Məhkəmə qərarları › İş №e-2(005)-196/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-196/2025

23.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-196/2025 23.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nərimanov Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 20 saylı Mənzil-Kommunal İstismar Sahəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı (X8 və Bakı şəhəri Nərimanov Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 20 saylı Mənzil-Kommunal İstismar Sahəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 279,51 manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun, ümumilikdə 309,51 manat məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2383/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pulun ödənilməsi tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, RAZ********** nömrəli, xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsinə əsasən, ünvan 1 ünvanında yerləşən sığortalı X6 istifadəsində olan qeyri-yaşayış obyektinə (LUX DENT stomatoloji klinika) "xxxx" ASC tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2022-ci il tarixində ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyektinin yuxarı mərtəbəsində, yəni 2-ci mərtəbə, mənzil 28-də yaşayan məxsus mənzildən qeyri-yaşayış obyektinə (klinika) su axıdılmışdır. Yuxarıda qeyd edilən qeyri-yaşayış obyektinə dəyən zərər 480 manat məbləğində müəyyən edilmiş, 200 manat azadolma məbləği çıxılmaqla 279,51 manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxsə ödənilmişdir. Nərimanov rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi 20 saylı MKİS-in xx.xx.2022-ci il tarixli "xxxx" ASC-ə ünvanlandığı məktubda qeyd olunur: “Hadisə ilə sözügedən qeyri-yaşayış sahəsinə tərəfimizdən baxış keçirilmiş və hadisənin həmin binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh məxsus mənzilin sanitar qovşağında çirkab su borusunun tutulması nəticəsində baş vermişdir.” Yuxarıda qeyd olunan məktubdan görünür ki, Cavabdeh mülkiyyətində olan əmlakdan istifadə edərkən hüquqlarından sui-istifadə etmiş, üçüncü şəxslər qarşısında öhdəliklərinə etinasız yanaşmışdır. Nəticədə sığortalı X6 istifadəsində olan qeyri-yaşayış obyektinə maddi zərər dəymişdir. Subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi ilə əlaqədar ASC tərəfindən xx.xx.2023-cü il tarixində cavabdehə pretenziya məktubu göndərilsə də, bugünədək ASC-yə iş üzrə hər hansı ödəniş daxil olmamışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmənin baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, su axıdılmasında onun heç bir təqsiri yoxdur. Buna səbəb ümumi binanın kanalizasiya borusunun tutulması olmuşdur. Onun evi isə birinci mərtəbədədir və onun evinə daha çox ziyan dəymişdir. İddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 20 saylı Mənzil- Kommunal İstismar Sahəsinin nümayəndəsi X9 bildirmişdir ki, binanın kanalizasiya sistemində ümumiyyətlə problem olmamışdır. İlk dəfə məlumat daxil olduqda mağazanın tavan hissəsindən su axması hadisəsi olduğu məlum olmuşdur. Gedib baxış keçirdikdə yuxarı mərtəbədə yerləşən mənzilin sanitar qovşağında çirkab sularının yığıldığı görünmüşdür. Həmin binada kanalizasiya sisteminin tutulması nadir hallarda baş verə bilər. Bununla bağlı hər hansı müraciət daxil olmamışdır. İddianın təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, hər hansı bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - BB seriyalı, 656213 nömrəli daşınmaz əmlakın sığortası şəhadətnaməsindən görünür ki, ticarət obyekti "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək, sığortalı X6 xeyrinə, sığorta məbləği 54553 manat, azadolma məbləği 200 manat müəyyən edilməklə sığortalanmışdır. Sığorta haqqı 150 manat təşkil edir; - xx.xx.2022-ci il tarixli Nərimanov rayon 20 saylı MKİS-in rəisi Ə.Hüseynov və mühəndisi A.Qənbərovun imzaları ilə təsdiq edilmiş aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında çoxmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən və X12 məxsus (X1 müqaviləsi ilə istifadəsində olan) qeyri-yaşayış sahəsində subasma hadisəsi baş vermişdir. Hadisə ilə sözügedən qeyri-yaşayış sahəsinə tərəflərindən baxış keçirilmiş və hadisənin həmin binanın 2-ci mərtəbəsində yerləşən Cavabdeh məxsus mənzilin sanitar qovşağında su borusunun tutulması nəticəsində baş verməsi aşkarlanmışdır; - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, X6 istifadəsində olan ünvan 1 ünvanında yerləşən əmlak “daşınmaz əmlakın icbari sığortası” ilə sığortalanmışdır. xx.xx.2022-ci il tarixdə əmlaka su basma nəticəsində əmlakın sahibi X13 zərərə uğramış, maddi ziyanın ümumi məbləği 480 manat məbləğində olduğu, zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş 200 manat azadolma məbləği çıxılmaqla, sığorta ödənişinin 280 manata bərabər olduğu müəyyən edilmişdir; - Əmlak üzrə ekspert X2 1657 nömrəli, xx.xx.2022-ci il tarixli Hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dəymiş zərərin məbləği 480 manat təşkil edir; - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X6 bank hesabına 279,51 manat məbləğində pul vəsaiti köçürülmüşdür; - xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh subroqasiya hüququna əsasən 279,51 manat məbləğdə vəsaiti 5 gün ərzində ödəməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir; - Ədliyyə Nazirliyi Məhkəmə X3 10/3864 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən iş üzrə cavabdehə (Cavabdeh) məxsus 28 saylı mənzilə baxış zamanı həmin mənzilin su və kanalizasiya borularında, həmçinin sanitar qovşaq avadanlıqlarında faktiki olaraq hər hansı bir qüsur (su axıntısı, borularda çatlar, boru birləşmələrində boşluqlar və s.) aşkar edilmədiyindən, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir; - Ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış X7 məxsus, X11 istifadəsində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə xx.xx.2022-ci il tarixində Cavabdeh məxsus üst mərtəbədə yerləşən mənzildən su axması nəticəsində zərər vurulmuş, bununla da sığorta hadisəsi baş vermişdir. Sığorta aktına əsasən sığortaçı tərəfindən dəymiş zərərə görə sığortalıya 279,51 manat sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı 279,51 manat sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. Cavabdeh isə həmin gün hadisə baş versə də, onun mənzilinə də su axdığını, binanın ümumi kanalizasiya sistemində problem olduğunu bildirərək iddiaya etiraz edir. “İcbari sığortalar haqqında” Qanunun 13.1 və 13.4-cü maddələrinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi hissəsində nəzərdə tutulmuş hadisələr və hallardır. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 23.1.6-cı maddəsinə görə sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüququdur. Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Bu səbəbdən sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə Cavabdehnın iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan həmin şərtlər mövcuddur. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizası ilə üzərindən uzun müddət keçdiyindən qeyri-yaşayış sahəsinə dəymiş zərər, hadisə ilə səbəbli əlaqə və lazımi bərpa xərclərinin müəyyənləşdirilməsi mümkün olmasa da, iddiaçı tərəfindən təqdim edilmiş sübutlardan, məhkəmə iclasında mənzil-kommunal təsərrüfat birliyinin nümayəndəsinin verdiyi izahatlardan, hadisə baş verən zaman tərtib edilmiş aktdan aydın olur ki, icbari qaydada sığortalanmış ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli binanın 1ci mərtəbəsindəki qeyri-yaşayış sahəsinə su basma hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisənin səbəbləri araşdırılarkən aşkar edilmişdir ki, həmin binada üst mərtəbədə yerləşən Cavabdeh məxsus mənzildən X6 mülkiyyətində olan ticarət obyektinə su axıdılmışdır. Bu hal iddiaçı tərəfindən təqdim edilmiş aktla təsdiq olunur. Sığortalıya məxsus evə dəymiş maddi ziyanın məbləğini müəyyən etmək üçün sığortaçı tərəfindən müstəqil ekspert dəvət olunmuş, dəymiş zərərin 480 manat məbləğində olması müəyyən edilmişdir. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən sığortalıya 200 manat azadolma məbləği çıxılmaqla, cəmi 279,51 manat sığorta ödənişi həyata keçirilmişdir. Həmin məbləğin ağlabatan məbləğ olduğu nəzərə alınaraq məhkəmə tərəfindən qiymətləndirmə rəyi alınmamışdır. Cavabdeh tərəfindən binanın ümumi kanalizasiya sistemində baş vermiş problem səbəbindən su axıdılması barədə etirazı isə öz təsdiqini tapmamış, bu halın baş verməsini təsdiq edəcək hər hansı sübut təqdim edilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, sığortaçı sığortalıya (faydalanan şəxsə) əmlak sığortası üzrə sığorta ödənişini həyata keçirdiyindən, həmin ödəniş məbləğində zərər vuran şəxsə qarşı subroqasiya hüququ yaranmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh sığorta ödənişi kimi ödənilmiş 279,51 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, cəmi 309,51 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişi kimi ödənilmiş 279,51 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat olmaqla, cəmi 309,51 (üç yüz doqquz manat, əlli bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (yüz) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar