Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1969/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin məbləğinin artırılması” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi X4 iştirakı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: Təsviri hissə: a. Tələb: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1203/2021 saylı,xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılaraq, xx.xx.2019cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 550 (beş yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi hüquqi yardım üçün iddiaçı tərəfindən ödənilmiş 300 (üç yüz) manat, ilkin mediasiya sessiyası üçün ödənilmiş 50 (əlli) manat rüsumun Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1203/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin tutulması qaydası dəyişdirilərək, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunması, hüquqi yardım üçün iddiaçı tərəfindən ödənilmiş 300 (üç yüz) manat, ilkin mediasiya sessiyası üçün ödənilmiş 50 (əlli) manat xərcin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı iş üzrə Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Sözügedən nikah xx.xx.2018-ci il tarixdə Nizami rayon Qeydiyyat şöbəsində 110 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X2 doğulmuşdur. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2551/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə nikahları pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X2 boşanmadan sonra anası İddiaçı yanında saxlanmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1203/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment, xx.xx.2021-ci il tarixdən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı bildirir ki, cavabdehin ödədiyi məbləğ bugünki yaşam tərzinə uyğun deyildir. İddiaçı bildirir ki, 2021-ci il tarixdən bəri istər ərzaq məhsulların, istər dərman vəsaitlərinin, istər uşaq geyimlərinin qiymətləri dəfələrlə artmışdır. Uşağın səhhəti ilə bağlı müalicə və digər xərclər də iddiaçı tərəfindən təkbaşına qarşılanır. Hal-hazırda uşaq bronxial astmadan əziyyət çəkir və bununla bağlı mütəmadi müalicəyə ehtiyac var. Müalicəni xarici ölkələrdə davam etdirmək zərurəti yaranmışdır. Bununla bağlı iddiaçının xərcləri dəfələrlə artmışdır. İddiaçı özünü uşağa baxmağa, onun dünya görüşünün artırılmasına həsr eləyib. İddiaçı bildirir ki, cavabdehdən tutulan alimentin məbləği nəinki uşağın qida, dərman, geyim, səhhəti ilə bağlı xərcləri ödəmir, hətta ən zəruri xərclərə belə kifayət etmir. Yuxarıda göstərilənlərə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1203/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılaraq, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 550 (beş yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılması zəruridir. İddia ərizəsinə qarşı etirazın dəlilləri: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə EMİS vasitəsilə yazılı etiraz təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X2 adlı bir övladları doğulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2551/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə iddiaçı arasında bağlanmış nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X2 boşanmadan sonra anası İddiaçı yanında saxlanılması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1203/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Belə ki, 2021-ci il tarixdə məhkəmə mübahisəsi zamanı məhkəmə aliment hissəsinə də münasibət bildirərək uşağın saxlanılmasına görə 175 manat məbləğində alimentin tutulması qət edilmişdir. 2021-ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 175 manat müəyyən olunmuşdur. Qanunvericiliklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar başqa məhkəmə prosesində mübahisələndirilə və yenidən sübut edilə bilməz. Buradan da aydın görünür ki, iddia əsassızdır. Məhkəmə 2021-ci il tarixli qətnaməsi ilə bu iddiaya dair öz mövqeyini bildirmişdir. Bundan əlavə olaraq məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Halbuki cavabdehin maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Həmçinin iddiaçı cavabdehin maddi vəziyyətinin dəyişməsi və ya artması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı iddiasını 2024-cü il üçün “Yaşayış minimumu haqqında” Qanuna istinad edərək əsaslandırılmışdır. İddianın mövqeyinə görə, yaşayış minimumunun məbləğinin miqdarının alimentin artırılmasına aid edilməsini əsas götürür. Lakin bu qeyrimüəyyənliklər yaradır. Həmçinin cavabdehin hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsini çətinləşdirir. Belə ki, alimentin miqdarının müəyyən edilməsi zamanı “Yaşayış minimumu haqqında” Qanunun normaları deyil, cavabdehin maddi və ailə vəziyyəti əsas götürülməlidir. Bu məsələyə o nöqteyi-nəzərdən baxmaq lazımdır ki, əgər cavabdehin gəliri yoxdursa və ya yaşayış minimumunun miqdarından azdırsa, onları artıq qazanc əldə etməyə məcbur etmək neqativ halların baş verməsinə səbəb ola bilər. Belə ki, aliment ödəmək imkanı olmayan valideynlər barəsində məhkəmə qətnaməsini icra etməməyə görə inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi hallarına rast gəlinir. Bu da nəinki cavabdehin, həmçinin gələcəkdə uşaqların da peşə seçimi zamanı və bu kimi digər hallar zamanı mənfi vəziyyətə gətirib çıxara bilər. Cavabdeh hesab edir ki, məhkəmə alimentin artırılmasına dair işlərə baxarkən cavabdehin üzərində olan digər öhdəlikləri və ya onun maraqlarına toxunan hallar nəzərə alınmalıdır. Belə ki, cavabdeh xx.xx.2024-cü il tarixdə X3 ilə borc müqaviləsi bağlamışdır. Həmin borc müqaviləsinə əsasən, cavabdeh həmin şəxsdən 19800 (on doqquz min səkkiz yüz) manat məbləğində borc götürmüşdür, hər ay 550 manat məbləğində pulu ödəməklə ona qaytarmağı üzərinə öhdəlik kimi götürmüşdür. Bundan əlavə olaraq qeyd edir ki, valideyn olaraq iddiaçı da bir valideyn kimi uşağının maddi tələbatlarının ödənilməsində cavabdehlə bərabər eyni vəzifə daşıyır. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin (dəqiqləşdirilməsi) məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 yazılı etirazın dəlilləri üzrə izahat verib, iddia tələbini qəbul etmədiklərini, iddiaçının alimentə ehtiyacı olmadığını, sadəcə belə bir tələbi formal olaraq irəli sürdüyünü bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materialları: Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiyada iştirak etmiş və İddiaçı nümayəndəsi Vəkil1 50 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikasının İstanbul Baş Konsulluğu tərəfindən verilmiş AZ-İV № 204100 saylı, xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2019-cu il tarixdə İzmir şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Hüquqi yardım göstərilməsi haqqında 114 №-li müqavilənin surətindən görünür ki, vəkili Vəkil1 tərəfindən İddiaçı göstərilən hüquqi yardıma görə 300 manat pul məbləği müəyyən olunmuşdur. Əsaslandırıcı hissə: b) İşin faktiki halları: Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X2 doğulmuşdur, tərəflərin ailə münasibətləri baş tutmadığından nikahları pozulmuş, onlar faktiki olaraq ayrı yaşayırlar, uşaq anasının yanında qalır və onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılmasını, qazancına münasibətdə tutulmasını xahiş edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2551/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və 110 nömrə ilə Nizami rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X1 cavabdeh (anası) İddiaçı yanında qalması qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1203/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh 12 yanvar 2021-ci il tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı yetkinlik yaşına çatmayan övladının saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Maddə 22.2.2. Məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1.1. Məhkəmə 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tuta bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı: Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 234. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin qiymətləndirməsi: Ailə Məcəlləsinin 78.1-ci maddəsinin müddəalarından göründüyü kimi, valideynin daimi gəliri yoxdursa, alimentin valideynin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması qanunla nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbinin qanuni əsası kimi çıxış edə biləcək yuxarıda qeyd olunan normanın mənasından göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Qeyd edilməlidir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Məhkəmə hesab edir ki, cavabdehin daimi iş yeri olduğundan və əmək haqqı aldığından aliment Ailə Məcəlləsinin 76-cı maddəsinə tələblərinə uyğun olaraq aylıq qazancından tutulmalıdır. Məhkəmə qeyd edir ki, hazırda tələb olunan aliment miqdarının uşaq üçün yaşayış minimumundan az miqdarda olması üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2024-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. EMİS-dən çıxarışdan görünür ki, X2 “X6” MMC-də operator, neft emalı vəzifəsində çalışır və 1323 manat əmək haqqı alır. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, uşağın maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 235 manat olmasını nəzərə alaraq, iddia tələbi təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh etirazının dəlillərində xx.xx.2024-cü il tarixində borc müqaviləsi bağladığını, habelə iddiaçının alimentə ehtiyacı olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, hazırki dəlillər formal etirazlardır. Belə ki, cavabdehin borc öhdəliyinin olması yaxud da iddiaçının əvvəlki icra sənədi üzrə aliment məbləğinin illər ərzində bank hesabından götürülməməsi onu deməyə əsas vermir ki, alimentin artırılması barədə iddia tələbinin təmin edilməsindən imtina edilməlidir, yəni həmin halların mövcudluğu alimentin artırılması barədə iddia tələbinin rədd edilməsi üçün mütləq əsas deyildir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların başqa zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il, 8-2 №-li Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iddia tələbi üzrə hüquqi yardıma görə ödənilmiş 300 manat məbləğində pul vəsaitinin və 50 manat miqdarında mediasiya xərcinin cavabdehdən tutulması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və hüquqi yardıma görə ağlabatan məbləğdə yəni 300 manat məbləğində pul, eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1203/2021 saylı,xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 300 manat vəkilin göstərdiyi hüquqi xidmət haqqı və 50 manat mediasiya xərci iddiaçı X5 xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-1969/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1969/2024
23.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver