Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2022/2022 21.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 300000 ABŞ dollarının manatla məzənnəsini təşkil edən (1 ABŞ dolları=1.70 Azərbaycan manatı olmaqla) 510000 manat məbləğində əsas borcun və əlavə olaraq 109625,54 manat gecikmə faizinin X1 və Cavabdeh1 alınaraq ona verilməsi, tutmanın cavabdehlərə məxsus əmlaklara: Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında olan 87 saylı mənzilə, ünvan 2 ünvanında olan 304 saylı mənzilə; Cavabdeh1 mülkiyyətində olan 1. ünvan 3 ünvanında olan 27 saylı mənzilə, Abşeron rayonu, Fatmayı kəndində 0.10 ha həyətyanı torpaq sahəsinə, Abşeron rayonu, Fatmayı kəndində 0.10 ha həyətyanı torpaq sahəsinə yönəlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanan xx.xx.2019-cu il tarixli, 3M-353 reyestr nömrəli “Kredit Müqaviləsi”nə əsasən iş üzrə cavabdeh X2 300000 ABŞ dollarının manatla məzənnəsini təşkil edən (1 ABŞ dolları=1.70 Azərbaycan manatı olmaqla) 510000 manat məbləğində borc pul vermişdir. Müqavilənin şərtinə görə X3 aldığı borc pulu xx.xx.2019-cu il tarixədək geri qaytarmalı idi. Müqavilə şərtinə görə borcun geri qaytarılması notariusun depozit hesabı vasitəsi ilə həyata keçirilməli idi. Lakin borcun qaytarma müddətinin keçməsinə baxmayaraq cavabdeh borcu geri qaytarmır. Dəfələrlə borcun ödənilməsi barədə müraciətləri nəticəsiz qalmışdır. Cavabdeh müxtəlif əsassız və qanunsuz bəhanələrlə borcu ödəməkdən imtina edir. Notariat ofisindən verilən xx.xx.2022-ci il tarixli, 459 saylı məlumatla təsdiq edilir ki, borc geri qaytarılmamışdır. Borcun ödənilməsi barədə cavabdehlərə yazılı qaydada tələb (pretenziya) göndərmiş, lakin həmin yazılı tələbdə müəyyən edilən müddət ərzində pul ödənməmişdir. Cavabdeh1 Cavabdeh2 arvadıdır. Cavabdeh borcu ödəməkdən qanunsuz və əsassız olaraq imtina etdiyindən borcun tutulması onun özünə və ərlə-arvadın ümumi mülkiyyət prinsipi ilə arvadına da məxsus olan əmlaklarına yönəlməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2019-cu il tarixli notarial təsdiq olunmuş Kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh2 300000 ABŞ dolları (1 ABŞ dolları = 1.70 Azərbaycan manatı olmaqla) 510000 manat məbləğində borc pul vermiş və sonuncu həmin pulu xx.xx.2019-cu il tarixdə borc verənə qaytarmasını öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, Cavabdeh2 adına Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 117, 87 saylı mənzil xx.xx.2006-cı il tarixli 010566 nömrəli orderə, "xxxx" MTK-nın xx.xx.2006-cı il tarixli 214 nömrəli maliyyə arayışına, xx.xx.2006-cı il tarixli 215 nömrəli forma 2 arayışına, Cavabdeh1 razılıq ərizəsinə əsasən xx.xx.2007-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir; Cavabdeh2 adına Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıx Gəraybəyli küçəsi, ev 37, 304 saylı mənzil xx.xx.1992-ci il tarixli 66 nömrəli orderə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli 709 nömrəli sərəncamına, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2004-cü il tarixli, 107/2 nömrəli sərəncamına, xx.xx.2004-cü il tarixli 78/2231 nömrəli forma 2 arayışına, Cavabdeh1 razılıq ərizəsinə əsasən xx.xx.2004-cü il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir; Cavabdeh1 adına Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 27, 27 saylı mənzil 44 saylı DNK-nın 3MA/1-91 reyestr nömrəli xx.xx.2000-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2000-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir; Cavabdeh1 adına Abşeron rayonu, Fatmayı kəndində 0.10 ha həyətyanı torpaq sahəsi Abşeron rayon 2 saylı DNK-nın 4Ə/08-1352 reyestr nömrəli xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2008-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir; Cavabdeh1 adına Abşeron rayonu, Fatmayı kəndində 0.10 ha həyətyanı torpaq sahəsi Abşeron rayon 2 saylı DNK-nın 4Ə/08-1353 reyestr nömrəli xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2008-ci il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, tərəflər xx.xx.2019-cu il tarixdə notariat ofisində kredit müqaviləsi bağlayaraq Cavabdeh2 İddiaçı 300000 ABŞ dolları (1 ABŞ dolları = 1.70 Azərbaycan manatı olmaqla) 510000 manat məbləğində borc aldığını müvafiq qaydada rəsmiləşdirmiş, cavabdeh həmin müqavilə ilə borcu xx.xx.2020-ci il tarixədək qaytaracağı haqqında öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə İddiaçı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən kredit müqaviləsi Cavabdeh2 arasında bağlanmış və digər Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə hər hansı öhdəliyi üzərinə götürmədiyi üçün iddia tələbi ona dair hissədə təmin edilməməlidir. Odur ki, iddia tələbinin 300000 ABŞ dolları (1 ABŞ dolları = 1.70 Azərbaycan manatı olmaqla) 510000 manat məbləğində pulun Cavabdeh2 alınaraq iddiaçıya qaytarılması hissəsində əsaslı olduğundan iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iddianın 109625,54 manat gecikmiş faizin tutulması hissəsi ilə bağlı belə nəticəyə gəlir ki, iddia həmin qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına görə, iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Kredit müqaviləsində borcun qaytarılmasının son tarixi xx.xx.2019-cu il qeyd edilmiş və iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Odur ki, məhkəmə xx.xx.2019cu il tarixdən xx.xx.2022-ci il tarixədək müddətdə, yəni 33 ay üçün gecikdirilmiş vaxt üçün faizin hesablanmasını daha məqbul hesab etmişdir. 510000 manat borc məbləğinin bir il üçün illik beş faizi 25500 manat, bir ay üçün 2125 manat təşkil edir. 33 ay * 2125 manat = 70125 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın tutmanın cavabdehlərə məxsus əmlakla yönəldilməsi hissəsində qeyd edir ki, iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, tərəflər arasında ipoteka müqavilə olmamış, müqavilədə borcun vaxtında və lazımi qaydada icra edilmədiyi halda borcun əmlaklara yönəldilməsi razılaşdırılamışdır. Bundan başqa məhkəmə qətnaməsinin icrası ilə əlaqədar borcun tutulması icra mərhələsində həll edilməli və icra mərhələsində məcburi icra tədbiri kimi əmlakların üzərinə həbs qoymaq və onları satmaq yolu ilə tələbi əmlaka yönəltmək mümkündür. Azərbaycan Respublikası “İcra Haqqında” Qanunun: 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Göründüyü kimi, qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, İddiaçı tərəfindən tələb etdiyi məbləğin 510000 manat pul vəsaiti və 70125 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz məbləği məhkəmə araşdırması zamanı sübutlarla əksini taparaq müəyyən olunduğundan, qeyd edilən pul vəsaitini Cavabdeh2 şəxs iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, 852 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 510000 manat əsas borc, 70125 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 852 manat İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-2022/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2022/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver