Məhkəmə qərarları › İş №e-2(005)-1944/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1944/2023

10.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1944/2023 10.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-84/2016 saylı, 28 iyun 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək, Cavabdeh Mirzəli oğlundan birgə nikahdan olmuş 29 oktyabr 2011-ci il təvəllüdlü X4 və 22 dekabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 220 manat olmaqla, ümumilikdə 440 manat alimentin və Mediasiya Təşkilatına ödənilmiş 51 manat məbləğində rüsumun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(025)-1351/2015 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş, birgə nikahlarından olan uşaqları 29 oktyabr 2011-ci il təvəllüdlü X4 və 22 dekabr 2013-cü il təvəllüdlü X3 onun himayəsində saxlanılması müəyyən olunmuş və onların yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər ay Cavabdeh Mirzəli oğlundan hər uşaq üçün 50 manat olmaqla 100 manat miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(025)-1351/2015 nömrəli qətnaməsindən Cavabdeh Mirzəli oğlu apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-84/2016 saylı, 28 iyun 2016-cı il tarixli qətnaməsinə əsasən Qəbələ Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni 29 oktyabr 2011-ci ildə anadan olmuş X4 və 22 dekabr 2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Mirzəli oğlundan hər ay sabit pul məbləğində 100 manat (uşaqların hər biri üçün 50 manat olmaqla) aliment alınaraq ona verilməsi hissəsində ləğv edilərək və həmin hissədə yeni qətnamə qəbul edilərək, 29 oktyabr 2011-ci ildə anadan olmuş X4 və 22 dekabr 2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması məqsədilə Cavabdeh Mirzəli oğlundan hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin alınaraq Adıgözəlova (Abubəkirova) Gözəl Əlisahib qızına verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-84/2016 saylı, 28 iyun 2016-cı il tarixli qətnaməsindən Cavabdeh Mirzəli oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin dövrdən indiyədək azyaşlı övladları Əli və Bəşir onun himayəsindədir və o uşaqları ilə birlikdə Qəbələ rayonunda yaşayır. Qeyd olunan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-84/2016 saylı, 28 iyun 2016-cı il tarixli qətnaməsi ilə Əli və Bəşirin yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş sabit pul məbləğində olan alimentin dəyişdirilərək Cavabdeh Mirzəli oğlundan hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında müəyyən edilməsi reallıqda mühüm çətinliklər yaradır. Belə ki, alimentin hesablanması və nəticədə ödənilməsi cavabdehin əlilliyi olmasına görə, rəsmi iş yeri və gəlirinin aşkar edilmədiyindən mümkünsüz olur. Hazırda da Nərimanov rayon icra şöbəsində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-84/2016 saylı, 28 iyun 2016-cı il tarixli icra vərəqəsində qeyd olunan məbləğ göstərilmədən, alimentin borclunun hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsindən tutularaq ona verilməsində problemlər yaranmış, dəfələrlə yuxarı orqanlara şikayət etməsinə baxmayaraq, hələ də aliment ödənişi cavabdehdən tutularaq ona verilmir, ödənilməmənin səbəbi kimi konkret aliment məbləğinin göstərilməməsi hesab edilmişdir. Uşaqların böyüməsi, həmçinin qiymətlərin bahalaşması ilə əlaqədar xərcləri xeyli artmışdır ki, qarşı tərəf də bu xərclərin qarşılanmasında ona hər hansı köməklik göstərmir. Bu səbəbdən Cavabdeh Mirzəli oğlundan bundan sonra uşaqları Əli və Bəşirin saxlanılması üçün ona ödənilməsi müəyyən edilən qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin hər bir uşağa görə hər ay qanunla hər bir uşaq üçün yaşayış minimumuna uyğun tərzdə 220 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsini istəyir. Həmçinin, o, qanunvericiliyin tələbinə əsasən Mediasiya Şurasına müraciət etmiş və qarşı tərəf ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə ona mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin son 16 ay ərzində ödənilmədiyini, pensiyaya olan artımların nəzərə alınmadığını, əlil olduğuna görə alimentin onun pensiyasına yönəldilə bilmədiyini, müəyyənləşdirilmiş məbləğin uşaqların saxlanması üçün kifayət etmədiyini bildirərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh və onun qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun qanuni nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X7 doğulmuşdur. Atası Cavabdeh, anası X2r; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Atası Cavabdeh, anası X2r; - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-840/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Qəbələ Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni 29 oktyabr 2011-ci ildə anadan olmuş X4 və 22 dekabr 2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Mirzəli oğlundan hər ay sabit pul məbləğində 100 manat (uşaqların hər biri üçün 50 manat olmaqla) aliment alınaraq ona verilməsi hissəsində ləğv edilərək və həmin hissədə yeni qətnamə qəbul edilərək, 29 oktyabr 2011-ci ildə anadan olmuş X4 və 22 dekabr 2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması məqsədilə Cavabdeh Mirzəli oğlundan hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin alınaraq Adıgözəlova (Abubəkirova) Gözəl Əlisahib qızına verilməsi qət edilmişdir; - Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında bağlanmış nikah xx.xx.2016-cı il tarixində ləğv edilmişdir. Boşanmadan sonra qadına “Abubəkirova” soyadı verilmişdir; - mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya xərcinə görə İddiaçı tərəfindən 50 manat pul ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin X1 xeyrinə tutulması müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdeh əlil olduğundan qazancı və ya gəliri olmadığına, hissə şəklində alimentin məbləğinin müəyyən edilməsində çətinlik yarandığına, alimentin onun pensiyasına yönədilə bilmədiyinə və uşaqlar üçün yaşayış minimumunun artırılmasına istinad edərək, alimentin 220 manat sabit pul məbləğində təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. BMT Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. Ailə Məcəlləsinin 56.1 və 58.2-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1, 60.2 və 75.1-ci maddələrinə müvafiq olaraq valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Hazırki iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilən Ailə Məcəlləsinin 78 və 112.1-ci maddələrinin tələblərinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Buna baxmayaraq qeyd edilməlidir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göstərilən normaların məzmunundan göründüyü kimi, təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafelərinə, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, uşaqların hüquq və mənafeləri gözlənilməlidir. Eyni zamanda təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Hər bir halda alimentin təyin edilməsi məsələsi uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu zaman uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirən hərəkətlərə yol verilməməli, məsələyə uşağın mənafeyinin daha yaxşı təmin edilməsi nöqteyi nəzərindən yanaşılmalıdır. Hazırki iş üzrə iddiaçı cavabdehin əlil olduğuna görə qazancı olmadığından alimentin hissə şəklində müəyyən edilməsində çətinlik yarandığını, alimentin icra məmurları tərəfindən əmək pensiyasına yönəldilə bilmədiyini, 1 ildən çoxdur ki alimentin ödənilmədiyini, təyin edilmiş alimenin uşaqların xərcini qarşılamadığını və bu səbəbdən alimentin sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. İcra işinin materiallarından göründüyü kimi də alimentin tutulması barədə qətnamənin davamlı şəkildə icra edilməsi həyata keçirilə bilmir. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını müəyyən edən 78.1-ci maddəsinə uyğun olaraq, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Yəni alimentin sabit pul məbləğində müəyyən edilməsi təşəbbüsü ilə bir qayda olaraq aliment ödəyən şəxs deyil, alimentin tutulmasını tələb edən şəxs çıxış edə bilər. Həmçinin alimentin cavabdehin gəlirlərinin 1/3 hissəsi şəklində tutulması (iki uşağa görə cəmi 156 manat) uşaqların hüquqlarının pozulması ilə nəticələnə bilər. Beləliklə, məhkəmə iddiaçının alimentin sabit pul məbləğində tutulması xahişini və iddiaçının dəlillərini nəzərə alaraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-840/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə məyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilməli və aliment sabit pul məbləğində müəyyən edilməlidir. Sabit pul məbləğində tutulacaq alimentin miqdarına gəlincə qeyd olunmalıdır ki, hər il uşaqlar üçün yaşayış minimumu qanunla müəyyən edilsə də, qanunvericilik həmin məbləği alimentin minimum həddi kimi müəyyən etməmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində alimentin məbləği müəyyən edilərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ təsbit edilməklə yanaşı, həmin Qanunun 19-cu maddəsi valideynlərin uşaqlar barəsində bərabər hüquq və vəzifələrinin olduğunu müəyyən edir. Eyni zamanda ailə qanunvericiliyi alimentin məbləği müəyyən edilərkən tərəflərin və uşağın mənafeyi ilə bağlı nəzərə alınmalı olan bir sıra diqqətəlayiq halların siyahısını müəyyən etmişdir. Belə ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pelunumunun adıçəkilən Qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Eyni zamanda Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.3 və 8.13-cü bəndlərinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, minimum yaşayış həddi özlüyündə bir meyar olsa da, alimentin məbləği müəyyən edilərkən formal olaraq hər bir uşağa görə həmin məbləğin və yaxud ona yaxın məbləğin mexaniki olaraq təyin edilməsi düzgün deyildir. Məhkəmə qətnaməsi icra olunmaq üçün çıxarılır, istər valideynlərin, istərsə də uşağın vəziyyətini hər hansısa bir şəkildə çətinləşdirməyə gətirib çıxarmamalıdır. Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, uşağın saxlanması üçün aliment məbləğinin müəyyən edilməsi zamanı uşaqların əvvəlki yaşayış səviyyəsinin saxlanılmalı olması ilə yanaşı, aliment ödəməli olan valideynin maddi vəziyyəti, eləcə də əmək qabiliyyətinin olub-olmaması nəzərə alınmalıdır. Bu zaman hər iki tərəfin qanuni mənafeləri arasında ədalətli balansa nail olunması üçün tədbirlər görülməli, həmçinin konkret iş üzrə yalnız iddiaçının deyil, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallara da qiymət verilməlidir. Hazırki iş üzrə cavabdehin İ qrup əlil olmasını və fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini, xəstəliyinə görə 470 manat pensiya almasını, əmək qabiliyyətinin olmamasını, əlavə gəlir əldə etməsinin demək olar ki qeyri-mümkün olmasını və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyini, iki uşağa görə təyin edilməli olan - gəlirlərin 1/3 hissəsi miqdarında alimentdən xeyli məbləğdə çox alimentin müəyyən edilməsinin cavabdehin hüquqlarının pozulması və ağır maddi duruma düşməsinə səbəb olacağı kimi halları nəzərə alaraq, hazırkı vəziyyətdə alimentin məbləğinin iki uşağın saxlanması üçün ümumilikdə 220 manat (hər uşaq üçün 110 manat olmaqla) müəyyən edilməsini işin hallarına uyğun hesab edir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumuna yaxın məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların başqa zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsində 51 manat mediasiya xərcinin ödənilməsini xahiş etsə də, 50 manat məbləğində mediasiya xərci ödənilmişdir və cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 840/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası və miqdarı dəyişdirilməli, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Həmçinin mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-840/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası və miqdarı dəyişdirilsin. xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar