Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1883/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1475 manat sığorta ödənişi məbləğinin və 34,75 manat dövlət rüsumunun, cəmi 1509,75 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mazda 6” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Mazda 6” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Yasamal rayonu ərazisində yolnəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində X1 yüngül xəsarət yetirilmiş və “Zongshen Spex16068” markalı, 99-B-641 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1475 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Yasamal RPİ DYPŞ-nin ünvanlarına İnzibati xəta haqqında Qərar daxil olmuş, həmin Qərara əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinmiş və Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Yasamal RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən cavabdeh X8 yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, hər hansı bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinin tələbinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Elektron sənəd formasında rəsmiləşdirilmiş avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsindən görünür ki, “Mazda 6” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, "xxxx" ASC-də sığorta edilmişdir; - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, “Mazda 6” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X9 tərəfindən idarə edilən zaman X5 mülkiyyətində olan, X19 tərəfindən idarə edilən “Zongshen Spex16068” markalı, 99-B-641 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyərək zərər vurmuş, eləcə də X15 sağlamlığına yüngül xəsarət yetirmişdir; - İXP ******* saylı, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir; - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Zongshen Spex 16068” markalı, 99-B-641 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 mülkiyyətindədir; - Nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, X10 (Etibar edən), “Zongshen Spex16068” markalı, 99-B-641 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən idarə etməyi X11 etibar etmişdir; - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mazda-6 minik” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X4 mülkiyyətindədir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyini Məhkəmə-Tibbi Ekspertiza və X12- Təcrübi və Tədris birliyinin Ekspert rəyindən görünür ki, X7 almış olduğu xəsarətlər- Sol budun Hematoması (yumşaq toxumaların arasına qan yığılması) və sıyroığı, sol aşığbaldır oynağının sıyrığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir; - "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli hesablama aktının surətindən görünür ki, “Zongshen Spex16068” markalı, 99-B-641 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin həcmi 725 manat təşkil etmişdir; - "xxxx" ASC-nin 9-11507/12/4A-9315/19 saylı sığorta aktından görünür ki, xx.xx.2019-cu il tarixində sığorta hadisəsi baş vermiş, həmin hadisə nəticəsində “Zongshen Spex16068” markalı, 99-B-641 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə X6 ödəniləcək sığorta ödənişi 725 manat məbləğində müəyyən edilmişdir; - "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli 018114 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X3 hesabına 725 manat məbləğində sığorta ödənişi köçürülmüşdür; - "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli 018113 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X7 hesabına 750 manat məbləğində sığorta ödənişi köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh sığorta ödənişinin ödənilməsi və əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə “Mazda 6” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X1 yüngül xəsarət yetirilmiş, eləcə də “Zongshen Spex 16068”, 99-B-641 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. “Mazda 6” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığortaçısı "xxxx" ASC tərəfindən “Zongshen Spex16068” markalı, 99-B-641 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə X6 725 manat, X2 dəymiş zərərə görə 750 manat pul ödənilmişdir. Hazırda iddiaçı cavabdehin hadisə yerindən yayınmasına əsaslanaraq, ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında cavabdehdən tutulmasını xahiş edir. Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Bu səbəbdən sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. “İcbari sığortalar haqqında” Qanunun 13.1 və 13.4-cü maddələrinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 23.1.6-cı maddəsinə əsasən sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüququdur. Hazırkı işdə Cavabdeh iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan yuxarıda sadalanan şərtlər mövcuddur. Belə ki, onun idarə etdiyi, iddiaçı tərəfindən sığortalamış yüksək təhlükə mənbəyi olan “Mazda 6 minik” markalı, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını təqsirli şəkildə pozaraq, ““Zongshen Spex16068” markalı, 99-B-641 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, eyni zamanda sonuncunun sürücüsünün sağlamlığına zərər yetirilməsi və həmin zərər üzrə iddiaçı "xxxx" ASC-nin sığorta olunana 1475 manat məbləğində sığorta ödənişi ödəməsi və cavabdehin hadisə yerindən yayınması işin mübahisəsiz hallarındandır. Cavabdehin hadisə yerindən yayınması onun polis şöbəsinə verdiyi izahatında da öz təsdiqini tapmışdır. Belə olan halda, iddiaçının Cavabdeh qarşı subroqasiya tələbi haqlıdır. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə uyğun olaraq, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İV hissəsinin 4-cü bəndinə əsasən isə mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixində "xxxx" Sığorta ASC tərəfindən icbari sığorta növü üzrə sığortalandığından, sığorta hadisəsi hesab edilən yol-nəqliyyat hadisəsi baş verdiyindən və sığortalı nəqliyyat vasitəsinin sürücüsü hadisə yerindən yayındığından sığorta ödənişi vermiş iddiaçının (sığortaçının) cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış nəqliyyat vasitəsinin sahibinin, eləcə də onun sağlamlığına zərər dəymiş sürücüsünün bank hesabına isə "xxxx" ASC tərəfindən ümumilikdə 1475 manat sığorta ödənişi köçürülmüşdür. Bu səbəbdən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 1475 manat və ödənilmiş dövlət rüsumuna görə 34,75 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 1475 (min dörd yüz yetmiş beş) manat və ödənilmiş dövlət rüsumuna görə 34,75 (otuz dörd manat, yetmiş beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1883/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1883/2025
28.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver