Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2007/2023 10.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6961 manat məbləğində dəymiş zərərin əvəzinin və 89,61 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 7050,61 (yeddi min əlli manat, 61 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında xx.xx.2022-ci il tarixli B-162-AAE-22 nömrəli avtomobil alqı-satqısı üzrə müqavilə imzalanmışdır. Sözügedən müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən təhvil-təslim aktına əsasən Changan F70 markalı (Pick Up) nəqliyyat vasitəsi Satıcı/iddiaçı tərəfindən Alıcının/cavabdehin istifadəsinə təhvil verilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, B-162-AAE-22 nömrəli müqavilənin şərtlərinə əsasən, cavabdeh tərəfindən 5574 manat məbləğində ilkin ödəniş həyata keçirilmiş, qalan 57600 manat məbləğində vəsaitin isə xx.xx.2022-ci il tarixindən etibarən 36 ay ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı MMC-yə məxsus servisdə Changan F70 markalı nəqliyyat vasitəsinin yağının dəyişdirilməsi zamanı müəyyən edilmişdir ki, həmin avtomobilin yanacaq nasosu, eyni zamanda yanacaq sisteminə aid olan, ümumi dəyəri 6961 manat təşkil edən ehtiyyat hissələri tam şəkildə sıradan çıxmışdır. Avtonəqliyyat vasitəsinə texniki xidmət göstərən mütəxəssislər tərəfindən bildirilmişdir ki, yuxarıda qeyd olunan məbləğdə detalların sıradan çıxmasının əsas səbəbi istifadə olunmuş yanacağın tərkibinə su qarışdırılması olmuşdur. İstifadə edilmiş yanacağa su qarışdırılması faktının təsdiq edilməsi məqsədi ilə iddiaçı tərəfindən “SGS” sertifikatlaşdırma və inspeksiya şirkətinə müraciət edilmiş və müvafiq ekspertizanın keçirilməsi təşkil olunmuşdur. Həmin ekspertizanın nəticəsi də istifadə olunmuş yanacağın tərkibində su mövcud olması faktını təsdiq etmişdir. Changan F70 markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir edilməsi barədə tərtib edilmiş “Təmir Aktı”na əsasən, dəymiş zərər 6961 manat məbləğində qiymətləndirilmişdir. İddiaçınin mülkiyyətində olan nəqliyyat vasitəsinə cavabdehin istifadəsində olduğu zaman zərər dəymişdir (yanacaq sisteminə aid ehtiyyat hissələri sıradan çıxmışdır) və hesab edirlər ki, dəymiş zərərin əvəzi cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edilmiş, pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən sözügedən müraciətlərə məhəl qoyulmamış və dəymiş zərərin əvəzinin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Cavabdeh Yunus oğlu məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı MMC ilə bağladığı xx.xx.2022-ci il tarixli, B-162-AAE-22 nömrəli alqı-satqı müqaviləsinə əsasən, ümumi dəyəri (ƏDV daxil) 63179 Azərbaycan manatı məbləğində müəyyənləşdirilmiş “Changan UNİ K” markalı, 2022-ci il buraxılışlı (VİN LS4ASE2A8NA 706850, qarametalik) “PickUP” markalı avtomobilin satış dəyərindən ilkin olaraq 5574 manat ödəməklə, qalan 57600 manatı isə xx.xx.2022-ci il tarixindən etibarən 36 ay müddətində hər ay 1600 manat ödəmək şərti ilə satın almışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən qalan borcu 12 ay müddətinədək ödədiyi təqdirdə avtomobilin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə (ƏDV daxil) olmaqla 52927 manat məbləğində müəyyən ediləcəyi də şərtləndirilmişdir. Müqavilənin 1.2-ci bəndində göstərilmişdir ki, “avtomobil (həmçinin onun əlavə avadanlığı), xüsusilə də onun əsas xüsusiyyətləri haqqında bütün lazımi və asanlıqla əldə edilməsi mümkün olan məlumatlar, satıcının zəmanət öhdəliklərinin şərtləri və s. avtomobili sənədlərində öz əksini tapmışdır. Müqavilədə göstərilmişdir ki, alıcı hazırkı müqaviləni imzalamaqla təsdiq edir ki, o, hazırkı Müqaviləni imzalamazdan əvvəl avtomobil haqqında bütün lazımi məlumatlarla satıcının səlahiyyətli nümayəndəsinin şifahi izah etməsi, alıcının avtomobil haqqında reklam məhsulları ilə tanış olması, avtomobilin tələblərinə cavab verdiyi normativ sənədlərin müddəaları ilə alıcının tanış olması və sairə kimi üsullardan istifadə etməklə tanış olmuşdur. Alıcı həmçinin bildirir və təsdiq edir ki, o, avtomobili şüurlu və müstəqil şəkildə seçmişdir”. “Changan UNİ K” markalı avtomobilin satın alınmasından bir müddət sonra İddiaçı MMC-yə məxsus servisdə avtomobilin yağının dəyişdirilməsi zamanı müəyyən edilmişdir ki, həmin avtomobilin yanacaq nasosu, eyni zamanda yanacaq sisteminə aid olan ümumi dəyəri 8300 manat təşkil edən ehtiyat hissələri tam sıradan çıxmışdır. Yuxarıda göstərilən məbləğdə olan detalların sıradan çıxmasının səbəbinin avtonəqliyyat vasitəsinə texniki xidmət göstərən mütəxəssislər yanacaq sisteminə Azərbaycan Respublikasında satılan dizel yanacağı vasitəsi ilə əlaqələndirərək, bunun ölkəmizdə satılan dizel yanacağının bu avtomobillər üçün uyğun olmaması ilə əsaslandırmışlar. Həmin avtomobilin ölkəmizdə satılan dizel yanacağı ilə işləməsinin qeyd olunan nəticələrə səbəb olması həmin avtomobili alarkən ona nə yazılı, nə də ki şifahi şəkildə bildirilməmişdir. Bu halı əvvəlcədən bildiyi halda sözsüz ki, həmin avtomobili almazdı. İddiaçı müəssisə tərəfindən bu halın ona bildirilməsi, bunu bilə-bilə həmin avtomobili alması ağlabatan mühakimə ilə də uzlaşmır. Digər tərəfdən İddiaçı MMC şirkəti ilə bağladığı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi “Changan UNİ K” markalı avtomobilə Satıcı şirkət tərəfindən zəmanət verilmişdir. Həmin zəmanətlə əldə etdiyi avtomobilə 5 il müddətində hər hansı texniki qüsur nəticəsində dəymiş zərərin satıcı şirkət tərəfindən qarşılanması müəyyən olunmuşdur. Sözügedən halın baş verməsi halında satıcı şirkət tərəfindən qeyd olunan hərəkətin icra edilməsinin şərti olaraq, zəmanət müddətində avtomobilə yalnız İddiaçı MMC-yə məxsus servisdə xidmət göstərilməli olduğu da razılaşdırılmışdır. Həmin şərtə daim riayət etmiş, avtomobilə texniki xidməti yalnız, iddiaçı müəssisənin müəyyən etdiyi servisdə həyata keçirmişdir. 2022-ci ilin sentyabr ayında zəmanət tələbinə uyğun olaraq, Şirkətin servisinə yaxınlaşmış və avtomobilin yağının dəyişdirilməsini həyata keçirmişdir. Bundan 1 həftə sonra, yəni 2022-ci ilin sentyabr ayında yanacaq nasosunda problem yarandığını görüb yenidən servisə müraciət etmişdir. Sözügedən müraciətinə cavab olaraq avtomobilin yanacaq sisteminə su düşdüyü və bu səbəbdən yanacaq nasosunun sıradan çıxdığı bildirilmişdir və avtomobilə dəymiş zərərin 8300 AZN məbləğində təmir oluna biləcəyi qeyd olunmuşdur. Zəmanət tələblərinə uyğun olaraq, dəymiş zərərin (8300 AZN) qarşılanmalı olması ilə bağlı İddiaçı MMC tərəfindən müsbət cavab verilməmişdir. Müqavilə şərtlərinə əsasən zəmanət müddəti ərzində “Changan UNİ K” markalı avtomobilin yanacaq nasosunda texniki qüsurun 3 il müddətində baş verməsi ilə əlaqədar olaraq, dəymiş zərər Satıcı şirkət - İddiaçı MMC tərəfindən ödənilməli olmuşdur. Həmçinin, xx.xx.2022-ci il tarixdən etibarən “Changan UNİ K” markalı avtomobil Satıcının ünvanında saxlanılmışdır. Göstərilən tarixdən avtomobildən istifadə etməməsi ilə əlaqədar əldə edə biləcəyi gəlirdən məhrum olmaqla yanaşı, eyni zamanda əlavə gediş-gəliş xərcləri də yaranmışdır. Yuxarıda göstərilənlərlə yanaşı, iddiaçı müəssisənin aidiyyatı məsul şəxsləri ilə əlaqə saxlayaraq yuxarıda sözügedən məsələ ilə əlaqədar mübahisəyə məhkəmə qaydasında baxılıb yekun qiymət verilənədək avtomobilin aylıq ödənişlərini ödəməsi şərti ilə ona qaytarılmasını dəfələrlə xahiş etsə də, bu xahişi hazırkı vaxtadək müsbət cavablandırılmamışdır. Yuxarıda göstərilən tarixdən iddiaçı müəssisə ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsində göstərilən şərtlərlə satın aldığı avtomobilin ödənilməyən aylar üzrə dəyərini ödəməsi şərti ilə qaytarılmaması qanunla, eləcə də yuxanda sözügedən müqavilə ilə nəzərdə tutulan hüquqlarını kobud şəkildə pozduğundan iddiaçı müəssisəyə ünvanladığı 26 dekabr 2022-ci il tarixli məktubda avtonəqliyyat vasitəsinin ödənilməyən aylar üzrə ödənişlərini həyata keçirməsi şərti ilə qaytarılmasını xahiş etmişdir (26 dekabr 2022-ci il tarixli məktubun surəti əlavə edilir). Lakin iddiaçı sözügedən məktubda göstərilən xahişini icra etməmiş, əksinə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda sadalanan xüsusatlarla yanaşı, onun pozulmuş istehlakçı hüquqlarının bərpa olunmasına dair ərizə ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət olunmuş və sözügedən xidmət tərəfindən İddiaçı MMC-nin istehlakçı hüquqlarını pozduğu aşkarlandığından iddiaçı müəssisə barəsində xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati xəta haqqında protokol” əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır (protokolun surəti əlavə edilir). Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar həqiqəti əks etdirmir və sözügedən bu hallar ona qarşı irəli sürülən iddia tələbinin təmin edilməsinə əsas ola bilməz. Göstərilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Yunus oğlunun nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək etiraz ərizəsində qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-cı il tarixli B-162-AAE-22 nömrəli avtomobil alğı-satqısı üzrə müqavilənin surətindən görünür ki, satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, satıcı müqavilənin şərtlərinə uyğun olaraq, modeli “Changan F 70”, buraxılış ili 2022 olan (VİN: LSCBBZ2G4NG702862, boz metalik) avtomobili dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi və avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin avtomobili qəbul edərək dəyərini müqavilə ilə müəyyənləşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürmüşlər. Müqavilənin 2.1-ci bəndinə görə, avtomobilin qiyməti tərəflərin razılığı ilə ƏDV daxil 62290 (altmış iki min iki yüz doxsan) manat müəyyən edilmiş və alıcı 4690 manat ilkin ödəniş edərək, qalıq borc kimi 57600 manat məbləğini xx.xx.2022 tarixindən etibarən 36 ay müddətində, ayda 1600 manat olaraq ödəməsi razılaşdırılmış, o cümlədən alıcının avtomobilin borcunu 12 ay müddətinədək bağladığı təqdirdə avtomobilin qiymətinin tərəflərin razılığı ilə ƏDV daxil 54250 manat müəyyən ediləcəyi nəzərdə tutulmuşdur; Həmin müqavilənin 5.1-ci bəndindən görünür ki, istehsalçının verdiyi zəmanət şərtlərinə uyğun olaraq avtomobilin Mühərrik, Sürətlər qutusu, Elektron sükan mexanizmi, ABS sistemi (Elektron əyləc sistemi daxil), Audio və Multimediya sistemi, Kondisioner və klimat sistemi, Led və ksenon işıqlandırma sistemi, Start-Stop düyməsi, Mərkəzi qapanma və Kessy sistemi, Amotizatorlar, Stupitsalar və Qranatlarına 5 il və ya 150.000 km, Katalizator sistemi və oksigen sensor, Yanacaq nasosu, Starter, Dinamo və Bütün naqillərinə 3 il və ya 65.000 km, Adı hallogen işıqlar, lampalar, Hava və salon filteri, Yanacaq filteri, Təkərlər, Alışdırıcı şamlar, Dayaq dirsəklər, Akkumulyator və Əyləclərə isə yalnız 3 ay zəmanət verilmişdir. 5.2-ci bəndə görə, zəmanətin qüvvədə olmasının digər şərti avtomobilin istismara dair təlimatda və Servis kitabçasında qeyd olunan bütün mütəmadi müayinələrdən və texniki xidmətdən vaxtında keçməsidir. Servis kitabçasında aparılmış müvafiq qeydlər, avtomobilin İstismara dair təlimatda və Servis kitabçasında qeyd olunan bütün mütəmadi müayinə və texniki xidmətdən keçirilməsinin təsdiqi kimi çıxış edir; İddiaçınə aid Changan Servis tərəfindən tərtib edilən təmir aktının surətindən görünür ki, buraxış ili 2022, yürüşü 9226 km olan “Changan F70” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Servisə giriş etmiş, həmin avtomobildə dəyişdirilməli olan ehtyyat hissələrinin və görülməli işlərin cəmi dəyərinin 6961 manat təşkil etdiyi müəyyən edilmişdir. Həmin aktda həmçinin göstərilmişdir ki, avtomobildə yüksək təzyiq nasosu dəyişdirilməlidir və yanacaq sistemi tam təmizlənməlidir. Digər e/h-ləri və işlər ehtiyac yaranarsa, yerinə yetirilməlidir. Təmir zamanı əlavə hissələrin və işlərin çıxması ehtimalı var. Farsunka –(2480 x 4) = 9920 AZN (sifariş) + xidmət haqqı - 100 AZN, Yanacaq reykası (datçiklər ilə tam) - 2550 AZN + xidmət haqqı - 80 AZN. Göstərilən qiymətlərə Ə.D.V. daxildir; Nəqliyyat vasitəsinin texniki müayinə edilməsinə dair xx.xx.2022-ci il tarixli Aktın surətindən görünür ki, “Azərbaycan Avtomobil Evi “MMC-də Keyfiyyətə nəzarət meneceri vəzifəsində işləyən X5, Servis məsləhətçisi vəzifəsində işləyən X2 və Çilingir vəzifəsində işləyən X3 “Changan F70” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirib hazırki Aktı imzalamaqla nəqliyyat vasitəsinin mühərrikində qüsurun yaranması səbəbinin istifadə edilmiş yanacağın tərkibinə suyun qarışdırılması olmasını təsdiq etmişlər; İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixili Pretenziya məktubundan görünür ki, “Changan F70” markalı, buraxılış ili 2022 olan nəqliyyat vasitəsinin təmir edilməsi məqsədi ilə təmir xərcləri qismində 6961 manat məbləğində pul vəsaitinin ödənilməsi Cavabdeh tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir; xx.xx.2023-cil tarixli, BA23-00080.001 nömrəli SGS analitik hesabatından görünür ki, “Changan F70” markalı, **-PD-*** dövlət qeydiyyat nömrəli avtomobildən götürülən nümunələrin Laboratoriya sınağı keçirilmişdir; Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 26 dekabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, həmin məktubda Alıcı, avtomobilin yanacaq nasosunda texniki qüsurun 3 il müddətində baş verməsi ilə əlaqədar olaraq, dəymiş zərərin Satıcı şirkət tərəfindən ödənilməli olduğunu vurğulamış və ödənilməyən aylar üzrə ödənişləri ödəmək şərti ilə avtomobilin özünə geri qaytarılmasını xahiş etmişdir; Antiinhisar və İstehlakçı Bazarına Nəzarət Dövlət Xidmətinin məsləhətçisi Elgün Əlliyev tərəfindən tərtib edilmiş inzibati xəta haqqında MN seriyalı ******* saylı protokolun surətindən görünür ki, Cavabdeh müraciəti əsasında İddiaçı MMC-nin istehlakçı hüquqlarını məhdudlaşdırdığı müəyyən edildiyindən şirkət barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İddia tələbindən göründüyü kimi iddiaçı, mülkiyətində olan “Changan F70” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh tərəfindən lazımı keyfiyyətdə olmayan yanacaqdan istifadə edilməklə sürüldüyünü (yanacağa su qatılmaqla idarə edildiyini) və nəticədə avtomobilin yanacaq nasosunun və yanacaq sisteminə aid olan digər ehtiyyat hissələrinin sıradan çıxdığını, bununla da mülkiyyətçi kimi ona zərər dəydiyini iddia edərək hazırkı iddia tələbini irəli sürmüş, iddiasının hüquqi əsası kimi başlıca olaraq Mülki Məcəllənin 1096.1-ci maddəsinə istinad etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İddiaçının iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki qanunvericiliyin qeyd edilən müddəasının mənasına əsasən, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması üçün üç əsas ünsürün məcmu halda mövcud olması lazımdır – zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Bu o deməkdir ki, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür və məhz o, iddia etdiyi kimi cavabdehin “Changan F70” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yanacağa su qatılmaqla sürdüyünü və zərərin məhz onun (cavabdehin) bu əməli nəticəsində yarandığını sübuta yetirməlidir. Həmçinin nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı, hazırkı məhkəmə baxışının predmetini təşkil edən iddia tələblərini irəli sürməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı, cavabdehin “Changan F70” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yanacağa su qatılmaqla sürdüyünü və zərərin məhz cavabdehin bu əməli nəticəsində yarandığını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu qənaətə gələrkən məhkəmə xüsusilə nəzərə alır ki, iş materiallarına əlavə edilmiş texniki müayinə aktı və laboratoriya hesabatında nəqliyyat vasitəsində yaranan qüsur yanacağın tərkibində suyun olması ilə əlaqələndirilsə də, bu hal fərqli qənaətə gəlmək üçün əsas vermir. Çünki əvvəla, həmin sənədlər iddiaçı tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Digər tərəfdən isə, həmin sənədlər nəqliyyat vasitəsində ortaya çıxan qüsurun yanacağın tərkibində suyun olması səbəbindən yarandığını göstərsə belə, bu hərəkətin məhz cavabdeh tərəfindən edildiyini təsdiq etmir. Başqa ifadə ilə, zərərin mövcudluğu sübut olunsa belə, həmin zərərin məhz cavabdehin hüquqa zidd təqsirli hərəkəti nəticəsində meydana gəlməsi sübut edilmir. Həmçinin məntiqli deyildir ki, cavabdeh müqavilə müddətinin sonunda öz mülkiyyətinə keçəcək nəqliyyat vasitəsinin yanacağına su qatmaqla ona bilərəkdən zərər vurmuş olsun. Bundan başqa, ölkə ərazisində yanacağın xüsusi yanacaqdoldurma məntəqələrindən əldə edildiyi hamıya bəlli haldır və əgər həmin yanacaq Satıcı tərəfindən ölkə bazarına çıxarılan nəqliyyat vasitələri üçün uyğun deyilsə, bunun məsuliyyət və riskini alıcılar deyil, Satıcı özü daşımalıdır. Belə yanaşma bu cür münasibətdə daha zəif mövqedə olmaqla qorunmalı olan istehlakçıların (alıcıların) hüquqlarının müdafiəsi baxımından daha məqsədəuyğun olmaqla yanaşı, həm də daha ədalətlidir. Digər tərəfdən, yuxarıda da göstərildiyi kimi tərəflər arasındakı müqaviləyə əsasən “Changan F70” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yanacaq nasosuna 3 il və ya 65.000 km istehsalçı zəmanətinin verilmiş olduğu işin mübahisəsiz halıdır. Cavabdehin həmin zəmanətin qüvvədə olmasının digər şərtlərini (müqavilənin 5.2ci bəndinin tələblərini) pozması da irəli sürülməmiş, belə bir halın mövcudluğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 624.1-ci maddəsinə əsasən, alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: -keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; - alış qiyməti mütənasib surətdə azaldılsın; - malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; - malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun “Qüsuru olan mal satılarkən istehlakçının hüquqları” başlıqlı 7-ci maddəsindəki müddəalar da Mülki Məcəllədəki tənzimləmə ilə paralellik təşkil etməkdədir. Həmin maddəyə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan 1) lazımi keyfiyyətli mala dəyişdirməyi; 2) satış qiymətini uyğun məbləğdə azaltmağı; 3) malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; və ya 4) malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini tələb etmək hüququna malikdir. Həmçinin Mülki Məcəlləsinin 581.1-ci və 581.2-ci maddələrinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 582.2-ci maddəsində deyilir ki, alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. İşin yuxarıda qeyd edilən hallarından da göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə satılmış malda (“Changan F70” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində) qarantiya müddətində qüsur ortaya çıxmış, Cavabdeh iddiaçı şirkətə yazılı müraciət edərək həmin qüsurun qarantiya (3 il) müddətində baş verməsi səbəbindən dəymiş zərərin iddiaçı (satıcı) tərəfindən ödənilməli olduğunu bildirmiş, həmçinin iddiaçıdan tələb etmişdir ki, ödənilməyən aylar üzrə ödənişləri ödəmək şərti ilə avtomobili ona geri qaytarılsın. Göründüyü kimi, cavabdeh (alıcı) malın qüsurlarının satıcının hesabına aradan qaldırılmasını tələb etməklə istehlakçı kimi öz seçim hüququndan istifadə etmiş, bununla belə qarşı tərəf (iddiaçı) onun bu tələbini yerinə yetirməmiş, əksinə hazırkı iddia ilə məhkəməyə müraciət edərək həmin zərərin cavabdehdən tutulmasını istəmişdir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2007/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2007/2023
10.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver