Məhkəmə qərarları › İş №e-2(005)-197/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-197/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-197/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 38 saylı Notariat Ofisinə qarşı, X9 və Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 38 saylı Notariat Ofisinə qarşı, X9 və Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 38 saylı Notariat kontorunun notariusu X4 tərəfindən verilmiş 14 may 2015-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X5 təqribən 2012-ci ildən başlayaraq sahibkar kimi ev quşlarının (broyler) yetişdirilməsi və satışı ilə məşğul olmağa başlamışdır. Bu səbəbdən o Biləcəri qəsəbəsində quşlar üçün yemin topdansatışı ilə məşğul olan Vüqar adlı şəxslə tanış olmuşdur. Həmin vaxtlar (2012ci il) İddiaçı 18 yaşı yenicə tamam olmuşdur. 2012-ci ilin ortalarında atası ilə Vüqar razılığa gəlmişlər ki, əvvəlcədən razılaşdıqları qiymətə Vüqar atasına quşlar üçün nisyə yem satır, atası nisyə satılmış yemin pulunu təqribən iki ay ərzində ev quşlarını yetişdirib realizə etdikcə hissə-hissə ödəyir və növbəti mərhələ üçün yenidən ondan yem məhsulları alır. Nisyə yem almaq üçün Vüqarın şərti belə olub ki, nisyə veriləcək yemin dəyərinə uyğun atası ilə o,əvvəlcədən kredit müqaviləsi bağlayır və müqavilə bağlandıqdan sonra yem məhsullarını nisyə verir. Atası həmin şərtlə işləməyə razı olur. Beləliklə, ilk dəfə 2012-ci il avqust ayının 22-də Vüqarın göstərişinə əsasən onun işçisi (fəhləsi) X8 adlı şəxs atası Talıb Əsgərovla formal olaraq 20.000 manat məbləğində borc müqaviləsi bağlamışlar. Guya atası müqaviləyə görə, X1 20.000 manat məbləğində borca pul götürübdür. Halbuki atası ilə Şahidin heç tanışlıqları da olmamışdır. Həqiqətdə isə bu müqavilə yuxarıda da göstərdiyi kimi atasının Şahidin müdiri Vüqar adlı şəxsdən gələcəkdə nisyə götürmək istədiyi yem məhsulunun dəyəri idi. Nisyə mal verən olmadığından atası məcbur olub Vüqarla belə bir razılığa gəlmişdi. Atası ilk dəfə borc müqaviləsi bağladıqdan sonra ev quşları üçün Vüqardan yem məhsulları almağa başladı. Əvvəldən gəlinmiş razılığa uyğun olaraq aldıqları yem məhsullarının dəyəri Vüqara tam ödənildi. Təsərrüfatın bir az da böyüdüb daha çox məbləğdə yem məhsulları almaq üçün Vüqarın təklifi ilə 10 noyabr 2012-ci il tarixində mənimlə Vüqarın digər işçisi (fəhləsi) X9 arasında daha böyük məbləğdə-65.000 manat məbləğində kredit müqaviləsi bağlanıldı. Kredit müqaviləsi Notariat kontorunda bağlanılsa da, müqavilə tərəfləri notariat ofisində bir-birlərini görməmişlər. Belə ki, müqaviləni iştirakları olmadan ayrı-ayrılıqda imzalamışlar. İkinci kredit müqaviləsini bağlayıb Vüqardan quşlar üçün yem alışını davam etdirmişlər. Və daha çox yeni partiya ev quşlarını yetişdirib, bu dəfə də Vüqara olan borcu tam ödəmiş və hətta özləri də xeyli miqdarda qazanc əldə etmişlər. 2013-cü ilin ortalarında Vüqar nisyə satdığı yem məhsullarının qiymətini qaldırdı.O səbəbdən atası başqa satıcılarla əlaqə yaratmağa qərar verdi və yem məhsullarını başqa satıcılardan almağa başladı. Vüqar bir neçə dəfə onunla işi davam etdirməyi tələb etsə də, qiymətdə razılaşmadıqlarından onun təklifindən imtina olundu. İddiaçı bildiyinə görə, yem məhsulunun qiymətinə və dəyərinə görə aralarında məhkəmə mübahisəsi baş vermiş, sonda mübahisə məhkəmədən kənar həll edilmişdir. Daha sonra onlar arasında hər hansı mübahisə olmamış və atası Vüqardan yem məhsulları almamışdır. Bununla belə, İddiaçı 2015-2017-cü illərdə (İyul 2015-Yanvar 2017) müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 2017ci ilin oktyabr ayında doğulduğu Gürcüstan Respublikasına getmək istəyərkən “Sınıq Körpü” sərhəd keçid məntəqəsində İddiaçı bildirildi ki, Suraxanı rayon İcra şöbəsi tərəfindən axtarışa verilmişdir. Axtarışın səbəblərini öyrənərkən məlum oldu ki, tanımadığı, heç vaxt borc almadığı X9 adlı şəxslə 2012-ci noyabr ayında formal olaraq imzaladıqları borc müqaviləsindən onun müdiri Vüqar istifadə edərək, 38 saylı notariat kontorunda icra qeydi yazdırmış və icra qeydinə əsasən 65.000 manat vəsaiti İddiaçı tələb edir. Baxmayaraq ki, həmin məbləğ borc olmamış, götürülmüş yem məhsullarının dəyəri olmuşdur ki, həmin məbləğ də 2012-2013-cü illərdə tam ödənilmişdir. Bundan sonra İddiaçı 2017-ci ilin oktyabr ayında X6 qarşı “müqavilənin etibarsız hesab edilməsinə dair” iddia ərizəsi ilə qeydiyyatda olduğu Goranboy rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin 20 fevral 2018-ci il tarixli 2(045)-38/2018 saylı qiyabi qətnaməsinə əsasən müqavilə etibarsız hesab edildi. Lakin cavabdeh Azər Həsənov sonrakı vaxtlarda qeydiyyat ünvanını Bakı şəhərinə dəyişdirərək, ona təyin olunmuş nümayəndə vasitəsi ilə 2019-cu ilin sonlarında İddiaçı xəbərsiz Goranboy rayon məhkəməsinin bu iş üzrə qəbul etdiyi qiyabi qətnaməsini ləğv etdirmiş və İddiaçı iddia ərizəmə baxılması üçün Bakı şəhər Nəsimi rayon məhkəməsinə göndərdirmiş, Nəsimi rayon məhkəməsi isə özünün 24 fevral 2021-ci il tarixli 2(006)-149/2021 saylı qətnaməsi ilə İddiaçı iştirakını təmin etmədən iddia tələbini rədd etmişdir. Həmin qətnamədən verdiyi apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8972/2021 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Məhkəməsinin tarixli, saylı qərarı ilə təmin edilməmiş və Nəsimi rayon məhkəməsinin 24 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bununla belə, İcra qeydi özündə 65.000 manat əks etdirsə də, tələbkar qismində çıxış edən X9 2016-cı ildən başlayaqaraq nümayəndəsdi vasitəsi ilə müxtəlif dövlət orqanlarına şikayətlər verərək borcun 65.000 yox,19237 manat olduğunu və həmin hissədə borcun alınaraq ona verilməsini tələb edir. İşin bütün bu halları onu deməyə əsas verir ki, borcla bağlı mübahisə mövcud olmuşdur. O səbəbdən mübahisənin mövcudluğu icra qeydinin yazılmasını istisna edir. Hesab edir ki, Bakı şəhəri 38 saylı Notariat Kontorunda yazdırılmış icra qeydinin icra edilməməli olması barədə qətnamə çıxarılmalıdır. Belə ki, işin mahiyyətindən görünür ki, aralarında borc münasibətlərinin olmasına dair mübahisə vardır. İcra qeydi isə ödənilməsi mübahisəsiz qaydada həyata keçirilməli olduğu hallara şamil edilir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirdi ki, İddiaçı 2015-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırılmış, icra qeydi isə 2015-ci ilin may ayında verilmişdir. Lakin icra qeyinə dair bildiriş İddiaçı çatdırılmamışdır. İddiaçı 2017-ci ilin yanvar ayında həqiqi hərbi xidmətini başa vurçmuşdur. Həmin ilin aprel ayında icra məmuru İddiaçıqeydiyyatda olduğu ünvana getmiş, İddiaçı həmin ünvanda yaşamaması ilə bağlı akt tərtib etmişdir. Bundan sonra 07 aprel 2017-ci il tarixdə borclunun axtarışı barədə qərar qəbul olunmuş və icrası üçün Goranboy Rayon Polis İdarəsinə göndərilmişdir. İddiaçı 2017-ci ilin oktyabr ayında Gürcüstan Respublikasına keçmək istəyərkən onu sərhəddə saxlamış və barəsində axtarış qərarı olduğunu bildirərək, Suraxanı Rayon İcra Şöbəsinə gətirmişlər. İddiaçı məhz o zaman barəsində icra qeydinin olmasından xəbər tutumuşdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil məhkəməyə təqdim etdiyi iddiaya yazılı etiraz ərizəsinə uyğun izahat verərək bildirdi ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-149/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən və həmin qətnamə ilə bağlı olan, yuxarıda sözügedən qətnamənin dəyişdirilmədən saxlanılması barədə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8972/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsindən, eləcə də Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 2168/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı eyni faktiki əsaslarla hazırkı iddia tələbi üzrə mübahisələndirdiyi Bakı şəhəri 38 saylı notariat ofisinin notariusu i.M.Xəlilov tərəfindən verilmiş 14 may 2015-ci il tarixli icra qeydinin verilməsinə əsas olan, yuxarıda sözügedən notariat kontorunda 10 noyabr 2012-ci il tarixdə, 3M-03- 521 reyestr nömrəsi ilə qeydə alınmaqla təsdiqlənmiş, eyni tarixli “Kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair cavabdeh X7 qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda istinad olunan məhkəmə aktlarından görünür ki, İddiaçı hazırkı iddiası üzrə mübahisələndirdiyi icra qeydinin verilməsinə əsas olan 10 noyabr 2012-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, İddiaçı həmin qətnamədən verdiyi apelyasiya və kassasiya şikayətləri isə yuxarıda qeyd olunan apelyasiya və kassasiya instansiyaları məhkəmələrinin müvafiq qətnamə və qərarı ilə təmin olunmamışdır. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də istinad olunan məhkəmə aktlarından mübahisəsiz qaydada görünür ki, iddiaçının hazırkı iddiası ilə mübahisələndirdiyi icra qeydinin verilməsinə əsas olan 10 noyabr 2012-ci il tarixli kredit müqaviləsinin qanuniliyi A.Q.Əskərovun müvafiq iddiası ilə mübahisələndirilmiş və onun həmin kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası hazırda qanuni qüvvəsini almış məhkəmə aktları ilə təmin edilməmişdir. Qanuniliyi məhkəmə aktları ilə qiymətləndirilmiş Bakı şəhəri 38 saylı notariat kontoru tərəfindən 3M/-03-521 reyestr nömrə ilə 10 noyabr 2012-ci ıl tarixdə təsdiqlənmiş, 10 noyabr 2012-ci il tarixli "Kredit müqaviləsi" əsasında verilmiş 14 may 2015- ci il tarixli, 7E-3937 nömrə ilə reyestrdə rəsmiləşdirilmiş icra qeydinin ləğv edilməsinə əsas olan bu və ya digər faktiki, eləcə də hüquqi əsas mövcud deyildir. İddiaçının iddia ərizəsinin məzmununda göstərdiyi əsaslar onun subyektiv və formal mülahizələri olmaqla bu mülahizələr qanuni və əsaslı olan icra qeydinin ləğv edilməsi üçün əsas ola bilməz. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçının hazırkı iddiası ilə qanuniliyini mübahisələndirdiyi 14 may 2015-ci ildə verilmiş həmin icra qeydinin mövcudluğu iddiaçıya, özünün də iddia ərizəsinin məzmununda etiraf etdiyi kimi - 2017-ci ilin oktyabr ayından məlum olmuşdur. Kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ilə məhkəməyə müraciət edərkən A.Q.Əskərov sözügedən iddia tələbində bu icra qeydini mübahisələndirməmiş və bununla da, həmin icra qeydini məhkəmədə mübahisələndirmək üçün müddəti də ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsinin tələbinə görə isə, iddia müddətinin ötürülməsi iddianı rədd etmək üçün müstəqil əsasdır. Hesab edir ki, hazırkı iddia tələbi mahiyyəti üzrə əsassız olmaqla yanaşı, iddia müddətinin ötürülməsi əsasına görə də təmin edilə bilməz. Yuxarıda göstərilənlərlə yanaşı, onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırkı iddiasında təmsil etdiyi şəxsi tanımağına, ondan borc almadığına, təmsil etdiyi şəxsə bu və ya digər borcunun olmadığına istinad etməklə yanaşı, təmsil etdiyi şəxsin aidiyyəti dövlət orqanlarına ünvanladığını iddia etdiyi ərizəsinə də istinad etmişdir. Sözügedən ərizənin məzmunundan görünür ki, guya hüquqlarını təmsil etdiyim Azər Həsənov A.Q.Əsgərovun ona olan borcunun bir hissəsini ödədiyini, guya A.Q.Əsgərovun ona 19.237 manat borcunun qaldığını göstərmişdir. Həmin ərizə A.V.Həsənov tərəfindən tərtib edilib, imzalanmamış və onun tərəfindən həmin ərizədə göstərilən aidiyyəti dövlət orqanlarına heç bir ərizə göndərilməmişdir. Qeyd olunan bu ərizədə A.V.Həsənovun ad və soyadının əvvəlindəki imza A.Həsənova məxsus deyildir. A.V.Həsənovun adından belə bir ərizənin saxtalaşdırılaraq həmin ərizədə göstərilən ünvanlara göndərilməsini həyata keçirmiş şəxsin (şəxslərin) müəyyənləşdirilməsi və onlar barədə zəruri tədbirlərin görülməsinin təmin olunması üçün müvafiq addımlar atılacaqdır. Hesab edir ki, iddiaçının iddia tələbi yuxarıda sözügedən ərizə ilə əlaqədar olmadığından, bu ərizə ilə əlaqədar görüləcək tədbirlərdən asılı olmayaraq, iddiaçının icra qeydinin ləğv edilməsinə dair iddiasına hüquqi qiymətin verilməsi mümkündür. Odur ki, etiraz mülahizələrində ifadə olunan hüquqi mövqeyimizə əsaslanaraq məhkəmədən hazırkı iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Rövşən Əliyev icra qeydinə dair icraatın başlanması vəaparılması zamanı heç bir qanunsuzluğa yol verilmədiyini bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə cavabdehin nümayəndəsi olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki iş materiallarında olan: xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, “borc verən” X9 65000 manat pulu İddiaçın vermiş, İddiaçı isə bu pulu qəbul etmiş və xx.xx.2012-ci il tarixdə geri qaytarmağıı öhdəsinə götürmüşdür. Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Rövşən Əliyev tərəfindən qəbul olunmuş xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərardan müəyyən olunur ki, Bakı şəhəri 38 saylı notariat ofisinin notariusu X4 tərəfindən verilmiş 14 may 2015-ci il tarixli icra qeydinə əsasən İddiaçı cəmi 65000 manat pulun X2 xeyrinə tutulması ilə bağlı icraata başlanılmışdır. xx.xx.2017-ci il tarixli aktdan müəyyən olunur ki, Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Rövşən Əliyev və digərləri İddiaçı qeydiyyatda olduğu ünvan 2 ünvanına getmişlər. İddiaçı həmin ünvanda yaşamadığı məlum olmuşdur. xx.xx.2017-ci il tarixli borclunun axtarılması barədə qərardan müəyyən olunur ki, Bakı şəhəri 38 saylı notariat ofisinin notariusu X4 tərəfindən verilmiş 14 may 2015-ci il tarixli icra qeydinin icrası ilə bağlı İddiaçı barəsində axtarış elan olunmuşdur. Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsi tərəfindən Goranboy Rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan müəyyən olunur ki, İddiaçıbarəsində açılmış axtarış işinə xitam verilməsi xahiş olunmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-149/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı onunla X9 arasında 65000 manat pulun borc alınmasına dair bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir. Onun bu tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8972/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-149/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-2168/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8972/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri 38 saylı Xüsusi Notariat Ofisi tərəfindən İddiaçı nvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur ki, İddiaçı Talib oğlu ilə X10 arasında bağlanmış 10 noyabr 2012-ci il tarixdə 3M-03-521 nömrə ilə reyestrdə rəsmləşmiş kredit müqaviləsi üzrə öhdəliklər icra olunmadığından vətəndaş X3 müraciəti əsasında 14 may 2015-ci il tarixdə 7E-3937 nömrə ilə reyestrdə rəsmiləşdirilmiş icra qeydi tərtib edilmiş və məcburi icrası üçün müvafiq icra vəprobasiya şöbəsinə göndərilmişdir. Sizin müraciətinizə əsasında icra qeydin ləğv edilməsi mümkün deyil. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı iddia ərizəsində ira qeydinin ləğv edilməsinə əsas kimi tərəflər arasında mübahisənin qalmasını göstərir. Halbuki iddia ərizəsinə əlavə edilmiş qətnamə və qərarlardan icra qeydinin verilməsinə əsas olmuş öhdəlik münasibətlərinə yetərincə aydınlıq gətirilmiş, həmin qətnamələr və qərar qanuni qüvvəsini almışdır. Tərəflər arasında olan hüquq münasibətlərində qeyri-müəyyənlik qalmamışdır. İddiaçının vəkili məhkəmə iclasında İddiaçı icra qeydinə dair bildirişi almadığını əsas gətirərək icra qeydinin ləğv edilməsini xahiş etmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır... Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Yuxarıda sadalanan mülki iş materiallarından və qanunvericilik müddəalarından aydın olur ki, İddiaçı və X9 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi əsasında tələbkar tərəfindən edilmiş müraciət əsasında Bakı şəhəri 38 saylı Notariat Ofisi tərəfindən verilmiş 14 may 2015-ci il tarixli icra qeydinin ləğv edilməsi üçün qanuni əsasın olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia ərizəsi rədd edildiyindən iddiaçı şəxsə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 38 saylı Notariat Ofisinə qarşı, X9 və Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə, icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar