Məhkəmə qərarları › İş №e-2(005)-2033/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2033/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2033/2023 12.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X5 Mehdi qızının katibliyi, İddiaçı «Amrahbank” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «Amrahbank” ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Amrahbank” ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il tarixli 404/a saylı Kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə kredit üzrə borcu cəmi 5706.28 (beş min yeddi yüz altı manat 28 qəpik) manat - bundan 3350 (üç min üç yüz əlli) manat əsas borc, 255.85 (iki yüz əlli beş manat 85 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 2100.43 (iki min yüz manat 43 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 77.06 (yetmiş yeddi manat 06 qəpik) manat dövlət rüsumunun, Cavabdeh xx.xx.2009-cu il tarixli 250/a saylı Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə kredit üzrə borcu cəmi 16660.94 (on altı min altı yüz altmış manat 94 qəpik) manat - bundan 8515.35 (səkkiz min beş yüz on beş manat 35 qəpik) manat əsas borc, 3199.03 (üç min yüz doxsan doqquz manat 03 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 4946.56 (dörd min doqquz yüz qırx altı manat 56 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 139.98 (yüz otuz doqquz manat 98 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın həmin kreditlərin ipoteka predmeti olan “BMW-540” minik markalı (Buraxılış ili-1999, Ban- WBADN61070GG87540), rəngi tünd göy, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin VİP filialı (bundan sonra “Bank” adlanacaq) ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2009-cu il tarixli 250/a nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə 10530 (on min beş yüz otuz) manat məbləğində kredit verilmişdir. 14 yanvar 2009-cu il tarixli 250/a saylı kreditin təminatlılığını nəzərə alaraq xx.xx.2009-cu il tarixli Əlavə Razılaşma imzalanmış 3500 (üç min beş yüz) manat məbləğində 12 (on iki) ay müddətinə illik 25 (iyirmi beş) faiz dərəcəsi ilə yenidən kredit verilmişdir. Kreditlərin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “BMW-540” minik markalı (Buraxılış ili-1999, Ban- WBADN61070GG87540), rəngi tünd göy, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə xx.xx.2009-cu il tarixli 404/ag saylı və xx.xx.2009-cu il tarixli 250/ag saylı İpoteka müqavilələri bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış İpoteka müqaviləsinin 2-ci bəndinə əsasən kreditlərin təminatı kimi “BMW-540” minik markalı (Buraxılış ili-1999, Ban- WBADN61070GG87540), rəngi tünd göy, **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2023-cü il tarixli **********332 saylı və xx.xx.2022-ci il tarixli **********981 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh xx.xx.2009-cu il tarixli 404/a saylı Kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə kredit üzrə borcu cəmi 5706.28 (beş min yeddi yüz altı manat 28 qəpik) manat təşkil edir. Bundan 3350 (üç min üç yüz əlli) manat əsas borc, 255.85 (iki yüz əlli beş manat 85 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 2100.43 (iki min yüz manat 43 qəpik) manat faiz borcu təşkil edir. Cavabdeh xx.xx.2009-cu il tarixli 250/a saylı Kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə kredit üzrə borcu cəmi 16660.94 (on altı min altı yüz altmış manat 94 qəpik) manat təşkil edir. Bundan 8515.35 (səkkiz min beş yüz on beş manat 35 qəpik) manat əsas borc, 3199.03 (üç min yüz doxsan doqquz manat 03 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 4946.56 (dörd min doqquz yüz qırx altı manat 56 qəpik) manat faiz borcu təşkil edir. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə 250/a saylı kredit üzrə xx.xx.2021-ci il tarixində 300 (üç yüz) manat, 404/a saylı kredit üzrə xx.xx.2021-ci il tarixində 200 (iki yüz) manat məbləğində ödənişlər etmişdir. Kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən müqavilə pozulduğu halda Bankın kredit üzrə borcun qaytarılmasını və hesablanacaq faizlərin, cərimələrin və müqavilədə göstərilmiş digər xərclərin ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iddiaçı «Amrahbank” ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2009-cu il tarixli, 250/a nömrəli “Kredit müqaviləsi”nə əsasən Cavabdeh 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 10530 manat məbləğində kredit verilmişdir. 01 sentyabr 2009-cu il tarixli “Əlavə razılaşma”ya əsasən İddiaçı ASC və Cavabdeh 14 yanvar 2009-cu il tarixli, 250/a saylı kreditin təminatlılığını nəzərə alaraq əlavə 3500 AZN kredit vəsaiti ayrılır. Kredit və ona hesablanmış faizlər “Borcalan” tərəfindən 01 sentyabr 2010-cu il tarixinə qədər qaytarılır və kredit üzrə faizlər dəyişməz olaraq qalır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan 01 sentyabr 2009-cu il tarixli, 404/a nömrəli “Kredit müqaviləsi”nə əsasən Cavabdeh 12 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 3500 manat məbləğində yenidən kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli “kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutma yönəldilməsinə dair” bildirişlərdən görünür ki, borcludan 3 (üç) gün müddətində banka olan borcunun ödənilməsi tələb edilmişdir. xx.xx.2009-cu il tarixli, № 404/ag girov müqaviləsindən görünür ki, “Girovqoyan” - Cavabdeh Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan “BMW-540” minik markalı (Buraxılış ili-1999, Ban- WBADN61070GG87540), **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobili “Girovsaxlayan” - İddiaçı ASC-yə girov qoymuşdur. 15 sentyabr 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 8 sentyabr 2022-ci il tarixinə 14 yanvar 2009-cu il tarixli, 250/a nömrəli Kredit müqaviləsi üzrə 16660.94 (on altı min altı yüz altmış manat 94 qəpik) manat, bundan 8515.35 (səkkiz min beş yüz on beş manat 35 qəpik) manat əsas borc, 3199.03 (üç min yüz doxsan doqquz manat 03 qəpik) manat faiz borcu, illik 5%-lə hesablanmış 4946.56 (dörd min doqquz yüz qırx altı manat 56 qəpik) manat faiz borcu, illik 5%-lə hesablanmış 4946.56 (dörd min doqquz yüz qırx altı manat 56 qəpik) manat faiz borcu təşkil edir. 13 fevral 2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh 30 yanvar 2023-cü il tarixinə 01 sentyabr 2009-cu il tarixli, 404/a nömrəli Kredit müqaviləsi üzrə 5706.28 (beş min yeddi yüz altı manat 28 qəpik) manat - bundan 3350 (üç min üç yüz əlli) manat əsas borc, 255.85 (iki yüz əlli beş manat 85 qəpik) manat faiz borcu, illik 5%-lə hesablanmış 2100.43 (iki min yüz manat 43 qəpik) manat faiz borcu təşkil edir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW-540” minik markalı (Buraxılış ili-1999, Ban-WBADN61070GG87540), **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobil alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5028 №-li ekspert rəyində qeyd olunur; Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2009-cu il tarixli, 250/A saylı və xx.xx.2009-cu il tarixli. 404/A saylı kredit müqavilələrinin qeyd olunan şərtlərini nəzərə alınaraq Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə onun tərəfindən aparılmış bütün ödənişlər nəzərə alınmaqla hər iki müqavilə üzrə sualda soruşulan tarixlərə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2009-cu il tarixli, 250/A saylı kredit müqaviləsi üzrə xx.xx.2011-ci il tarixə tarixə (müqavilənin bitdiyi tarixə): əsas borc üzrə - 8515,35 manat, faiz borcu üzrə - 2607,96 manat. xx.xx.2023-cü il tarixə (rəyin tərtib edildiyi tarixə): əsas borc üzrə - 8515,35 manat, faiz borcu üzrə - 2607,96 manat. xx.xx.2009-cu il tarixli, 404/A saylı kredit müqaviləsi üzrə xx.xx.2010-cu il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borc üzrə 3350,00 manat, faiz borcu üzrə - 793,23 manat.xx.xx.2023- cü il tarixə (rəyin tərtib edildiyi tarixə):əsas borc üzrə - 3350,00 manat, faiz borcu üzrə -1510,72 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbi 14 yanvar 2009-cu il tarixli, 250/a nömrəli kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslıdır, lakin faiz borcunun tutulması hissəsində qismən əsaslıdır, 01 sentyabr 2009-cu il tarixli 404/a nömrəli kredit müqaviləsi üzrə əsas və faiz borcun tutulması hissəsində tam əsaslıdır və təmin olunmalıdır. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5028 №-li rəyini nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2009-cu il tarixli 250/a saylı Kredit müqaviləsi üzrə 8515.35 manat əsas borc, 2607.96 manat faiz borcu; xx.xx.2009-cu il tarixli 404/a saylı Kredit müqaviləsi üzrə 3350 manat əsas borc, 255.85 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə iddia tələbinin “müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5 faiz dərəcəsi ilə faiz hesablamaqla cavabdehdən 2100,43 manat və 4946,56 manat məbləğində faiz borcunun tutulması” hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının qanuni qüvvəsini almış 2-3(103)-130/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Hüquqi nəticə etibarı ilə xx.xx.2020-ci il tarixdən sonra İddiaçı ASC faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu itirmişdir. Bu onunla bağlıdır ki, ləğv prosesində olan Bank həmin tarixdən artıq fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirə bilmir. Belə olan halda onun əldən çıxmış faydası da ola bilməz. Məhkəmə iddia tələbi üzrə tutmanın girov predmetinə yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışdan götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova üstünlük hüququ yoxdur. Məhkəmə hesab edir ki, 01 sentyabr 2009-cu il tarixli 404/a nömrəli və 14 yanvar 2009-cu il tarixli, 250/a nömrəli kredit müqavilələri üzrə borc tələbi tələbin cavabdehə məxsus olan və bank qarşısında ipoteka ilə yüklü edilmiş “BMW-540” minik markalı (Buraxılış ili-1999, Ban-WBADN61070GG87540), **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi hissəsində əsaslıdır və təmin edilməli, borc tələbi “BMW-540” minik markalı (Buraxılış ili-1999, Ban-WBADN61070GG87540), **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 217,04 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh tutularaq, 145 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2009-cu il tarixli 250/a saylı Kredit müqaviləsi üzrə 8515.35 manat əsas borc, 2607.96 manat faiz borcu, xx.xx.2009-cu il tarixli 404/a saylı Kredit müqaviləsi üzrə 3350 manat əsas borc, 255.85 manat faiz borcu olmaqla cəmi 14729,16 manat və 217.04 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. 01 sentyabr 2009-cu il tarixli 404/a nömrəli və 14 yanvar 2009-cu il tarixli, 250/a nömrəli kredit müqavilələri üzrə borc tələbi üzrə tutma “BMW-540” minik markalı (Buraxılış ili-1999, Ban-WBADN61070GG87540), **-ER-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracda satılsın və ondan əldə ediləcək vəsait cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilsin, borc ödənildikdən sonra girov qoyulmuş əmlakın satışından qalan məbləğ Cavabdeh qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri Cavabdeh tutularaq, 145 manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar