Məhkəmə qərarları › İş №e-2(005)-194/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-194/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-194/2025 05.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 10010.13 ABŞ dolları-bundan 3891.78 ABŞ dolları əsas, 1475 ABŞ dolları faiz, 4101.73 ABŞ dolları cərimə, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 541.62 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 141.05 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sabunçu filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən şəxsi istehlak məqsədilə cavabdehə illik 26 % dərəcəsi ilə, 36 ay müddətinə 11640 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ********* nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borc alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 8675.44 ABŞ dolları müəyyən edilmişdir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək müəyyənləşdirilmişdi. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 saylı, xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı olan 11511.06 ABŞ dolları borcu restrukturizasiya edilmişdir. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kreditor tərəfindən 1 USD=1.40 manat məzənnəsi əsas götürülməklə qəbul edilmişdir. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu Müqaviləyə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. xx.xx.2024-cü il tarixə Cavabdeh2 cəmi borcu 10010.13 ABŞ dolları təşkil edir. Bundan 3891.78 ABŞ dolları əsas, 1475 ABŞ dolları faiz, 4101.73 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 541.62 ABŞ dolları faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia ərizəsinə xx.xx.2024-cü il tarixli **********309 saylı maliyyə arayışı əlavə edilmişdir ki, həmin maliyyə arayışının qalıq əsas, faiz, cərimə borcunun hansı dövrü əhatə etməsini, faiz və cərimə borcunun hansı qaydada hesablanması qeyri-müəyyəndir. Hazırki mərhələdə qalıq əsas, faiz və cərimə borcunun yaranma əsasları müəyyən edilməli, buna uyğun olaraq hesablanmış borc məbləğinin həqiqəti əks etdirib-etdirməməsi araşdırılmalıdır. Ən azından hazırki iş üzrə kredit müqaviləsinin imzalandığı tarixdən (xx.xx.2014-cü il) hazırki iddia ərizəsi tərtib edilənə kimi verilmiş kredit məbləği və həmin kredit məbləği üzrə cavabdeh tərəfindən hər ay hansı məbləğdə ödənişlərin aparılması, ödənişlərin silinmə ardıcıllığı, ümumilikdə əsas, faiz və cərimə borcu məbləğindən hazırki tarixə kimi ümumilikdə hansı məbləğdə ödənişlərin aparılmasını əks etdirən açıqlamalı arayış təqdim edilməsi qalıq borc məbləğinin həqiqəti əks etdirib-etdirməməsi dəqiqləşdirilə bilər. Nəzərə alınmalıdır ki, xx.xx.2014-cü il tarixli ********* saylı Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixində və xx.xx.2017-ci il tarixində Əlavə Sazişlər imzalanmışdır. Kredit müqaviləsində və Sazişlərin hər birində əsas borc məbləği fərqli müəyyən edilmiş, eyni zamanda xx.xx.2017-ci il tarixli Əlavə Saziş 2 əsasında kredit müqaviləsi üzrə hesablanacaq faiz dərəcəsinin həcmi 8 % müəyyən edilmişdir. Ümumilikdə xx.xx.2017-ci il tarixli Saziş üzrə qalıq əsas borc məbləği və ona hesablanacaq faiz və cərimə borcaları üzrə hazırki iddia tələbi irəli sürülürsə bu zaman nəzərə alınmalıdır ki, həmin Saziş üzrə əsas borc məbləği 7990,09 ABŞ dolları, faiz borcu isə 2980,04 ABŞ dolları, ABŞ dolları isə 1,40 manat olaraq müəyyən edilmişdir. İş materiallarına da əlavə edilmiş ödəniş qrafıkindən bəlli olur ki, qalıq 7990,09 ABŞ dolları məbləğinə münasibətdə illik 8 % faiz dərəcəsinin hesablanması, aylıq ödəniş məbləği isə 195,06 ABŞ dolları olaraq müəyyən edilmişdir. Sazişin 1.1 -ci bəndinin ikinci cümləsinə əsasən 1 ABŞ dolları 1,40 manat dolları məbləğində müəyyən edildiyindən və aylıq ödəniş məbləği 195,06 ABŞ dolları razılaşdırıldığından həmin xarici valyutatının milli valyutaya münasibəti 195,06 ABŞ dolları x 1,40 manat = 273,08 manat (aylıq ödəniş məbləğinin manatin məzənnəsinə nisbəti) olaraq müəyyən edilir. İddiaçıdan hansı səbəbdən həm milli valyutadan həm də xarici valyutada hesabdan çıxarış təqdim etdiyi bəlli olmasa da, iş materiallarına əlavə edilmiş 21-70252159-27 saylı cari hesab çıxarışından bəlli olur ki, cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixində 300 manat, xx.xx.2017-ci il tarixində 300 manat, xx.xx.2017-ci il tarixində 300 manat məbləğində ödənişlər həyata keçirilmişdir. Həmin çıxarış xx.xx.2017-ci il tarixindən başlayır, amma halbuki Saziş xx.xx.2017-ci il tarixində imzalanmışdır və ondan əvvəlki 3 aylıq (2017-ci ilin iyun, iyul və avqust ayları üzrə) dövr həmin hesabdan çıxarışda əks olunmamışdır. Baxmayaraq ki, həmin hesabdan çıxarışda tarix aralığı xx.xx.2016 və xx.xx.2019 olaraq müəyyən edilmişdir. Hesabın açılma tarixi xx.xx.2017-ci il tarixi müəyyən edilmişdir ki, həmin tarixin hansı əsasla müəyyən edilməsi qeyri-müəyyəndir. Faktiki olaraq Sazişə əsasən hesablanma aparılsa o zaman cari hesabın açılışı xx.xx.2017-ci ildən deyil xx.xx.2017-ci il tarixdən təqdim edilməli idi. Davamında iddiaçı tərəfindən iddia ərizəsinə xx.xx.2016-xx.xx.2019-cu il tarix aralığını əhatə edən və hesabın açılma tarixi xx.xx.2017-ci il olaraq göstərilmiş 21-70252159-25 saylı xarici valyutada cari hesabından çıxarış əlavə edilmişdir. Həmin hesabdan çıxarışdan bəlli olur ki, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixində 164 USD, xx.xx.2018-ci il tarixində isə 165 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmiş və kurs 1,7001 olaraq müəyyən edilmiş və buna uyğun silinmə həyata keçirilmişdir. Halbuki bu xx.xx.2017-ci il tarixli Əlavə 2 Sazişin 1.1-ci bəndi ilə uyğunsuzluq təşkil edir. Çünkü həmin Sazişlə 1 ABŞ dolları = 1,40 manat olaraq müəyyən edilib. Bundan başqa iddia ərizəsinə iddiaçı tərəfindən əlavə edilmiş 21-70252159-30 saylı hesabdan çıxarışdan bəlli olur ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixinə qalıq borcu 3867,08 ABŞ dolları , xx.xx.2019-cu il tarixli 21-70252159-9 saylı hesabdan çıxarışa əsasən isə qalıq borcu xx.xx.2021-ci il tarixinə 3891,78 USD, xx.xx.2019-cu il tarixli hesab üzrə xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinə kimi qalıq borc məbləği 3298,34 ABŞ dolları olaraq müəyyən edilir. Bu isə faktiki olaraq borc məbləğlərinin arasında fərqin mövcud olmasını ehtiva edir. İddia tələbi hər nə qədər əsas borc məbləğinə münasibətdə 3891 ABŞ dolları olsa da, həmin çıxarışların mövcudluğu faktiki olaraq çaşqınlıq yaratmaqla bərabər ona hesablanması nəzərdə tutulan faiz və cərimə borcuna münasibətdə uyğunsuzluğun yaranmasına səbəb verə bilər. Məlumdur ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 №-li Fərmanının icrası məqsədi ilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən xx.xx.2019-cu il tarixində “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexaniziminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Hazırda həmin qaydalar hansısa formada ləğv edilməmiş və qüvvədədir. Həmin qaydaların hazırki iş üzrə əhəmiyyəti aşağıdakılardan ibarətdir: a) İş materiallarına əlavə edilmiş 21-70252159-47 saylı kompensasiya ödənişləri üzrə cari hesabdan bəlli olur ki, xx.xx.2019-cu il tarixində “Fərmana əsasən kompensasiya ödənişi” qeydi göstərilməklə Cavabdeh2 hesabı üzrə 4656,76 manat məbləğində ödəniş həyata keçirilmişdir. Ödənilmiş məbləğdən 716,02 manat məbləğinin əsas borcdan ödəniş kimi göstərilsə də, 3940,74 manat məbləğində vəsaitin nəzarətdən ödəniş qeydi edilməklə göstərilmişdir. Halbuki nəzarətdən ödəniş dedikdə hansı ödəniş nəzərdə tutulduğu bəlli deyildir. Bunun paralelində iddiaçının təqdim etmiş olduğu hesabdan çıxarış məlumatlarından bəlli olur ki, iddiçı kreditin qaytarılmasında gecikməyə yol verilmiş və ona xarici valyutada kredit olduğundan 4656,76 manat məbləğində kompensasiya məbləği ödənilmişdir. Qaydaların 6.1 -ci maddəsinə əsasən hazırki kredit müqaviləsi üzrə cavabdehə kompensasiya məbləği ödənildikdən sonra qalıq əsas borc məbləği restrukturizasiya olunmalı olduğu halda hansısa səbəbdən həmin kredit üzrə qalıq borc məbləği yenidən rəsmiləşdirilməmişdir. Halbuki məhz Qaydaların 6.1.1 (müqavilə 2014-cü il tarixində imzalanmışdır), 6.1.2 (ümumi qalıq borc məbləği 10 000 ABŞ dolları məbləğini keçməmişdir) və 6.1.3-cü maddəsinin tələbləri (gecikmə günləri 360 günü keçməsi) istisna edilməmişdir. Digər tərəfdən həmin Qaydaların 5.2.2-ci bəndinə əsasən əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatlarının balansında olan əsas kredit borclarına münasibətdə - faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir. b)Hazırki işə münasibətdə iddiaçı qalıq əsas borc məbləğindən əlavə faiz və cərimə borcunun ödənilməsini tələb edir. Tələb edilən faiz borcu müqavilə müddəti üzrə hesablanmış faiz borcu kimi müəyyən edilmiş və 1475 ABŞ dolları həcmindədir. Halbuki xx.xx.2017-ci il tarixli Əlavə Saziş üzrə kredit müqaviləsinin qüvvədə olduğu müddətdə faiz borcu 4 il üçün 1372,88 manat təşkil etməli idi. Bu isə tələb edilən məbləğlə ödəniş qrafikində nəzərdə tutulan faiz borcu ilə eynilik təşkil etməməklə bərabər eyni zamanda Qaydaların 5.2.2-ci bəndinə iddiaçı tərəfindən riayət edilmədiyini, eyni zamanda cavabdeh tərəfindən ödənilmiş ödənişləri nəzərə almamaqla faktiki olaraq faizin üzərinə faiz hesablanmasında özünü ehtiva edir. Kompensasiya məbləğinin 4656,76 manat olduğunu nəzərə alsaq və həmin məbləğin həmin anda Mərkəzi Bankın kursuna əsasən 1 ABŞ dollar = 1,70 manat mant olaraq müəyyən edilməklə 2707,41 ABŞ dolları təşkil etdiyini müəyyən olunur. Bu zaman Qaydaların 5.2.2-ci bəndinə uyğun olaraq balansda olan qalıq faiz borcu və cərimə əsas borc nisbətinə uyğun olaraq tam olaraq silinməli idi. Silinmə nəzərə alınsa və ondan sonraki müddətdən yəni xx.xx.2019-cu il tarixindən (kompensasiya məbləği həmin vaxt ödənilib) xx.xx.2021-ci il tarixinə kimi (müqavilənin bitmə anına kimi) xx.xx.2017-ci il tarixli Əlavə 2 Sazişin şərtlərinə uyğun olaraq əsas borca hesablanmalı faiz borcu hazırki iş üzrə aşağıdaki qaydada olmalı idi: İddia ərizəsində göstərilən əsas borc baxımından qiymətləndirilsə aparılsa bu zaman 3891 ABŞ dollarının xx.xx.2021-ci il tarixinə kimi faiz borcu yalnız 24 ay müddətinə yalnız 332,51 ABŞ dolları təşkil edə bilərdi. xx.xx.2017-ci il tarixli 21-70252159-30 saylı hesab üzrə xx.xx.2019-cu il tarixinə kimi təqdim edilmiş hesabdan çıxarışda göstərilmiş 3867,08 ABŞ dolları qalıq əsas borc məbləğinin faizi 8 faiz hesablanmaqla xx.xx.2021-ci il tarixinə (19 aylıq period üçün) 264,57 ABŞ dolları təşkil edə bilərdi. xx.xx.2019-cu il tarixli 21-70252159-9 saylı hesab üzrə xx.xx.2024-cü il tarixinə kimi təqdim edilmiş hesabdan çıxarışda göstərilmiş 3891 ABŞ dolları qalıq əsas borc məbləğinin faizi 8 faiz hesablanmaqla xx.xx.2024-ci il tarixinə (59 aylıq period üçün) 755,13 ABŞ dolları təşkil edə bilərdi. (Müqavilə müddəti bitdikdən sonra faiz borcu hesablanması yol verilmədiyindən bu hal ümumiyyətlə istisna edilməlidir). Silinmə nəzərə alınsa və ondan sonraki müddətdən yəni xx.xx.2019-cu il tarixindən (kompensasiya məbləği həmin vaxt ödənilib) xx.xx.2021-ci il tarixinə kimi (müqavilənin bitmə anma kimi) xx.xx.2017-ci il tarixli Əlavə 2 Sazişin şərtlərinə uyğun olaraq əsas borca hesablanmalı cərimə borcu hazırki iş üzrə aşağıdaki qaydada olmalı idi: İddia ərizəsində göstərilən əsas borc baxımından qiymətləndirilsə aparılsa bu zaman 3891 ABŞ dollarının xx.xx.2021-ci il tarixinə kimi cərimə borcu yalnız 24 ay müddətinə yalnız 681,37 ABŞ dolları təşkil edə bilərdi. xx.xx.2017-ci il tarixli 21-70252159-30 saylı hesab üzrə xx.xx.2019-cu il tarixinə kimi təqdim edilmiş hesabdan çıxarışda göstərilmiş 3867,08 ABŞ dolları qalıq əsas borc məbləğinin cəriməsi 16 faiz hesablanmaqla xx.xx.2021-ci il tarixinə (19 aylıq period üçün) 536,07 ABŞ dolları təşkil edə bilərdi. xx.xx.2019-cu il tarixli 21-70252159-9 saylı hesab üzrə xx.xx.2024-cü il tarixinə kimi təqdim edilmiş hesabdan çıxarışda göstərilmiş 3891 ABŞ dolları qalıq əsas borc məbləğinin cəriməsi 16 faiz hesablanmaqla xx.xx.2024-ci il tarixinə (19 aylıq period üçün) 1592,22 ABŞ dolları təşkil edə bilərdi (Müqavilə müddəti bitdikdən sonra cərimə borcu hesablanması yol verilmədiyindən bu hal ümumiyyətlə istisna edilməlidir). Ümumiyyətlə hazırki iş üzrə iddiaçı tərəfindən fərqli hesabdan çıxarışlar təqdim edilmiş, həmin hesabdan çıxarışlardan bəlli olur ki, hesablar fərqli tarixlərdə açılmışdır. (xx.xx.2017-ci il tarixli xx.xx.2016-ci ildən xx.xx.2019-cu ilə qədər olan dövrü əhatə edən milli valyutada olan 21- 70252159-27 saylı hesab, xx.xx.2019-cu il tarixli xx.xx.2016-cı ildən xx.xx.2019-cu il tarixinədək milli valyutada olan 21-70252159-47 saylı hesab, xx.xx.2017-ci il tarixli xx.xx.2016-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək olan dövrü əhatə edən 21-70252159-25 xarici vlayutada olan hesab, xx.xx.2017-ci il tarixli xx.xx.2016-cı ildən xx.xx.2019-cu il tarixinədək olan, xarici valyutada olan 21-70252159-33 saylı hesab, xx.xx.2017-ci il tarixli xx.xx.2016-cı ildən xx.xx.2019-cu il tarixinədək xarici valyutada olan 21-70252159-30 saylı hesab, xx.xx.2019-cu il tarixli xx.xx.2019-cu ildən xx.xx.2024-cü il tarixinədək olan dövrü əhatə edən xarici valyutalı 21- 70252159-9 saylı hesab, xx.xx.2019-cu il tarixli xx.xx.2019-cu ildən xx.xx.2024-cü il tarixinədək olan dövrü əhatə edən xarici valyutalı 21-70252159-7saylı hesab). Hər bir hesab üzrə qalıq əsas borc məbləği fərqli göstərildiyindən (xx.xx.2019-cu il tarixli 21- 70252159-7 saylı hesabdan çıxarışda qalıq əsas borc məbləği 3298,34 USD, 21-70252159-9 saylı hesabda qalıq əsas borc məbləği 3891,78 USD, xx.xx.2017-ci il tarixli 21-70252159-30 saylı hesabda qalıq əsas borc məbləği 3867,08 ABŞ dolları və.s müəyyyən edilib), habelə həmin hesabdan çıxarışlarda ödənişlər öz əksini tapmadığından, bundan başqa hesabdan çıxarışlarda faiz və cərimə borcunun günə-gün hesablanması ilə bağlı qaydalar müəyyən edilmədiyindən hazırki iş üzrə iddia tələbinin həcminin dəqiq müəyyən edilməsində anlaşmazlıq yaratmışdır və mövcud qalıq borc məbləği mübahisəlidir. Eyni zamanda iddiaçı tərəfindən istər xx.xx.2017-cü il tarixindən sonra ödənişlər həyata keçirilən zaman silinmənin Sazişdə müəyyən edilmiş məzənnə üzrə silinib-silinməməsi dəqiq ifadə olunmamaqla bərabər hazırki tələb üzrə də həmin məzənnə üzrə tələb edilib-edilməməsi müəyyən olunmur. Bundan başqa təqdim edilmiş maliyyə arayışında tələb edilən faiz və cərimə borcunun hansı müddəti əhatə etməsi, həmin müddətlər üzrə hesablanmasım təsdiq edən təsdiqedici sənədlər mövcud deyildir. Digər tərəfdən iddiaçı iddia ərizəsində 5 % hesablanmaqla 541 ABŞ dolları məbləğində faiz borcu tələb edir və tələb etmə onunla əlaqələndirilir ki, cavabdeh həmin pul vəsaitini vaxtında qaytarmamışdır. Hazırki mərhələdə cavabdehin istər 5 % faiz borcunu, eyni zamanda müqavilə üzrə hesablanmış faiz və cərimə borcunu tələb etməsində cavabdehin məsuliyyət ölçüsü azaldılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsinin məzmununa uyğun izahat verərək borc məbləğinin düzgün hesablanmadığını bildirmiş və iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********** saylı kredit müqaviləsinin və ona olan əlavənin surətindən görünür ki, “Kreditor” “Borcalana” 36 ay müddətinə, illik 26,774 % hesablanmaqla 11640 dollar məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********/ZM saylı zaminlik müqaviləsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi zaminliklə təmin edilir və zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi İddiaçı ASC tərəfindən ayrılmış vəsaitdir; - İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********** saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavə sazişin surətindən görünür ki, bu müqaviləyə əsasən kreditorun borcalana 11640 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 8675,44 ABŞ dolları təşkil edir və kreditin sön ödənmə tarixi xx.xx.2018-ci il tarixinədəkdir; - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, **********/ZM saylı zaminlik müqaviləsinə əlavə sazişin surətindən görünür ki, kreditorun borcalana 11640 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 8675,44 ABŞ dolları təşkil edir və kreditin sön ödənmə tarixi xx.xx.2018-ci il tarixinədəkdir ; - ********* saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli əlavə sazişin surətindən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 11511,6 ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2021-ci il tarixədəkdir; - 170005821/ZM saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli əlavə sazişin surətindən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 11511,6 ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2021-ci il tarixədəkdir; - 05 fevral 2024-cü il tarixli bildirişə əsasən LPO İddiaçı ASC tərəfindən borclular borcunun olması və onun tam şəkildə ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər; - 23 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 24 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc 3891,78 ABŞ dolları, faiz borcu 1475 ABŞ dolları, cərimə borcu 4101,73 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 541,62 ABŞ dolları, ümumi borc 10010,13 ABŞ dolları təşkil edir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5416 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli, 17005821 saylı kredit müqaviləsinin şərtləri üzrə xx.xx.2019-cu il tarixə əsas borc 6621,78 ABŞ dolları, faiz borcu üzrə 516,5 ABŞ dolları, xx.xx.2021-ci il tarixə əsas borc 3295,52 ABŞ dolları, faiz borcu üzrə 1174,77 ABŞ dolları, xx.xx.2024-cü il tarixə əsas borc 3295,52 ABŞ dolları, faiz borcu üzrə 1174,77 ABŞ dolları, əldən çıxmış fayda üzrə illik 5% hesablanmaqla 451,76 ABŞ dolları müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat təşkil edir; - Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanı çərçivəsində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan banklarda maliyyə bazarlarına nəzarət orqanının xx.xx.2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na əsasən restrukturizasiya əməliyyatlarının həyata keçirilməsi təmin edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının elektron məlumat bazasında (elektron portal) ərizənizdə qeyd olunan borc öhdəliyinin restrukturizasiyasına dair məlumatlar aşkar edilmədiyindən müvafiq restrukturizasiya tədbirlərinin aparılması mümkün deyildir. Elektron portal ilə əlaqədar əlavə suallar yaranacağı təqdirdə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edilməsi tövsiyə edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. LPO İddiaçı ASC borcalan Cavabdeh2 kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin qeyd edilən öhdəlik Cavabdeh1 ilə bağlanan zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zamin Cavabdeh1 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdir. Hazırda iddiaçı öhdəliyin icra edilməməsinə istinad edərək, borcun məhkəmə qaydasında cavabdehlərdən tutulmasını xahiş edir. Əsas borclu olan Cavabdeh2 isə borc məbləğinin düzgün hesablanmadığına istinad edərək iddiaya etiraz edir. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsaslarından birini təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etsə də, qarşı tərəf müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən borc alan Cavabdeh2 risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Əsas və faiz borcunun məbləğinə gəlincə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5416 saylı, xx.xx.2024cü il tarixli rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli, 17005821 saylı kredit müqaviləsinin şərtləri üzrə xx.xx.2019-cu il tarixə əsas borc 6621,78 ABŞ dolları, faiz borcu üzrə 516,5 ABŞ dolları, xx.xx.2021-ci il tarixə əsas borc 3295,52 ABŞ dolları, faiz borcu üzrə 1174,77 ABŞ dolları, xx.xx.2024-cü il tarixə əsas borc 3295,52 ABŞ dolları, faiz borcu üzrə 1174,77 ABŞ dolları, əldən çıxmış fayda üzrə illik 5% hesablanmaqla 451,76 ABŞ dolları müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ödənilmiş məbləğlər nəzərə alınmaqla əsas borca görə ekpert rəyinə uyğun olaraq 3295,52 ABŞ dolları və müqavilənin bitdiyi tarixə hesablanmış faiz borcuna görə 1174,77 ABŞ dolları məbləğində pul Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehin etirazı ilə əlaqədar məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Məhkəmə cavabdehdən tələb olunan cərimə borcuna münasibətdə qeyd edir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Mülki Məcəllənin 462.1 və 462.3-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq 150 ABŞ dolları məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Bundan başqa, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Borcalan-cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödənilməsini gecikdirdiyindən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Hazırki iş üzrə ekspert rəyində illik beş faiz ilə hesablanmış faiz borcunun 451,76 ABŞ dolları olduğu müəyyən edildiyindən iddia tələbi də məhz həmin hissədə təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. İddia tələbinin zaminə yönəldilməsi hissəsi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinin məzmununa uyğun olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində müəyyən edilmişdir. Mülki Məcəllənin 477.0.1 və 477.0.4-cü maddələrinə görə, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminliyə xitam verilməsi ilə bağlı qeyd olunmalıdır ki, zaminlik kreditorla zamin arasında bağlanan müstəqil müqavilədir və bu müqaviləyə görə, zamin, əsas borclunun öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə həmin öhdəliyi özünün icra edəcəyi barədə kreditora şəxsi təminat verir. Zaminlik müqaviləsinin mühüm əlamətlərindən biri də ondan ibarətdir ki, zamin bir qayda olaraq əvəzsiz şəkildə kreditor qarşısında öhdəlik götürür. Bu müqavilə ilə kreditor, adətən zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən, qanunverici, zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması, qeyri-müəyyən müddətə məsuliyyət daşımasının qarşısının alınması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Bunlara zaminliyin özünün etibarsızlığına dair müdafiə imkanları, onun növünə görə mübahisələr, zaminliyə xitam verilməsi əsasları və s. aiddir. Zaminliyin qanuni təminatlarından biri də onun konkret müddətə bağlı olmasıdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyində zaminliyin mövcudluğu müddətlərinin yuxarı həddi dəqiq müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, zaminin məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktının müəyyən edilməsi zamanı tərəflərin qanuni maraqlarının nəzərə alınması zəruridir. Məhkəmələr nəzərə almalıdırlar ki, qeyd edilən normanın məqsədi zaminliyin xitamı üçün əsassız üstünlük imkanının yaradılması deyil, əsas öhdəliyin əlverişsiz dəyişikliklərindən zaminə hüquqi müdafiə imkanının yaradılmasıdır. Hazırki mülki iş materiallarından görünür ki, kreditor ilə borc alan arasında xx.xx.2014-cü il tarixli müqavilənin müddəti tərəflər arasında bağlanmış əlavə saziş ilə xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Zaminlik isə həmin tarixdən sonra 1 il, yəni xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. İddiaçı məhkəməyə hazırkı iddia tələbi ilə xx.xx.2024-cü ildə, zaminlik xitam olunduqdan sonra müraciət etdiyindən, borcun zamin Cavabdeh1 münasibətdə tələb edilməsi mülki qanunvericiliyin zaminliklə bağlı münasibətləri tənzimləyən normaları ilə ziddiyyət təşkil edir. Beləliklə, zamin xx.xx.2022-ci il tarixdən kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmışdır və həmin müqavilə üzrə yaranmış öhdəliklərə görə məsuliyyət daşıya bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1ov oğlundan kredit müqaviləsi üzrə borcun tutulması hissəsində əsassız olduğundan həmin hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 3295,52 ABŞ dolları əsas borc, 1174,77 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 451,76 ABŞ dolları faiz borcu, 150 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 5072,05 ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 141,05 manat pulun 71 manatı tutularaq LPO İddiaçı ASC-yə ödənilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 51 manatı Cavabdeh2, 49 manatı isə iddiaçı LPO İddiaçı ASC-dən tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 3295,52 ABŞ dolları əsas borc, 1174,77 ABŞ dolları faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 451,76 ABŞ dolları faiz borcu, 150 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 5072,05 (beş min yetmiş iki dollar, beş sent) ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 141,05 manat pulun 71 (yetmiş bir) manatı tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat pulun 51 (əlli bir) manatı Cavabdeh2, 49 (qırx doqquz) manatı isə iddiaçı LPO İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X1, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaadılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar