Məhkəmə qərarları › İş №e-2(005)-1998/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-1998/2025

22.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-1998/2025 22.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3374,52 manat məbləğində sığorta ödənişinin, 54 manat dövlət rüsumunun, 1 manat xidmət haqqının, cəmi 3429,52 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "Bakı Sığorta“ ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-9104/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəyə iddia icraatı qaydasında baxıılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1265/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3374,52 manat sığorta ödənişi, 58 manat dövlət rüsumu, 1 manat xidmət haqqı və 325 manat vəkil xərci olmaqla, cəmi 3758,52 manat pulun müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 sahibliyində olan “Kia Optima minik” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən Bakı şəhəri, 28 may küçəsində idarə olunan zaman yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də “avtomobillərin tam sığortası” qaydasında sığortalanmış, “Hyundai Elantra” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. BDYPİ-nin polis kapitanı X1 xx.xx.2024-cü il tarixli TP 658618 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən yuxarıda qeyd edilən yolnəqliyyat hadisəsinin baş verməsində Cavabdeh1 təqsirkar bilinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddiaçının xx.xx.2024cü il tarixli “zərərin hesablanması aktı”na əsasən xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində “Hyundai Elantra” minik markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər 6228 manat məbləğində müəyyən edilmişdir. Hadisə baş verən anda “Kia Optima” minik markalı 77XE487 dövlət qeydiyyat nişanlı avtomobilin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti icbari qaydada "xxxx" ASC tərəfindən sığorta olunmuşdur. Bu əsasla iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli BS-S- 24/1564 saylı tələb məktubu ilə "xxxx" ASC-yə müraciət edərək ödənilmiş sığorta ödənişinin 5000 manat məbləğində olan hissəsinin geri ödənilməsi tələb edilmişdir. Lakin hadisə nəticəsində Cavabdeh1 tərəfindən bir neçə əmlaka zərər vurduğu və sığortalanmış əmlakın sığorta müqaviləsi üzrə razılaşdırılmış azadolma məbləği nəzərə alınmaqla "xxxx" ASC tərəfidnən xx.xx.2024-cü il tarixli sığorta aktına əsasən zərərlə bağlı iddiaçının hesabına yalnız 2753,48 manat məbləğində sığorta ödənişi geri ödənilmişdir. Beləliklə, ödənilmiş 6128 manat məbləğində sığorta ödənişindən "xxxx" ASC tərəfindən ödənilmiş hissəsi çıxılmaqla 3374,52 manat məbləğində hissəsini iddiaçı cavabdehlərdən tələb etmək hüququna yiyələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdelər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Elantra” minik markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətindədir. Avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsindən görünür ki, “Hyundai Elantra” minik markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 30000 manat məbləğində xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək sığortalı "xxxx" MMC-nin xeyrinə sığortalanmışdır; - "xxxx" MMC tərəfindən X3 verilmiş xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, X4 şirkətə məxsus “Hyundai Elantra” minik markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2026-cı tarixinədək idarə etmək səlahiyyətinə malikdir; - Elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh2 “Kia Optima minik” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 xx.xx.2024-cü il tarixdən xx.xx.2033-cü il tarixinədək idarə etməyi etibar etmişdir; - "xxxx" ASC tərəfindən tərtib edilmiş zərərin hesablanması aktından görünür ki, Hyundai Elantra” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 6228 manat təşkil etmişdir.; - “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışının surətindən görünür ki, xx.xx.2024cü il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş, təqsirli Cavabdeh2 məxsus olan “Kia Optima minik” markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 tərəfindən zərərçəkən “Hyundai Elantra minik” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi "xxxx" MMC-yə zərər vurulmuşdur; - “İnzibati tənbeh vermə haqqında” elektron qərarın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə AR İXM-in 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir; - xx.xx.2024-cü il tarixli ödəniş tapşırığın surətindən görünür ki, "xxxx" Şirkəti ASC tərəfindən X2 6,128 manat sığorta ödənişi verilmişdir; - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sığorta aktından görünür ki, 2753,48 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin təqdim etdiyi hesaba köçürülmüşdür. - Məhkəmə tərəfindən keçirilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 0219 saylı rəyindən görünür ki, toplanmış məlumatlar, aparılmış təhlil və hesablamalar nəticəsində "Hyundai Elantra" minik markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc 5100 manat (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) müəyyən olunmuşdur. Ekspertiza xərci 350 manat təşkil etmişdir; - xx.xx.2024-ci il pretenziya məktubundan görünür ki, Cavabdeh2 və Cavabdeh1 sığorta ödənişini 5 gün ərzində "xxxx" ASC-yə ödəmələri barədə xəbərdar olunmuşdur; - Ödəniş qəbzinə əsasən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 59 manat dövlət rüsumu və xidmət haqqı ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “Kia Optima minik” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 10 illik etibarnamə əsasında avtomobildən idarə etmək hüququnu Cavabdeh1 vermişdir. xx.xx.2024-cü il tarixdə 28 may küçəsində sığorta hadisəsi baş vermiş, bu zaman avtomobil Cavabdeh1 istifadəsində olmuş, onun barəsində İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Sığorta hadisəsi nəticəsində avtonəqliyyat vasitələrinin tam sığortası ilə sığortalanmış “Hyundai Elantra minik” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 6228 manat müəyyən edilmişdir. İcbari qaydada sığortalanmış “Kia Optima minik” markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortaçısı "xxxx" ASC tərəfindən 2753,48 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına ödənilmişdir. Hazırda iddiaçı sığorta aktına əsasən ödədiyi 3374,52 manat məbləğində pulun, eləcə də dövlət rüsumunun və vəkil xərcinin cavabdehlərdən tutulmasını xahiş edir. Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Göründüyü kimi, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Bu səbəbdən sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, hazırkı iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh1 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə sonuncunun təqsiri müəyyən edilmişdir. Həmçinin iş materiallarından göründüyü kimi digər Cavabdeh2 tərəfindən Cavabdeh1 nəqliyyat vasitəsini idarə etməyə dair uzunmüddətli etibarnamə verilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarı). Məhkəmə, iddianın Cavabdeh2 aid hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı “Kia Optima minik” markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 sahibliyindən qanuni əsasla çıxması və yol-nəqliyyat hadisəsi baş verən zaman onun birbaşa sahibliyində olmaması, yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmaması müəyyən edilmişdir. Belə olan halda, Cavabdeh2 hadisənin törədildiyi vaxt sahibliyində və nəzarətində olmayan yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə mülki hüquqi məsuliyyətə cəlb edilə bilməz. Xüsusilə nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsinin mülkiyyətinin həmin anda Cavabdeh2 olması da bu hüquqi vəziyyəti dəyişdirmir. Çünki yüksək təhlükə mənbəyinin vurduğu ziyana görə məsuliyyət mülkiyyətçiyə deyil, onun qanuni sahibinə aiddir. Təsadüfü deyil ki, bu münasibətləri tənzimləyən Mülki Məcəllənin 1108.1-ci maddəsi zərərin əvəzini ödəmək vəzifəsinin yüksək təhlükə mənbəyinin mülkiyyətçisinin deyil, mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulduğunu təsbit etmişdir. Hazırki işdə hadisə baş verən zaman nəqliyyat vasitəsini idarə edən sürücünün maşına dair 10 illik etibarnaməsi olması, onun sahibliyində və istifadəsində olması təsdiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə əsaslı olduğundan qismən təmin edilməli, digər Cavabdeh2 aid hissədə isə təmin edilməməlidir. Tələb edilmiş sığorta ödənişinin məbləği ilə bağlı qeyd olunmalıdır ki, iş materiallarına əlavə edilmiş zərərin hesablanması aktına əsasən “Hyundai Elantra minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 6228 manat məbləğində müəyyən edilmişdir. İddiaçı digər avtomobilin sığortaçısı tərəfindən ödənlmiş 2753,48 manat sığorta ödənişini və azadolma məbləğini çıxdıqdan sonra, 3374,52 manat pulun cavabdehdən tutulmasını xahiş etsə də, məhkəmə tərəfindən keçirilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 0219 saylı rəyindən göründüyü kimi “Hyundai Elantra minik” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılması üçün tələb olunan xərc 5100 manat (mal və xidmətlərə görə ƏDV nəzərə alınmadan) müəyyən olunmuşdur. Qeyd olunan məbləğə ƏDV əlavə edildikdə (18 %) ümumi zərər 6018 manat təşkil edir. Həmin məbləğdən azadolma məbləği (100 manat) və sığorta ödənişi çıxıldıqda (6018-100-2753,48), cəmi ödənilməli olan məbləğ 3164,52 manat edir. Bu baxımdan məhkəmə hesab edir ki, vurulmuş zərərə görə məhkəmə tərəfindən keçiilmiş qiymətləndirmə rəyinə uyğun olaraq 3164,52 manat pul Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş qiymətləndirmə rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan qiymətləndirmə rəyinin qeyrimötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Məhkəmə həmçinin iddia tələbinin hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 325 manat pulun cavabdehdən tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər də daxildir. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə işin hallarını, iddiaçı və cavabdehin mənafelərini, iddiaçının hüquqi şəxs olduğunu və vəkilini sonuncu prosesdə işə qoşulduğunu, eyni zamanda vəkilin iddiaçı təşkilatın qanuni təmsilçisi olduğunu nəzərə alaraq onun göstərdiyi hüquqi yardıma görə 100 manat məbləğində xərcin tutulmasını ağlabatan hesab edir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 sığorta ödənişinə görə 3164,52 manat, hüquqi yardımın göstərilməsinə görə 100 manat olmaqla, cəmi 3264,52 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 59 manat pulun 52 manatı tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 sığorta ödənişinə görə 3164,52 manat, hüquqi yardımın göstərilməsinə görə 100 manat olmaqla, cəmi 3264,52 (üç min iki yüz altmış dörd manat, əlli iki qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 59 manat pulun 52 (əlli iki) manatı tutularaq iddiaçı LPO "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qiymətləndirmə tədqiqatının dəyəri olan 350 (üç yüz əlli) manat məbləğində pul Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına (hesab/İBAN AZ74RBTA********************, Rabitə Bank ASC, KOD 507280, müxbir hesab AZ61NABZ********************, SWİFT RBTAA722) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar