Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2038/2025 01.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş (açar sözlər: qətnamənin icra olunmaması, ipoteka predmetinə tutmanın yönəldilməsi, icra sənədinin icra edilməməsində təqsir) Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.Mülki işin mahiyyəti: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 150245,6 ABŞ dolları vəsaitin (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə ilə) və 546 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, 159188,8 ABŞ dolları vəsaitin (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə ilə) və 546 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli borc (kredit) müqaviləsi ilə İddiaçı 240000 manat (ekvivalenti 305000 ABŞ dollarına bərabər olan) məbləğində pul vəsaitini 7 ay müddətinə qaytarmaq şərti ilə Cavabdeh2 borc vermiş, sonuncu həmin pulu xx.xx.2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin borc müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ilə iddiaçı 204000 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh1 borc vermiş, sonuncu isə həmin pulu xx.xx.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin öhdəliyin icrasının təminatı olaraq xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. xx.xx.2015-ci il tarixli öhdəlik müqaviləsi ilə Cavabdeh1 ipotekaya qoyulan torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş qaydada 4 mərtəbəli yaşayış evini inşa etmək hüququna malikdir, ipoteka saxlayan isə yaşayış evinin tikintisinə razılıq verir. Tərəflər (İddiaçı və Cavabdeh1) borc müqavilələri üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı halda, gələcəkdə ipoteka qoyan yalnız ipoteka saxlayanın yazılı razılığı ilə həmin inşa olunan yaşayış evinin digər şəxslərə tam və qismən özgəninkiləşdirilməsini, alqı-satqısını, bağışlanmasını, dəyişdirilməsini, kirayə və ya istifadəyə verilməsini həyata keçirməyə və bunlardan əldə edilmiş pul vəsaitinin ilk növbədə borc (kredit) öhdəliyinin ödənilməsinə yönəldildiləcəyi barədə razılaşmışlar. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2 xx.xx.2015-ci il tarixli borc (kredit) müqaviləsinə əsasən 305000 ABŞ dolları məbləğində borcun və illik 5 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 44225 ABŞ dollarının, cəmi 345225 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçının xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 204000 ABŞ dolları məbləğində borcun və illik 5 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 23460 ABŞ dollarının, cəmi 227460 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla iddiaçının xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin “Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiymətinin 230000 manat müəyyən edilməsi, qətnamənin Cavabdeh1 münasibətdə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon icra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli məktubu ilə hərracın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmiş və həmin MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli, 48/01 nömrəli protokolu ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiyməti 230000 manat məbləğində müəyyən edilərək, satış qiyməti 243800 manat olmaqla iddiaçıya satılmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Cavabdeh2 və Cavabdeh1 2(103)-962/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə cəmi qalıq borcunun 429273,24 ABŞ dolları təşkil etdiyi göstərilmişdir. Beləliklə, Cavabdeh2 345225 ABŞ dolları və Cavabdeh1 227460 ABŞ dolları iddiaçının xeyrinə tutulmuşdur. Ümumilikdə cavabdehlərin iddiaçıya borcu 572685 ABŞ dolları təşkil etmişdir. Həmin məbləğdən də 243800 manat ipoteka ilə yüklü edilmiş əmlaka çıxıldıqda cavabdehlərin iddiaçıya borcu 429273,24 ABŞ dolları təşkil edir. Cavabdehlər keçən 7 il ərzində borcun qaytarılması istiqamətində heç bir addım atmayaraq, məhkəmələrdə iddialar qaldıraraq, məhkəmə aktlarının icrasına süni maneələr yaradırlar. Bununla da iddiaçıya 429273,24 ABŞ dolları məbləğində vəsaiti qaytarmayaraq həmin vəsaitin dövriyyədən çıxması nəticəsində maddi zərər vurmuşdular. Əgər cavabdehlər tərəfindən borc məbləği vaxtında qaytarılsaydı iddiaçı həmin vəsaitin dövriyyəsi hesabına gəlir əldə etmiş olardı. Cavabdehlərdən əsas borc və əldən çıxmış fayda olaraq 2017-ci ilin sonuna kimi olan tarixədək hesablanmışdır. Beləliklə cavabdehlər tərəfindən 2018-ci ildən etibarən borcun ödənilməsini təmin etmək istiqamətində heç bir addım atmamışdılar. Bu səbəbdən də 2018-ci ildən 2025-ci il tarixə qədər olan müddət ərzində iddiaçıya vurulmuş zərərin əvəzi olaraq əldən çıxmış faydanın cavabdehlərdən tutulmasına dair iddia tələbi ilə müraciət edirlər. İddia tələbinin həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, tələb olunan vəsait 2018-ci ildən 2024-cü il tarixə kimi olan 7 illik dövrü əhatə edirdi. Bu səbəbdən də 2025-ci ilin ilk 5 ayı üçün də iddia tələbinin irəli sürülməsi zərurəti yaranmışdır. Belə ki, verilmiş tələb üzrə məhkəmənin icraatı hazırlıq mərhələsindədir. Cavabdehlərdən əsas borc və əldən çıxmış fayda olaraq 2017-ci ilin sonuna kimi olan tarixə hesablanmışdır. Beləliklə cavabdehlər tərəfindən 2018-ci ildən etibarən borcun ödənilməsini təmin etmək istiqamətində heç bir addım atılmamışdır. Bu səbəbdən də 2018сі ildən 2025-ci il tarixə qədər olan müddət ərzində iddiaçıya vurulmuş zərərin əvəzi olaraq əldən çıxmış faydanın cavabdehlərdən tutulmasına dair iddia tələbi ilə müraciət olunması zərurəti yaranmışdır. 429273,24 ABŞ dollarının illik 5% = 21 463,6 ABŞ dolları və həmin məbləği 7 ilə vurduqda 150245, 6 ABŞ dolları təşkil edir. 1 illik tələb 21463,6 ABŞ dolları təşkil etdiyindən 5 aylıq tələb (21463,6/12 x 5 =8943) 8943 ABŞ dolları təşkil edir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 etiraz və vəsatət təqdim edərək qeyd etmişdir ki, iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin açıq hərracda satılmasına dair “Külək" MMC-nin xx.xx.2020-ci il tarixli, 48/01 saylı hərracın nəticələri haqqında protokolunun etibarsız hesab edilməsi, əmlakın iddiaçının sahibliyinə geri qaytarılması barədə qətnamə, habelə qanun pozuntusuna yol vermiş vəzifəli şəxslər barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Həmçinin, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı başqa bir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş zərərin əvəzi kimi 1.000.000 manat pul vəsaitinin, iddianın verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi ******* manat pul vəsaitinin cavabdehdən tutularaq, iddiaçılara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə ilkin satış qiyməti 230000 manat müəyyən edilmişdir. Qiymət yalnız torpaq sahəsinə aid olmuşdur. Belə olan halda, İddiaçı 928,5 kv.m olan yaşayış sahəsini və 261,1 kv.m zirzəmi sahəsini pulsuz əldə etmişdir. xx.xx.2019-cu il tarixdə Əmlak Ekspert Mərkəzi tərəfindən qeyd olunan torpaq tikililərlə birlikdə 696000 manata qiymətləndirilsə də, hazırda təkcə tikililərin dəyəri 1.000.000 manatdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə hər iki iddia üzrə mülki işlər bir icraatda birləşdirilməklə, baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20.012021-ci il tarixli qətnaməsi ilə hər iki iddia rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2(103)-1309/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(005)-335/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh2 kassasiya şikayəti verərək xx.xx.2022-ci il tarixli qətnamənin birləşdirilmiş iddia tələbinə münasibətdə ləğv edilməsini və iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1992/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1309/2022 nömrəli qətnaməsi qismən, yəni iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “zərərin ödənilməsi” tələbinə dair iddialarının təmin edilməməsi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Cavabdeh2 iddiası üzrə mübahisə həll olunarkən prosessual hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 3605/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(005)-3335/2021 nömrəli qətnaməsinin qismən – “İddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı zərərin ödənilməsi tələbinin rədd edilməsi” hissəsində ləğv edilməsi, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 xeyrinə 466000 manat məbləğində pul, iddianın verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutulması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manatın cavabdeh İddiaçı alınaraq iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-96/2024 saylı qərarı ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3605/2023 nömrəli iş üzrə 10 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya baxışına göndərilmişdir. Hazırda qeyd olunan mülki iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-170/2025 saylı iş üzrə məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli qərardad qəbul edilərək, qiymətləndirici rəyi alınması üçün Azərbaycan qiymətləndiricilər Palatasına müraciət olunmuş və iş üzrə icraat dayandırılmışdır. Beləliklə, iş üzrə cavabdehlərin İddiaçı qarşı iddiasının uğurluluq ehtimalı yüksəkdir, 466000 manat zərərin ödənilməsi ilə bağlı qətnamə qəbul edilsə də, Cavabdeh2 və Cavabdeh1 bununla razılaşmamış, kassasiya şikayətləri təmin olunaraq iş yenidən apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Həmçinin, qeyd olunur ki, İddiaçı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia 2021-ci ilin əvvəllərində verilmişdir. Yəni ipoteka predmeti olan əmlak İddiaçı tərəfindən əldə olunduqdan 2 ay sonra yuxarıda qeyd olunan iddia qaldırılmışdır. Başqa sözlə, vaxtında cavabdehlərin ipoteka predmeti olan əmlak ədalətli qiymətə satılmış olsaydı, hazırki iddiaya da zərurət olmayacaqdı. Cavabdeh2 və Cavabdeh1 iddia tələbləri təmin olunduqdan sonra, hansı ki, uğurluluq ehtimalı yüksəkdir, həmin vəsait hesabına İddiaçı olan borc da əvəzləşdiriləcəkdir. Məhz bu səbəbdən Cavabdeh2 və Cavabdeh1 iddia tələbləri üzrə yekun məhkəmə aktı qəbul edilənədək iş üzrə icraat dayandırılmalıdır. İİ.Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, inkasso sənədindən də göründüyü kimi Cavabdeh1 pensiyasından son bir ildə hər ay 222, sonra 240 manat məcburi şəkildə tutulmuşdur. Əvvəl 222 manat, son bir ayda isə 240 manat olmuşdur. Ümumilikdə 2000 manata yaxın ödənilmişdir. Başqa heç bir ödəniş edilməmişdir. O, həmin borcu ilk öncə Cavabdeh2 vermiş, daha sonra digər Cavabdeh1 (qaynanası) zamin durmuşdur. Borcu ona vermişdir. Lakin əslində əmlak Cavabdeh2 adınadır. Cavabdeh1 özü yaşlı qadındır. Sonradan əmlakı onun adına keçirmişdir. Bütün borc Cavabdeh2dur. Onun bir çox şəxslərə borcu vardır, axtarışdadır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, tərəflər arasında borc öhdəlikləri yaranmışdır. Qətnamənin 2019-cu ildə qanuni qüvvəyə minməsinə baxmayaraq hazırki dövrədək tam icra edilməmişdir. Borcun ödənilməmiş qalıq hissəsi ilə bağlı faiz hesablanmalıdır. İddiaçı 2015-ci il tarixdə borc vermişdir. Əldən çıxmış fayda məsələsinə dair məhkəmə qətnaməsi çıxsa da, lakin 7 il ərzində onlar maliyyə itkisinə məruz qalmışlar. Borc müqavilələri ayrı-ayrı bağlansa da, cavabdehin qaynanasının adına formal rəsmiləşdirilmiş, hər iki borc müqaviləsinin təminatı eyni əmlak olduğundan sonradan qalan boc ümumləşdirilmiş borc kimi müəyyən edilmişdir. İddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, cavabdehlərin borcun ödənilməməsində heç bir təqsiri yoxdur. Əmlak dəyərindən qatqat ucuz qiymətləndirilib və borcdan çıxılıb. Bu səbəbdən həmin əmlakın ucuz qiymətləndirilməsi məsələsi mübahisələndirilib. Burada cavabdehlərin təqsiri ucbatından gecikdirməyə görə 5 faizdən söhbət gedə bilməz. Həmçinin faizdən faiz hesablana bilməz. Cavabdeh2 iddia tələbi təmin olunduqdan sonra, hansı ki, uğurluluq ehtimalı yüksəkdir, həmin vəsait hesabına İddiaçı olan borc da əvəzləşdiriləcəkdir. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İİİ. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2.6 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər (2023-cü il 24 fevral tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 445.7-ci maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyası: 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir); Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər; Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir; Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər; Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 24 dekabr 2014-cü il tarixli Qərarı: Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı: Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə də, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verdiyi üçün, o, MM-nin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb oluna bilməz. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 aprel 2025-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan "əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)" müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: 12 fevral 2015-ci il tarixli borc müqaviləsi ilə İddiaçı 240000 manat (ekvivalenti 305000 ABŞ dollarına bərabər olan) məbləğində pul vəsaitini 7 ay müddətinə qaytarmaq şərti ilə Cavabdeh2 borc vermiş, sonuncu həmin pulu 12 sentyabr 2015-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin borc müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq 12 fevral 2015-ci il tarixli ipoteka müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsini İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı 204000 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh1 (İddiaçı qaynanası) borc vermiş, sonuncu isə həmin pulu 06 mart 2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmin öhdəliyin icrasının təminatı olaraq 06 oktyabr 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsini İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı "borc pulun və əldən çıxmış faydanın tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilərək, Cavabdeh2 xx.xx.2015-ci il tarixli borc (kredit) müqaviləsinə əsasən 305000 ABŞ dolları məbləğində borcun və illik 5 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 44225 ABŞ dollarının, cəmi 345225 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla İddiaçı xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi, Cavabdeh1 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 204000 ABŞ dolları məbləğində borcun və illik 5 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 23460 ABŞ dollarının, cəmi 227460 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla İddiaçı xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, ünvan 1 ünvanında yerləşən 0,287457 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsinin “Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiymətinin 230000 manat müəyyən edilməsi, qətnamənin Cavabdeh1 münasibətdə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-6684/2019 saylı qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-962/2019 saylı icra vərəqəsindən görünür ki, Cavabdeh2 12 fevral 2015-ci il tarixli borc (kredit) müqaviləsinə əsasən 305.000 (üç yüz beş min) ABŞ dolları məbləğində borc və illik 5 (beş) faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 44.225 (qırx dörd min iki yüz iyirmi beş) ABŞ dolları, cəmi 345.225 (üç yüz qırx beş min iki yüz iyirmi beş) ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla İddiaçı xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinə yönəldilməli və həmin torpaq sahəsi açıq hərracdan satılmalı, əldə olunacaq vəsait hesabına kredit borcu ödənilməlidir. Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinin ilkin satış qiyməti 230.000 (iki yüz otuz min) manat məbləğində müəyyən edilməli, satışdan əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh1 qaytarılmalıdır. Cavabdeh1 06 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 204.000 (iki yüz dörd min) ABŞ dolları məbləğində borc və illik 5 (beş) faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 23.460 (iyirmi üç min dörd yüz altmış) ABŞ dolları, cəmi 227.460 (iki yüz iyirmi yeddi min dörd yüz altmış) ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla İddiaçı xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh1 məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 0,276117 ha torpaq sahəsinə yönəldilməli və həmin torpaq sahəsi açıq hərracdan satılmalı, əldə olunacaq hesab kredit borcuna ödənilməlidir. Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən 0,276117 ha torpağın satış qiyməti 230.000 (iki yüz otuz min) manat məbləğində müəyyən edilməlidir. Qətnamə qanuni qüvvəyə minərək xx.xx.2020-ci il tarixdə icraya yönəldilmiş, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2020-ci tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-962/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclular Cavabdeh2 və Cavabdeh1 cəmi qalıq borcu 429273,24 ABŞ dolları təşkil edir. xx.xx.2024-cü il tarixli inkasso sərəncamından görünür ki, Cavabdeh1 təəfindən X1 hesabına 222,2 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2024-cü il tarixli inkasso sərəncamından görünür ki, Cavabdeh1 təəfindən X1 hesabına 222,2 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2025-ci il tarixli inkasso sərəncamından görünür ki, Cavabdeh1 təəfindən X1 hesabına 240,2 manat məbləğində pul vəsaiti köçürülmüşdür Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli borc müqavilələri bağlanmışdır. Həmin müqavilələr əsasında iddiaçı tərəfindən Cavabdeh2 305.000 ABŞ dolları, Cavabdeh1 isə 204.000 ABŞ dolları məbləğində pul borc verilmişdir. Hər iki kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 məxsus olan ünvan 7 ünvanında yerləşən torpaq sahəsi ipoteka müqavilələri ilə yüklü edilmişdir. Borc öhdəlikləri vaxtında icra olunmadığı üçün iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 305.000 ABŞ dolları əsas borc, əldən çıxmış faydaya görə gecikdirilmiş 2 il 9 ay üçün 44.225 ABŞ dolları, Cavabdeh1 isə 204.000 ABŞ dolları, əldən çıxmış faydaya görə gecikdirilmiş 2 il 3 ay 23460 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə ödənilməsi, həmin məbləğin təminatı olaraq ipoteka predmeti olan torpaq sahəsinin hərraca çıxarılması və əldə olunacaq vəsaitin borcun ödənilməsinə yönəldilməsi qərara alınmışdır. Külək” MMC tərəfindən təşkil olunmuş xx.xx.2020-ci il tarixli hərrac nəticəsində ipoteka predmeti olan 0,276117 ha torpaq sahəsi 243.800 manat məbləğinə İddiaçı satılmışdır. Məhkəmə sənədləri və xx.xx.2024-cü il tarixli Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin məktubu ilə təsdiqlənir ki, cavabdehlərin qalıq borcu 429.273,24 ABŞ dolları təşkil etmişdir. Bu məbləğ, ümumi borcdan hərrac yolu ilə əldə olunan 243.800 manatın çıxılması ilə müəyyən olunmuşdur. Hazırda isə iddiaçı 2018-ci ildən 2025-ci ilin iyunun 1-dək qalıq borc məbləğinə illik 5% hesablanmaqla əldən çıxmış fayda kimi 159188,8 ABŞ dollarının və ödənilmiş 546 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulmasını xahiş edir. İk növbədə qeyd olunmalıdır ki, cavabdehin pul vəsaitindən istifadə etməsi nəticəsində faydalanması və pul məbləğinin ödənilməsinin gecikdirilməsi nəticəsində faizlərin ödənilməsi bir-birindən fərqli anlayışlardır. Belə ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. ...Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. ... MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə borc məbləğinə hesablanır və bu halda həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır (Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən 24 dekabr 2014-cü il tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında isə göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Məhkəmə yuxarıda istinad olunan Mülki Məcəllənin normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, borc müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka, habelə girov predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbinin qanuni əsası kimi cavabdehin pul vəsaitindən istifadə etməsi nəticəsində faydalanması deyil, Mülki Məcəllənin 445.7-ci maddəsi, yəni müqavilə müddəti bitdikdən sonra pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə illik beş faizin ödənilməsi təşkil edir. Nəzərə alınmalıdır ki, iddiaçının müqavilə müddəti bitəndən sonrakı dövr üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz hesabı ilə zərəri tələb etmək hüququ qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur. Belə ki, həmin qətnamə ilə əsas borcla yanaşı cavabdehlərdən illik 5 faizlə hesablanmış 44225 ABŞ dolları (Cavabdeh2) və 23460 ABŞ dolları (Cavabdeh1) məbləğində pul tutulmuşdur. İstinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etsə də, məhkəmə hesab edir ki, qətnamə icraya yönəldikdən sonra hər bir halda zərərin artmasında kreditorun rolunun olub-olmaması, məhkəmə qətnaməsinin icra olunmamasında təqsirin kimin üzərinə düşməsi məsələsi araşdırılmalıdır. Hazırki iş üzrə tələb edilmiş icra işinin materiallarından görünür ki, qətnamə ilə hər iki borc üzrə tutma ipoteka predmetinə yönəldilmiş, icra sənədi xx.xx.2020-ci il tarixdə verilmiş, Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış, borclulara tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, xx.xx.2020ci il tarixdə "xxxx" MMC-yə hərracın keçirilməsi ilə bağlı sifariş verilmiş, 19 noyabr 2020-ci il tarixli hərracın yekunlarına dair protokol ilə ipoteka predmeti olan torpaq sahəsi 243800 manata ipoteka saxlayan İddiaçı tərəfindən əldə edilmişdir. Məhkəmə borc müqaviləsinin ipoteka ilə təmin edildiyini, icra sənədi verildikdən sonra ipoteka predmetinin icra məmuruna təhvil verildiyini və qanunvericiliklə müəyyən edilmiş müddətlərdə hərracın keçirildiyini, tərəflər arasında ipoteka predmetinin dəyəri ilə bağlı mübahisə olduğunu nəzərə alaraq, borcun ödənilməsinin gecikdirilməsinə görə illik beş faizin Cavabdeh2 münasibətdə ipoteka predmeti hərracdan satıldıqdan sonrakı gündən başlayaraq hesablanmasını ədalətli və qanunun tələblərinə uyğun hesab edir. Belə ki, həmin gündən sonra, yəni ipoteka predmeti realizə olunduqdan sonra borclu dəqiq nə qədər borcunun qaldığını, nə qədər ödəməli olduğunu bilmişdir. İcra sənədindən göründüyü kimi, 12 fevral 2015-ci il tarixli borc müqaviləsinə əsasən 305.000 ABŞ dolları məbləğində borc və illik 5 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 44.225 ABŞ dolları olmaqla, cəmi 345.225 ABŞ dolları məbləğində pul ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla Cavabdeh2 tutulmalıdır. Cavabdeh1 borcunun təminatı olaraq bağlanmış ipoteka müqaviləsinin sonrakı ipoteka müqaviləsi olduğu nəzərə alınarsa, “İpoteka haqqında” Qanunun 9.3-cü maddəsinin tələblərinə uyğun olaraq, əmlakın satışından əldə edilmiş vəsait əvvəlki kredit müqaviləsi üzrə borcdan çıxılmalıdır. Belə ki, həmin maddəyə görə, sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. İpoteka predmetinin hərracdan 19 noyabr 2020-ci il tarixdə 243800 manata satıldığı, həmin vaxtda dolların kursunun 1,7000 manat olduğu nəzərə alınarsa 143412 ABŞ dolları məbləğində pul Cavabdeh2 borcundan çıxılmalıdır (faiz borcu da daxil olmaqla). Bu zaman Cavabdeh2 201813 dollar borcu qalmış olur. Cavabdeh2 münasibətdə məhkəmə qətnaməsi ilə müəyyən edilən borc 20 noyabr 2020-ci il tarixdən başlayaraq 1 iyun 2025-ci il tarixədək (20 noyabr 2020-ci il – 20 noyabr 2024-cü il tarixədək 4 il (1460 gün), 21 noyabr 2024-cü il – 01 iyun 2025-ci il tarixədək 191 gün) ümumilikdə 1651 gün gecikdirilmişdir. Qeyd edilən dövrdə qalıq 201813 dollar borcuna gecikdirilmiş günlər üzrə illik 5 faiz hesablanmaqla faiz borcu cəmi 45.633,6 ABŞ dolları təşkil edir (5 faiz/201813 ABŞ dolları = 10090,6 ABŞ dolları (illik faiz məbləği)/ 365 gün = 27,64 ABŞ dolları (bir günə düşən faiz məbləği)x1651 gün = 45.633,6 ABŞ dolları). Digər borclu Cavabdeh1 borcu isə olduğu kimi, yəni 204.000 ABŞ dolları məbləğində əsas borc və illik 5 faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın məbləği 23.460 ABŞ dolları olmaqla, cəmi 227.460 ABŞ dolları qalmaqda davam etmişdir. Məhkəmə onunla bağlanmış ipotekanın sonrakı ipoteka olduğunu, ipoteka predmetinin dəyərinin məhkəmə qətnaməsi ilə ilkin borc müqaviləsindən ən azı iki dəfə az müəyyən edildiyini və cavabdehin qeyd edilənlərdən məlumatlı olduğunu nəzərə alaraq, ona münasibətdə pulun gecikdirilməsinə görə faizlərin icra sənədinin verildiyi, xx.xx.2020-ci il tarixindən hesablanmasını məqsədəmüvafiq hesab edir.Bu baxımdan Cavabdeh1 münasibətdə 11 mart 2020-ci il tarixdən (icra sənədinin verildiyi tarixdən) başlayaraq 1 iyun 2025-ci il tarixədək (11 mart 2020-ci il – 11 mart 2025-ci il tarixədək 5 il (1825 gün), 11 mart 2025-ci il – 01 iyun 2025-ci il tarixədək 82 gün) ümumilikdə 1907 gün gecikdirilmişdir. Gecikdirilmiş vaxt üçün gecikdirilmiş əsas borc 204.000 ABŞ dolları məbləğinə illik 5 faiz hesablanmaqla faiz borcu cəmi 53281,58 ABŞ dolları təşkil edir (5 faiz/204000 ABŞ dolları = 10200 ABŞ dolları (illik faiz məbləği)/ 365 gün = 27,94 ABŞ dolları (bir günə düşən faiz məbləği)x1907 gün = 53281,58 ABŞ dolları). Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, hazırda cavabdehlərin digər məhkəmənin icraatında olan iddiaları bilavasitə yekun hərrac protokolunun etibarsızlığı ilə bağlıdır. Qeyd edilən mülki iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında baxılmaqdadır. Lakin bu iddianın gələcəkdə təmin olunması və ya olunmaması nəticəsində borcun ödənilməsi öhdəliyinin ötən dövr ərzində icra edilməməsi və gecikdirilmiş məbləğə faizlərin hesablanması məsələsinə təsir göstərmir. Belə ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş, buna baxmayaraq cavabdehlər borcu ödəməyərək məhkəmə qətnaməsinin məcburi icrası ilə bağlı qanunvericiliyin tələblərini pozmuşlar. Həmçinin nəzərə alınmalıdır ki, ötən 5 il ərzində icra səndi üzrə icraat dayandırılmamış, iddiaçının borcun ödənilməsini tələb etməsinə baxmayaraq, borc ödənilməmişdir. Cavabdehin sonrakı dövrdə yenidən iddia qaldırması və öhdəliyini icra etməməsi iddiaçını qanunla müəyyən olunan minimal faiz formasında zərəri tələb etmək hüququndan məhrum edə bilməz. Əks mövqe borclunun öhdəliklərini icra etməməklə, hüquqdan sui-istifadə etməsinə şərait yaratmış olur. İcra işinin materiallarından göründüyü kimi icra məmuru tərəfindən Cavabdeh1 pensiyasına inkasso sərəncamı qoyulmuşdur. Həmin sərəncamlarla pensiyadan məcburi ödənişlər tutulmuşdur. Eyni zamanda məhkəmə iclasında iştirak edən iddiaçı təsdiq etmişdir ki, 2024-cü ilin iyul ayından etibarən 2025-ci ilin aprel ayına qədər 222,2 manat, 2025-ci ilin aprel ayından 2025-ci ilin iyununa qədər isə 240,2 manat pul Cavabdeh1 tutulmuşdur. Bunlara əsasən, Cavabdeh1 ümumilikdə 2720,4 manat (9 ay müddətində 222,2 manat, 3 ay müddətində 240,2 manat), dollar məzənnəsinə ekvivalentlə 1603 ABŞ dolları tutularaq iddiaçının xeyrinə ödənilmişdir. Həmin məbləğ Cavabdeh1 tutulacaq məbləğdən çıxılmalıdır. Beləliklə, cavabdehlər məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləği üzrə öz öhdəliklərinin icrasını gecikdirdiyindən məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh2 qalıq 201813 dollar borcunun gecikdirilməsinə görə 20 noyabr 2020-ci il tarixindən başlayaraq 1 iyun 2025-ci il tarixinədək illik 5 faiz hesablanmaqla 45.633,6 ABŞ dolları, digər Cavabdeh1 isə 204000 ABŞ dolları borcunun gecikdirilməsinə görə icra sənədinin verildiyi 11 mart 2020-ci il tarixindən 1 iyun 2025-ci il tarixinədək 51678,58 ABŞ dolları məbləğində pul (53281,58 ABŞ dolları - 1603 ABŞ dolları (inkasso sərəncamı ilə tutulmuş vəsait), cəmi 97312,18 ABŞ dolları tutularaq iddiaçıya ödənilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. V. Nəticə: Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 45.633,6 ABŞ dolları, Cavabdeh1 gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 51678,58 ABŞ dolları, cəmi 97312,18 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 546 manat pulun 161,9 manatı Cavabdeh2, 171,8 manatı Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 45.633,6 (qırx beş min altı yüz otuz üç dollar, altmış sent) ABŞ dolları, Cavabdeh1 gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 51678,58 (əlli bir min altı yüz yetmiş səkkiz dollar, əlli səkkiz sent) ABŞ dolları, cəmi 97312,18 (doxsan yeddi min üç yüz on iki dollar, on səkkiz sent) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 546 manat pulun 161,9 (yüz altmış bir manat, doxsan qəpik) manatı Cavabdeh2, 171,8 (yüz yetmiş bir manat, səksən qəpik) manatı Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2038/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2038/2025
01.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver