Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2058/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun ödənilməsi” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Tələb: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18.000 manat, eləcə də pul vəsaitini uzun müddət ərzində gecikdirdiyi üçün, onu qaytarmaqdan boyun qaçırmaqla, ödənilməsini gecikdirdiyi üçün 1800 manat , müdafiəçiyə ödənilmiş 320 manat, kredit müqaviləsi üzrə xərc 36 manat, etibarnaməyə ödənilmiş 18 manat ümumilikdə 20174 (iyirmi min yüz yetmiş dörd manat) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı xx.xx.2023-cü il tarixində Cavabdeh ilə notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi bağlamışdır. Kredit Müqaviləsinin 1-ci maddəsində göstərildiyi kimi ona 18.000 manat məbləğində faizsiz borc vermişdir. Müqavilənin 2-ci maddəsindən irəli gələn öhdəliyə əsasən cavabdeh krediti xx.xx.2024-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı dəfələrlə müraciət etsə də, cavabdeh borc məbləğini qaytarmamışdır. Müqavilədə göstərilən vaxtın çatmasına baxmayaraq, Cavabdeh hələ də öz öhdəliyini yerinə yetirməmiş və pulu qaytarmamışdır. Müqavilənin 8-ci maddəsində göstərilir ki, borcalan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. İddia ərizəsinə qarşı etirazın dəlilləri: Cavabdeh iddia tələbinə yazılı qaydada etiraz təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edib, iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, əlavə olaraq borc müqaviləsini oxumadan imzaladığını, notariusda olarkən ona müqavilədə qeyd olunan pul vəsaitinin verilmədiyini, iddiaçıya yalnız icarə haqqı olaraq 18.000 manat borcu olduğunu bildirmişdir. İş materialları: "xxxx" ASC Nərimanov filialının 17 fevral 2023-cü il tarixli mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 18.000 manat pul vəsaiti notarius Sadıqov Rəşadətin hesabına köçürülmüşdür. "xxxx" ASC Nərimanov filialının 17 fevral 2023-cü il tarixli mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən 36 manat pul vəsaiti notarius Sadıqov Rəşadətin hesabına köçürülmüşdür. Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, “Borc verən” İddiaçı “Borc alan” Cavabdeh 18000 manat məbləğində pul borc verir, “Borc alan” Cavabdeh krediti xx.xx.2024-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya qaydasında bildirişdən görünür ki, borcun 21 gün müddətində iddiaçının hesabına ödənilməsini təmin edilməsi tələb olunmuşdur. Əks təqdirdə bank tərəfindən mülki qaydada kredit müqaviləsi yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. ünvan ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, notariat qaydasında təsdiq ediləcək kredit müqaviləsi üzrə 18.000 manat məbləğində pulun Cavabdeh verilməsi üçün bankda olan depozit hesabına qəbul olunması xahiş olunmuşdur. İşin faktiki halları: Məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 9 saylı notariat ofisində 17 fevral 2023-cü il tarixində notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. “Borc Alan” Cavabdeh xx.xx.2024-cü il tarixinədək borcun “Borc verən” İddiaçı qaytarılması öhdəliyini üzərinə götürmüşdür. İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh prentenziya ilə müraciət edərək, borcun 5 (beş) gün müddətində iddiaçının hesabına ödənilməsini təmin edilməsi tələb etmişdir. Hazırda iddiaçı kredit müqaviləsi üzrə 18000 manat borcun, 1800 manat Mərkəzi Bankın uçot dərəcəsinə əsasən hesablanmış faiz borcunun, kredit müqaviləsi üzrə 36 manat xərcin, etibarnaməyə ödənilmiş 18 manat və vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 320 manat xidmət haqqının cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh məhz yuxarıda göstərilən borc müqaviləsi üzrə ona hər hansı məbləğdə pulun ödənilmədiyini irəli sürüb, həmin əqdin aldadılma nəticəsində bağlandığına əsaslanaraq, iddianın rədd edilməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 339.6. Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli qərarı: Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Beləliklə, Mülki Məcəllənin 337 və 339-cu maddələrinə uyğun olaraq, aldatma bilərəkdən öz hərəkətləri ilə başqa şəxslərdə səhv fikir formalaşdırmaq və ya onların səhv fikirlərinin davam etməsinə səbəb olmaqla onların bu fikrə görə iradə ifadə etməyə sövq edilməsi və bunun nəticəsində əqdin bağlanılması hallarını ifadə edir. Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: Aldadan tərəf müqavilənin bağlanılması və xüsusi ilə də müqavilənin bağlanılmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni, müəyyən bir müqavilənin bağlanılmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formlaşdırılmış olmalıdır. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanılmış olmalıdır. Belə ki, aldadılma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1.Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddia ərizəsinin və cavabdehin etirazının dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Beləliklə məhkəmə, yuxarıda sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluğun (vahidliyin) olmadığı hallarda iradə ifadəsinin zədələnmiş olduğunu demək olar. İradə ifadəsinin sağlamlığına təsir edən, daha doğrusu onu (iradə ifadəsini) zədələyən ümumi hallar bunlardır: 1 - vacib əhəmiyyətli yanılma, 2 - aldatma, 3 təhdid edilmə (hədələnmə). Aldatma, əqdin tərəflərindən birində qəsdən səhv bir qənaət və təsəvvür əmələ gətirərək, ya da ondakı səhv qənaət və təsəvvürü davam etdirərək onun həmin bu səhv təsəvvürə görə əqd bağlamasına səbəb olmaqdır. Belə olanda müəyyən olunur ki, aldatma əslində əqdin bir tərəfinin qəsdən yanılmasına səbəb olmaqdır. Məhkəmə hesab edir ki, mübahisələndirilən əqdin aldadılma nəticəsində bağlanılması ilə bağlı sübutetmə yükü Cavabdeh üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddiaçı notarial qaydada təsdiqlənmiş borc müqaviləsi üzrə cavabdehə 18000 manat pul vəsaitinin verilməsini iddia edir, cavabdeh həmin müqavilə üzrə ona heç bir vəsaitin verilmədiyini, həmin müqavilənin aldadılma nəticəsində imzaladığını bildirir, lakin iddiaçı iddia tələbinin dəlillərini əsaslandıran müvafiq sübutları təqdim etsə də, cavabdeh etirazın dəlilləri ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və xx.xx.2023-cü il tarixdə bağlanmış borc müqaviləsinin aldatma nəticəsində bağlanmış əqd olması və başqa məqsədlər üçün bağlanması halları sübuta yetməmişdir. Göründüyü kimi, borc müqaviləsi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə, MM-nin mülki qanunvericiliyin prinsiplərini əhatə edən 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilə azadlığı, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsində ifadə olunan hüquqi müəyyənlik, mütənasiblik və qanunilik prinsiplərinə uyğundur. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmiş işin faktiki hallarına görə, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehlə aralarında bağlanmış kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinədək qaytarmaq şərtilə 18000 manat məbləğində borc pul vermişdir. İddiaçı tərəflər arasında bağlanmış borc müqaviləsinə istinad edərək qeyd olunan borc pul vəsaitinin Cavabdeh verildiyini, lakin bu günədək geri qaytarılmadığını bildirmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən, iddiaçı tərəfindən notariusun bankda olan depozit hesabına 18000 manat məbləğində pul ödənilmişdir. Cavabdeh isə həmin borc məbləğinin geri qaytarılmasına dair ödəniş qəbzi və ya borcunu ödəməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, bundan başqa borc münasibətlərinin icarə haqqından yarandığı, həmin müqavilənin aldadılma nəticəsində bağlandığı işin halları ilə sübuta yetməmiş, etirazında qeyd olunanlar öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qanuni və əsaslı olduğundan təmin olunmalı, Cavabdeh 18000 manat məbləğində pulun tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbində qeyd olunan “bank uçot dərəcəsinə əsasən əldən çıxmış faydanın tutulması” ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərin və dəbbə pulunun hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmaması məsələsinə dair Konstitusiya Məhkəməsinin mövqeyi də xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır....Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Göründüyü kimi, Mülki Məcəllənin 449.1-ci maddəsinin aşağıdakı zəruri əlamətləri müəyyən edilmişdir. Bunlar: 1) özgəsinin pul vəsaitini qanunsuz saxlamaq, 2) onu qaytarmaqdan boyun qaçırmaq, 3) onun ödənilməsini digər şəkildə gecikdirmək, 4) başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaq. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının pul vəsaitinin qanunsuz saxlanılması, onun qaytarmaqdan boyun qaçırması, digər vasitələrlə gecikdirməsi, gecikdirməyə görə təqsirinin olması və həmin vəsaitdən faydalanması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, “vəkilə ödənilmiş 320 manat xidmət haqqı, kredit müqaviləsi üzrə 36 manat xərc və etibarnaməyə ödənilmiş 18 manat” ödənilməsi hissəsində iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, hazırki mülki iş üzrə göstərilmiş hüquqi yardım üçün cavabdehdən iddiaçının xeyrinə həmin məbləğdə pulun tutulmasını ağlabatan hesab edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası “Dövlət rüsumu” haqqında Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər, dövlət rüsumu ödəməkdən azad olunurlar. Eyni zamanda məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 150,52 manat məbləğində müəyyən edilməli, tərəflər hər ikisi də dövlət rüsumunu ödəməkdən azad olunduqlarından həmin məbləğ dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 18000 manat əsas borc, vəkilə hüquqi yardım üçün ödənilmiş 320 manat xidmət haqqı, kredit müqaviləsi üzrə 36 manat xərc və etibarnaməyə görə ödənilmiş 18 manat olmaqla, cəmi 18374 manat (on səkkiz min üç yüz yetmiş dörd) İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2058/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2058/2024
21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver