Məhkəmə qərarları › İş №e-2(005)-1869/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1869/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1869/2021 17.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Məmmədhüseyn oğlunun, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə (Azərbaycan Respublikası Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “restrukturizasiya öhdəliyindən irəli gələn hərəkətlərin həyata keçirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə (Azərbaycan Respublikası Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “restrukturizasiya öhdəliyindən irəli gələn hərəkətlərin həyata keçirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-də olan problemli kreditinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanın icrasından irəli gələn vəzifələrin yerinə yetirilərək restrukturizasiya edilməsi öhdəliyindən irəli gələn hərəkətlərin həyata keçirilməsini Cavabdeh ASC-in üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xxxx ASC ilə aralarında bağlanmış 2015-ci il tarixədək olan kredit müqaviləsinə əsasən kredit borcu 01 mart 2019-cu il tarixinədək 7150 ,58 manat ekvivalenti, borcun azaldılmasına yönəldilmiş məbləğ 1170,05 manat olmaqla qalıq borcu 5980,53 manat təşkil etmişdir. Qeyd olunan faktlar Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının elektron ünvanından əldə edilmiş çıxarışdan da öz təsdiqini tapır. 28.02.2019-cu ü tarixdə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsini almışdır. Fərmanda onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə fiziki şəxslərin borclarmm bir hissəsinin dövlət tərəfindən qarşılanması ,problemli kreditlərin qalıq hissəsinin restrukturizasiya nəzərdə tutulmuşdur. Həmin fərmanın 7-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Respublikasının Mərkəzi Bankına məlumat verilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmışdır. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının elektron ünvanından əldə edilmiş çıxarışdan görünür kı , onun restruksızasıya olunan kreditləri ləğv prosesində olan “xxxx" ASC və Cavabdeh ASC-dir . Bildirir ki o 2019-cu ildə dəfələrlə Cavabdeh ASC-yə yaxınlaşaraq yuxarıda qeyd olunan Fərmanın icrasının təmin edilməsini və onun kredıtinın restrukturizasıya olunmasını xahiş etdi. Lakin həmin Bank tərəfinədən hər dəfə müxtəlif bəhanələr gətirilərək guya nəzərdə tutulan kompensasiya mebleğinin Bankın restrukturızasıya olunmalı, olan kreditlərin sıyasında olmadığı bildirilərək Kreditin restrukturizasiya edilməsindən şifahi olaraq imtina edildi və ona Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (hazırda həmin səlahiyyətlər Mərkəz banka verilmiş) müraciət etməli olduğunu bildirildi. Bundan sonra o, 27 12.2019-cu İİ tarixdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzaret Palatasına (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişir) müraciət edərek xxxx "ASC-də olan kreditin "Azərbaycan Respublikasmda fızıkı şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezıdentinin Fərmanın icrasından irəli gələn vəzifələrin yerinə yetirilərək restrukturizasiya edilməsinə köməklik göstərilməsini xahiş etdi. Həmin müraciətdən sonra cavab alınmadığından, qeyd olunan səlahiyyətlərin icrasını. həyata keçirən Azərbaycan Respublikası Mərkəzi bankına 16.07.2020-ci il tarixdə yenidən müracət etdi. Bankın Bakı inzibati məhkəməsinə cavabında onun üzərinə düşən vəzifəni yerinə yetirdiyi digər məsələlərin həllinin “xxxx” ASC-ın hüququ olduğunu göstərmişdir. Bank isə ümumiyyətlə restrukturizasiyadan yayınır. Edilmiş müraciətlərə cavab vermir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Məmmədhüseyn oğlu iddia tələbini müdafiə edib, iddia ərizə ilə eyni məzmunlu izahat verib iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbini qismən qəbul edərək, bildirdi ki, hazırda restrukturizasiya ilə bağlı Fərmanda müəyyən edilmiş icra müddəti başa çatmışdır, lakin iddiaçının müraciəti 2019-cu ilin dekabr ayında daxil olsaydı, bank həmin müraciəti o zaman təmin edə bilərdi. Üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən üçüncü şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, təqdim edilən sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının Bakı İnzibati Məhkəməsinə ünvanlandığı etirazın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) və “Cavabdeh" ASC-yə qarşı “kredit borcunun restrukturizasiya edilməsi" tələbi üzrə iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinə dair məhkəmədən bildiriş məktubu daxil olmuşdur. İddia tələbi ilə bağlı bildiririk ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə Cavabdeh ASC arasında 03.02.2014-cü il tarixində bağlanmış 10.000 manat dəyərində kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən kredit müqaviləsinin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən 01.03.2019-cu il tarixinə vaxtı keçmiş əsas kredit borcu 7.150,58 manat təşkil edən həmin müqavilə restrukturizasiya ediləcək kredit müqavilələri siyahısına daxil edilmiş, habelə digər kredit müqaviləsi üzrə hesablanmış kompensasiya məbləğinin də bu borca qismən yönəldilməsi nəzərə alınmaqla, yekun olaraq restrukturizasiya ediləcək məbləğ 5.980,53 manat müəyyən edilmişdir. Eyni zamanda göstərilən məlumatlar Mərkəzi Bank tərəfindən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatalığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir (portaldan çıxarış məktuba əlavə edilir). Göründüyü kimi, iddiaçıya münasibətdə X3 üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, sonrakı mərhələdə, yəni kredit müqaviləsi restrukturizasiya ediləcək şəxslərin siyahısına daxil edildikdən sonra borclularla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması Fərmanın 6-cı hissəsinə görə bankların hüquqları kimi müəyyən edilmişdir. Başqa sözlə, bu hissədə yaranacaq mübahisələr artıq vətəndaşla bank arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən xahiş edirik ki, hazırkı' iş üzrə İddiaçı cavabdeh qismində Mərkəzi Banka qarşı "kredit borcunun restrukturizasiya edilməsi”nə dair iddia tələbi mümkün sayılmasın. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 02.02.2021-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı Cavabdeh ASC üçüncü şəxs qismində cəlb edilməklə “kredit müqaviləsi üzrə qalan borcunun restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı (FİN: xxxxxxx) ilə Cavabdeh ASC arasında 03.02.2014-cü il tarixində kredit müqaviləsi bağlanmışdır. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) qarşı Cavabdeh ASC üçüncü şəxs qismində cəlb edilməklə “kredit müqaviləsi üzrə qalan borcunun restrukturizasiya ediləcək kreditlər siyahısına daxil edilməsi” tələbinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 02.02.2021-ci il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının etirazından görünür ki, tərəflkər arasındakı kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən kredit müqaviləsinin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən 01.03.2019-cu il tarixinə vaxtı keçmiş əsas kredit borcu 7.150,58 manat təşkil edən həmin müqavilə restrukturizasiya ediləcək kredit müqavilələri siyahısına daxil edilmiş, habelə digər kredit müqaviləsi üzrə hesablanmış kompensasiya məbləğinin də bu borca qismən yönəldilməsi nəzərə alınmaqla, yekun olaraq restrukturizasiya ediləcək məbləğ 5.980,53 manat müəyyən edilmişdir. Hazırda iddiaçı bildirir ki, o, 2019-cu ildə dəfələrlə “xxxx“ ASC-yə yaxınlaşaraq Fərmanın icrasının təmin edilməsini və onun kreditinin restrukturizasiya olunmasını xahiş etmişdir, lakin cavabdeh Bank tərəfindən hər dəfə onun kreditinin restrukturizasiya olunmalı olan kreditlərin siyasında olmadığı bildirilərək Kreditin restrukturizasiya edilməsindən şifahi olaraq imtina edilmiş və ona Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etməli olduğu bildirildiyindən, o 27.12.2019-cu il tarixdə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edərək “xxxx" ASC-də olan kreditin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasından irəli gələn vəzifələrin yerinə yetirilərək restrukturizasiya edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bu səbəbdən də iddiaçı cavabdeh “xxxx“ ASC-yə qarşı iddia tələbi irəli sürərək, Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasından irəli gələn vəzifələrin yerinə yetirilərək restrukturizasiya edilməsi öhdəliyindən irəli gələn hərəkətlərin həyata keçirilməsini Cavabdeh ASC-in üzərinə qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, mübahisəyə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına və Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasına əsaslanmaqla qiymət verilməlidir. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Həmin fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın 6-cı bəndinə əsasən, banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3. borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.1.1-ci bəndinə əsasən, həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1-dək bağlanmalıdır. 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqaviləsi üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisələndirilən iddia tələblərinə Fərmanda nəzərdə tutulan güzəştlər tətbiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 17 dekabr 2020-ci il tarixli məktubundan görünür ki, sözügedən kredit müqaviləsinin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən 01.03.2019-cu il tarixinə vaxtı keçmiş əsas kredit borcu 7150,58 manat təşkil edən həmin müqavilə restrukturizasiya ediləcək kredit müqavilələri siyahısına daxil edilmiş, habelə digər kredit müqaviləsi üzrə hesablanmış kompensasiya məbləğinin də bu borca qismən yönəldilməsi nəzərə alınmaqla, yekun olaraq restrukturizasiya ediləcək məbləğ 5980,53 manat müəyyən edilmişdir. Lakin yuxarıda qeyd edilən Qaydanın müddəalarından göründüyü kimi, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatması qeyd olunmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırda yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən, restrukturizasiya ilə bağlı icra müddəti bitdiyindən iddia tələbi təmin edilə bilməz. Beləliklə, İddiaçı Cavabdeh ASC-yə (Azərbaycan Respublikası Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “restrukturizasiya öhdəliyindən irəli gələn hərəkətlərin həyata keçirilməsi” tələbinə dair iddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə (Azərbaycan Respublikası Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “restrukturizasiya öhdəliyindən irəli gələn hərəkətlərin həyata keçirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar