Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2053/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Kıztaş Türkaydan 3777 manat borc, 58 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3835 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, cavabdeh Türkiyə Respublikası vətəndaşı Kıztaş Türkayla biznes fəaliyyəti çərçivəsində 2013-cü ildən tanışdır. Belə ki, 2013-cü ildən o Bakı şəhərində sahibkarlıq fəaliyyətinə başlamışdı və işlətdiyi restoranda onu maliyyə meneceri vəzifəsində işləməyi üçün dəvət etdi. Həmin vaxtdan o orada işləməyə başlayıb. Bir müddət sonra cavabdehin Azərbaycan Respublikasında müvəqqəti yaşamasına dair sənədlərin yenilənməsində müəyyən ləngimələr olduğu üçün Kıztaş Türkay biznes fəaliyyətini davam etdirməsi məqsədilə ondan ona notarial qaydada etibarnamə verməyini xahiş etdi. Belə ki, etibarnamədə cavabdehin onun adından bütün bank əməliyyatlarını aparmağı, müxtəlif çıxarışlar, arayışlar və s. almağı etibar edilmişdi. Eyni zamanda, o etibarnamədə ona VÖEN bağlamaq hüquqlarını da vermişdi. Sahibkarlıq fəaliyyəti ilə bağlı cavabdehin xahişi ilə o, VÖEN açıb. Belə ki, uzun müddət bir-birlərini tanıdıqları üçün aralarında işgüzar etibar yaranmışdı. O, ona görə də cavabdehə inanıb etibar etmişdi. Açılan VÖEN üzərindən bütün fəaliyyətləri cavabdeh şəxsən özü həyata keçirirdi. Bir müddət keçdikdən sonra, cavabdehin biznes fəaliyyətində müəyyən problemlər yaranmağa başlandı və fəaliyyəti ilə əlaqədar vergi borcu yarandı. Sənədləşmələr onun adına olduğuna görə vergi borcu da sənəd üzərindən ona aid idi. Cavabdehə bu barədə dəfələrlə öz narahatlığını bildirirdi. Kıztaş Türkay heç bir problemin olmayacağını və vergi borcunu tezliklə ödəyəcəyini desə də, vədinə əməl etmədi. Nəticədə, Bakı şəhəri Səbail Rayon Məhkəməsində yaranmış vergi borcuna görə onun ölkədən kənara çıxışına məhdudiyyət qoyuldu. O, bir neçə ildir ki, cavabdehlə birgə işləmir. Buna baxmayaraq, cavabdeh onun təqsiri ucbatından yaranmış vergi borcunu ödəmədi. Hazırda onun rəsmi olaraq adına olan vergi borcu yarandığından məcburiyyət qarşısında qaldığı üçün öz şəxsi vəsaiti hesabına cavabdehin əvəzinə həmin borcu ödəyib. Bu barədə cavabdeh Kıztaş Türkayla “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə yazışmalarında cavabdeh vergi borcunun onun fəaliyyəti səbəbindən yarandığını və bu borcu ödəyəcəyini etiraf etmişdir. Həmin yazışmaları sübut olaraq iddia ərizəsinə əlavə edir. İş materiallarından da görünür ki, cavabdehin ona vergi borcu üzrə yaranmış pul borcu 3777 manatdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa müvafiq izahat verərək İşin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Kıztaş Türkay bildirmişdir ki, o, Azərbaycan Respublikasında VÖEN alaraq sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Borc tələbini qəbul etmir. İşin məhkəmə aidiyyəti üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki işə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Belə ki, Mülki Məcəllənin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsi də sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və adı çəkilən hər üç qiymətləndirici meyarlar arasında qarşılıqlı bağlılıq olmalıdır. Mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və tərəflərin subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Eyni Qərarın 13-cü bəndinə görə isə əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətini birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir (Qərarın 14-cü bəndi). Məhkəmə qeyd edir ki, işin kommersiya məhkəməsində baxılması üçün tərəflərin birgə sahibkarlıq fəaliyyəti həyata keçirmələri və ya onlar arasında müqavilənin olması zəruri şərt deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, tərəflərin sahibkarlıq fəaliyyətini ayrı-ayrılıqda həyata keçirdiyi zaman yaranan mübahisələrə də kommersiya məhkəməsində baxıla bilər. Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, hazırki iş üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla mübahisənin kommersiya məhkəməsinə aid olduğu müəyyənləşdirilir. Belə ki, təqdim edilmiş sənədlər əsasında və elektron məhkəmə informasiya sistemi vasitəsilə müəyyən edilmişdir ki, İddiaçı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alaraq fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. Eyni zamanda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin surətindən də göründüyü kimi Kıztas Türkay da vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) alaraq fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir. Qeyd edilənlərdən göründüyü kimi hazırki mülki iş üzrə olan tələb məhz tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmələrindən irəli gələn tələbdir. Beləliklə, hazırki mübahisənin predmeti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlir və hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə isə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 32.3 və 32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Eyni Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 32.5-ci maddəsinə uyğun olaraq aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fərdi sahibkar olan iddiaçının fərdi sahibkar olan cavabdehə qarşı pul tələbi kommersiya mübahisəsi olduğundan, iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 44 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2053/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2053/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver