Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2143/2025 06.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4, X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X7 cəlb edilməklə) pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 60000 manat pulun və 270 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh (tərəfin adından müqaviləni X7 imzalamışdır) arasında xx.xx.2022-ci il tarixdə 3M-1534 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 60000 manat pul vəsaiti faizsiz kredit olaraq, xx.xx.2024-cü il tarixədək qaytarılması şərti ilə cavabdehə verilmişdir. Müqavilənin icrası üçün müəyyənləşdirilmiş vaxtın uzun müddət əvvəl bitməsinə baxmayaraq, borc məbləği icra edilməməkdədir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa müvafiq izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh oğlunun onun adından kredit götürdüyünü, borc götürülməsini istəməsə də onu ödəmək məcburiyyətində qaldığını, torpaq sahəsini satışa qoyduqlarını bildirmiş, borcun ödənilməsi üçün vaxt istəmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 anasının verdiyi etibarnamə əsasında borc götürdüyünü, torpaq sahəsini satan kimi borcu ödəyəcəklərini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh (etibarnamə əsasında X7) arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı borc alan X6 xx.xx.2024-cü il tarixinədək faizsiz 60000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; xx.xx.2013-cü il tarixli, ƏN-İ 394606 seriyalı etibarnamənin surətinə əsasən Cavabdeh bütün əmlakını idarə etmək və onun üzərində sərəncam vermək, buna müvafiq olaraq da bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamaq və s. səlahiyyətləri X6 ötürmüşdür. Etibarnamə 10 il müddətinə verilmiş və xx.xx.2023-cü il tarixədək qüvvədə olmuşdur; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır; xx.xx.2022-ci il tarixli, 3M-1536 saylı İpoteka müqaviləsinə əsasən “İpoteka qoyan” Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan ünvan ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini 3M-1534 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə “İpotexa saxlayan” İddiaçı xeyrinə ipoteka ilə yüklü etmişdir; xx.xx.2025-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli, 3M-1534 saylı kredit müqaviləsi üzrə Cavabdeh 60000 manat məbləğində borcunun olması və 3 gün ərzində ödəniş edilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 60000 manat məbləğində borc verməyi, “borclu” isə borc müqaviləsi üzrə aldığı borcu xx.xx.2024-cü il tarixinədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Müqaviləni cavabdehin adından etibarnamə əsasında onun oğlu, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 bağlamışdır. Habelə tərəflər arasında xx.xx.2022-ci il tarixli, 3M-1536 saylı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan ünvan ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinə dair ipoteka müqaviləsi bağlanmışdır. Lakin ipoteka dövlət qeydiyyatına alınmamışdır. Hazırda iddiaçı cavabdehin öhdəliyini icra etməməsinə istinad edərək müqavilə üzrə yaranmış əsas borca görə 60000 manat pulun məhkəmə qaydasında cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə borcun olduğunu qəbul edərək, hazırda ödəmək imkanlarının olmadığını bildirir. Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan borc müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan və iddia tələbinin qanuni əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırkı işdə qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, kredit müqaviləsinin bağlanması və İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixinədək, faizsiz 60000 manat məbləğində kreditin verilməsi notarial qaydada bağlanmış kredit müqaviləsi və xx.xx.2022-ci il tarixli, 3M-1536 saylı ipoteka müqaviləsi ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş məbləği ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi subyekt tərkibinə, məzmununa, formasına və iradə ifadəsinə görə iş materiallarında mövcud olan sübutlar əsasında qanunvericiliyin tələblərinə uyğundur və əqdin bağlanması zamanı əqdin etibarsızlığına səbəb olan hər hansı bir hal müəyyən olunmamışdır. Həmçinin cavabdeh oğlunun onun adından borc götürdüyünü, 60000 manat borcları olduğunu qəbul etmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğundur. İddiaçı həmin müqavilə üzrə ödənilməmiş borcunun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə müvafiq iddia tələbini irəli sürmək hüququ vermişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1 və 119.2-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş 270 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borca görə 60000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 270 manat pul tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borca görə 60000 (altmış min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 270 (iki yüz yetmiş) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2143/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2143/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver