Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1925/2024 10.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 746.32 manat əsas, 15.04 manat faiz borcu, cəmi 761.36 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 şəxsi (istehlak) məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 3000 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında xx.xx.2019-cu il tarixli, ******* saylı krеdit müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən, X2 xx.xx.2024-cü il tarixinə əsas borcu 746.32 manat, faiz borcu 15.04 manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ-İİ №213889 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə etdikləri məlumata əsasən X2 vəfatından sonra Bakı şəhəri 21 saylı Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın xx.xx.2024-cü il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq, xx.xx.2022-ci il tarixində vərəsəlik işi açılmışdır və X2 vərəsəsi – ünvan 1 ünvanında qeydiyyata olan Cavabdehdır. Bоrcun ödənilməsi tələbi ilə cavabdehin vərəsəsinə dəfələrlə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, X2 vərəsəsi Cavabdeh bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehin vərəsəsinə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubu da cavabsız qalmışdır. xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsi üzrə borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununlа dа cavabdehin vərəsəsindən krеdit müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаzırdа cavabdehin “Аzər-Türk Bаnk” Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 761.36 manat təşkil еdir ki, bu bоrcun dа cavabdehin vərəsəsi tərəfindən ödənilməsi təmin еdilməlidir. İddiaçı “Аzər-Türk Bаnk” Аçıq Səhmdаr Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2019-cu il tarixli, ******* saylı müqavilənin surətindən görünür ki, “borc verən” İddiaçı ASC “borc alan” X3 36 ay müddətinə, xx.xx.2021-ci il tarixinədək illik 22% faiz ödəmək şərtilə 3000 manat məbləğində pul borc verir, “borc alan” isə krediti faizləri ilə birlikdə “borc verənə” qaytarmağı öhdəsinə götürür; - Kassa məxaric orderinin surətindən görünür ki, X3 ******* saylı kredit müqaviləsi üzrə 2970 manat pul verilmişdir; - Maliyyə arayışının surətindən görünür ki, X2 ******* saylı müqavilə üzrə əsas borcu 746,32 manat, faiz borcu 15,04 manat olmaqla, cəmi borcu 761,36 manat təşkil edir; - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixində vəfat etmişdir; - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixində vəfat etmiş X2 vərəsəsi: ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası "xxxx" QSC-də kollektiv müqavilədə qeyd edilmiş maddi yardım 2360 manat pul məbləğindən ibarətdir; - "xxxx" QSC-nin 1501 saylı, xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və X1 İttifaqı arasında bağlanmış Kollektiv müqavilənin 11-ci kompensasiyalar, əlavə güzəştlər, metropoliten işçilərinin və onların ailə üzvlərinin sosial müdafiəsinin təminatları maddəsinin 11.4.1-ci bəndinə əsasən ("xxxx" QSC-nin işçiləri vəfat etdikdə dəfn mərasimlərinin təşkil edilməsi məqsədi ilə qohumlarına ölüm tarixinə qüvvədə olan minimum əmək haqqının 10 (on) misli miqdarında maddi yardım göstərilməsi) istismar vəsaiti hesabına Elektromexanika xidmətinin çilingəri X2 vərəsələrinə 3000 manat maliyyə vəsaiti ayrılması və bu əmrə əlavə edilmiş bank rekvizitlərinə müvafiq olaraq ödənilməsi qərara alınmışdır; - İddiaçı ASC tərəfindən X2 vərəsəsi Cavabdeh ünvanlanmış xx.xx.2024-ci il tarixli bildirişin surətindən görünür ki, o, borcun olması, onun 5 iş günü ərzində ödənilməsi və əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 ilə iddiaçı arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinə əsasən İddiaçı ASC X3 3000 manat məbləğində kredit verməyi, “borcalan” isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilə üzrə “borcalan” X2 ölümü ilə əlaqədar vərəsəlik işi açılmış və iş üzrə cavabdeh olan Cavabdeh (arvadı) onun vərəsəsi kimi, mərhumun işlədiyi "xxxx" QSC-də kollektiv müqavilədə qeyd edilmiş maddi yardımı-2360 manat pulu almışdır. Hazırda iddiaçı borclunun öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək mərhum X2 vərəsəsi Cavabdeh əsas borca görə 746,32 manat, faiz borcuna görə 15,04 manat olmaqla, cəmi 761,36 manat pulun tutulmasını xahiş edir. Qeyd edilməlidir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə uyğun olaraq, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorların mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin 1152-ci maddəsinə görə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir. Hazırki mülki iş materiallarından isə görünür ki, vərəsəyə keçən əmlak mərhumun işlədiyi müəssisə tərəfindən onun dəfn mərasiminin təşkil edilməsi məqsədi ilə qohumlarına ölüm tarixinə qüvvədə olan minimum əmək haqqının 10 misli miqdarında maddi yardım göstərilməsi əsası ilə ödənilmiş olan vəsaitdir. Bu vəsait "xxxx" QSC-nin əməkdaşlarının (işçilərinin) və onların ailə üzvlərinin sosial müdafiəsinin təminatlarının təmin edilməsi məqsədilə, onların sosial müdafiəsinin yaxşılaşdırılmasına yönələn bir vəsaitdir. Qeyd edilən birdəfəlik ödənişin onların miras əmlakı olaraq dəyərləndirilməsi vərəsəlik institutunun hüquqi təbiətinə və mahiyyətinə zidd olardı. Göründüyü kimi, birdəfəlik ödəmə metropoliten əməkdaşının ölümü ilə əlaqədar onun ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz. Bu səbəbdən qurumun əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması çərçivəsində görülən əlavə tədbirlərin, xüsusilə birdəfəlik ödəmənin vərəsəlik hüquq münasibətləri ilə əlaqələndirilməsi vərəsəlik institutunun mahiyyətinə ziddir. Oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, sığorta ödənişi hər bir halda sığortaolunanın ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmişdir. Dövlət tərəfindən verilən on bir min manat məbləğində birdəfəlik ödənişin hüquqi təyinat və məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının birgə təsərrüfat şəraitində yaşadıqları ailə üzvlərinin məhrum olduqları mənəvi və maddi zərərin qismən də olsa azaldılmasıdır. Əks yanaşma, yəni hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları üçün nəzərdə tutulan birdəfəlik ödənişin onların miras əmlakı olaraq dəyərləndirilməsi vərəsəlik institutunun hüquqi təbiətinə və mahiyyətinə zidd olardı (“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərar). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 dəfn mərasimlərinin təşkili məqsədilə ailə üzvlərinə yardım kimi verilmiş və qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamə ilə hazırki mülki iş üzrə cavabdeh-vərəsəyə keçmiş 2360 manat məbləğində pul vəsaiti hazırki iddia ərizəsi üzrə tələbin yönəldilə biləcəyi miras əmlak hesab edilə bilmədiyindən iddia tələbi təmin edilə bilməz. Belə ki, hazırki mülki iş üzrə vərəsənin mülkiyyətinə borc tələbinin yönəldilə biləcəyi miras əmlakın keçdiyini təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-1925/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1925/2024
10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver