Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-190/2024 31.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Kommersiya Bankı QSC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı (açar sözlər: kredit borcu, gecikdirilmiş müddət üçün faiz borcu, cərimənin azaldılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" KB QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Kommersiya Bankı QSC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı "xxxx" Kommersiya Bankı QSC (Ləğv prosesindədir) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2008-ci il tarixli KM FŞ 5070/T saylı kredit müqaviləsi üzrə cavabdehdən 3887.95 (üç min səkkiz yüz səksən yeddi manat, 95 qəpik) manat məbləğində əsas borc, 10079.60 (on min yetmiş doqquz manat, 60 qəpik) manat məbləğində faiz borcu, 1776.60 (bir min yeddi yüz yetmiş altı manat, 60 qəpik) manat məbləğində cərimə borcu, 2626.02 (iki min altı yüz iyirmi altı manat 02 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 18370.35 (on səkkiz min üç yüz yetmiş manat, 35 qəpik) manat məbləğində pulun, 145.11 (bir yüz qırx beş manat, 11 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB (bundan sonra – Bank) ilə Cavabdeh(bundan sonra – Cavabdeh) arasında 29 yanvar 2008-ci il tarixli KM FŞ 5070/T saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 4300 (dörd min üç yüz) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 3887.95 (üç min səkkiz yüz səksən yeddi manat, 95 qəpik) manat məbləğində əsas borc, 10079.60 (on min yetmiş doqquz manat, 60 qəpik) manat məbləğində faiz borcu, 1776.60 (bir min yeddi yüz yetmiş altı manat, 60 qəpik) manat məbləğində cərimə borcu, 2626.02 (iki min altı yüz iyirmi altı manat 02 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 18370.35 (on səkkiz min üç yüz yetmiş manat, 35 qəpik) manat məbləğində borcu qalmışdır. Cavabdeh kredit borcu üzrə iddia ərizəsi ilə xx.xx.2019-cü il tarixdə məhkəməyə müraciət edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-734/2020 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəfimizdən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-734/2020 saylı qərardadında müvafiq fərmanın vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddətin bankların ziyanına istifadə oluna bilməyəcəyi qeyd olunmuşdur. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Bununla belə, Cavabdeh xx.xx.2024-cü il tarixdə teleqram vasitəsilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xəstə olduğu üçün məhkəməyə gələ bilməmişdir. Bank tərəfindən ona qarşı verilən iddia isə əsassızdır. Çünki banka girovu yoxdur və girovsuz pul verilmir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Kreditor QSC "xxxx" KB və borcalan Cavabdeh arasında bağlanmış 29 yanvar 2008-ci il tarixli KM FŞ 5070/T saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Borcluya məişət texnikası alınması məqsədilə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 4300 manat məbləğində kredit verilmişdir. - Ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən təqdim edilmiş 30 may 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 29 yanvar 2008-ci il tarixli KM FŞ 5070/T saylı müqavilə üzrə əsas borcu 3887,95 manat, müqavilənin müddəti 29 yanvar 2008-ci il – 29 yanvar 2010-cu il, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 10079,78 manat, tələb olunan cərimə 1776 manat, gecikdirilmiş gün sayısı 4863 gün, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 2626,02 manat, ümumi borc 18370,35 manatdır. - Ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən Cavabdeh ünvanlanmış 10 dekabr 2019-cu il tarixli bildirişdən görünür ki, borcun 3 gün müddətində banka ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 14 noyabr 2023-cü il tarixdə verilmiş 9/7510 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 29 yanvar 2008-ci il tarixli KM FŞ 5070/T saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh iddiaçı "xxxx" QSC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: Müqavilə müddətinin bitmə tarixinə yəni xx.xx.2010-cu il tarixə: əsas borc üzrə - 4.300,00 manat; faiz borcu üzrə 1.500,00 manat. Maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2023-cü il tarixə illik 5% hesablanmaqla: əsas borc üzrə - 4.300,00 manat; faiz borcu üzrə 4.363,68 manat; faiz borcu 5 faiz ilə 2.863,68 manat. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı və Cavabdeh arasında illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 4300 manat məbləğində kredit verilməsinə dair 29 yanvar 2008-ci il tarixli KM FŞ 5070/T nömrəli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilə üzrə Cavabdeh kredit məbləği ilə təmin edilmişdir. Kredit müqaviləsinin müddəti xx.xx.2010-cu il tarixdə bitmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2-ci maddəsinə əsasən, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. - 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi hazırda tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Müqavilə üzrə nəzərdə tutulmuş kredit məbləği cavabdehin hesabına daxil edilmişdir. Lakin Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da o, müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə araşdırması mülki iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına dair verilmiş 29 yanvar 2008-ci il tarixli KM FŞ 5070/T saylı rəydə müqavilə müddətinin bitmə tarixinə yəni xx.xx.2010-cu il tarixə: əsas borc üzrə 4.300,00 manat; faiz borcu üzrə 1.500,00 manat. maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2023-cü il tarixə (illik 5% hesablanmaqla) faiz borcu 5 faiz ilə 2.863,68 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kredit müqaviləsi üzrə əsas borc məbləğini, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğə uyğun olaraq müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğ (4300 manat) iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxır və iddiaçı iddia tələbini həmin həddə müdafiə edir. Belə olan halda məhkəmə hesab edir ki, kredit müqaviləsi müddəti üçün faiz borcu iddia tələbində göstərilən həddə, yəni 3887,95 (üç min səkkiz yüz səksən yeddi manat doxsan beş qəpik) manat məbləğində müəyyən edilməlidir. İddiaçı müqavilə müddəti üçün hesablanmış 10079,78 (on min yetmiş doqquz manat yetmiş səkkiz qəpik) manat, gecikdirilmiş vaxt üçün hesablanan 2626,02 (iki min altı yüz iyirmi altı manat 02 qəpik) manat faiz məbləğinin ödənilməsini xahiş etmişdir. Məhkəmə kredit müqaviləsi müddəti üzrə - 29 yanvar 2010-cu il tarixədək tutulmalı olan faiz borcun məbləğini müəyyən edərkən ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməli, cavabdehin kredit müqaviləsi müddəti üzrə faiz borc məbləği, ekspertin gəldiyi nəticəyə uyğun olaraq 1500 (min beş yüz) manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarınm şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayrıd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasmı və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; İddiaçı həmçinin gecikdirilmiş günlər üçün 5% olmaqla 2626,02 (iki min altı yüz iyirmi altı manat 02 qəpik) manat məbləğində faiz məbləğinin tutulmasını xahiş etmişdir. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırki iş üzrə kredit müqaviləsinin müddəti 29 yanvar 2010-cu il tarixdə bitmişdir. Cavabdeh iddiaçının müraciətindən sonra da pul vəsaitini banka geri qaytarmamışdır. Məhkəmə yuxarıda istinad olunan Mülki Məcəllənin normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Belə ki, istənilən bankın əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kreditlərin verilməsidir. Hər hansı kredit müqaviləsi üzrə isə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi bank həmin vəsaitləri ona müraciət edən digər müştərilərə kredit verərək gəlir götürmək imkanından məhrum odur ki, bu da nəticə etibarilə banka əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir. Pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi günbəgün artmaqda davam edir. Məhkəmə gecikdirilmiş borca illik 5%-lə hesablanmış faiz borcun məbləğini müəyyən edərkən ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, cavabdehin gecikdirilmiş borca illik 5%-lə faiz borc məbləği üzrə ekspert rəyində göstərilən məbləğ iddia tələbində göstərilən məbləğdən çox olmaqla iddia tələbindən kənara çıxdığından, gecikdirilmiş borca illik 5%-lə faiz borc məbləği iddia tələbi həcmində - 2626,02 (iki min altı yüz iyirmi altı manat 02 qəpik) manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin 1776.60 (bir min yeddi yüz yetmiş altı manat, 60 qəpik) manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə dəbbə borcu ilə əlaqədar qeyd edir ki, kredit müqaviləsinə görə istənilən dəbbə pulu kredit müqaviləsinə görə yaranmış borca tənasüb olmamaqla gələcəkdə də həmin öhdəliyin icrasına əhəmiyyətli dərəcədə maneə yaradacaqdır. Bu isə öhədliyin icrası üçün qəbul edilmiş məhkəmə aktının icrasını xəyali etməklə, kreditorun da mənafeyinə mənfi formada təsir edəcəkdir. Belə ki, həmin məbləğin vaxtında icra edilməsinə maneə yaratmaqla müəyyən edilmiş məbləğdən əlavə gəlir əldə etməyinə mənfi təsir edəcəkdir. Buna görə də məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə iddiaçı tərəfindən istənilən penya hissəsində işin faktiki halları, götürülmüş kreditin və hesablanmış faiz borcunun məbləğini nəzərə alaraq hesab edir ki, 1776.60 (bir min yeddi yüz yetmiş altı manat, 60 qəpik) manat manat cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından həmin cərimə məbləği azaldılmalı, 177,66 (yüz yetmiş yeddi manat altmış qəpik) manat manata endirilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh münasibətdə qismən təmin edildiyindən, onun dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 145,11 manat dövlət rüsumunun iddia tələbinin təmin edildiyi hissəsinə mütənasib olaraq 64,70 manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda cavabdehdən işə baxılması ilə əlaqədar məsrəfi olaraq 100 (yüz) manat ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3887,95 manat məbləğində əsas borc, 1500 manat məbləğində faiz borcu, 177,66 manat məbləğində cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5% hesablanmış 2626,02 manat məbləğində faiz borcu olmaqla, cəmi 8191,63 (səkkiz min yüz doxsan bir manat altmış üç qəpik) məbləğində pul və 64,70 (altmış dörd manat yetmiş qəpik) manat dövlət rüsumu ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmalı, Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməli, ərizə qalan hissədə təmin edilməməlidir. VI. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3887,95 (üç min səkkiz yüz səksən yeddi manat doxsan beş qəpik) manat məbləğində əsas borc, 1500 (min beş yüz) manat məbləğində faiz borcu, 177,66 (yüz yetmiş yeddi manat altmış altı qəpik) manat məbləğində cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5% hesablanmış 2626,02 (iki min altı yüz iyirmi altı manat iki qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 8191,63 (səkkiz min yüz doxsan bir manat altmış üç qəpik) məbləğində pul və 64,70 (altmış dörd manat yetmiş qəpik) manat dövlət rüsumu ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulsun. Cavabdeh 100 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-190/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-190/2024
31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver