Məhkəmə qərarları › İş №e-2(005)-1946/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1946/2024

25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1946/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: pul tələbi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2900 (iki min doqquz yüz) manat məbləğində borcun və ödənilmiş 49 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 9, mənzil 15-də yaşayan Cavabdeh məndən dəyərini sonradan hissə hissə ödəmək şərti ilə 2018-ci il tarixdə 4600 manat dəyərində tikinti materialı olan sement almışdır. Cavabdeh almış olduğu sementin pulundan hissə-hissə olmaqla müxtəlif vaxtlarda ümumilikdə 1700 (bir min yeddi yüz) manat pul ödəmiş 2900 (iki min doqquz yüz) manat borcu qalmışdır. Borc öhdəliyini yerinə yetirməsindən ötəri cavabdehə yaxın tanışları Baxaddin və Fəxrəddin adlı şəxslərin yanında dəfələrlə danışıqlar aparmış, mobil telefonuna zənglər etmişdir, lakin cavabdeh hər dəfə bir cür bəhanlər gətirərək borcunu ödəməkdən yayınmışdır. Cavabdeh borc öhdəliyini yerinə yetirməkdən bilərəkdən yayındığı üçün məcbur olub pulunu cavabdehdən alınıb, özünə qaytarılmasından ötəri 2023-cü il tarixində Nərimanov Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh Nərimanov rayon 18-ci Polis bölməsinə çağırılmış, izahatı alınmış və izahatında ona hal-hazır ki, vaxta yəni 25 aprel 2023-cü il tarixə 2600 (iki min altı yüz) manat borcunun olmasını etiraf etmiş və imkan etdikcə borcunu qaytaracağı barəsində öhdəlik götürmüşdür. Nərimanov rayon 18-ci Polis bölməsinin 25 aprel 2023-cü il tarixli "cinayət işinin başlanmasın rədd edilməsi" barəsində qərarının surətini əlavə edirəm. Təhqiqatçı polis mayoru Azər Abdullayev. Lakin cavabdehin Polis bölməsində ona olan borcunun məbləğini 2600 manat etiraf edib yazması düzgün deyil. Cavabdehlə aralarında yazılıb imzalarla təsdiq edilmiş yazılı öhdəlik qəbzindən göründüyü kimi cavabdehin ona 2900 manat borcu qalmışdır. Aralarında yazılıb imzaları ilə təsdiq olunmuş borc öhdəliyinin surətini iddia ərizəsinə əlavə edirəm. Borc öhdəliyinin yerinə yetirilməsindən ötəri cavabdehin yaşadığı ünvan 1 ünvanına tərəfimdən xəbərdarlıq məktubu göndərmişdir. Göndərdiyi xəbərdarlıq məktubu və poçt qəbzinin surətini ərizəsinə əlavə edir. Cavabdehin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməməsi ona küllü miqdarda ziyan vurması ilə nəticələnib. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən hesab edir ki, cavabdeh Şabanov X1 rayon 18-ci Polis bölməsinin çıxarmış olduğu 25 aprel 2023-cü il tarixli qərarına və aralarında yazılıb imzaları ilə təsdiq etdiyi borc öhdəliyinə əsasən götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə Cavabdeh xeyrinə 2900 (iki min doqquz yüz) manat məbləğində borcun və ödənilmiş 49 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməlidir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdehin ona hazırda 2500 manat borcu vardır. Borcdan 400 manat ödənilmişdir, lakin geri qalan məbləğ ödənilməmişdir. Cavabdehin qeyd etdiyi 300 manat ödənilməmişdir. Hazırda borc 2500 manatdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, iddiaçıya 220 manat məbləğində borcu var. Borcdan yayınmır. Lakin hazırda qazanc yeri yoxdur. Bu səbəbdən borcu qaytara bilmir. 400 manatla yanaş iddiaçıya Rəssamlıq Akademiyasının yanında 300 manat pul vermişdir. Bu zaman iddiaçı tək olmuşdur. Ona 300 manat ödəmişdir. Həmçinin Cavabdeh xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, 2200 manat məbləğində borcu qəbul etdiyini bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin 25 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanda yaşayan İddiaçı Xuduş oğlu (***-***-**-**) ərizə ilə Nərimanov RPİ-nin 18-ci PŞnə müraciət edərək bildirmişdir ki, 2018-ci ildə tanışı Cavabdeh Çumxur oğlu ünvan 4 ünvanda parkda ondan pulunu sonra vermək adı ilə 4600 manat dəyərində sement almış, lakin indiyədək 1700 manat ödəniş etsə də, qalan 2900 manat pulu bu günədək ödəməmişdir. Odur ki, şikayət etmişdir. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Material üzrə izahatı alınmış Cavabdeh Çumxur oğlu bildirmişdir ki, 2015-ci ilin may ayında tanıdığı İddiaçı ona yaxınlaşaraq əlində üç maşın sementinin olduğunu demiş və xahiş etmişdir ki, nə vaxt satarsa pulu onda qaytarar. Belə olanda o, üç maşın sementi Aydından almışdır. Sonradan 4600 manat puldan hissə-hissə olmaqla Aydına pullar qaytarmışdır, iflas etdiyindən imkanı olmamış və Aydına olan borcunu qaytara bilməmişdir. Bir daha qeyd etmişdir ki, İddiaçı 4600 manat borcdan hissə-hissə ödəyərək 2600 manat pul borcu qalmışdır. İmkan etdikcə Aydına olan pullarını qaytaracaqdır. O, Aydından sonuncunun xahişi ilə sementləri satmaq üçün 2018-ci ildə yox 2015-ci ildə almışdır. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı Xuduş oğlu 2018-ci ildə tanışı Cavabdeh Çumxur oğlu 4600 manat dəyərində sement vermiş, lakin sonuncu həmin sementin pulundan bu günədək 1700 manatı ödəsə də, 2900 manatı ödəməmişdir. Bununla yanaşı hadisənin baş verdiyi andan, 2018-ci ildə vətəndaşın hazırkı şikayətini (xx.xx.2023-cü il tarixli) nəzərə alaraq hadisələrin baş verdiyi gündən bugünədək, yəni Cavabdeh Çumxur oğlunun şikayət etdiyi xx.xx.2023-cü il tarixinədək 2 ildən artıq, daha doğrusu 5 ilə qədər müddət keçmişdir. 01 sentyabr 2000-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyini nəzərə alaraq, yəni Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsində göstərilmişdir ki, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Hadisədən 5 ilə yaxın müddət keçməsini nəzərə alaraq material üzrə cinayət işi başlana bilməz. Qeyd olunanlara əsasən qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı Xuduş oğlunun şikayət ərizəsi üzrə Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. - İddiaçı tərəfindən Cavabdeh Çumxur oğluna ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, 10 gün müddətində 2900 manat borcun ödənilməsi xahiş edilmiş, borc qaytarılmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflərin şifahi razılaşmasına əsasən, iddaçı və cavabdeh arasında sement alqı-satqısına dair öhdəlik münasibətləri yaranmışdır. Cavabdeh iddiaçıdan 4600 manat dəyərində sement almış, qeyd olunan məbləğdən hissə-hissə ödəniş etmiş, nəticə olaraq 2600 manat məbləğində borcu qalmışdır. İddiaçı borcun ödənilməsi məqsədilə cavabdehə müraciət etsə də sonuncu tərəfindən borc ödənilməmişdir. Nəticədə iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçıların irəli sürdüyü faktiki hallara iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. - 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. - 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan maddi hüquq normalarından göründüyü kimi tərəflər arasında mülki münasibətlərin tənzimlənməsi üçün müvafiq razılaşmanın olması zəruridir. Hazırda tərəflər arasında şifahi razılaşmanın olması Cavabdeh Çumxur oğlunun Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə verilmiş xx.xx.2023-cü il tarixli izahatı, habelə tərəflərin məhkəmə iclasında izahatları ilə sübut olunmuşdur. Lakin cavabdeh öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, onun ödənilməmiş 2900 (iki min doqquz yüz) manat borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddia tələbində göstərilmiş məbləğin 400 (dörd) manat hissəsi ödənilsə də, 2500 manat hissəsi ödənilməmişdir. Qeyd olunan hal iddiaçı tərəfindən təkzib olunmur. Belə ki, İddiaçı məhkəmənin 21 may 2024-cü il tarixli hazırlıq iclasında, 09 iyul 2024-cü il və 25 iyul 2024cü il tarixli məhkəmə baxış iclaslarında cavabdeh tərəfindən 400 (dörd) manat ödənildiyini, cavabdehin borcunun hazırda 2500 (iki min beş yüz) manat olduğunu təsdiq etmişdir. Qeyd edilənlər İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməsinə hüquqi əsas yaratmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və buna görə də təmin edilməli, Cavabdeh tərəfindən ödənilmiş 400 manat nəzərə alınmaqla, 2500 (2900 - 400) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Həmçinin Cavabdeh xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, 2200 manat məbləğində borcu qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.2-ci maddəsinə əsasən, Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. - 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddianın etiraf edilməsi ilə yekunlaşdırılması nəzərdə tutulmuş və Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə cavabdehin hazırda ona qarşı qaldırılmış iddianı qismən – 2200 (iki min iki yüz manat) borcunun olmasını etiraf etdiyi təsdiq edilmişdir. Məhkəmə cavabdehin hazırki halda iddianı etiraf etməsini qanuni olduğunu, habelə üçüncü şəxslərin mənafelərinə zidd olmadığını nəzərə alaraq cavabdeh tərəfindən iddianın etiraf edilməsini təsdiq edir. Məhkəmə Cavabdeh iddia tələbi üzrə 2500 manat borcdan əlavə olaraq 300 manat ödəniş etməsi, hazırda iddiaçıya 2200 (iki min iki yüz) manat borcunun olmasına münasibətdə qeyd edir ki, çəkişmə prinisipinə əsasən tərəflər göstərdikləri və ya iddia etdikləri hallara dair müvafiq sübutları təqdim etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə sadalanan qanunvericilik normalarını, məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara tətbiq edərək bildirir ki, Cavabdeh tərəfindən iddia tələbi üzrə göstərilən borcdan əlavə olaraq 400 (2900 - 400) manat ödəniş edilməsi iddiaçı tərəfindən təsdiq olunur. Cavabdeh həmçinin əlavə olaraq iddiaçıya 300 manat ödəniş etdiyini bildirir. İddiaçı isə bu halı təkzib edir. Cavabdehin bu barədə izahatı özü-özlüyündə qeyd olunan halın müəyyən edilməsi üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin bildirdiyi hallar bilavasitə onun sübutetmə yükü ilə bağlıdır və cavabdeh bu hallara dair sübutetmə vəzifəsi daşıyır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. Bununla belə, cavabdeh tərəfindən əlavə olaraq 300 (2900 – 400 - 300) manat ödəniş edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş və məhkəmə araşdırması zamanı həmin hallara dair hər-hansı sübut aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Bundan başqa “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbərliyinin aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Hazırda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddia etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda yaranmış mübahisədə iddiaçının tələbinin əsaslı olması, habelə hazırda cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulması halı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu təmin edilmiş iddianın həcminə mütənasib olaraq tərəflərə aid edilməli, iddianın qiyməti nəzərə alınmaqla, dövlət rüsumuna görə ödənilmiş 45 (qırx beş) manat Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində borc və ödənilmiş 45 (qırx beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli, ərizə qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. V. Nəticə: Şərh olunanlarla əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində borc və ödənilmiş 45 (qırx beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar