Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1927/2023 05.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı LPO "xxxx" QSC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı pul kredit müqaviləsi üzrə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" KB QSC Cavabdeh pul kredit müqaviləsi üzrə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1xx/xx/11456/13 saylı kredit müqaviləsi üzrə cavabdehdən 5886,04 manat məbləğində əsas borc, 497,85 manat məbləğində faiz borcu, 4112,07 manat məbləğində cərimə borcu, 2066,40 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 12562,36 manat məbləğində pulun, 127,69 manat dövlət rüsumunun LPO "xxxx" KB QSC-nin xeyrinə tutulması, tutmanın LPO "xxxx" KB QSC qarşısında ipoteka ilə yüklü edilmiş “Lexus GS-300” markalı, **-VZ-*** dövlət nömrə nişanlı (hazırkı nömrəsi **-RM-***) avtomobilə (il 2005, rəngi qara, Ban JTHBG96S8********) yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, LPO "xxxx" KB QSC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/11456/13 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 20 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 15600 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus olan “Lexus GS-300” markalı, **-VZ-*** dövlət nömrə nişanlı (hazırkı nömrəsi **-RM-***) avtomobil (il 2005, rəngi qara, Ban JTHBG96S8********) bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 5886,04 manat məbləğində əsas borc, 497,85 manat məbləğində faiz borcu, 4112,07 manat məbləğində cərimə borcu, 2066,40 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 12562,36 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Bundan başqa, bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1xx/xx/11456/13 saylı ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı LPO "xxxx" QSC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək, iddia müddəti tətbiq edilməklə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Lexus GS 300” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmış və ipoteka ilə yüklü edilmişdir; xx.xx.2013-cü il tarixli, 1xx/xx/11456/13 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" KB QSC tərəfindən Cavabdeh 36 ay müddətinə, yəni xx.xx.2016-cı il tarixədək 15600 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faiz ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür; xx.xx.2013-cü il tarixli, 1xx/xx/11456/13 saylı İpoteka müqaviləsinin surətindən görünür ki, "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1xx/xx/11456/13 saylı kredit müqaviləsinə müvafiq olaraq "xxxx" KB QSC Cavabdeh 36 ay müddətinə avtomobilin alınması məqsədilə kreditdən istifadəyə görə illik 20% ödəməsi şərtilə 15600 manat məbləğində kredit verilmiş və bank kreditdən istifadəyə görə faizləri hər ayın sonuncu iş günü, lakin ayın 7-dən gec olmayaraq, kredit müqaviləsi və ona əlavələrdə müəyyən edilmiş qaydada banka ödənilməlidir; "xxxx" KB QSC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 1xx/xx/11456/13 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarışından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2013cü il tarixli, 1xx/xx/11456/13 saylı kredit müqaviləsi üzrə son ödəniş xx.xx.2015-ci il tarixdə edilmiş; İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən verilmiş xx.xx.2013-cü il tarixli, AA seriyalı, 077453 nömrəli çıxarışdan görünür ki, “Lexus GS 300” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN-nin BDYPİ-də qeydiyyatdan keçmişdir; Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Lexus GS 300” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2013-cü il tarixdə "xxxx" KB QSC-nin 8-ci filialının xeyrinə yüklü edilmişdir. Həmin avtomobilə xx.xx.2014-cü il tarixdə mülkiyyətçisi dəyişdirilmədən **-UX-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq AC086903 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. “Lexus GS 300” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı ilə Cavabdeh adında qeydiyyatda olmaqla, "xxxx" KB QSC-nin 8-ci filialında girovdadır; Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, **- RM-*** dövlət qeydiyyat nişanı Ban nömrəsi: JTHBG96S855003822 olan “Lexus GS 300” markalı nəqliyyat vasitəsinə deyil, Ban nömrəsi: JTHBG96S975046424 olan “Lexus GS 300” markalı nəqliyyat vasitəsinə təhkim edilmişdir. Sözügedən nəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixdə X2 adına qeydiyyatdadır; xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli 1xx/xx/11456/13 saylı kredit müqaviləsinə əsasən LPO "xxxx" KB QSC-yə xx.xx.2023-cü il tarixə 5886,04 manat məbləğində əsas borc, 497,85 manat məbləğində faiz borcu, 4112,07 manat məbləğində cərimə borcu, 2066,40 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 12562,36 manat məbləğində borcu yaranmışdır; Bank tərəfindən Cavabdeh göndərilmiş bildirişdən görünür ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün borcunun olması, 3 gün müddətində ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi barədə xəbərdar edilmişdir. Beləliklə, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edildi ki, iddiaçı LPO "xxxx" KB QSC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 20% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 15600 manat məbləğində kredit verilmişdir. Bağlanmış ipoteka müqaviləsinin şərtlərinə görə mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan “Lexus GS-300” markalı, **-VZ-*** dövlət nömrə nişanlı avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuş, bununla da, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, bank tərəfindən öhdəliyin icra müddəti xx.xx.2016-cı il tarixə kimi müəyyən edilmişdir. İddiaçı LPO "xxxx" KB QSC xx.xx.2013-cü il tarixli 1xx/xx/11456/13 saylı müqavilə üzrə məhkəməyə öhdəliyin icrası müddətindən 3 (üç) ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə müraciət etmiş, müqavilənin özündə də, iddia müddəti ilə əlaqədar başqa hal nəzərdə tutulmamış, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı LPO "xxxx" KB QSC tərəfindən iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Hazırki iddia tələbi üzrə tərəflər arasında müqavilə münasibətləri mövcuddur. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İşin faktiki hallarından da görünür ki, iddia müddətinin axımı xx.xx.2016-cı il tarixdən başlamış, lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 3 (üç) illik iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verməkdə davam edərək bildirir ki, iddia tələbi xx.xx.2013-cü il tarixli, 1xx/xx/11456/13 saylı kredit müqaviləsi üzrə pulun tutulması hissəsində iddia müddətini tətbiq edilməklə rədd edilməsi qənaətinə gəldiyindən, iddia tələbi digər hissələrdə də təmin edilməməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı pul kredit müqaviləsi üzrə tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rusumu iddiaçıya aid edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı pul kredit müqaviləsi üzrə tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2(005)-1927/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1927/2023
05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver