Məhkəmə qərarları › İş №e-2(005)-2201/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2201/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2201/2023 30.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəzi ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 150 kv.m. sahəni iddiaçının icarəsinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və Müqavilə öhdəliklərini kobud şəkildə pozduğu üçün 20000 (iyirmi min) manat dəyərində mənəvi zərərin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasnı məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində qeyd edilən qeyri yaşayış sahəsi faktiki icarə münasibətlərində olduğu halda digər şəxsə satıldığını bildirmiş, iddiaçı ilə müqaviləni pozduğuna görə vurulmuş 20000 manat ziyanın və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 24 sentyabr 2022-ci il tarixdə 01/İM/22 saylı icarə müqaviləsi imzalanmışdır. İcarə müqaviləsinə əsasən icarə verən- Cavabdeh ona məxsus, müqavilədə nəzərdə tutulmuş sahəni icarəçiyə-İddiaçı MMC-yə verir. İcarəçi isə icarə haqqını ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən müqavilə 2 (iki) il müddətinə bağlanılır. İlkin olaraq İddiaçı MMC tərəfindən Cavabdeh 4 aylıq icarə haqqı ödənilmişdir. Lakin İddiaçı MMC həmin təsərrüfat obyektində 3 ay fəaliyyət göstərdikdən sonra mülkiyyətçi Cavabdeh həmin obyekti 3-cü şəxsə satdığını bildirməklə, İddiaçı MMC-ni əsassız olaraq obyektdən çıxarmışdır. Bununla da cavabdeh müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozaraq iddiaçıya maddi və mənəvi zərər vurmuş, onun müqavilə üzrə gözləntilərini boşa çıxarmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçı tərəfindən obyektin boşaldıldığını, açarı isə qonşuluqda olan obyektə verdiklərini, həmin obyektin kommunal xərclərini ödəmədən getdiklərini, hazırda iddiaçının ona maddi ziyan vurduğunu bildirmişdir. Eyni zamanda obyektin başqa şəxsə satılmasına baxmayaraq, yeni mülkiyyətçinin onları obyektdən çıxarmaq niyyətinin olmadığını, iddiaçının öz istəyi ilə obyektdən çıxdığını bildirmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, cavabdeh təxminən 25 ildir ki, onun müdiridir. İddiaçı MMC yemək məhsullarının satışı ilə məşğul olurdu. İddiaçı şirkətin işçiləri 02 aydan sonra mağazadan məhsullarını yığdıqları zaman, onlara yaxınlaşaraq, nə etdiklərini soruşduqda isə oranı bağlayıb, köçdüklərini bildirdilər. İşıq pulunu istədikdə, rəhbərlik tərəfindən ödəniləcəyini bildirmişdirlər. Bundan sonra onlar əşyalarını yığıb getmiş və açarı isə qonşuya vermişdirlər. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, İddiaçı MMC yeyinti məhsullarının saxlanılması anbarı kimi fəaliyyət göstərirdi. O İddiaçı MMC-də mühafizəçi kimi işləyir. İddiaçı MMC-nin aylıq dövriyyəsi 1000 manat məbləğindən çox idi. Onlara heç bir xəbərdarlıq olunmadığı halda, adını dəqiq xatırlamadığı bir şəxs onlara yaxınlaşaraq, bildirmişdir ki, obyekt alınmışdır və təhvil verilməlidir, əks təqdirdə hüquq-mühafizə orqanlarına müraciət olunacaqdır. O da bununla bağlı müdirinə məlumat vermiş, müdiri isə cavabdehlə telefon əlaqəsi saxlamağa cəhd etsə də, bu baş tutmamışdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli reyestr kitabının 3655 nömrəli vərəqində qeydiyyata alınmışdır. -İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Nəzarət kassa aparatının qeydiyyat vərəqəsindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş bu qeydiyyat vərəqəsi İddiaçı MMC VÖEN ********** AZ1073 ünvan 2 ünvanında yerləşən **********-13003 kodu olan Elmlər Market-4 təsərrüfat subyektində quraşdırılmış nəzarət kassa aparatının qediyyatdan keçririldiyini təsdiq edir. - İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması haqqında Arayışdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş bu arayış İddiaçı MMC VÖEN ********** AZ1073 ünvan 2 ünvanında yerləşən təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınmasını təsdiq edir. -24 sentyabr 2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında 2 il müddətinə icarə müqaviləsi bağlanmışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Şahid1 mülkiyyətindədir və bu ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. -xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən Şahid1 satılmışdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə tərəfindən müəyyən edilən işin halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 24 sentyabr 2022-ci il tarixdə 01/İM/22 saylı icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən Cavabdeh ona məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 188 kv.m. sahədən 150 kv.m. sahəni (107,5 kv.m. əsas və 42,5 kv.m. köməkçi sahə olmaqla) icarəçi İddiaçı MMC-nin istifadəsinə verməyi, icarəçi isə aylıq 1000 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 2 il müddətə bağlanmışdır. Daha sonra 03 noyabr 2022-ci il tarixdə icarə müqaviləsinin predmeti olan əmlak icarəyə verən tərəfindən 4Ə-3334 reyestrli müqaviləyə əsasən Şahid1 xüsusi mülkiyyətinə keçirilmişdir. İcarəçi obyekti boşaltmış, icarə münasibətləri pozulmuşdur. Hazırda məhkəməyə müraciət edən icarəçi İddiaçı MMC müqavilə münasibətlərinin vaxtından əvvəl pozulması, onara xəbərdarlıq edilmədən əmlakın başqa şəxsin mülkiyyətinə keçirilməsi nəticəsində onlara 20000 manat dəyərində mülki ziyan dəydiyini bildirirlər. Həmin məbləğin icarə münasibətlərinin pozulduğu dövrdən müqaviləyə əsasən davam etməli olduğu 2024-cü ilin sentyabr ayına qədər olan 20 aylıq müddətin aylıq icarə haqlarına vurularaq əmələ gəldiyini, orta hesabla MMC-nin aylıq 1000 manat gəlirinin olduğunu bildirirlər. Cavabdeh iddia tələbini qəbul etmir. c) Mülki iş üzrə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 690.1-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. 690.2-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. 699.1-ci maddəsinə əsasən, kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Əldə edən öz öhdəliklərini yerinə yetirmədikdə kirayəyə verən əldə edən tərəfindən əvəzi ödənilməli zərər üçün zamin kimi məsuliyyət daşıyır. Bu cür məsuliyyət mülkiyyət hüququnun keçməsinin kirayəyə verənə məlum olmasından altı ay keçənədək mövcud olur. 700.1-ci maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 704.1-ci maddəsinə əsasən, əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. İstinad edilən normalara əsaslanaraq məhkəmə hesab edir ki, icarəyə verən tərəfindən mülkiyyət hüququnun başqa şəxsə ötürülməsi, özü-özlüyündə öhdəlik hüquq münasibətlərinin və icarə müqaviləsinin şərtlərinin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, mülkiyyətçi, özünün əmlakı barədə müstəqil şəkildə sərəncam verə bilər. Tərəflərin arasında bağlanmış müqavilənin şərtlərində icarəyə verən tərəfindən əmlakın özgəninkiləşdiriləcəyi halda icarəçinin razılığının alınması barədə öhdəlik götürülməmiş, qanunvericiliklə icarəyə verənin üzərinə belə bir vəzifə qoyulmamışdır. Məhkəmə onu da qeyd edir ki, kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur. Belə olan təqdirdə, icarəçi obyekti tərk etmək əvəzinə, qanunvericilik tərəfindən ona verilmiş hüquqlarından istifadə edərək, müqavilə münasibətlərinin davam etdirilməsini tələb edə bilərdi. Məhkəmə şahid ifadələrinə qiymət verərək qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə eyni zamanda qeyd edir ki, icarəçinin qeyri-yaşayış obyektindən çıxarılmasının cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş verməsi halı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Şahid2 obyektin anbar kimi fəaliyyət göstərdiyini, iddiaçının vəsatəti əsasında ifadə verən şahid kimliyini bilmədiyi bir şəxsin onlardan əmlakı boşaldılmasını tələb etdiyini,əmlakın ona məxsus olmasını, bundan sonra müdirinə məlumat verdiyi lakin cavabdehlə əlaqə saxlaya bilmədiklərini bildirmişdir. Eyni zamanda digər şahid X1 obyektin market kimi fəaliyyət göstərdiyini, iddiaçı tərəfindən boşaldıldığını, elektrik enerjisi sərfiyyatında görə 714 manat borcları olduğunu və gəlirləri olmadığı üçün obyekti boşaltdıqlarını bildirmişdir. Belə olan halda, görünür ki, hər iki şahid ziddiyətli ifadə vermişdir. Məhkəmə onu da nəzərə alır ki, ifadə verən şəxslərdən Şahid2 iddiaçının, X1 cavabdehin işçisidir, hər birinin müvafiq olaraq iddiaçı və cavabdeh arasında asılılıq münasibətləri vardır. Belə olan halda məhkəmə hər iki şahidin ifadəsini yetərli və mötəbər sübut növü hesab etmir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, iddiaçı müqavilə münasibətlərinin davam etməməsi nəticəsində ona dəymiş ziyanla bağlı olaraq da, həmçinin, hər hansı sübut təqdim edə bilməmişdir. Belə ki, aylıq gəlirlərinin 1000 manata yaxın olması barədə yalnız iddiaçının nümayəndəsi və vəkilinin izhaatı və bir şahidin ifadəsi təqdim edilmişdir. Gəlirlərlə bağlı hər hansı maliyyə sənədi, qəbzlər, bank hesablarından çıxarışlar və s. təqdim edilməmişdir. Məhkəmə bir aylıq ziyanın məbləği olaraq bir aylıq icarə haqqının qəbul edilməsini ağlabatan hesab etmir. Beləliklə iddiaçı tərəfindən öhdəlik münasibətlərinin cavabdehin təqsiri ucbatından pozulması, qeyri-yaşayış obyektindən cavabdehin qanunsuz təsiri nəticəsində çıxarılması, ona dəymiş ziyan barədə yetərli və mötəbər sübutlar təqdim etməmiş, iddiaçının dəlilləri mülki işin materialları ilə öz təsdiqini tapmamışdır. Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırki işdə cavabdehin hərəkətlərinin qanunsuz olması, cavabdehin qanunsuz hərəkətlərinin zərərin vurulmasına səbəb olması iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır. Halbuki Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Nəticə hissəsi: Beləliklə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə məhkəmə hesab edir ki, iddia tələbləri əsassız olduğundan rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar