Məhkəmə qərarları › İş №e-2(005)-1992/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1992/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1992/2023 19.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə iddia icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1954-cü il təvəllüdlü Cavabdeh 24 mart 24 mart 2019-cu il tarixli, 28K501390 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1115 (min yüz on beş) manat əsas borc və 32 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1147 (min yüz qırx yeddi) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ilə İddiaçı MMC-nin arasında müddəti 15 ay olmaqla 24 mart 2019-cu il tarixli nisyə alqı-atqı müqaviləsi bağlanılıb. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1629 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 1115 manat borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 24 mart 2019-cu il tarixli, 28K501390 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1115 (min yüz on beş) manat əsas borc və 32 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1147 (min yüz qırx yeddi) manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh bildirmişdir ki, qonşusu Şərqiyə adlı xanım bir gün ərzində İddiaçı MMC-dən bir televizor, "xxxx" MMC-dən bir televizor və “X1” iki telefon almışdırlar, bir aydan sonra ona zəng vurmuşdurlar ki, ödənişlər olunmur. Şərqiyə adlı qonşusu bir dəfə cəmi 300 manat məbləğində ödəniş etmişdir, qalan məbləği özü ödəmişdir. Daha sonra "xxxx" MMC-nin borcunu ödəmiş, lakin İddiaçı MMC-nin borcu qalmışdır, bu gün 50 manat məbləğində ödəniş edəcəkdir, qalan məbləği də hissə-hissə ödəyə bilər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdirlər. İddiaçı xx.xx.2023-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənələri nəzərdən keçirərək hesab edir ki iddia təmin edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 24 mart 2019-cu il tarixli, 28K501390 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəniş şərti ilə 1629 (bir min altı yüz iyirmi doqquz) AZN məbləğində məişət avadanlığı əldə etmiş, ondan 9 (doqquz) AZN ilkin ödəniş edərək qalan 1620 (bir min altı yüz iyirmi) AZN məbləği 15 ay müddətinə aytıq 108 (yüz səkkiz) AZN olmaqla 'Soliton LTD” MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 2188 №li maliyyə arayışından görünür ki, Cavabdeh 24 mart 2019-cu il tarixli, 28K501390 saylı müqavilə üzrə İddiaçı MMC-yə olan ümumi borcu 1115,00 AZN təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi,tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Lakin cavabdeh yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə uyğun götürülmüş öhdəliklərini yerinə yetirməmiş, aylıq ödənişləri yerinə yetirməməklə, müqavilənin şərtlərini pozmuşdur. Buna görə cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda qeyd olunan işin halları və onlara tətbiq olunuş maddi hüquq normalarının tələblərindən görünür kimi hazırda tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən bütün öhdəliklər yerinə yetirilməsinə baxmayaraq cavabdeh tərəfindən qeyd olunan öhdəliklər tam yerinə yetirilməmişdir. Bu səbəbdən də məhkəmə hazırda iddiaçı tərəfindən qaldırılmış iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən və cavabdehin dövlət rüsumundan azad olması hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 32 manat dövlət rüsumu cavavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda göstərilən hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli Cavabdeh 1115 (min yüz on beş) manat əsas borc və 32 (otuz iki) manat məbləğində ödənilmiş dövlət rusumu olmaqla cəmi 1147 (min yüz qırx yeddi) manat pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1115 (min yüz on beş) manat əsas borc və 32 (otuz iki) manat məbləğində ödənilmiş dövlət rusumu olmaqla cəmi 1147 (min yüz qırx yeddi) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar