Məhkəmə qərarları › İş №e-2(005)-219/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-219/2021

16.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-219/2021 16.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ildə İddiaçı ilə Cavabdeh arasında ticari münasibətlər başlamış və uzun müddət davam etmişdir. Birlikdə işlədikləri dövrdə İddiaçı 2 dəfə cavabdehə təhvil-təslim aktı tərtib edilməklə mal təhvil vermiş, lakin cavabdeh həmin malların əvəzini ödəməmişdir. İlkin olaraq 24.04.20-ci il tarixində Cavabdeh nümayəndəsi Emil Məmmədova mal şəklində 35.588 azn verilmişdir və aktlaşdırılmışdır. Daha sonra isə 22.05.20-ci ildə Cavabdeh nümayəndəsi Zaur Əliyevə 4800 AZN dəyərində mal verilmişdir və aktlaşdırılmışdır. Ümumilikdə, cavabdehin iddiaçıya 40.388 AZN borcu yaranmışdır. Dəfələrlə xəbardarlıq etməklərinə baxmayaraq, cavabdeh hələ də malların dəyərini ödəməmişdir. Qeyd edilənlərə əsasən, Cavabdeh 40.388 manat borc məbləği və ödənilmiş dövlət rüsmunun əvəzi qismində 30 (otuz) manat pulun tutulub İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianın qəbul etmədiyini bildirdi və rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi Vəkil1 məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia ərizəsi əsassızdır və aşağıdakı səbəblərə görə təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, cəmi 48000 manat məbləğində müxtəlif ölçülərdə olan süngərləri İddiaçı, Cavabdeh nümayəndəsi Əliyev Zaura Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocasən ünvanında yerləşən anbardan Ford markalı **-SC-*** nömrəli nəqliyyat vasitəsinə yükləməklə təhvil vermiş və bunu öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, cəmi 35588 manat məbləğində müxtəlif ölçülərdə olan süngərləri İddiaçı Cavabdeh nümayəndəsi Məmmədov Emilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocasən ünvanında yerləşən anbardan Mercedes Ateko **-MB-*** nömrəli nəqliyyat vasitəsinə yükləməklə təhvil vermiş və bunu öz imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş məhkəmənin xx xxxx 2021-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Emil Məmmədov birgə qazanc əldə etmək məqsədi ilə Rusiya Federasiyasından və Qazaxıstan Respublikasından porolon materiallarının (mebel oturacaq dəstlərinin qubkası) alınıb Azərbaycan Respublikasına gətirilməklə satışının təşkil edilməsi ilə bağlı biznesin genişləndirilməsi üçün 2018-ci ilin oktyabr ayının 15-dən 25-nə qədər olan müddət ərzində tanışı İddiaçı 150.000 ABŞ dolları pul vermiş, sonrakı müddətdə İddiaçı aldığı pulun 25.000 manatını qazanc kimi, 35.000 manatını isə natura şəklində qaytarsa da, qalan məbləği qaytarmadığına görə Emil Məmmədov onun barəsində şikayət etmişdir. Araşdırma zamanı İddiaçı tərəfindən 40.850 manat dəyərində materialın Emil Məmmədova qaytarılması təmin edilməklə tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olması və mülki mühakimə icraatı qaydasında məhkəmə orqanlarında baxılmalı olduğu müəyyən edilmiş, ərizəçiyə pul tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ və həllinin polis orqanlarının səlahiyyətlərinə aid olmadığı izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əsas sübut kimi istinad etdiyi təhvil-təslim aktları cavabdehin nümayəndəsi qismində göstərilmiş şəxslər tərəfindən imzalanmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin şəxslərin cavabdehin nümayəndəsi olduğunu təsdiq edən sənəd müəyyən edilməmiş və iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən hallar məhkəmə qarşısında mötəbər sübutlarla sübuta yetirilə bilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ona dəymiş maddi zərərin cavabdehin təqsirli hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verdiyi sübuta yetirilməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar