Məhkəmə qərarları › İş №e-2(005)-1916/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1916/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1916/2025 16.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X1 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 fevral 2022-ci il tarixli kredit müqaviləsinə əsasən Samsung-4955-123 SM android markalı televizor üçün 1562 (min beş yüz altmış iki) manat əsas borc, gecikdirilmiş borca görə hesablanmış 12 ay faiz borcundan 1710 (min yeddi yüz on) manat, 01 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən isə 12 ədəd 0,5 litr Barbaros markalı araq, 6 ədəd 1 litr Barbaros markalı araq , 9 ədəd 0,7 litr Barbaros markalı araq üçün 231 (iki yüz otuz bir) manat əsas borc, gecikdirilmiş borca görə hesablanmış 12 ay faiz borcundan 252 (iki yüz əlli iki) manat və ödənilmiş 57.55 (əlli yeddi manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu, ümumilikdə isə 3812,55 (üç min səkkiz yüz on iki manat əlli beş qəpik) manat pul məbləğinin Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, ümumi qiyməti 1704,02 (min yüz dörd manat iki qəpik) manat dəyərində olan bir ədəd Samsung - 4955-123 SM android markalı televizor, 01 aprel 2022-ci tarixli kredit müqaviləsinə əsasən isə cavabdehə ümumi qiyməti 231 (iki yüz otuz bir) manat dəyərində olan 12 ədəd 0,5 litr Barbaros markalı araq, 6 ədəd 1 litr Barbaros markalı araq, 9 ədəd 0,7 litr Barbaros markalı araq ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15.39 (on beş manat, 39 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh alınmış malın dəyərindən asılı olaraq 27 fevral 2022-ci il tarixli kredit müqaviləsinin qüvvədə olma müddətində hər ay 142 manat, 01 aprel 2022-ci il tarixli kredit müqaviləsinə əsasən isə 1 ay ərzində 231 manat ödəməyi,borcu gecikdirdiyi halda isə gecikdirdiyi hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i məbləğində cərimə məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək 27 fevral 2022-ci il tarixli kredit müqaviləsinə əsas borcundan 27 fevral 2022-ci ildə 142,02 manat ödədikdən sonra mağazaya qalan borcunu bu günə kimi ödəməmişdir. 01 aprel 2022-ci tarixli kredit müqaviləsinə əsasən isə heç bir ödəmə etməmişdir. Bununla da alqısatqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdehə dəfələrlə İddiaçı MMC(«Texnoqaleriya» mağazası) tərəfindən telefon zəngləri ilə xəbərdarlıq edilməsinə baxmayaraq o,mağazaya olan borcunu ödəməkdən yayınır və ümumiyyətlə mağazaya heç bir məlumat vermir. Nəticədə mağazanın fəaliyyətinə ciddi ziyan vurmuşdur. İddiaçı ilə cavabdehin arasında bağlanmış müqavilənin 2.3.4-cü bəndinə əsasən “Alıcı” satılan əşyanın qiymətinin müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğin 0.3 %-i dəyərində cərimə məbləği hesablanacaqdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Beləliklə, ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 27 fevral 2022-ci il tarixli kredit müqaviləsinə əsasən Samsung-4955-123 SM android markalı televizor üçün qalıq borcu 1562 (min beş yüz altmış iki) manat və müqavilənin şərtlərinə görə gecikdirilmiş borca görə hesablanmış 35 ay faiz borcundan 4962 (dörd min doqquz altmış iki) manat, ümumilikdə 6524 (altı min beş yüz iyirmi dörd) manat borc yaranmışdır. 01 aprel 2022-ci tarixli kredit müqaviləsinə əsasən isə 12 ədəd 0,5 litr Barbaros markalı araq , 6 ədəd 1 litr Barbaros markalı araq , 9 ədəd 0,7 litr Barbaros markalı araq üçün isə qalıq borcu 231 (iki yüz otuz bir) manat və müqavilənin şərtlərinə görə gecikdirilmiş borca görə hesablanmış 34 ay faiz borcundan711 (yeddi yüz on bir) manat, ümumilikdə isə 942 (doqquz yüz qırx iki) manat borc yaranmışdır. Hesablanmış dəbbə pulunun yalnız bir ilini tələb etdiklərindən faktiki borc 27 fevral 2022-ci il tarixli kredit müqaviləsinə əsasən Samsung - 4955-123 SM android markalı televizor üçün 1710 (min yeddi yüz on) manat, 01 aprel 2022-ci tarixli kredit müqaviləsinə əsasən isə 12 ədəd 0,5 litr Barbaros markalı araq , 6 ədəd 1 litr Barbaros markalı araq , 9 ədəd 0,7litr Barbaros markalı araq üçün isə 252 (iki yüz əlli iki) manat təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 142,02 manat təşkil edir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Samsung-4955-123 SM android markalı televizor, 01.4.2022-ci il tarixli müqaviləyə əsasən 12 ədəd 0,5 litr Barbaros markalı araq, 6 ədəd 1 litr Barbaros markalı araq , 9 ədəd 0,7 litr Barbaros markalı araq Cavabdeh satılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdehin 1562 AZN əsas, 1710 AZN cərimə, cəmi 3272 AZN, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdehin İddiaçı MMC -yə 231 AZN əsas, 252 AZN cərimə, cəmi 483 AZN borcu yaranmışdır. İş materialında olan xx.xx.2023-cü il tarixli İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq bildirişindən görünür ki, iki kredit müqaviləsi üzrə 1793 manat əsas, 2048 manat cərimə məbləği, ümumilikdə 3841 manat borcu yaranmışdır. Borcun ödənilməsinin 7 (yeddi) iş günü müddətində təmin edilməsi tələb olunmuş, əks təqdirdə iddiaçı tərəfindən müqavilə üzrə əsas borcun, cərimənin ödənilməsi tələbinə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən borc məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və xx.xx.2025-cü il tarixə cavabdehin iddiaçıya olan borcunu əks etdirən maliyyə və ödəniş cədvəlini əsas götürüb, hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. İddia tələbinin borca görə hesablanmış cərimə ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci tarixli müqavilə üzrə 1710 manat cərimə borcu əsas borca mütənasib olmadığından 100 manat, xx.xx.2022-ci tarixli müqavilə üzrə 252 manat cərimə borcu əsas borca mütənasib olmadığından 10 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 57,55 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1562 manat ödənilməmiş hissə, 100 manat cərimə borcu, ümumilikdə 1662 manat borc, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 231 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu, ümumilikdə 241 manat və 57,55 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1562 manat ödənilməmiş hissə, 100 manat cərimə borcu, ümumilikdə 1662 manat borc, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 231 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu, ümumilikdə 241 manat və 57,55 manat ödənilmiş dövlət rüsumu İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar