin özü buna qoymamışdır, onu polisə şikayət edən zaman 6.500 manat borcu olmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, - İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Anar Xəlilovun cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarından görünür ki, yoxlama zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, təxminən 1 il əvvəl tanıdığı Emil ondan Xocasən qəsəbəsindəki torpaq sahəsinin sənədləşdirilməsində ona köməklik göstərilməsini xahiş etmiş, o, tanışları olduğunu, bu işdə köməklik edəcəyini, bunun üçün müvafiq işlərin görülməsində bəzi xərclərin olduğunu, həmçinin özünün də zəhmət haqqı olaraq pul götürəcəyini demişdir. Emil onunla razılaşmış, o, Emildən 16500 manat pul götürmüş, sonra müəyyən dostlarından istifadə edib həmin pulları istifadə etmişdir. Lakin bir müddət sonra problemlər üzə çıxmış, o sənədləşmənin alınmayacağını başa düşmüş, bu barədə Emilə məlumat vermiş, sonradan 9000 manat Emilə qaytarmışdır, borclu qaldığı 7500 manat pulu da Emilə qaytarmağa söz vermişdir. Daha sonra vətəndaş, hazırda Emilə olan borcunu tam ödəmək üçün çalışdığını göstərmişdir. - İş materiallarına əlavə edilmiş Xətai RPİ-nin 36-cı PB-nin xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, İddiaçı müraciətl əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş. Ərizəçiyə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə iclasında cavabdehin izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə şifahi razılaşmaları əsasında 16500 manat pul verilmişdir. Lakin cavabdeh tərəflər arasında olan şifahi razılaşmaya əməl etməyərək qeyd olunan pulu tam olaraq geri qaytarmamışdır. Belə ki, göstərilən borcun cəmi 9000 manatı cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir. Lakin cavabdeh tərəfindən borcun qalan hissəsi ödənilməmişdir. Bundan sonra iddiaçı cavabdehin hərəkətlərindən Xətai RPİ-nə şikayət vermişdir. Xətai RPİ tərəfindən xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilmişdir. Hazırda iddiaçı cavabdehdən borcun tutulması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-ci maddəsinə əsasən borc müqaviləsi şifahi və ya yazılı formada bağlanır. İddia tələbi üzrə tələb edilən borc məbləği iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Qeyd olunan hal işin mübahisəsiz halıdır. Belə ki, pulun cavabdehə ödənilməsi cavabdehin Xətai RPİ-nin 36-cı PB-də olan, habelə məhkəmə iclasındakı izahatı və Xətai RPİ-nin 36-cı PB-nin xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ilə təsdiq olunur. Məhkəmə cavabdehin iddia tələbi üzrə göstərilən borcdan ödənişlər etməsinə münasibətdə qeyd edir ki, çəkişmə prinisipinə əsasən tərəflər göstərdikləri və ya iddia etdikləri hallara dair müvafiq sübutları təqdim etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə sadalanan qanunvericilik normalarını, məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara tətbiq edərək bildirir ki, cavabdeh tərəfindən iddia tələbi üzrə göstərilən borcdan ödənişlər edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı həmin hallara dair hər-hansı sübut aşkar edilməmişdir. Halbuki, cavabdehin bildirdiyi hallar bilavasitə onun sübutetmə yükü ilə bağlıdır və cavabdeh bu hallara dair sübutetmə vəzifəsi daşıyır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Bundan başqa “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbərliyinin aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Hazırda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddia etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda yaranmış mübahisədə iddiaçının tələbinin əsaslı olması, habelə hazırda cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulması halı təsdiq olunur. Məhkəmə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmalıdır. Məhkəmə hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 220 manat pul məbləğini, 7500 manat qiymətində olan iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən və cavabdehin dövlət rüsumundan azad olması hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 93 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan Cavabdeh 7500 (yeddi min beş yüz) manat əsas borc, 220 (iki yüz iyirmi) manat vəkil üçün xidmət haqqı, 93 (doxsan üç) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7813 (yeddi min səkkiz yüz on üç) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlarla əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 7500 (yeddi min beş yüz) manat əsas borc, 220 (iki yüz iyirmi) manat vəkil üçün xidmət haqqı, 93 (doxsan üç) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 7813 (yeddi min səkkiz yüz on üç) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1822/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1822/2023
19.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver