Məhkəmə qərarları › İş №e-2(005)-2078/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2078/2024

23.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2078/2024 23.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyinə məxsus Təhlükəsiz Şəhər Xidmətinin Radar nöqtəsinə dəymiş ziyanın –1788.46 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən tutularaq Daxili İşlər Nazirliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 Əjdər oğlunun etibarnamə əsasında idarə etdiyi “DAF” markalı, 99-OA612 dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Bakı-Şamaxı yolu, “Pepsi-kola” şirkətinin yaxınlığında avtomobili geriyə hərəkət edən zaman yol-nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh E.Mehdiyev barəsində yol-hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Baş vermiş hadisə nəticəsində Daxili İşlər Nazirliyinə məxsus Təhlükəsiz Şəhər Xidmətinin TŞ 8-044 nömrəli videokameraların quraşdırıldığı dirək zədələnmişdir. "xxxx" MMC tərəfindən video müşahidə nöqtəsinə dəyən maddi zərər yerində tədqiq edilmiş və tərtib edilən akta əsasən maddi zərər aşağıdakı kimi müəyyən edilmişdir: Avicom montaj və demontaj – 200 manat; dirəyin təmir edilməsi üçün sökülməsi, təkrar quraşdırılması və nəqliyyat xərcləri – 1588.46 manat; ümumilikdə hadisə zamanı video müşahidə nöqtəsinə dəyən maddi zərər məbləği 1788 manat 46 qəpik təşkil etmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində Daxili İşlər Nazirliyinin əmlakına zərər vurulması mübahisəsizdir və yol-nəqliyyat hadisəsi zamanı video müşahidə nöqtəsinə ciddi zədələrin vurulması iddia ərizəsinə əlavə edilmiş sübutlarla aşkar müəyyən olunur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na əsasən sığorta ödənişi 5000 manat məbləğində müəyyən edildiyi halda cabadeh "xxxx" ASC tərəfindən ödəniş həyata keçirilməmişdir. Cavabdeh2 Əjdər oğlu tərəfindən mülki hüquq pozuntusu (delikt) törədildiyindən Cavabdeh2 və "xxxx" ASCdən 1788,46 manat məbləğində maddi zərər cavabdehdən tutularaq DİN-nin hesabına köçürülməlidir. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, hadisə zamanı zərərvuran nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsinin təfərrüatlarına dair Ekologiya yol patrul xidməti tərəfindən tərtib olunmuş sənədlərdən göründüyü kimi, “Daf” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi deyil, onun qoşqusu “Krone” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu olmuşdur. Sığorta hadisəsinin tərəflərindən araşdırılması zamanı məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsi zamanı zərərvuran nəqliyyat vasitəsinin-“Krone” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun hadisə baş verən tarixdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də olmamışdır. xx.xx.2023-cü il tarixli yolnəqliyyat hadisəsi nəticəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus Təhlükəsiz Şəhər Xidmətinin TŞ 8-044 nömrəli video-kameraların quraşdırıldığı dirəyə dəymiş zərərə görə Cəmiyyətin heç bir öhdəliyi yaranmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin tələblərini rəhbər tutaraq Cəmiyyət iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə (baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi) əsasən baş vermiş hadisəyə görə sığorta ödənişinin verilməsindən imtina etmişdir. Beləliklə o, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin maddi zərərin ödənilməsinə dair iddia tələbinin cavabdeh "xxxx" ASC-yə münasibətdə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iş üzrə ekspertiza keçirilməsi mümkün olmamışdır, daha doğrusu ekspert rəy verməkdən imtina etmişdir. Əvvəlki illərdə oxşar işlər üzrə ekspert rəyləri təqdim ediılmişdir. Tələb edilən məbləğ ağlabatan məbləğdir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli “İnzibati xəta haqqında” protokolun və TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın surətlərindən görünür ki, “Krone” yarımqoşqu markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (yarımqoşqu) sürücüsü Cavabdeh2 Azərbaycan Respublikası İXM-in 327.1-ci və 327.6-cı madddələri ilə müəyyən edilmiş inzibati xətaları törətmiş və Məcəllənin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir; - BD seriyalı 307100 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-OA-*** dövlət qeydiyyat nişanlı, “DAF” markalı yəhərli dartıcı Cavabdeh2 mülkiyyətindədir; - BD seriyalı 307101 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-ZK-*** dövlət qeydiyyat nişanlı, “Krone” yarımqoşqu Cavabdeh2 mülkiyyətindədir; - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli aktının surətindən görünür ki, Bakı şəhəri, Bakı-Şamaxı yolu, “Pepsi-Kola” qarşısı quraşdırılan TŞ 8-044 (kooordinat:) nömrəli videomüşahidə nöqtəsi xx.xx.2023-cü il tarixində yol nəqliyyat hadisəsi zamanı zərər görmüşdür. Hadisə zamanı TŞ nöqtəsinə dəymiş maddi zərərin məbləği ümumilikdə 1788,46 manat təşkil etmişdir; - icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə çıxarışın surətindən görünür ki, hadisə baş verən vaxt “DAF” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də sığortalı olmuşdur; - icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə çıxarışın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə 99ZK148 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası aşkar edilməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh2 Əjdər oğlu ona məxsus “DAF” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə geriyə hərəkət edən zaman “Krone” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə ilə əlaqədar Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmiş və barəsində cərimə tətbiq edilmişdir. Hazırda iddiaçı baş vermiş hadisə nəticəsində Daxili İşlər Nazirliyinə məxsus Təhlükəsiz Şəhər Xidmətinin TŞ 8-044 nömrəli videokameralarının quraşdırıldığı dirəyin zədələndiyini əsas gətirərək, vurulmuş zərərin əvəzinin nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 Əjdər oğlu və nəqliyyat vasitəsinin sığortaçısı olan "xxxx" ASC-dən tutulmasını xahiş edir. "xxxx" ASC isə zərərin yarımqoşqu tərəfindən vurulduğunu, həmin yarımqoşqunun isə onların şirkəti tərəfindən sığortalanmadığını bildirərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Eyni Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Belə ki, Cavabdeh2 “DAF” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozması, nəticədə həmin nəqliyyat vasitəsinin qoşqusu olan “Krone” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məxsus əmlaka ziyan vurması iş materialları ilə təsdiq edilir. Bu baxımdan iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh2 qarşı vurulmuş zərərin ödənilməsi tələbini irəli sürməkdə haqlıdır. Ziyanın məbləği ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə tərəfindən ziyanın həcminin müəyyən edilməsi məqsədilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2078/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ekspertiza təyin edilsə də, TŞ-8-044 videomüşahidə nöqtəsinin satışına və qiymətinə dair Mərkəzdə və internet saytlarında məlumat əldə etmək mümkün olmadığı üçün dəymiş ziyan barədə tədqiqat aparmaq mümkün olmamışdır. Məhkəmə oxşar məzmunlu zərərlə bağlı ekspert rəylərini iş materialları ilə birgə tədqiq edərək, eləcə də iddiaçının təqdim etdiyi qiymətləndirmə rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı sübut təqdim olunmadığını və tələb edilən məbləğin ağlabatan olduğunu nəzərə alaraq hesab edir ki, vurulmuş zərərə görə iddia tələbində göstərilən məbləğ tutulmalıdır. Məhkəmə, iddianın cavabdeh "xxxx" ASC-yə aid hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus əmlaka zərər Cavabdeh2 tərəfindən idarə edilən “Daf” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə deyil, ona qoşqu kimi qoşulan “Krone” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu vasitəsilə vurulmuşdur. İnzibati xəta haqqında protokol və inzibati tənbeh haqqında qərardan da göründüyü kimi, inzibati tənbeh “Krone” markalı, **- ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu idarə edən cavabdeh barəsində tətbiq edilmişdir. İcbari sığorta müqaviləsinin mövcudluğunun yoxlanmasına dair sənədlərdən isə görünür ki, “Krone” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu hadisə baş verən dövrdə sığortalanmamışdır. Yalnız “Daf” markalı, **-OA-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi "xxxx" ASC-də sığortalanmışdır. Hadisə isə qeyd edildiyi kimi, həmin nəqliyyat vasitəsi ilə deyil, yarımqoşqu ilə törədilmişdir. Beləliklə, “Krone” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun "xxxx" ASC-də sığorta edilməsi müəyyən edilmədiyindən, bu səbəbdən də baş vermiş hadisə icbari sığorta qanunlarına görə sığorta hadisəsi hesab edilmədiyindən vurulmuş zərərə görə "xxxx" ASC-nin hər hansı bir məsuliyyəti yaranmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh "xxxx" ASC-yə aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki mülki iş üzrə iddiaçı büdcə təşkilatı olduğundan rüsumdan azad subyekt olaraq iddia ərizəsinin məhkəməyə verilməsi üçün rüsum ödəməmişdir. Belə olan təqdirdə məhkəmə xərclərinin ödənilməsini təmin edilməsi məqsədilə həmin məbləğ cavabdehdən tutulmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 dəymiş maddi zərərə görə 1788,46 manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ödənilməlidir. İddia cavabdeh "xxxx" ASC-yə münasibətdə təmin edilməməlidir. İddia ərizəsinin verilməsinə görə 38 manat məbləğində pul Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 vurulmuş maddi zərərin əvəzi olaraq 1788,46 (min yeddi yüz səksən səkkiz manat, qırx altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ödənilsin. İddia cavabdeh "xxxx" ASC-yə münasibətdə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə 38 (otuz səkkiz) manat məbləğində pul Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar