Məhkəmə qərarları › İş №e-2(005)-1872/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1872/2024

30.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1872/2024 30.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh3 iştirakları ilə, İddiaçı "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixində vəfat etmiş Abbasov Ayaz Mayıl oğlunun vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2dan əsas məbləğ üzrə borc : 1,774.43 MANAT ( min yeddi yüz yetmiş dörd manat qırx üç qəpik ), hesablanmış və ödənilməmiş faiz borcu : 0.00 MANAT ( sıfır manat ), cərimə borcu : 8,263.25 MANAT ( səkkiz min iki yüz altmış üç manat iyirmi beş qəpik ), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc : 0.00 MANAT ( sıfır manat ), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri : 0.00 MANAT ( sıfır manat ), cəmi borc : 10037.68 MANAT ( on min otuz yeddi manat altmış səkkiz qəpik ) məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 120.11 MANAT məbləğində dövlət rüsumunun "xxxx" QSCnin хeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə "xxxx" QSC və Abbasov Ayaz Mayıl oğlu arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Abbasov Ayaz Mayıl oğluna istehlak yönümlü 2000 (iki min) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyın edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Müqavilənin 4.21.2-ci bəndinə əsasən “Bank”kın “Kart/əlavə kart sahibi”nin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılması tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək hüququ vardır. Müqavilənin 4.22.3-cü bəndinə əsasən “Kart/əlavə kart sahibi” kredit kartından istifadə nəticəsində yaranmış borcunu(larını) və/və ya borcu üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq). Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borclarıın geri qaytarılması ilə bağlı “Bank”ın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydasını “Bank”a ödəmək vəzifəsini daşıyır. «X9 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Abbasov Ayaz Mayıl oğlu kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Banka məlum olmuşdur ki, Abbasov Ayaz Mayıl oğlu xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, ünvan 1 ünvanlanan vəkil sorğusuna cavab olaraq Banka təqdim edilmiş xx.xx.2023-ci il tarixli, G-3323 saylı məktubundan və məktuba əlavə edilmiş V-116/2021-ci il tarixli vərəsəlik işindən müəyyən edilmişdir ki, ünvan 2 ünvanda qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlüCavabdeh3, xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh1 və xx.xx.2004 təvəllüdlü Cavabdeh2 2021-ci ildə 2- V-236, 2-V- 248, 2-V-252 və 2022-ci ildə 2-V-61, 2-V-189 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bildirir ki, Qarışıq müqavilə üzrə öhdəliklərin lazımı qaydada yerinə yetirmədiyinə görə “X9 Azərbaycan” QSC qarşısında borc halhazırda Cavabdehin kredit müqaviləsinə əsasən "xxxx" QSC-yə оlan bоrcu: əsas məbləğ üzrə borc : 1,774.43 MANAT ( min yeddi yüz yetmiş dörd manat qırx üç qəpik ) hesablanmış və ödənilməmiş faiz borcu : 0.00 MANAT ( sıfır manat ) cərimə borcu : 8,263.25 MANAT ( səkkiz min iki yüzaltmış üç manat iyirmi beş qəpik ) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc : 0.00 MANAT ( sıfır manat ) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri : 0.00 MANAT ( sıfır manat ) cəmi borc : 10,037.68 MANAT ( on min otuz yeddimanat altmış səkkiz qəpik ) təşkil edir. İş materiallarından göründüyü kimi kart limiti aktıv istifadə edilmişdir. Məhkəmə iclasında iddiaçı "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öz izahatında bildirdi ki, iddia müddətinin ötürülməsi barədə ərizə əsassızdır. Belə ki, cavabdehlər miras aktivlərini qəbul etdikləri kimi, miras passivlərini də qəbul etmişlər. Borcalanın ölməsi barədə məlumat verməli olduqları halda, məlumat verməmişdirlər. Mərhumun vəfat etməsi barədə məlumat banka 2023-cü ilin dekabrında daxil olmuşdur. Mərhumun bankda iki krediti olmuşdur: istehlak və kart krediti. İstehlak krediti barədə qətnamə qəbul edilmiş və icraya yönəldilmişdir. Cavabdeh tərəfindən həmin qətnamnə üzrə ödənişlər edilmişdir. Həmin ödənişlərlə bağlı məhkəməyə sübut təqdim edə bilmir. Bu əsasla da digər kredit barədə məlumatlarının olmaması ağlabatan deyil. Digər tərəfdən, 2016-cı ildə bank hazırki müqavilə üzrə məhkəməyə müraciət etmiş, lakin həmin ərizə baxılmamış saxlanılmışdır. Bu barədə məlumat da banka 2023-cü ilin dekabrında daxil olmuşdur. Deyilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh3 ərizə təqdim edərək, iddia müddəti tətbiq edilməklə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. O öz izahatında qeyd etdi ki, mərhumun kredit borcları ilə bağlı məlumatı olmamışdır. Mərhum hərbçi idi və nə yaşadığı dövrdə, nə də ölümündən sonra evdə hər hansı kart görməmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia rədd edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" QSC və Abbasov Ayaz Mayıl oğlu arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmış, Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Abbasov Ayaz Mayıl oğluna istehlak yönümlü 2000 (iki min) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. - xx.xx.2023-ci il tarixli, G-3323 saylı məktubundan və məktuba əlavə edilmiş V- 116/2021-ci il tarixli vərəsəlik işindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.2006-cı il təvəllüdlü Cavabdeh1 və xx.xx.2004 təvəllüdlü Cavabdeh2 2021-ci ildə 2- V-236, 2-V-248, 2-V-252 və 2022-ci ildə 2-V-61, 2-V-189 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdırlar. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Abbasov Ayaz Mayıl oğlunun xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə əsas məbləğ üzrə borc : 1,774.43 MANAT ( min yeddi yüz yetmiş dörd manat qırx üç qəpik ) hesablanmış və ödənilməmiş faiz borcu : 0.00 MANAT ( sıfır manat ) cərimə borcu : 8,263.25 MANAT ( səkkiz min iki yüzaltmış üç manat iyirmi beş qəpik ) müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc : 0.00 MANAT ( sıfır manat ) bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri : 0.00 MANAT ( sıfır manat ) cəmi borc : 10,037.68 MANAT ( on min otuz yeddimanat altmış səkkiz qəpik ) borcu yaranmışdır; - Bank tərəfindən cavabdehlərə göndərilmiş 23 fevral 2024-cü il tarixli bildirişdən görünür ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün borcunun olması və 3 gün müddətində ödənilməsi barədə xəbərdar edilmişdir. - Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-7719/2016 saylı mülki iş üzrə iddia ərizəsinə əlav edilmiş sənədlərin əsli "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə göndərilmişdir. - Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-7719/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icraatına “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.4-cü maddəsinə əsasən xitam verilmişdir. - “X9 Azərbaycan” QSC-nin ərizəsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında iddiaçı "xxxx" QSC-nin cavabdehlər (vərəsələr) Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair e-(005)-1872/2024 saylı iş vardır. Cavabdeh3 xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinion keçməsi ilə bağlı işəxitam verilməsini və ya rədd edilməsini xahiş etmişdir. Hesab edirik ki, Cavabdeh3 xx.xx.2024-cü il tarixli ərizəsi əsassız olduğundan nəzərə alınmadan rədd edilməlidir. ilk növbədə qeyd edək ki, 2016-cı ildə bank hazırki kredit müqaviləsi üzrə məhkəməyə müraciət etmiş, lakin iş baxılmamış saxlanılmış və bu barədə məlumat banka 2023 dekabr ayında daxil olmuşdur. Digər tərəfdən, iş materiallarından göründüyü kimi Abbasov Ayaz Mayıl oğlu xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Banka onun ölməsi yalnız 2023 dekabırında məlum olmuşdu. araşdırma aparılmış və vərəsələ müəyyən olunduqdan sonra 2024-cü ilin mart ayında iş materialları məhkəməyə göndərilmişdir. AR Mülki məcəlləsinin 1309-cu maddəsinə görə "Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar.". Bununla da Qanunverici birmənalı şəkildə vərəsələrə ölənin borcları barədə məlumatlları olduğu halda mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat vermək öhtəliyi qoymuşdur. Həmin Məcəllənin 1313-cu maddəsi Tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdir olmasını özündə ehtiva edir. Belə olan halda məhkəmə qanunvericiliyin tələbinə əsasən vərəsə borcları barədə məlumatlı olmuş, lakin mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməmişdir. Belə ki, ölən şəxsin bank qarşısında diqər kredit üzrə ötəliyi olmuşdur və yerinə yetirilməməsi ilə əlaqədar bank məhkəməyə müraciət edərək həmin borcun tutulmasını xahiş etmişdir. Məhkəmə 2016-cı il tarixli yekun məhkəmə aktı ilə həmin borcu tutulmuş və hal-hazırda vərəsələr həmin borc üzrə məhkəmə aktını icra edirlər. Göründüyü kimi hazır ki kredit müqaviləsi xx.xx.2015-ci ildə imzalanmış, 2016-cı ildə kredit müqaviləsi üzrə öhtəliklər icra olunmaması ilə əlaqədar məhkəməyə ünvanlansada baxılmamış saxlamılmış, bu barədə banka məlumat verilməmişdir. Bank borcunun ölməsi barədə məlumat 2023-cü ildə əldəetmiş, vərəsələri müəyyən edərək məhkəmə göndərmişdir .Belə olan Halda bank iddia müddətini ötürməmişdir. Bu baxımdan Bank iddianı müdafiə edir. iddia müddətinin tədbiqi barədə cavabdehin ərizənin rədd edilməsini məhkəmədən xahiş edir. Beləliklə, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edildi ki, iddiaçı "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti ilə Abbasov Ayaz Mayıl oğlu arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə istehlak yönümlü 2000 (iki min) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. Abbasov Ayaz Mayıl oğlunun vəfat etmiş, cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 vərəsəlik işi açılmış və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə öz növbəsində Borcalan-mərhum Abbasov Ayaz Mayıl oğlunun vəfat etməsi ilə əlaqədar hüquqi varisi kimi cavabdehvərəsələr Cavabdeh1, X6 və Cavabdeh3 olması deməkdir. İddiaçı "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz borcunun, habelə ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh-vərəsələr Cavabdeh1, X6 və Cavabdeh3 iddiaçı "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən “ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”; 1133.2-ci maddəsinə əsasən “qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır”; 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir; 1151.1-ci maddəsinə əsasən “mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1309-cu maddəsinə əsasən “vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göründüyü kimi, Abbasov Ayaz Mayıl oğlunun vəfat etməsi ilə əlaqədar vərəsələr Cavabdeh1, X4 və Cavabdeh3 vərəsəlik işi açılmış və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu baxımdan, cavabdeh-vərəsələr Cavabdeh1, X6 və Cavabdeh3 borclu şəxsin vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduqları kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Bu da öz növbəsində bankın cavabdeh şəxslərdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, bank tərəfindən öhdəliyin icra müddəti 20 fevral 2020-ci il tarixə kimi müəyyən edilmişdir. Eyni zamanda iddiaçı 2016-cı ildə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli məktubu əsasında Xətai Rayon Məhkəməsinin 2(011)-7719/2016 saylı mülki iş üzrə iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsli "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə göndərilmişdir. Eyni zamanda Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli məktubu əsasında Xətai Rayon Məhkəməsinin 2(011)-7719/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icraatına “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.4-cü maddəsinə əsasən xitam verilmişdir. İddiaçı "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2015-ci il tarixli müqavilə üzrə məhkəməyə öhdəliyin icrası müddətindən 3 (üç) ildən artıq müddət keçdikdən sonra xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə müraciət etmiş, müqavilənin özündə də, iddia müddəti ilə əlaqədar başqa hal nəzərdə tutulmamış, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iddiaçının dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən mərhumun digər kredit borcu üzrə ödənişlər etdiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə əqdim edə bilməmişdir. Digər tərəfdən, cavabdehlərin mərhumun hər hansı digər kredit müqavilkəsi üzrə ödənişlər etməsi, özü-özlüyündə hazırki mülki işin predmeti olan müqavilə barədə də məlumatlı olmasını təsdiq edın hal kimi nəzərə alına bilməz. Eyni zamanda bankın məhkəməyə müraciət etməsi, daha sonra məhkəmə qəradadı ilə ərizənin baxılmnamış saxlanılması, bu barədə iddiaçının məlumatının olmaması iddia müddətinin axımının dayandırılması üçün əsas deyil. Mülki işin materialları ilə öz təsdiqini tapır ki, iddiaçı 2023-cü ilin dekabrında Xətai rayon Məhkəməsinə və notariat ofisinə müraciət etmişdir. Hazırki iddia ərizəsi ilə isə yalnız 11 mart 2024-cü il tarixdə müraciət etmişlər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Hazırki iddia tələbi üzrə tərəflər arasında müqavilə münasibətləri mövcuddur. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İşin faktiki hallarından da görünür ki, iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdən başlamış, lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 (üç) illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı LPO "xxxx" KB QSC-nin cavabdeh X1 qarşı pul tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rusumu iddiaçıya aid edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar