Məhkəmə qərarları › İş №e-2(005)-2182/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2182/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2182/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 333,90 AZN əsas, 50,19 AZN faiz borcu olmaqla cəmi 384,09 AZN pul vəsaitinin və 30 AZN dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə 692,32 AZN məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi isə İddiaçı ASC Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli Zaminlik müqaviləsi bağlamışdır. Bu müqavilənin 1 -ci bəndinə əsasən zamin şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər öz üzərlərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmirlər. Cavabdeh1 xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə yuxarıda qeyd olunan Kredit müqaviləsinə əsasən 333,90 AZN əsas, 50,19 AZN faiz borcu olmaqla cəmi 384,09 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Cavabdeh1 və Cavabdeh2 məhkəmə tərəfindən iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş göndərilmiş, bildiriş cavabdehlər tərəfindən bina sökülüb” əsası ilə qəbul edilməmiş, beləliklə də cavabdehlər tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasına qərara gəlmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; -284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; -284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehlərə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdehlər iddia tələbinə münasibət bildirməmişdir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK7818091A109 saylı Kredit Müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 692,32 AZN məbləğində kredit verilmişdir. - xx.xx.2022-ci il tarixli, RGTK7818091A109 saylı Kredit Müqaviləsinə əlavə ödəniş qrafiki ilə müəyyən olunur ki, kreditin məbləği 692,32 AZN, faiz dərəcəsi 20%, müddət 36 aydır. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, Z- RGTK7818091A109 saylı Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 xx.xx.2022-ci il tarixli, RGTK7818091A109 saylı Kredit Müqaviləsi üzrə borclu ilə birgə məsuliyyət daşıyır. - xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC-nin Nərimanov rayon filialından gündəlik tələbat məqsədi üçün 692,32 AZN məbləğində kredit Cavabdeh1 təhvil verilmişdir. - İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikləri üçün yaranmış borcu ödəmələri tələb olunur, əks təqdirdə barələrində müvafiq tədbirlər görüləcəkdir. - xx.xx.2025-ci il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2025ci il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən 333,90 AZN əsas, 50,19 AZN faiz borcu olmaqla, cəmi 384,09 AZN borcu var. - Cavabdeh1 şəxsiyyət vəsiqəsi məlumatları ilə müəyyən olunur ki, ünvan 1 kəndi ünvanında qeydiyyatdadır. - Cavabdeh2 şəxsiyyət vəsiqəsi məlumatları ilə müəyyən olunur ki, ünvan 2 ünvanında qeydiyyatdadır. - xx.xx.2025-ci il tarixli, ********** №-li mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 AZN məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Hazırda tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Cavabdeh1 692,32 AZN məbləğində pulu bankın Nərimanov rayon filialından təhvil almışdır (xx.xx.2022-ci il tarixli kassa məxaric orderi). Lakin Cavabdeh1 tərəfindən aylıq ödənişlər edilməməklə kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da o, müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. İş materiallarından göründüyü kimi Cavabdeh1 müqavilə ilə götürdüyü öhdəliyi (aylıq ödənişləri) vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilələr üzrə yaranmış 333,90 AZN əsas borcunu iddiaçıya ödəməlidir. İddiaçı həmçinin Cavabdeh1 tərəfindən 50,19 AZN faiz borcunun ödənilməsini xahiş edir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK7818091A109 saylı kredit müqaviləsinə əsasən kredit üzrə illik faiz dərəcəsi 20 faiz müəyyən olunmuşdur (2.1-ci bənd). Yuxarıda qeyd olunan hallara əsasən Cavabdeh1 tərəfindən müqavilə üzrə götürülmüş kreditə dair hesablanmış faiz müqavilə üzrə öhdəliklərdir. Hazırda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, borcunu qaytarmamışdır. Belə olan halda cavabdeh əsas məbləğ üzrə qalıq borcu ilə bərabər, ona əlavə olaraq hesablanmış faiz borcu da ödəməlidir. Odur ki, hazırda iddia tələbi üzrə 50,19 AZN faiz borcu hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda qeyd olunan maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi qanunverici öhdəliklərin təminatı olaraq zaminlik münasibətini müəyyən etmişdir. Hazırda iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə digər Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zamin kreditor qarşısında borcalanla, yəni - Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Belə olan halda hazırki iddia tələbi üzrə müəyyən edilmiş öhdəliklər cavabdehlərə müştərək qaydada yönəlməlidir. Beləliklə məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia tələbi tam təmin edildiyindən və cavabdehlərin dövlət rüsumu ödəməkdən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 AZN məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK7818091A109 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 333,90 (üç yüz otuz üç manat 90 qəpik) manat əsas, 50,19 (əlli manat 19 qəpik) manat faiz borcu olmaqla cəmi 384,09 (üç yüz səksən dörd manat 09 qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK7818091A109 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 333,90 (üç yüz otuz üç manat 90 qəpik) manat əsas, 50,19 (əlli manat 19 qəpik) manat faiz borcu olmaqla cəmi 384,09 (üç yüz səksən dörd manat 09 qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar