Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1899/2023 25.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı icarə müqaviləsi üzrə ödənişlərin verilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı icarə müqaviləsi üzrə ödənişlərin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 20642 manat məbləğində pulun və ödənilmiş 153 manat məbləğində dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Ağstafa rayonu, Köçəsgər kəndi ərazisində yerləşən ümumi sahəsi 1473.1 kv.m ibarət olan ona məxsus əmlak kompleksinin idarə olunması üçün anası X2 baş etibarnamə vermişdir. Anası ona məxsus olan əmlak kompleksi ilə bağlı "xxxx" ASC ilə xx.xx.2022-ci il tarixli, Aİ 05/0122 nömrəli icarə müqaviləsi bağlamışdır. Həmin icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən icarə haqqı tərəflərin qarşılıqlı razılığına əsasən hər təqvim ayı üçün vergilər daxil olmaqla 5814 manat müəyyən edilmiş və icarə haqqını ödəniş təqvim ayı bitdikdən sonra hər növbəti təqvim ayının ilk 20 günü ərzində bank köçürmə yolu ilə icarəçi tərəfindən icarəyə verənə ödəməlidir. Həmin icarə müqaviləsi üzrə 2022-ci ilin yanvar, fevral, mart və aprel ayları üçün ödənilməli olan 5814 manat əvəzinə 5014 manat anasına məxsus olan bank kartına ödənilmişdir. 2022-ci ilin ilk dörd ayı üzrə icarə haqqından hər ay 800 manat və həmin ilin may, iyun və iyul ayları üçün ödənişlər ümumiyyətlə ödənilməmişdir. Bununla əlaqədar olaraq dəfələrlə müraciət etməyinə baxmayaraq, günü bugünə kimi həmin aylar üzrə olan borclar ödənilməmişdir. Hazırda cavabdeh "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, Aİ 05/0122 nömrəli icarə müqaviləsinə əsasən 20642 manat borcu yaranmışdır. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdeh "xxxx" ASC-dən 16432 manat, əldən çıxmış gəlirə əsasən 340 manat məbləğində pulun və ödənilmiş 153 manat məbləğində dövlət rüsumunun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatlarını və iş materiallarını tədqiq edərək, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: İddiaçı (nümayəndəsi X3) ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Aİ 05/0122 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, “icarəyə verən” İddiaçı ona məxsus Ağstafa rayonu, Köçəskər kəndi ərazisində yerləşən əmlak kompleksini “icarəçi” "xxxx" ASC-yə istifadəyə verməyi, “icarəçi” "xxxx" ASC isə aylıq 5814 manat icarə haqqını ödənişini müəyyən edilmiş vaxtda və qaydada “icarəyə verən” İddiaçı ödəməyi öhdəsinə götürmüşdür; "xxxx" ASC-yə İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli, Aİ 05/0122 nömrəli icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, şirkət Ağstafa rayonu, Köçəskər kəndi ərazisində yerləşən əmlak kompleksini xx.xx.2022-ci il tarixdən icarəyə götürmüşdür; İddiaçı (nümayəndəsi X3) ilə "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, YİM-004/2022 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, “icarəyə verən” İddiaçı ona məxsus Ağstafa rayonu, Köçəskər kəndi ərazisində yerləşən əmlak kompleksini “icarəçi” "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialına istifadəyə verməyi, “icarəçi” "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialı isə aylıq 3500 manat icarə haqqını ödənişini müəyyən edilmiş vaxtda və qaydada “icarəyə verən” İddiaçı ödəməyi öhdəsinə götürmüşdür; "xxxx" ASC-nin hesabdan çıxarışdan görünür ki, X1 hesabına "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə 3453 manat, xx.xx.2022-ci il tarixdə 5003,73 manat, xx.xx.2022-ci il tarixdə 10009,03 manat məbləğində vəsait köçürülmüşdür. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 152 manat dövlət rüsumu ödənilmişdir; İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC razılaşdırılmış icarə haqqını ödəməyi, İddiaçı isə əmlakının icarəçinin sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür. Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin icarə müqaviləsi olmasını nəzərə alaraq hesab edir ki, tələbin qanuni əsası kimi icarə müqaviləsinə aid normalar nəzərdən keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 701.2.4 və 705-ci maddələrinə əsasən icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. Əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 3.4.1 və 3.4.2-ci maddələrinə uyğun olaraq, icarə haqqını bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək, əmlakı bu müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq icarəçinin əsas vəzifələrindəndir. Məhkəmə sadalanmış qanunvericilik normalarının tələblərini və tərəflər arasında bağlanmış müqavilə şərtlərini nəzərdən keçirərək hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etmədiyindən onun icarəyə götürdüyü əşyaların dəyərini ödəmək vəzifəsi, iddiaçının isə müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən 1 aylıq icarə haqqı 5814 manat müəyyən edilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi dərəcədə icra etməmişdir. Mülki işin materiallarında cavabdeh tərəfindən borcun ödənilməsini təsdiq edən heç bir sübut olmadığından və qeyd edilən halın sübut edilməsi yükünü cavabdeh daşıdığından məhkəmə iddianın həmin hissədə qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, məhkəmə iddianın “xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən yaranmış icarə haqqı borcunun ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, cavabdehin həmin müqaviləyə əsasən icarə haqqının ödənilməsinə dair üzərinə götürdüyü öhdəliyini lazımi qaydada icra etməsinin işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, icarə müqaviləsi üzrə icarə haqqının iddiaçıya ödənilmiş olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Beləliklə, məhkəmə icarə haqqının ödənilməsinə dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin onun tərəfindən müvafiq sübut təqdim edilmədiyini, Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən bağlanmış icarə müqaviləsinə əsasən icarə haqqının vaxtlı-vaxtında icarəyə verənə ödənilməsi halı öz təsdiqini tapmamışdır. İcarə haqqının məbləğinə gəlincə məhkəmə iş materiallarına əlavə edilmiş sənədələri və tərəflərin mülahizələrini nəzərə alaraq qeyd edir ki, iddia 16432 manat pulun cavabdehdən tutulması hissəsində əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində, görə aylıq icarə haqqının 5814 manat olduğu göstərilmişdir. "xxxx" MMCnin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2023-cü il tarixli arayışından və onun bağlanmış icarə müqaviləsindən görünür ki, Ağstafa rayonu, Köçəskər kəndi ərazisində yerləşən əmlak kompleksi xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Filialına icarəyə verilmişdir. Göründüyü kimi, icarə obyekti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdehin istifadəsində olmuşdur. Cavabdeh tərəfindən icarə haqqı olaraq cəmi 18465,76 manat məbləğində pul ödənilmişdir. Məhkəmə qeyd edir ki, nəzər yetirildikdə həmin dövr ərzində tam olaraq 6 ayın tamam olmadığı, icarəyə götürülən əmlak xx.xx.2022-ci il tarixdə, yəni 6 ayın tamam olmasına 5 gün qalmış qaytarıldığı görünür. Odur ki, həmin dövr üzrə tam 6 ay deyil, 5 ay 25 gün üçün icarə haqqı hesablanmalı və 15449,24 manat (5814 manat/30 gün = 1 gün üçün icarə haqqı 193,80 manat, (5 ay *5814 manat = 29070 manat) + (25 gün * 193,80 manat = 4845 manat) = 33915 manat - 18465,76 manat = 15449,24 manat)) məbləğində icarə haqqı cavabdehdən tutulmalıdır. İddianın əldən çıxmış gəlirə əsasən 340 manat məbləğind pul hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 449.1 və 449.2-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyini nəzərə alaraq, məhkəmə iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş məbləğin cavabdehdən tutulması qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli icarə müqavilə üzrə 15449,24 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 153 manatın 140 manatı cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli icarə müqavilə üzrə 15449,24 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 153 manatın 140 manatı cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-1899/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1899/2023
25.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver