Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2026/2023 22.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona ödəməli olduğu 4500 manatın, bu mübahisə ilə bağlı vəkil xidmətlərinə görə ödədiyi 200 manatın, ödəməli olduğu pul vəsaitini ödəməkdən yayındığına görə vurduğu zərərin əvəzi olaraq 1300 manatın, cəmi 6000 manatın və ödənilmiş 80 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasından bəyəndiyi və oğlu Rüstəm üçün almaq istədiyi 3 otaqlı mənzilin sahibi kimi tanıdığı şəxslə - Cavabdeh ilə ümumi razılığa gələrək mənzili almaq qərarına gəldiyini ona demişdir. Cavabdeh "xxxx" QSC-nin böyük mütəxəssis vəzifəsində çalışır. Ceyhun, mənzilin onun həyat yoldaşının adına olduğunu və bütün sənədlərin tam şəkildə qaydasında olduğunu qeyd etmişdir. Evin qiymətində razılaşma zamanı cavabdehə 100-200 manat beh pulu təklif edilsə də, o başqa şəxslərə borcu yarandığından mənzil üçün ödəniləcək məbləğdən 7000 manat pulun öncədən ödənilməsini xahiş etmiş, sonda həmin pulu evin ümumi qiymətindən çıxılacağını bildirmişdir. Razılığa gəlmişdilər ki, bu 7000 manat beh yox, ödəniləcək məbləğin bir hissəsidir. xx.xx.2022-ci il tarixdə 7000 manat pulu oğlu Rüstəmə Ceyhuna çatdırmaq üçün vermiş, Rüstəm həmin gün Bakı şəhəri “Gənclik Mall” Ticarət Mərkəzinin yanında 7000 manat pulu Ceyhuna vermişdir. 2022-ci ilin yanvar ayının sonunda sənədləşmə üçün Nərimanov rayonu, F.X.Xoyski küçəsində yerləşən müvafiq MTK-nın ofisinə gəldikdən sonra məlum olmuşdur ki, sənədlərin qanuni olaraq rəsmiləşdirilməsi mümkün deyil. Çünki MTK-nin rəhbəri və onun səlahiyyətli nümayəndəsi ölkə hüdudlarından kənarda olmuşlar. Ən maraqlısı isə Ceyhunun sənədləşmə üçün təqdim etdiyi şəxs ümumiyyətlə bu işə aidiyyəti olmayan bir şəxs olmuşdur. Halbuki, Cavabdeh ilk gündən bütün sənədlərin qaydasında olduğunu və sənədləşdirmədə problemlərin olmayacağını bildirmişdir. Sənədləşdirmənin qanun çərçivəsində aparılmasını tələb etdikdə, dedilər ki, bir müddət gözləmək lazım olacaqdır. Qeyd edilən müddəti gözləmişlər və təqribən 10-15 gündən sonra yenidən MTK-ya getmişlər. Niyyətləri mənzilin pulunu vermək və sənədləri öz adına keçirmək olmuşdur. Lakin bu dəfə də sənədləşdirməni aparmaq üçün gələn şəxs bu işə aidiyyəti olmayan şəxs olmuş, yəni onun nə etibarnaməsi, nə də ki, MTK-ya sahiblik hüququ olmamışdır. Buna baxmayaraq, Ceyhun və həmin şəxs sənədlərin adlarına qeydiyyata alınması üçün 3500 manat pul tələb etmişlər. Ceyhun özü də başa düşmüşdür ki, onlardan asılı olmayan səbəblərdən alqı-satqı mümkün olmamışdır. Ceyhundan 7000 manat pulun geri qaytarılmasını tələb etmiş, bu zaman Ceyhun imkanının olmadığını bildirərək mənzili satıb sonra 7000 manat pulu qaytaracağına söz vermişdir. Təxminən 2022-ci ilin mart-aprel aylarında Ceyhun mənzili satmış həmin puldan 1000 manat, daha sonra isə 1500 manat qaytarsa da, bu günə kimi 4500 manat pulu qaytarmamışdır. Bir müddət sonra Ceyhun 4500 manatı beh adı ilə qəbul etdiyini bildirmiş və verməkdən imtina etmişdir. Bu barədə şikayət ərizəsi yazsa da, Bakı şəhəri, Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinin baş təhqiqatçısı, polis mayoru Emin Quliyevin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işi başlanmasından imtina edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, tərəflər arasında mənzilin ilkin ödənişi ilə bağlı heç bir razılıq olmamış, verilmiş pul beh qismində ödənilmişdir. İddianın əsassız olduğunu qeyd edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia ərizəsi ilə bağlı mülahizələrini və izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı Emin Quliyevin xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, o, X1 “Gənclik Mall” Ticərət Mərkəzinin qarşısında 7000 manat pul almışdır. Lakin sonradan mənzilin sənədləşdirilməsində problem yaranmış, Rüstəm və atası sənədlərin qaydasına düşməsini gözləmişlər. Sənədləri tam qaydasına salmış, lakin Rüstəmgil mənzili almaqdan imtina etmişlər. İnsanlıq naminə aldığı behdən 2500 manat pul qaytarmışdır. Heç bir məbləğdə pul qaytarmayacağını bir daha təsdiqləmişdir; "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli qəbzinin surətindən görünür ki, İddiaçı vəkil xərci üçün 200 manat ödəniş etmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında mənzilin alqı-satqısından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı cavabdehdən mənzilin alışı üçün 7000 manat pul ödəmiş, lakin alqı-satqı sənədləşmədə problemlər yarandığı üçün baş tutmamışdır. Hazırda iddiaçı cavabdehə verdiyi pulun mənzilin ilkin ödənişi qismində verdiyini iddia edir. Lakin cavabdeh həmin pulun beh qismində verildiyini bildirərək, mənzil iddiaçı tərəfindən alınmadığı üçün behin bir qismini qaytarmış, qalan qismini özündə saxlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Cavabdehin iddiaçıdan 7000 manat pulun alınması və həmin puldan 2500 manat qaytarılması tərəflərini məhkəmə iclasında verdiyi izahatlarında öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə bunu mübahisəsiz hal kimi qiymətləndirir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verməkdə davam edərək bildirir ki, qanunvericilikdə beh müqaviləsinin yazılı bağlanması şərti bir başa göstərilmişdir. Bundan daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşma notariat qaydada təsdiq edilməlidir. İddiaçı həmin pulu mənzilin ilkin ödənişi, yəni avans kimi ödədiyini iddia edir, cavabdeh isə aldığı pulun beh kimi aldığını bildirir. Lakin mənzilin alqı-satqısına görə verilmiş 7000 manat məbləğində pulun beh qismində alınmasına dair beh müqaviləsi bağlanmamış və belə müqavilə notarial qaydada təsdiq edilməmişdir. Həmçinin qanunvericilikdə qeyd edilmişdir ki, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən Mülki Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Göründüyü kimi tərəflər arasında notarial qaydada təsdiq edilmiş beh müqaviləsi olmadığı üçün və cavabdeh alınmış 7000 manat pulun beh qismində verildiyinə dair hər hansı sübut təqdim etmədiyindən, iddiaçı tərəfindən cavabdehə verilmiş pulu məhkəmə avans kimi ödənildiyi qənaətinə gəlir. Tərəflər arasında mənzilin alqı-satqısı baş tutmadığından cavabdehə avans kimi ödənilmiş 7000 manat pulun qalan hissəsi, yəni 4500 manat pul iddiaçıya qaytarılmalıdır. Bu mənada məhkəmənin fikrincə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə müvafiq iddia tələbini irəli sürmək hüququ vermişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlar əsasında belə nəticəyə gəlir ki, cavabdeh öhdəliyini icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, hüquqi yardıma görə vəkilə ödənilmiş 200 manat pulun cavabdehdən tutulması hissəsində də iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün vəkil hesabına 200 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə vəkilə ödənilmiş 200 manat pulun ağlabatan məbləğ olduğunu və cavabdehin öhdəliyin icra edilməməsi nəticəsində çəkdiyi xərclərin əvəzini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissələrdə də təmin edilməlidir. İddianın cavabdehin ödəməli olduğu pul vəsaitini ödəməkdən yayındığına görə vurduğu zərərin əvəzi olaraq 1300 manatın pulun ödənilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 449.1 və 449.2-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. İddiaçı isə qeyd olunan halların təsdiqi barədə heç bir sübut təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyin tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri) Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4500 manat məbləğində pul, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 200 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 80 manatın 62,70 manatı tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul, hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 200 manat məbləğində pul və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 80 manatın 62,70 manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №e-2(005)-2026/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2026/2023
22.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver