Məhkəmə qərarları › İş №e-2(005)-2150/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2150/2023

18.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2150/2023 18.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı LPO "xxxx" QSC-nin nümayəndəsi X2, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddia üzrə iddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı pul ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh LPO "xxxx" KB QSC-yə qarşı «gecikmə günlərinin silinməsi barədə məlumatın verilməsi öhdəliyinin qoyulması» qarşılıqlı iddia tələblərinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2015-ci il tarixli 1xx/xx/110278/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 4496 (dörd min dörd yüz doxsan altı) manat məbləğində əsas borc, 3761.73 (üç min yeddi yüz altmış bir manat, 73 qəpik) manat məbləğində faiz borcu, 3510.25 (üç min beş yüz on manat, 25 qəpik) manat məbləğində cərimə borcu, 1391.90 (bir min üç yüz doxsan bir manat 90 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 13159.88 (on üç min bir yüz əlli doqquz manat, 88 qəpik) manat məbləğində pulun, 129.48 (bir yüz iyirmi doqquz, 48 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra – Bank) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında 05 iyun 2015 ci il tarixli 1xx/xx/110278/15 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 27 (iyirmi yeddi) faiz ödənilməsi şərti ilə 12 (on iki) ay müddətinə 4500 (dörd min beş yüz) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində CavabdehinBanka 4496 (dörd min dörd yüz doxsan altı) manat məbləğində əsas borc, 3761.73 (üç min yeddi yüz altmış bir manat, 73 qəpik) manat məbləğində faiz borcu, 3510.25 (üç min beş yüz on manat, 25 qəpik) manat məbləğində cərimə borcu, 1391.90 (bir min üç yüz doxsan bir manat 90 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 13159.88 (on üç min bir yüz əlli doqquz manat, 88 qəpik) manat məbləğində borcu qalmışdır. Azərbaycan RespublikasınınMülki Məcəlləsinin (bundan sonra – MM) 739.1-ci maddəsinə əsasən: “Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür”. Kredit Müqaviləsinin 4.4.5-ci bəndində isə göstərilir ki: “Alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək “Borc alan”ın vəzifəsidir”. Eynilə Kredit Müqaviləsinin 4.4.8-ci bəndinə əsasən: “Müqavilə şərtlərini tam və vaxtında icra etmək “Borc alan”ın vəzifəsidir”. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh LPO "xxxx" KB QSC-yə qarşı «gecikmə günlərinin silinməsi barədə məlumatın verilməsi öhdəliyinin qoyulması» iddia tələbi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsini, LPO "xxxx" KB QSC-nin üzərinə onun 05 iyun 2015-ci il tarixli 1xx/xx/110278/15 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə arayışın verilməsi və Azərbaycan kredit bürosuna və mərkəzi kredit reyestrinə gecikmə günlərin silinməsi ilə bağlı məlumatların ötürülməsi barədə vəzifə qoyulmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, onunla cavabdeh LPO "xxxx" KB QSC arasında 05 iyun 2015-ci il tarixdə 12 ay müddətinə bağlanmışdır. İlkin iddia ərizəsi üzrə iddiaçı LPO "xxxx" KB QSC hazırki iddia tələbi ilə 2019-cu ildə məhkəməyə müraciət etmiş, məhkəmənin e-2(005)-3205/2019 saylı 26 sentyabr 2019-cu il tarixli qərardadı ilə iddia ərizədi AR MPM-nin 259.0.1-ci maddəsinin tələblərinə əsasən baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14059 /2019-cu il tarixli Qərardadı ilə LPO "xxxx" QSC-nin şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. O LPO "xxxx" KB QSC tərəfindən müqavilə ləğv edilmədiyindən kreditlərin alınmasında çətinlik çəkir. Cavabdeh dəftərxana vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək iddia tələbinə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı LPO "xxxx" QSC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək, iddia müddəti tətbiq edilməklə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2015-ci il tarixli, 1xx/xx/110278/15 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" KB QSC tərəfindən Cavabdeh 12 ay müddətinə, yəni 4500 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faiz ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür; - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 1xx/xx/110278/15 saylı kredit müqaviləsinə əsasən LPO "xxxx" KB QSC-yə xx.xx.2023-cü il tarixə 4496 manat məbləğində əsas borc, 3761,73 manat məbləğində faiz borcu, 3510,25 manat məbləğində cərimə borcu, 1391,90 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 13159,88 manat məbləğində borcu yaranmışdır; - Bank tərəfindən Cavabdeh göndərilmiş bildirişdən görünür ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün borcunun olması və 3 gün müddətində ödənilməsi barədə xəbərdar edilmişdir. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh LPO "xxxx" KB QSC-yə olan 05 iyun 2016-cı il tarixə olan əsas borcu 4496 manat, faiz borcu 200 manat, 30 yanvar 2023-cü il tarixə olan əsas borcu 4496 manat, faiz borcu 1695,54 manat təşkil edir. Beləliklə, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edildi ki, LPO "xxxx" KB QSC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 1xx/xx/110278/15 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə illik 27% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 4500 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuş, bununla da, öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə qeyd edir ki, LPO "xxxx" KB QSC tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin mübahisəsiz hallarından görünür ki, kredit müqaviləsi 05 iyun 2016-ci il tarixdə bir illik müddətə bağlanmış, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə son ödəniş 02 dekabr 2016-cı il tarixdə həyata keçirilmişdir. İddiaçı 10 iyun 2019-cu il tarixdə məhkəməyə təqdim edilmiş iddia ərizəsi baxılmamış saxlanıldıqdan (pretenziya qaydasına riayət edilmədiyinə görə) sonra isə yenidən məhkəməyə yalnız iddia müddəti başa çatdıqdan 3 ildən çox müddət keçdikdə sonra – 27 aprel 2023-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Hazırki iddia tələbi üzrə tərəflər arasında müqavilə münasibətləri mövcuddur. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 378-ci maddəsinə əsasən öhdəliklə şəxslərin dəyişməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişdirilməsinə səbəb olmur. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası üzrə iddia müddəti keçdiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddiaçı tərəfindən iddia ərizəsini sübut edən hər hansı sübut təqdim edilməmişdir. Belə ki, ilkin iddia tələbi iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməmişdir. İş materiallarından müəyyən edilir ki, qarşılıqlı iddia üzrə iddiaçının banka ödənilməmiş öhdəliyi vardır. Lakin ilkin iddiaçı olan bank iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən ilkin iddia tələbinin rədd edilir. Qarşılıqlı iddia üzrə iddiaçının qarşısında öhdəliyi olduğundan qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə həmçinin vurğulayır ki, qarşılıqlı iddianın rədd edilməsi həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən yaxud əsassız varlanmadan irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68) Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia və qarşılıqlı iddia tələbləri rədd edildiyindən ödənilmiş dövlət rusumları tərəflərin özlərinə aid edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı pul tələbinə dair ilkin iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh LPO "xxxx" KB QSC-yə qarşı «gecikmə günlərinin silinməsi barədə məlumatın verilməsi öhdəliyinin qoyulması» barədə qarşılıqlı iddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (iki yüz) manat məbləğində pulun 50 %-i, yəni 50 manat pul ilkin iddia üzrə iddiaçı LPO "xxxx" KB QSC-dən, 50%-i, yəni 50 manat pul qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi hesabına (Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar