Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-211/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2nə qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Cavabdeh2ndən və Cavabdeh1ndən maddi ziyanın əvəzi olaraq 2380,10 manat məbləğində pul vəsaitinin və 44,21 manat dövlət rüsumunun, cəmi 2424,31 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yaşayır və sakini olduğu çoxmərtəbəli yaşayış binasının həyətində 1 ədəd köküstə yaş ağac gövdəsi əyilərək aşma təhlükəsi yaradırdı. Həmin ağacın mövcudluğu həm həyətdə dolaşan insanların və oynayan uşaqların həyatı üçün təhlükə yaradırdı, həm də ağacın ətrafında park edilən nəqliyyat vasitələrinin salamatlılığını risk altına qoyurdu. Habelə həyətdə olan ikinci ağac da var idi ki, həmin ağac vaxtilə yarıya qədər budanmışdı və həmin hissədə xeyli miqdarda həşərat yığılmışdı və gövdədən budaqların böyüyərək 27-ci mənzilə daxil olması həmin mənzilin texniki təhlükəsizliyi üçün ciddi problem yaradırdı. Bu səbəbdən, hər iki ağacın kəsilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə rəsmi qaydada müraciət edib. Müraciətə ətrafda yaşayan qonşuların böyük əksəriyyəti imza atdıqdan sonra həmin məktubu rəsmi qaydada Bakı şəhər İcra Hakimiyyətinə göndəriblər. Onların müraciətləri sonradan aidiyyəti üzrə X2 göndərildiyindən, bir müddət sonra həmin qurumun əməkdaşları əraziyə gələrək şikayətdə qeyd edilən ikinci ağacın budaq çətirlərinin onun pəncərəsinə toxunan hissələrini budamış, lakin birinci ağacla bağlı, yəni əsas aşma təhlükəsi yaradan ağacın kəsilməsi ilə əlaqədar heç bir tədbir görməmişlər. O, həmin əməkdaşlara irad bildirərək hansı səbəbdən yalnız bir ağacı budadıqlarını, əsas aşma təhlükəsi yaradan ikinci ağacı isə kəsmədiklərini bildirəndə əməkdaş ona söyləyib ki, Dövlət Ekspertiza İdarəsi yalnız bir ağacın budanması ilə bağlı rəy verib, ikinci ağacın kəsilməsinə ehtiyac görməyib, ümumiyyətlə, bu məsələyə münasibət bildirməyib. Həmçinin, o, adətən mülkiyyətində olan 2014-cü il buraxılışlı **-TE-*** dövlət qeydiyyat nişanlı, “Mazda-6” markalı avtomobilini həmin ağacın yanında park edirdi. Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları sözügedən ağacların birini budayıb getdikəri gündən bir müddət sonra 04 iyun 2020-ci il tarixdə həmin kəsilməmiş qalan ağac aşmış və ona məxsus nəqliyyat vasitəsinin üzərinə düşərək əmlakına xeyli miqdarda zərər vurulması ilə nəticələnən hadisə baş verib. "xxxx" MMC-nin MZ-51841 saylı qüsur aktına əsasən, avtomobilinə dəymiş ziyanı hesablanarkən məlum olub ki, maşının təmir-bərpa xərcləri 2380 manat 10 qəpik təşkil edir. Buna görə də, qeyd olunanlarla bağlı tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin X1rşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət olunaraq, zərərin əvəzinin Birlik tərəfindən ödənilməsinin təmin edilməsi xahiş olunmuşdur. Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(005)-420/2021 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin olunaraq, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən 1447 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun xeyrinə tutulması qət olunmuşdur. Lakin, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi hazırki iddia üzrə cavabdeh olmadığını əsas gətirərək apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(103)-8459/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunaraq Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul olunmuşdur. Apellyasiya Məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya ziyan vurulması müəyyən olunmamışdır. Ona görə iddia tələbi Bakı şəhəri İcra Hakimiyyəti X2 münasibətdə təmin edilə bilməz. Yəni məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ağac hansı dövlət orqanının mülkiyyətində olan torpaq sahəsində yerləşirsə iddia tələbi də ona qarşı yönəlməlidir. Bakı Şəhəri Cavabdeh2 06 iyul 2022-ci il tarixli 03/324 nömrəli cavab məktubuna əsasən “ünvan 2 ünvanında yerləşən torpaq sahəsi, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının №914 saylı xx.xx.2000-ci il tarixli sərəncamına əsasən bələdiyyə torpaqları və mülkiyyətinə ayrılmışdır. Nərimanov Bələdiyyəsi həmin ünvanda yerləşən 0.78 ha torpaq sahəsini xx.xx.2016-cı il tarixli №16 saylı müqavilə əsasında Cavabdeh1 MTK tikinti şirkətinə icarəyə vermişdir. Bakı Şəhəri Cavabdeh2ndən və Cavabdeh1ndən 2380 manat 10 qəpik tutularaq ona ödənilməlidir. Cavabdeh1 MTK məhkəməyə etiraz ünvanlayaraq 2(005)-211/2023 saylı iş üzrə İddiaçı iddia ərizəsində göstərdiyi tələbin Cavabdeh1 MTK-ya heç bir aidiyyatının olmadığını bildirmişdir. Belə ki, ünvan 4 ünvanı Cavabdeh1 MTK-nın ərazisi deyil. Cavabdeh1 MTK çoxmənzilli binanın tikintisinin inşasının aparılması üçün Bakı Şəhəri İcra Hakimiyyətinin Sərəncamına, Şəhərsalma və Arxitektura Komitəsinin icazəsinə və Nərimanov Rayon Bələdiyyəsinin 17 fevral 2006-cı il tarixli 16 №-li müqaviləsinə əsasən Təbriz küçəsi 794-cü məhəllədə ayrılmış torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Beləliklə, iddiaçının onlara qarşı əsassız iddiasının rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. Digər Cavabdeh1 MTK məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş və iştirak etməmənin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında təqdiq edilmiş: İddiaçı və digər sakinlər tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin rəisinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanda yerləşən binanın önündə olan ağac mənzillərin texniki təhlükəsizliyi üçün ciddi problem yaratmaqdadır. Göstərilən problemləri nəzərə alaraq həmin ağacın köçürülməsi haqqında rəy verilməsi xahiş edilmişdir; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 22/kol-612 saylı xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, müraciətlə əlaqədar araşdırma aparılan zaman qeyd edilən ünvanda 116 saylı binanın qarşısında olan 1 ədəd Sərv ağacının budaq çətirlərinin binanın mənzillərinin pəncərələrinə toxunaraq təhlükə yaratması təyin edilmişdir. Həmin ağacın binanın pəncərələrinə toxunan budaqlarının budanaraq təhlükəsiz vəziyyətə gətirilməsinə göstəriş verilməsi xahiş olunmuşdur; Fotoşəkillərdən görünür ki, ağac Mazda minik markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə düşmüşdür; İş materiallarında olan “Rotary Motors" MMC-nin MZ-51841 saylı qüsur_aktından görünür ki, 2014-cü il buraxılışlı Mazda 6 minik markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 2380 manat 10 qəpik zərər dəymişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/507 nömrəli, xx.xx.2021-ci il tarixli rəyinin surətindən görünür ki, nəqliyyat vasitəsinə ekspert tərəfindən baxış keçirilərkən, konkret olaraq hansı hissələrinin zədələndiyini, onların təmirlə bərpa oluna bilməsini və ya dəyişdirilməsini müəyyən etmək mümkün deyildir. Həmçinin qeyd olunur ki baxış zamanı nəqliyyat vasitələrinin zədələnmiş hissələrini tam şəkildə müəyyən etmək mümkün olmur. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Mazda 6” minik markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 1447,0 manat müəyyən edilmişdir; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-420/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən 1447 manat maddi ziyan və 30 manat dövlət rüsumunun X3 xeyrinə tutulması qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8459/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(005)-420/2021 saylı qətnaməsinin ləğv edilməsi və İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin X1rşı “dəymiş zərərin ödənilməsi" tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir; Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı Aparatının 1/612 saylı, xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı Şəhəri 2 saylı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında olan Təbriz küçəsi, 116 nömrəli binanın yerləşdiyi torpaq sahəsi Nərimanov Rayon İcra Hakimiyyətinin mülkiyyətində və ya balansında deyildir; X4 Agentliyinin 22/2363 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin № 321, 30 avqust 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsi ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəldilmiş tədbirdir. Yaşıllıqların götürülməsi yalnız Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda mümkündür. Qaydanın tələblərinə əsasən yaşıllığın götürülməsi barədə sənədləşdirmə bitkilərin kəsilməsi və kökündən çıxarılaraq yerinin dəyişdirilməsi hallarında hazırlanır və bu barədə Agentliyə məlumat verilir. 2019-cu ilin sentyabr ayında ünvan 5 ünvanda binanın qarşısında olan mənzillərin pəncərələrinə toxunaraq təhlükə yaradan ağaca baxış keçirilərkən Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallar aşkar olunmadığından ağacın budanaraq təhlükəsiz vəziyyətə gətirilməsi barədə tövsiyyə verilmişdir. “Yaşıllıqların götürülməsi Qaydası”nın yaşıllıqların budanması halına şamil edilmədiyi üçün bu barədə qərar və yaşıllıqların götürülməsi vərəqi tərtib olunmamışdır; Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanla bağlı binanın sakinləri tərəfindən ETSN-nin Dövlət Ekspertiza İdarəsinə ünvanlanmış müraciət əsasında Dövlət Ekspertiza İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli №22/kol-612 saylı müvafiq rəy daxil olmuşdur. Belə ki, müvafiq rəydə göstərilən Təbriz küçəsi 1\6 saylı binanın qarşısında olan 1 ədəd Sərv ağacının budaq çətirlərinin binanın mənzillərinin pəncərələrinə toxunaraq təhlükə yaradan hissələrinin budanaraq təhlükəsiz vəziyyətə gətirilməsi göstərilmişdir. Bununla bağlı Birliyin müvafiq şöbəsi tərəfindən qeyd edilən ünvanda 1 ədəd Sərv növlü ağacın budaq çətirləri budanaraq təhlükəsiz vəziyyətə gətirilmişdir; Cavabdeh1 MTK-nın Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Nərimanov rayon bələdiyyəsinin 17 fevral 2006-cı il tarixli 16 №-li müqaviləsi ilə Cavabdeh1 MTK Təbriz küçəsi, 794 saylı məhəllədə (Təbriz küçəsi 16-da) ayrılmış 0,78 ha torpaq sahəsinə illik icarə haqqı 6240 manat olmaqla icarə müqaviləsi bağlanmışdır. Həmin sahə üzrə çoxmənzilli 8 yaşayış binasının inşası nəzərdə tutulmuşdur. Tikilmiş binalardan Bakı Şəhəri İcra Hakimiyyətinin Başçısının 08 iyul 2009-cu il tarixli 251 nömrəli qərarı ilə təyin edilmiş dövlət qəbul komissiyası tərəfindən 3 girişli (3,4 və 5-ci girişlər) binalar istismara qəbul edilmiş və Cavabdeh1 MTK-nın balansından çıxarılaraq sakinlərə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyiinin xx.xx.2019-cu il tarixli 1119-MM6-0128 nömrəli dövlət reyestrindən çıxarışa əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmışdır. Buna baxmayaraq, Nərimanov rayon bələdiyyəsi Cavabdeh1 MTK-nın balansından çıxarılmış binaların yerləşdiyi torpaq sahələrinə görə MTK-dan icarə haqqı tələb edir. Ona görə də 2009-cu ilin sentyabr ayından 3,4 və 5 girişli çoxmənzilli binanın sahəsinə görə ödənilmiş icarə haqqının geri qaytarılmasını, yaranmış borc məbləğinin ləğv edilməsini və faktiki Cavabdeh1 MTK-nın nəzdində olan sahəyə icarə müqaviləsi bağlanmasını xahiş etmişdirlər; Torpaq sahəsinin icarəyə verilməsi haqqında 16 nömrəli, xx.xx.2006-cı il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Nərimanov Bələdiyyəsi "xxxx" MTK-ya Nərimanov rayonu, Təbriz küçəsi 794 saylı məhəllədə yerləşən 0,78 ha olan torpaq sahəsini 5 il müddətinə icarəyə vermişdir. İcarə haqqı 6240 manat təşkil etməklə, xx.xx.2006-cı il tarixindən hesablanır; Torpaq sahəsinin icarəyə verilməsi haqqında 16 nömrəli, xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə 1 saylı xx.xx.2014-cü il tarixli əlavənin surətindən görünür ki, müqavilənin müddəti növbəti 5 il müddətinə uzadılmışdır; Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, sözügedən torpaq sahəsinə aid heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Tək koordinatla verilmiş sahə 5 mərtəbəli yaşayış binası ilə asfalt yolun arasında qalan yaşıllıq sahədən ibarət ümumi istifadədə olan yerdir. Bundan əlavə olaraq sahənin qeydiyyatı və balanssaxlayıcı haqqında vahid elektron kadastr bazasında məlumat aşkar olunmamışdır. Bakı Şəhəri Cavabdeh2 xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi,ev 116 ünvanda yerləşən torpaq sahəsi, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının №914 saylı xx.xx.2000-ci il tarixli sərəncamına əsasən bələdiyyə torpaqları və mülkiyyətinə ayrılmışdır. Nərimanov Bələdiyyəsi həmin ünvanda yerləşən 0.78 ha torpaq sahəsini xx.xx.2016-cı il tarixli №16 saylı müqavilə əsasında "xxxx" MTK tikinti şirkətinə icarəyə vermişdir; Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, ünvan 1 ünvanındakı çoxmərtəbəli yaşayış binasının həyətində yerləşən ağac aşaraq onun yanında park edilən və İddiaçı mülkiyyətində olan 2014-cü il buraxılışlı, **-TE-*** dövlət qeydiyyat nişanlı, “Mazda-6” markalı avtomobilin üzərinə düşmüş və nəticədə maşına maddi zərər dəymişdir. İddiaçı daha öncə də məhkəməyə müraciət edərək dəymiş zərərin əvəzinin tutularaq ona ödənilməsini xahiş etmiş və Nərimanov Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(005)-420/2021 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin olunaraq, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən 1447 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(103)-8459/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunaraq Nərimanov Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul olunmuşdur. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, bu iş üzrə iddia Bakı şəhəri İcra Hakimiyyəti X1rşı deyil, ağac hansı dövlət orqanın mülkiyyətində olan torpaq sahəsində yerləşirsə iddia tələbi də ona qarşı yönəlməlidir. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2ndan ağacın aşması nəticəsində onun avtomobilinə dəymiş zərərin əvəzinin ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin zərər və mülki hüquq pozuntusuna (deliktə) dair 21, 1096, 1097 və 1111.2-ci maddələri nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096, 1097.1, 1097.3 və 1111.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı). Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Respublika ərazisindəki yaşıllıqların (meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi mexanizmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən, yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Qaydanın 2.2-ci bəndində yaşıllıqların götürülməsinin yol verildiyi hallar müəyyən edilmişdir. Həmin Qaydanın 2.4-cü bəndinə görə, fiziki və hüquqi şəxslər bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur (“Yaşıllıqların götürülməsi Qaydası”nın 2.7-ci bəndi). Qaydanın 3.1 və 3.2-ci bəndlərinə görə isə bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir. Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin (kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsinə görə, yaşıllıqların mühafizəsi - ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsinə, qorunmasına, bərpasına və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlərdir. “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 8.1 və 8.2-ci maddələrinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir. Mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmaq və sair yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələrinə daxildir. Yaşıllıq ərazilərindəki ağac və kol bitkilərinin budanması, yaşıllıqlara aqrotexniki qulluğun təşkili, onların xəstəliklərdən və zərərvericilərdən mühafizəsi, zədələnmiş, məhv edilmiş və götürülmüş (kəsilmiş) yaşıllıqların bərpası yaşıllıqları mühafizə tədbirlərinə aiddir (Qanunun 9.0.3 və 9.0.5-ci maddələri). Həmin Qanunun 13.4-cü maddəsinə görə yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” 29 noyabr 2022-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, qanunvericilikdə yaşıllıqların mühafizə tədbirləri və mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti orqanlarının, habelə bələdiyyələrin yaşıllıqların mühafizəsi ilə bağlı vəzifələri müəyyən edilmişdir. Qanunvericilikdə bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələrin həyata keçirdiyi müəyyən edilsə də, yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri sırasında konkret olaraq qanun pozuntularının qarşısını almaq vəzifəsi qeyd edilməmişdir. Lakin bu, bələdiyyələrə məxsus torpaqlardakı yaşıllıqlarla bağlı qanun pozuntularının qarşısının alınmasında bələdiyyələrin müvafiq vəzifələrinin olmaması anlamına gəlmir. Belə ki, həmin Qanunun 9-cu maddəsi ilə yaşıllıqların mühafizəsi tədbirlərinin dairəsi müəyyən edilməklə, bura yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması, onların mühafizəsinə dövlət və ictimai nəzarətin təşkili, habelə qanun pozuntularının qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması və s. aid edilmişdir. O da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 may tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 3.1-ci bəndinə əsasən, yaşıllıqların monitorinqinin aparılmasının məqsədi yaşıllıqlara mənfi təsirlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün yaşıllıqların üzərində müntəzəm müşahidələr və tədqiqatlar aparmaq, antropogen təsirlər nəticəsində yaşıllıq üçün kritik vəziyyətin yaranması haqqında toplanmış məlumatlar əsasında xəbərdarlıq etməkdir. Bu baxımdan bələdiyyə torpaqlarındakı yaşıllıqların uçotunun və monitorinqinin aparılması həm də bələdiyyələr tərəfindən yaşıllıqların mühafizəsi tədbiri olaraq qanun pozuntularının vaxtında aşkar edilməsinə, qarşısının alınmasına və bununla da yaşıllıqların zədələnmədən və məhv olmadan qorunmasına yönəlmişdir. “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 24-cü maddəsinə görə isə bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr yaşıllıqların mühafizəsi tədbiri olaraq qanun pozuntularının qarşısının alınması vəzifəsini daşıyırlar. Həmçinin fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər. Qeyd edilən qanunvericilik maddələrin məzmunundan və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi, bələdiyyə mülkiyyətində yerləşən yaşıllıqların qorunması və eyni zamanda götürülməsi ilə bağlı məsuliyyət müvafiq bələdiyyənin üzərinə düşür. Qanunvericiliklə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi nəticəsində zərər çəkmiş şəxs bələdiyyənin hərəkət və ya hərəkətsizliyindən şikayət vermək hüququna malikdir. Hazırki mülki iş üzrə materiallardan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116 ünvanda yerləşən torpaq sahəsi Nərimanov bələdiyyəsinin sahibliyinə verilmişdir. Belə ki, Bakı Şəhəri Cavabdeh2 iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 914 saylı, xx.xx.2000-ci il tarixli sərəncamına əsasən bələdiyyə torpaqları və mülkiyyətinə ayrılmışdır. Həmçinin məhkəmə iclasında bələdiyyə nümayəndəsinin izahatına əsasən həmin ərazidə vergilərin yığılması bələdiyyə tərəfindən həyata keçirilir. Məhkəmədə verdiyi izahatlarında cavabdeh həmin torpaq sahəsinin onlara rəsmi qaydada ayrılmadığını bildirsə də, iş materiallarından göründüyü kimi, hadisənin baş verdiyi torpaq sahəsi bələdiyyənin sahibliyindədir, bu faktı bələdiyyə özü də vətəndaşa ünvanladığı məktubda etiraf etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən isə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Beləliklə, cavabdeh olan Cavabdeh2 mübahisələndirilən torpaq sahəsinə faktiki mülkiyyətində olan torpaq kimi davranması (vergilər yığması, icarəyə verməsi və s.), sonradan isə həmin torpaq sahəsinin rəsmi qaydada onun mülkiyyəti kimi rəsmiləşdirilməməsinə istinad etməklə məsuliyyətdən yayınması, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi, yəni hüquqlardan suiistifadə kimi qiymətləndirilməlidir. Nərimanov Bələdiyyəsi həmin ünvanda yerləşən 0.78 ha torpaq sahəsini xx.xx.2016cı il tarixli, №16 saylı icarə müqaviləsi əsasında "xxxx" MTK tikinti şirkətinə icarəyə verdiyini bildirsə də, iş materiallarından görünür ki, tərəflər arasında ünvan 2 ünvanda yerləşən torpaq sahəsinə deyil, ünvan 12 məhəllədə yerləşən torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, digər Cavabdeh1 MTKnın zərərin vurulmasında təqsirini sübuta yetirən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən iddia ona münasibətdə təmin edilməməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 işçiləri tərəfindən yol verilmiş qanunsuz hərəkətlərin (hərəkətsizliyin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu, habelə onların təqsirli olmaları müəyyən edilmişdir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi üzrə müvafiq torpaq sahəsinin yerləşdiyi (aid olduğu) ərazinin bələdiyyəsi məsuliyyət daşıdığından Cavabdeh2 vurulmuş maddi zərəri ödəməlidir. Vurulmuş maddi zərərin məbləğinə gəlincə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı "xxxx" MMC-nin MZ-51841 saylı qüsur aktına əsaslanaraq 2380,10 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etsə də, əvvəlki məhkəmə icraatında keçirilmiş ekspertiza nəticəsində dəymiş zərərin ümumi məbləği 1447 manat müəyyən edilmişdir. Belə ki, iddiaçı əvvəlki məhkəmə icraatı dövründə keçirilmiş ekspert rəyini sübut qismində təqdim etmiş və həmin məbləğə etiraz etmədiyini bildirmişdir. Məhkəmə prosessual qənaət prinsipini və iddiaçı tərəfindən təqdim edilmiş ekspert rəyinin mötəbərliliyini nəzərə alaraq yenidən ekspertiza keçirilməsini zəruri hesab etməmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə təqdim edilmiş ekspert rəyinin qeyrimötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Məhkəmə ekspert rəyinə işin digər araşdırılmış halları və sübutları ilə birlikdə qiymət verərək hesab edir ki, qeyd olunanlara əsasən avtomobilin təmir-bərpasının ümumi və real xərci ekspert rəyində göstərilmiş məbləğdə nəzərə alınmalıdır. Beləliklə, 2014-cü il buraxılışlı, **-TE-*** dövlət qeydiyyat nişanlı, “Mazda-6” markalı avtomobilə dəymiş zərərin məbləği ekspert rəyində göstərildiyi kimi 1447 manat olaraq müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2ndən vurulmuş maddi zərərə görə 1447 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 44,21 manat pulun 26 manatı tutularaq İddiaçı ödənilməli, iddia digər Cavabdeh1nə münasibətdə və qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2ndən vurulmuş maddi zərərə görə 1447 (bir min dörd yüz qırx yeddi) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 44,21 manat pulun 26 (iyirmi altı) manatı tutularaq İddiaçı ödənilsin. İddia digər Cavabdeh1nə münasibətdə və qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-211/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-211/2023
07.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver