Məhkəmə qərarları › İş №e-2(005)-217/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-217/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-217/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı icarə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 391,88 kv. m torpaq sahəsinə dair aylıq icarə haqqı 131 (yüz otuz bir) manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, dövlət əmlakının qorunub saxlanılması və ondan təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Cavabdeh məxsus qeyri-yaşayış binasının yerləşdiyi, dövlət mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 391,88 kv.m torpaq sahəsinin Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsi olmadan istifadə edilməsi müəyyən olunmuşdur. Bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehə “istifadə edilən torpaq sahəsinin satın alınması və ya icarəyə götürülməsi barədə” xx.xx.2022-ci il tarixli, **********87 nömrəli məktubla müraciət edilsə də, cavabdeh tərəfindən torpaq sahəsinin satın alınmasından və ya icarə müqaviləsinin bağlanılmasından imtina edilmişdir. Aşağıdakı səbəblərdən hesab edirik ki, cavabdehin Əmlak Məsələləri Dövlət Xidməti ilə yuxarıda qeyd edilən ünvanda yerləşən torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılmasından imtina edilməsi qanunsuzdur və məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə Xidmətlə müvafiq icarə müqaviləsinin bağlanılması öhdəliyi qoyulmalıdır. Lakin cavabdeh qanunvericiliyin qeyd edilən tələblərinə riayət etməyərək, ünvan 1 ünvanında yerləşən 391,88 kv. m torpaq sahəsinin satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin təklifini qəbul etməmişdir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyd edilən torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi üçün müstəqil qiymətləndiriciyə müraciət olunmuş və qiymətləndiricinin xx.xx.2022-ci il tarixli, SEM/D-315-700/2022 nömrəli rəyinəəsasən torpaq sahəsinin bazar dəyəri 78376,0 (yetmiş səkkiz min üç yüz yetmiş altı) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 8-ci bəndinə və qiymətləndiricinin rəyinə əsasən, mübahisənin predmeti olan torpaq sahəsinin aylıq icarə haqqı 131 (yüz otuz bir) manat təşkil edir (78376,0-nın 2 faizi = 1568 / 12 = 131). Məhkəmə iclasında iştirak edən iddiaçı AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinin əsassız olduğunu, qeyd edilən torpaq sahəsinin cavabdehin daimi istifadəsində olduğunu, həmin torpaq sahəsinin üzərindəki tikiliyə cavabdehin mülkiyyət hüquqlarının qeydə alındığını, hazırda cavabdehin bu məbləğlə üzərinə müqavilə bağlanması ilə bağlı öhdəliyin qoyulmasının qanuni əsasının olmadığını bildirib, iddianın təmin olunmamasını xahiş etdi. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanan 08 fevral 2022-ci il məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanılması haqqında Cavabdeh təklif olunmuşdur. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH ******* seriya №-li çıxarışdan görünür ki, ünvan 2ndə istifadədə olan 0.039188 ha torpaq sahəsində yerləşən 2 girişli, 335.94 kv.m ümumi, 173.62 kv.m əsas, 162.32 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası daşınmaz əmlakın mülkiyyət növü xüsusi mülkiyyət, torpaq sahəsinin mülkiyyət növü dövlət mülkiyyəti və daşınmaz əmlakın hüquqi sahibinin adı Cavabdehdır. Bu barədə xx.xx.2008-ci il tarixli ********** nömrəli qeydiyyat aparılmışdır. - “X1” MMC tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən, icarəyə verilməsi nəzərdə tutulan 391,88 kv.m olan torpaq sahəsinin 15 dekabr 2022-ci il tarixinə hesablanmış bazar dəyəri 78 376,0 (yetmiş səkkiz min üç yüz yetmiş altı) manat təşkil edir. - Məhkəmə Ekspertiza Mərkəzinin 22 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 391,88 m2 torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu və internet saytı məlumatlarında analoji satış elanları mövcud olmadığını nəzərə alaraq, tədqiq olunan torpaq sahəsinin orta bazar qiymətini və icarə haqqını müəyyən etmək mümkün olmadı. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 700.2, 706,1 390.1, 390.3, 399.1-ci maddələrinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir, icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, ünvan 2ndə istifadədə olan 0.039188 ha torpaq sahəsində yerləşən 2 girişli, 335.94 kv.m ümumi, 173.62 kv.m əsas, 162.32 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına dair hüquqlar xx.xx.2008-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına rəsmiləşdirilmişdir. Bu barədə əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 390.3-cü maddəsi təşkil edir. Həmin normaya görə, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Mülki Məcəllənin adıçəkilən müddəasının təhlili göstərir ki, müqavilə bağlamaqda azad olan mülki hüquq subyektlərinin müqavilə bağlamağa məcbur edilməsinə, bir qayda olaraq, yol verilmir. Lakin qanunverici bu qaydaya iki istisna müəyyən etmişdir: 1) müqavilə bağlamaq vəzifəsinin Mülki Məcəllədə və ya 2) tərəfin könüllü götürdüyü öhdəlikdə nəzərdə tutulması. Hazırki işdə qeyd olunan hallardan heç biri mövcud deyil. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. Göründüyü kimi, obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsinin hərrac vasitəsilə başqa şəxslərə satılması imkanı qanunvericilikdə nəzərdə tutulsa da, qeyd olunan hüquqi münasibətlər üzrə icarə müqaviləsinin məcburi qaydada bağlanması imkanları qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, mülki işə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, cavabdehə torpaq sahəsini satınalma təklif edilməyib. Belə ki, AR Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət Əmlakının özgəninkiləşdirilməsinin ikinci Dövlət Proqramı”nın 9.2-ci bəndindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir. Göründüyü kimi, obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsinin hərrac vasitəsilə başqa şəxslərə satılması imkanı qanunvericilikdə nəzərdə tutulsa da, qeyd olunan hüquqi münasibətlər üzrə icarə müqaviləsinin məcburi qaydada bağlanması imkanları qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanan 08 fevral 2022-ci il tarixli bildiriş məktubundan görünür ki, iddiaçıya torpaq sahəsini satınalma təklif edilməyib. Belə ki, AR Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət Əmlakının özgəninkiləşdirilməsinin ikinci Dövlət Proqramı”nın 9.2-ci bəndindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti fiziki və hüquqi şəxslərin müraciəti əsasında onlara məxsus torpaq sahələrinin satışını həyata keçirə bilər. Üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus məxsus torpaq sahələri satın alınması üçün ilk növbədə həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə təklif edilir. Mülkiyyətçilər təklifdən imtina etdikdə həmin torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların icarəsinə verilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair aylıq icarə haqqı 131 manat olmaqla Əmlak Məsələləri Dövlət Xidməti ilə icarə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 234-234 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı «icarə müqaviləsinin bağlanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar