Məhkəmə qərarları › İş №e-2(005)-2109/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2109/2024

27.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2109/2024 27.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mürsəddin oğluna qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mürsəddin oğluna qarşı “subroqasiya qaydasında pul” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 192.71 (yüz doxsan iki manat, yetmiş bir qəpik) manat sığorta ödənişi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx) manat xidmət haqqının, cəmi 223.11 (iki yüz iyirmi üç manat, on bir qəpik) manat pulun müştərək qaydada tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 məxsus olan və Cavabdeh1 idarə etdiyi, "xxxx" ASC-də “icbari sığorta” qaydasında sığortalanmış **-DH-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid) minik” markalı avtomobillə X1 idarə etdiyi, **-CF-*** dövlət nömrə nişanlı “Toyota Prius minik” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinmiş və AR İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş PBA ********** saylı, xx.xx.2023-cü il tarixli sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, **-DH-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid) minik” markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti “icbari sığorta” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın surətindən müəyyən olunur ki, xx.xx.2024cü il tarixdə **-DH-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid) minik” markalı avtomobillə **-CF-*** dövlət nömrə nişanlı “Toyota Prius minik” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsirli bilinmiş və AR İXM-in 327.1 və 332-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən təfərrüatları barədə ARAYİŞ (Forma 4) dan və elektron portaldan çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən anda 77-DH801 dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid) minik” markalı avtomaşın mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olmuşdur. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin sığorta aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində **-CF-*** dövlət nömrə nişanlı “Toyota Prius minik” markalı avtomobilə dəymiş zərər "xxxx" ASC tərəfindən 220 (iki yüz iyirmi) manat məbləğində qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, iştirakçılar arasında keçirilmiş nettinqin nəticəsinə əsasən dəymiş zərərlə bağlı 192.71 (yüz doxsan iki manat, yetmiş bir qəpik) manat məbləğində sığorta ödənişi iddiaçı tərəfindən müvafiq qaydada "xxxx" ASC-nin bank hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, BS-S-24/0512 nömrəli geriyə tələb məktubundan və məktubun ünvana çatdırılmasını təsdiq edən xəbərnamələrdən müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində "xxxx" “ASC-yə ödənilmiş 192.71 (yüz doxsan iki manat, yetmiş bir qəpik) manat pulun Cəmiyyətə ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Lakin iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edəərk, iddia tələbini müdafiə etdiklərini, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, mülki işə onların iştirakı olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş № İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh1 idarə etdiyi **-DH-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid) minik” markalı avtomobillə hərəkətdə olarkən İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan nəqliyyat vasitələrinin qeydiyyatı barədə çıxarışdan görünür ki, **-DH-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius (Hibrid) minik” markalı avtomobilin sahibi Cavabdeh2 Mürsəddin oğludur. Avtomobil etibarnamə ilə Cavabdeh1 verilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, “Toyota Prius (Hibrid) minik” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, **-CF-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius minik” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi miqdarı 220 manat müəyyən edilmişdir. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt “Toyota Prius (Hibrid) minik” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 Mürsəddin oğlu, hadisə zamanı sürücü isə Cavabdeh1 olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən X2 220 manat ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh2 Mürsəddin oğluna və Cavabdeh1 ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 220 manat sığorta ödənişinin 5 gün müddətində "xxxx" ASC-yə ödənilməsi xahiş olunmuşdur. İş materiallarında əlavə edilmiş çıxarışdan müəyyən olunur ki, dəymiş zərərlə bağlı 192.71 (yüz doxsan iki manat, yetmiş bir qəpik) manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin bank hesabına köçürülmüşdür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.2-ci maddəsinə əsasən subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. Həmin qanunun 25.1.5, 25.1.6 və 25.1.7-ci maddəsinə əsasən sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək qeyd edir ki, X2 məxsus “Toyota Prius minik” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə vurulmuş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsinin təmirinə görə ümumilikdə 192.71 manat pul ödənildiyindən, iddiaçı Şirkətin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanunun 63.1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, cavabdehdən həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yaranmışdır. Belə ki, məhkəmə iclasında yol nəqliyyat hadisəsini törətmiş olan “Toyota Prius (Hibrid) minik” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin Cavabdeh2 Mürsəddin oğlunun mülkiyyətində olması müəyyən olunmuş, lakin Cavabdeh1 həmin avtonəqliyyat vasitəsini etibarnamə ilə idarə etdiyi müəyyən edilmişdir. Odur ki, yüksək təhlükə mənbəyinin – “Toyota Prius (Hibrid) minik” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sahibi Cavabdeh2 Mürsəddin oğlu həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olmadığından mülki hüquq pozuntusuna görə məsuliyyət yüksək təhlükə mənbəyini etibarnamə ilə idarə edən şəxsin, yəni Cavabdeh1 üzərinə qoyulmalı və 192.71 manat məbləğində pul Cavabdeh1 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini qismən əsaslı hesab edir və Cavabdeh1 dəymiş ziyana görə ümumilikdə 192.71 manat sığorta ödənişi və 30 manat məbləğində dövlət rüsumu və 0.4 manat xidmət haqqı olmaqla, cəmi 223.11 manat pul vəsaitinin "xxxx" ASC-nin hesabına ödənilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh1 dəymiş ziyana görə 192.71 manat sığorta ödənişi və 30 manat məbləğində dövlət rüsumu və 0.4 manat xidmət haqqı olmaqla, cəmi 223.11 (iki yüz iyirmi üç manat, on bir qəpik) manat pul vəsaiti "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar